Xəyyam Mirzəzadənin 75 yaşı

 

Xalq artisti, bəstəkar, Bakı Musiqi Akademiyasının professoru Xəyyam Mirzəzadənin 75 yaşı tamam olub. SİA-nın məlumatına görə, o, 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. X.Mirzəzadə 1957-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Elə həmin ildən orada çalışır. 1969-1983-cü illərdə Kompozisiya kafedrasının müdiri olub.

Xəyyam Mirzəzadənin yaradıcılığına istər vətənimizdə, istərsə xarici ölkələrdə marağın ilbəil artması belə bir qəti fikir söyləməyə imkan verir ki, onun əsərləri milli musiqi sənətimizdə qabarıq şəkildə ifadə olunan yeni intellektual-psixoloji mərhələnin təməlini qoyub. Hazırda Xəyyam Mirzəzadə Azərbaycan musiqi sənətində dolğun bənzərsiz fərdi yaradıcılıq üslubu olan bir müəllifdir.

Son dərəcə müxtəlif insan xarakterlərinin cəmləşdiyi real dünyaya aydın baxış, incə həssas lirik çalarlar, fikrin yığcamlığı, hərəkətlərin dinamikası bir həmişə zəkanın, məntiqin gücü ilə idarə edilən emosionallıq -bunlar öz yaradıcılıq dəstxəttinə, öz estetik məramına sadiq qalan, bu yoldan dönməyən X.Mirzəzadənin əsərlərinin səciyyəvi cəhətləridir. Xəyyam Mirzəzadə bəstəkarlıqla yanaşı həm Kompozisiya kafedrasında pedaqoji fəaliyyətlə məşğul olaraq uzun illər bu kafedraya rəhbərlik edib. Artıq neçə ildir ki Kompozisiya kafedrasmm professoru olan Xəyyam Mirzəzadə çoxsaylı gənc mütəxəssislər yetişdirib. Gənc bəstəkarların ifaçıların iştirakı ilə dünyanın bir sıra ölkələrində keçirilən müsabiqələrin münsiflər heyətinin üzvü olan professor Mirzəzadə bəstəkarların müxtəlif səviyyələrdə keçirilən müşavirə, plenum qurultay-larında, elmi attestasiya komissiyalarının işində həmişə fəal iştirak edib. Bəstəkar Mirzəzadəyə xas olan daha bir mühüm keyfiyyət ondan ibarətdir ki, o, heç vax dinləyici auditoriyasının zövqüne uyğunlaşmağa çalışmır, heç vaxt yüngül şöhrət dalınca qaçmır. Onun öz yaradıcılığında əsasən instrumental musiqi janrı ilə kifayətlənməsi faktı dinləyici auditoriyasını məhdudlaşdırdı, lakin bəstəkar bunu bilə-bilə, şüurlu surətdə bu yoldan dönmür, öz yaradıcılıq "mən"inə, estetik mövqeyinə sadiq qalırdı. O, 1970-ci ildə Azərbaycan Lenin Komsomolu Mükafatı laureatı, 1972-ci ildə "Əməkdar incəsənət xadimi", 1975-1986-cı illərdə SSRİ Dövlət Mükafatı laureatı, 1987-ci ildə "Xalq artisti" adına, 2000-ci ildə isə "Şöhrət" ordeninə layiq görülüb.Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa s. ölkələrdə ifa olunur.

 

 

Palitra.- 2010.- 6 oktyabr.- S.12.