Kitabçılıqla bağlı elm inkişaf etsə, intellektin səviyyəsi daha yüksək olar

 

Layihə çərçivəsində növbəti müsahibimiz BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Bayram Allahverdiyevdir: 

 

- Bu gün kitabın nəşrinə nəzarət funksiyasını yerinə yetirən nəşriyyat şuralarının olması vacibdir. Nəşriyyat şuraları kitabın hazırlanmasına, mövzusuna, planına, quruluşuna nəzarət edirdi. İndi özəl nəşriyyatlarda bu şuralar heç yoxdur. Ancaq BDU-nun özünün Nəşriyyat Şurası var. Ümumiyyətlə, nəşriyyat şurası nəşri vacib olan kitabların buraxılmasına qərar verirona görə də bu çox vacibdir. Bu gün ölkədə bir neçə dövlət tabeçiliyində olan nəşriyyatlar varonlar Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan quruma tabedir. Ancaq mənim fikrimcə, bütün nəşriyyat sistemi bir quruma tabe edilsə, daha effektli olar. Nəşriyyatı istiqamətləndirən qurum olmalıdır və bu, fəaliyyəti tənzimləməlidir. Məsələn, Amerikada Dövlət Departamentinin nəşriyyat sistemi, yaxud Çində mətbuat agentliyi varonlar nəşriyyatlara nəzarət edir. Nəzarətdə olan nəşriyyat sistemi intellektin yüksəlməsinə xidmət edər, lazımsız, oxunmayan kitabları buraxmaz. Əsas amillərdən biri kimi insanın fərdi şəkildə inkişafına səy göstərmək lazımdır ki, onun da əsasında mütaliə dayanır.

 

- Bu gün kitab yazan müəlliflərin sayı artıb, sizcə, bu, istedadlı yazarların sayının artması ilə bağlıdır?

- Həqiqətən bu gün, müasir dövrdə ölkədə hamı kitab yazır, bir hamı müğənniliklə məşğuldur. Bunun özündə də bir nöqsan var. Belə ki, şair, yazıçı olmaq istedad tələb edir. Onlar sözün əsil mənasında müəlliflərdir. Hər adam kitab yaza bilməz, hamının yazdığı əksinə, cəfəngiyyat ola bilər. Əgər kitab oxucular arasında yayılmırsa, bu, böyük bir bədbəxtçilikdir. Ona görə də kitabı lazım olan adam yazmalıdır. Müəlliflərdən çox şey asılıdır. Ona görə də hansı müəllif yaxşı əsər yazır, onu axtarırlar. Məsələn, oxucular akademik Ş.Mehdiyevin, yaxud M.Arazın, Ç.Abdullayevin kitablarının lazım olduğunu deyirlər, onları tələb edirlər. Hamı bu fikirdədir ki. N.Gəncəvinin əsərlərini təkrar nəşr etmək lazımdır. Eləcə də akademik H.Abdullayevin, Y.Məmmədəliyevin kitabları çap olunmalıdır. Yəni elə kitablar var ki, zaman keçsə də, onlar mahiyyətini daim saxlayır. Hətta bəzən müəllifə görə kitab axtarırlar ki, görsünlər onun yeni kitabı nəşr olunubmu. Bütün kitablar da nəşriyyatlarda çap olunur və gərək Yazıçılar Birliyinin, digər qurumların üzvləri kitab çap olunarkən onu müzakirə etsinlər. Bu gün ədəbi tənqid yoxdur. Bir vaxtlar qəzetlərdə tənqid şöbələri vardı və orada əsərlərə qiymət verilirdi. 1980-ci illərdə nəşr olunan “Ədəbiyyat” qəzeti tamamilə fərqli idi. Əgər hər müəllif öz əsərini çap etdirə bilməsə, cəfəngiyyat yazanlar sıradan çıxar və gözəl müəlliflər meydana gələr. Kitab-müəllif-oxucu bir sistemdirbu sistemə xüsusi nəzarət lazımdır. Digər bir fakt isə odur ki, bu sahədə tədqiqat işləri də azdır. Yəni nəşriyyat sistemi, mütaliə ilə bağlı kitablar yazılmalıdır. Hazırda Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən belə bir layihə həyata keçirilir və mənim dissertantm Leyla Abbasova “Azərbaycanda kitabşünaslığın inkişaf etdirilməsi, nəşriyyat işinin təşkili və nəşriyyat sisteminin idarə edilməsində qabaqcıl dünya təcrübəsinin tətbiq edilməsi imkanlarının tədqiqi” adlı layihə təqdim edib. Layihənin əsas məqsədi Azərbaycanda kitabşünaslıq elmində, xüsusilə nəşriyyat sahəsində vacib, amma araşdırılmayan və ya zəif araşdırılan aspektlərin nəzəri və təcrübi baxımdan öyrənilməsi, mövcud problemlər, həlli imkanları və strateji inkişaf perspektivlərinin müqayisəli təhlil edilməsi, qabaqcıl dünya təcrübəsinin Azərbaycana gətirilməsi, elmi ictimaiyyətə, kitabşünaslıq və nəşriyyat mütəxəssislərinə çatdırılması, müvafiq dövlət və qeyri-dövlət qurumlarına praktiki təkliflərin verilməsidir.  Elm məhsuldar qüvvədir və kitabçılıqla bağlı elm inkişaf etsə, intellektin səviyyəsi daha yüksək ola bilər. Bu sahənin işçiləri, kitabxanaşünaslar da kitabçılıq işinin inkişafına, kitabın yayılmasına kömək edən yeni elmi-tədqiqat işləri yazmalıdırlar. Müasir dövrlə səsləşən elmi-tədqiqat əsərləri olmalıdır ki, cəmiyyətimiz zənginləşsin. O qədər də pessimizmə qapılmaq lazım deyil. Mən güman edirəm ki, ölkəmizdə insan intellektini kapitala çevirmək imkanı var. Çünki ölkədə 200-dən çox nəşriyyat fəaliyyət göstərir. Eləcə də çox sayda müxtəlif elm sahələri üzrə alimlərimiz, elm işçilər var və onların sayı artdıqca intellektimiz kapitala çevriləcək. Yəni bu proses gedirdaha da çalışmaq lazımdır. Hazırda həyata keçirilən layihələri dəstəkləyən insanlara da mən öz təşəkkürümü bildirirəm ki, belə layihələrlə intellekt səviyyəsini yüksəltmək olar və ölkənin iqtisadiyyatına kömək etmək olar.

- İndi mütaliənin zəif olmasına təsir edən faktorlardan biri odur ki, bu gün gənclər bədii kitablara maraq göstərmirlər. Bu nədən irəli gəlir?

- Doğrudur, hazırda mütaliənin aşağı səviyyədə olmasına təsir edən faktorlardan biri də məhz budur. Sovet dövründə bu sahədə belə bir təcrübə vardı ki, görkəmli yazıçılarla oxucuların görüşü keçirilirdi. Mən 45 ildir ki BDU-da çalışıram və bu təhsil ocağında görkəmli yazıçılar, S.Rəhimov, M.İbrahimov, B.Vahabzadə, M.Araz. Z.Yaqubla görüşlər keçirilib. Bu ədəbi məclislərdə həmin yazıçı haqda oxucu və tələbələr fikirlər söyləyirdi. Beləliklə, müəlliflə oxucu arasında dialoq yaranırdı və kitaba böyük maraq əmələ gəlirdi. İndi də yazıçılar, şairlər bunu istəyirlər, amma belə tədbirlər reallaşdırılmır. Əksinə, son dövrlər “kitabın təqdimat mərasimi” adlı yeni bir üsul tətbiq edilir ki, bu, müəlliflə oxucunun görüşü deyil. Hətta bəzən burada hansısa təsadüfi bir kitab yazanın kitabı da təqdim olunur. Ancaq bir vaxtlar yazıçı ilə təşkil olunan görüşdə hansısa bir mövzu müəyyənləşdirilir və oxucuların sualları cavablandırılırdı. İndi bu yoxdur və ona görə də bədii ədəbiyyatı heç kəs oxumur. İndi bədii ədəbiyyat “sandıq ədəbiyyatı” olub, kitabı çap edirlər, orada qalır. Kitabın oxunması, bədii ədəbiyyata maraq yaratmaq üçün müxtəlif tədbirlər keçirilməlidir, məsələn, televiziyada dəyirmi stol təşkil edilməlidir. Əvvəllər “Ədəbiyyat və incəsənət” qəzetində belə dəyirmi stol vardı və keçirilən görüş qəzetdə çap olunurdu. Gənclərin bədii ədəbiyyatı oxumasının böyük əhəmiyyəti var. Çünki onların dünyagörüşü yüksəlir, vətənə sevgi yaranır. Qəhrəmanlıq, vətənpərvərlik mövzusunda olan kitablar var və onlar çap olunmalıdır. Bədii ədəbiyyat çox böyük silahdır. Ona görə də bədii ədəbiyyatı təbliğ etmək lazımdır. Oxucu ilə müəllif arasında təmas və gənclərdə bədii ədəbiyyata maraq yaradılmalıdır. Bu da bir faktdır ki, indi gənclərin çoxu təhsillə əhatə olunur və bəzən vaxtı bölə bilmir, kitabxanaya gedə bilmir ki, bunları da nəzərə almaq lazımdır. Kitabın yayılmasının iqtisadi tərəfi də var. Kitabçılıq işindən Almaniyada, Amerikada milyonlarla gəlir əldə edən xarici nəşriyyatlar var. Onlar ona görə böyük gəlir əldə edir ki, oxucuların tələbatına uyğun kitablar nəşr edirlər. Yəni mütaliənin zəif olmasının bir səbəbi də keyfiyyətli, lazımi kitabların buraxılmamasıdır. Bunun da səbəblərindən biri kitabların qiymətinin baha olmasıdır. Kitabların tirajı çox azalıb. Sovet dövründə kitablar 5 min-1 milyon tirajla buraxılırdı. Kitabın tirajını artırmaq üçün gərək onun oxucusu olsun. Bəzi ayrı-ayrı adamların çap edirdiyi kitabların heç tirajı olmur və istifadə olunmur. Kitablar ofset üsulu ilə kütləvi şəkildə çap olunmalıdır. İndi nadir şəkildə ən çox halda min nüsxə kitab buraxılır. Bu, nəşriyyatlar üçün də ziyandır. Tiraj çox olarsa, qiyməti də aşağı olar. Sovet dövründə bir ildə 1,7-2 milyard kitab buraxılırdı. İndi hətta 100 nüsxə buraxılan kitablar var. Bunun üçün istehsal sahələri yaradılmalıdır. Bu gün kitab üçün lazım olan bütün materiallar xaricdən gətirilir. Bunu ölkəmizdə istehsal etmək lazımdır. Bununla bağlı mənim konsepsiyam var və Azərbaycanda kağız fabriki qurmaq olar.  Şəhərdən kənarda kağız zavodları yaradılmalıdır, ən keyfiyyətli kağız parça tullantılar, sellüloza, küləşdən əmələ gəlir. Bunlardan istifadə edərək kağız istehsal etmək olar ki, nəticədə ucuz başa gələr.

- Bu gün bir qrup oxucu əsərlərin kompyuter vasitəsilə oxunmasına üstünlük verir. Bu da kitabı tədricən sıradan çıxara bilərmi? 

- Heç bir kompyuter, internet kitabı əvəz edə bilməz. Bütün dünyada 1950-ci ildə 500 min adda kitab buraxılırdı. İndi 950 min adda buraxılır, demək, 2 dəfə artıb. Əgər televiziya, radio, internet varsa, kitab niyə çox çap olunur? Onlar sadəcə olaraq müasir dövrdə informasiyanı sürətləndirir, amma kitabı sıradan çıxara bilməz. Kitab haqda məlumat verə bilərlər. İnternetdən kitab oxumaq gözü zəiflədir və heç kəs kompyuterdə 500-700 səhifəlik kitabı oxuya bilməz. Amma kitabı təyyarədə, çarpayıda, avtobusda, qatarda oxumaq olur. Ona görə də kitab əvəzsiz bir möcüzədir. Kitabı əvəz etmək, sıradan çıxarmaq qəti mümkün deyil. Kitab məlumatı tam və geniş verir. Eləcə də internetdə bəzi məlumatlar etibarsızdır. Amma kitabda dəqiqləşdirilmiş, həyatda öz həllini tapmış problemlər əks olunur. Ona görə də internet vasitəsi kitabın mütaliəsini, çapını azalda bilməz.   

 

 

Nigar

 

Palitra.- 2010.- 15 oktyabr.- S. 10.