İnsanın
inkişafında ən mühüm amil elm və təhsildir
Layihə çərçivəində
müsahibimiz Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının İqtisadiyyatın dövlət tənzimlənməsi
kafedrasının müdiri dosent Roza xanım Əliyevadır:
- Müasir qloballaşma dövründə dünyanı idarə
edən ayrı-ayrı ölkələrin dövlət
başçılarıdır. Onların buraxdığı
səhvlər bəzən böyük fəlakətlərə
səbəb olur. Bu Azərbaycan
Respublikasının ikinci dəfə müstəqillik əldə
etdiyi ilk üç ildə aktuallağını bir daha
göstərdi. Belə ki, hakimiyyt başına
idarəçilik təcrübəsi olmayan səriştəsiz
şəxslərin gəlməsi torpaqlarımızın
itirilməsinə, ölkənin parçalanmasına, sosial gərginliyə
səbəb olaraq müstəqilliyimizin yenidən itirilməsi
ərəfəsinə çatdırmışdı. Ölkənin
düzgün və düşünülmüş idarə
edilməsi onun iqtisadi və siyasi qüdrətinin
artmasının əsasıdır. Yalnız
yüksək biliyə, uzaqgörən düşüncəyə,
elmə əsaslanan fəaliyyətə, təcrübəyə,
bəşəri nüfuza və möhkəm iradəyə
malik olan şəxs öz ölkəsini düzgün idarə
edə və bütün sahələrdə uğur qazana bilər.
Ümummilli lider Heydər Əliyev və onun layiqli və
yenilikçi davamçısı İlham Əliyevin Azərbaycan
Respublikasındankı prezidentlikləri bunun əyani göstəricisidir.
Bazar iqtisadiyatına keçidin başa çatması, neft
strategiyasındakı uğurlar, neft gəlirlərinin
artması ilə valyuta ehtiyatlarımızın
çoxalması respublikada
aparılan islahatların genişlənməsinə və
çoxşaxəliliyinə səbəb olub. Aparılan
islahatların gələcək inkişafı təmin etməsi
üçün müasir tələblərə uyğun idarəçilik
kadraların hazırlanması dövlətin prioritet məsələlərindəndir.
Ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyi
sisteminə istedadlı, bacarıqlı, zəkalı, əxlaq
və mənəviyyatcə təmiz olan gənclərin
cəlb olunması, onlara yüksək səviyyəli
müasir təhsilin verilməsi üçün Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasını yaradıb. 1998-ci ilin dekabr 29-da isə Heydər
Əliyev dövlət idarəetmə
sistemində islahatlar aparılması üzrə dövlət
komissiyasının yaradılması haqqında fərman
imzalayıb. Bu komissiya dövlət idarəçiliyi sistemində
islahatların konsepsiya layihəsini işləyib
hazırlayıb. Mövcud qloballaşma şəraitində
sosial-iqtisadi və siyasi sahədə yüksək nailiyyət
qazanmış ölkələrin təcrübəsi göstərir
ki, iqtisadi tərəqqi, demokratikləşmə, insan
hüquqlarının etibarlı təminatı
baxımından
özünün yüksək inkişaf mərhələsinə
çatmış dövlətlərin
qazandıqları uğur məhz elmə, təhsilə
göstərilən böyük diqqət və qayğı
ilə bağlıdır. İntellektual potensial əhəmiyyətinə
və gətirdiyi dividentlərə görə bu gün hətta
zəngin təbii sərvətləri belə, üstələyir.
Müasir dünyada rəqabətə tab gətirmək
üçün, ilk növbədə, təhsilə, zəngin
biliklərə, informasiya texnologiyalarına arxalanmaq
lazımdır. İnsanın inkişafında ən
mühüm amil elm, təhsil və müasir biliklərdir.
İKT də daxil olmaqla, müasir texnologiyalardan bilik və
informasiyanın ötürülməsi üçün
istifadə olunması qlobal səviyyədə də
inkişafın əsas şərtlərindən
sayılır. Respublikamız tükənən sərvət
olan "qara qızıl"ın insan kapitalına
çevrilməsi yolunda ardıcıl və sistemli tədbirlər
həyata keçirir. Görülən işlər
isə deməyə əsas verir ki, ölkəmiz İKT sahəsində
regional mərkəzə çevrilib və Qərblə Şərq
arasında informasiya axınını təmin edir.
Ümummilli liderin 2003-cü il 17 fevral tarixdə
imzaladığı "Azərbaycan Respublikasının
inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları
üzrə (2003-2012-ci illər) Milli Strategiya" 10 ilə
yaxın müddətdə müasir informasiya
texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində
prioritet vəzifələr müəyyənləşdirib.
Qloballaşma dövrünün reallıqları nəzərə
alınaraq çevik və təkmil idarəetməni təmin
edəcək "elektron hökumət"in yaradılması
da sənəddə vacib məsələlərdən biri kimi
önə çəkilib.
- Həmin məsələlərin bugünkü
inkişafını necə dəyərləndirirsiz?
- Son 7 ildə bu siyasəti uğurla davam etdirən
Prezident İlham Əliyev hələ 2003-cü ilin
dekabrında Cenevrədə informasiya və kommunikasiya texnologiyası üzrə
keçirilən ümumdünya sammitində
çıxış edərkən deyib ki, Azərbaycanda neftdən
sonra prioritet sahə məhz informasiya və kommunikasiya
texnologiyaları olmalıdır. "Qara
qızılın insan kapitalına" çevrilməsi
çox mühüm məsələdir və Azərbaycan
Prezidenti çıxışlarında informasiya
texnologiyalarının, müasir biliklərin mənimsənilməsini
daim önə çəkir. Bu
transformasiyanın əsasında məhz Azərbaycanda
güclü intellektual bazanın, müasir biliklərə əsaslanan
yeni tipli iqtisadi sistemin formalaşdırılması, milli
iqtisadiyyatın neft amilindən
asılılığının azaldılması məqsədi
dayanır. "...Bizim gənc nəslimiz bilikli,
dünyada gedən proseslərə bələd
olmalıdır, izləməlidir. Ən
qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz
bu istiqamətdə davam etməlidir. Dünyada
uğur qazanmış, inkişaf etmiş ölkələrin
təcrübəsinə baxsaq, görərik ki, o
inkişafın, tərəqqinin əsas səbəbləri təbii
ehtiyatlar deyil. Məhz bilik, məhz savad,
yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur,
rifah gətirir, inkişaf, müasirlik gətirir" deyən
İlham Əliyev bu qənaətdədir ki, bu gün bəşəriyyətdə
demokratik idealların daha da möhkəmlənməsi,
elmi-texniki tərəqqinin geniş vüsət alması insan
amilinin inkişafında vacib məsələlərdən biri
kimi önə çıxır. Azərbaycan
Prezidenti İlham Əliyevin ötən 7 ildə həyata
keçirdiyi siyasətin mahiyyətində də məhz insan
və şəxsiyyət amili dayanıb. Dövlət
başçısının fərmanı ilə təsdiq
edilən "Azərbaycan Respublikasında rabitə və
informasiya texnologiyalarının inkişafı üzrə
2005-2008-ci illər üçün Dövlət Proqramı
(Elektron Azərbaycan)" isə rabitə və informasiya
texnologiyalarının geniş tətbiqinə imkan yaradan,
habelə bölgələrdə geniş
yayılmasını təmin edən mükəmməl fəaliyyət
konsepsiyası olub. Xüsusi iqtisadi
zonaların yaradılması ilə bağlı məsələ
ölkədə İKT sektorunun inkişafına münbit zəmin
yaradır. Bu məsələdə müəyyən
edilən məqsədlərin reallaşdırılması
ölkədə texnoparkların, texnopolislərin, innovasiya mərkəzlərinin
yaradılmasına, alim və mütəxəssislərin
elmi-texniki potensialından daha səmərəli istifadə etməyə,
rəqabətədavamlı, elmtutumlu məhsulların
istehsalına, nəticə etibarilə, informasiya cəmiyyətinin
əsasını təşkil edən biliklər
iqtisadiyyatının formalaşmasına imkan yaradır.
- İnsan kapitalının inkişaf
etdirilməsində təhsilin rolunu necə dyərləndirirsiz?
- 2003-cü ildən dövlət büdcəsi vəsaitlərinin
ilbəil artımı təhsil sahəsində maliyyə
çatışmazlığı səbəbindən
yığılıb qalmış bir sıra problemlərin məhz
hazırkı mərhələdə həlli məsələsini
aktuallaşdırıb, təhsilə dövlət
investisiyalarının həcmcə artımını təmin
edib. Elm və təhsil xərclərinin
davamlı şəkildə artırılması "qara
qızıl"ı insan kapitalına çevirmək
yönümündə tədbirlərin mahiyyətindən irəli
gəlir. Bunun nəticəsidir ki, təhsilə
ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə
6 dəfəyədək artaraq 2008-ci ildə 1,1
milyard manat, 2009-2010-cu illərdə 1,3 milyard manat təşkil
edib. Təhsilə investisiya qoyuluşları 2004-cü ildəki
5,8 milyon manatdan 38 dəfə artaraq 2008-ci
ildə 220 milyon manata yüksəlib. 2009-cu ildə bu rəqəm
63,7 milyon manat, 2010-cu ildə 71,4 milyon manat təşkil edib. Təhsil
işçilərinin orta aylıq əməkhaqqı da
davamlı şəkildə artıb, 2008-ci ildəki 220
manatdan 2009-cu ildə 268,5 manata yüksəlib.
Son 5 ildə təhsil işçilərinin əməkhaqqı
5, tələbə təqaüdləri 11 dəfə
artıb. Prezident İlham Əliyevin 2010-2011-ci dərs ili ərəfəsində imzaladığı
sərəncamlar da dövlətin sosialyönümlü siyasətinin
daha bir nümunəsi olmaqla təhsil işçilərinin
rifah halının yüksəldilməsi baxımından
mühüm əhəmiyyətə malikdir. Belə ki,
dövlət başçısının 6 sentyabr 2010-cu il tarixli sərəncamı ilə dövlət
büdcəsindən maliyyələşdirilən təhsil
müəssisələrində (ali təhsil müəssisələri
istisna olmaqla) çalışan işçilərin vahid tarif
cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə
(tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla
10 faiz artırılıb. Eyni tarixdə imzalanmış daha
bir sərəncamla doktorantların, ali,
orta ixtisas, peşə məktəblərinin, peşə
liseylərinin tələbələrinin və şagirdlərinin
təqaüdləri də əhəmiyyətli dərəcədə
artırılıb. Ölkədə həyata
keçirilən neft strategiyası, uğurlu sosial-iqtisadi
islahatlar zəngin intellektual resursların, o cümlədən
insan kapitalının formalaşmasına xidmət edir. Bunun əsasında Azərbaycanda güclü
intellektual bazanın, müasir biliklərə əsaslanan yeni
tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu
istehsal sahələrinin inkişafı yolu ilə milli
iqtisadiyyatın neft amilindən
asılılığının azaldılması məqsədi
dayanır. Təhsil infrastrukturunun təkmilləşdirilməsi
sahəsində həyata keçirilən ardıcıl tədbirlər
də məhz bu məqsədin gerçəkləşdirilməsinə
xidmət edir. Son beş il ərzində
Heydər Əliyev Fondunun xətti ilə aparılan işlər,
görülən tədbirlər, irəli
sürülmüş təşəbbüslər istər təhsil,
istər səhiyyə sahəsində, mədəniyyət sahəsində,
mənəvi irsin qorunması işində çox yüksəkdir.
Fond qısa müddət ərzində həyata
keçirdiyi böyük layihələrlə dövlətin
təhsil strategiyası çərçivəsində
qarşıya qoyduğu bir sıra vacib planların gerçəkləşdirilməsinə
də töhfəsini verib. Heydər Əliyev
Fondunun təhsillə bağlı qarşıya qoyduğu
strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan
dünyanın tələbləri səviyyəsində
qurulması, milli təhsil modelinin gerçəkləşdirilməsinə
maddi-texniki və intellektual zəmin
formalaşdırılmasıdır. Şübhəsiz,
təhsil infrastrukturunu yeniləşdirmədən, müasir
tipli yeni məktəblər inşa etmədən, təlim-tədris
prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin
mütərəqqi təhsil ənənələrini nəzərə
almadan bu məqsədlərə nail olmaq
qeyri-mümkündür.
- İnsan kapitalının inkişafı
ölkənin iqtisadi inkişafıyla nə dərəcədə
bağlıdır?
- Qeyd edim ki, son dövrlərdə dünyada gedən
qlobal proseslər ölkəmizin
dayanıqlığını və onun regional güc mərkəzi
kimi formalaşdığını bir daha sübut edib. Dünyanın aparıcı ölkələrində
gedən kəskin maliyyə böhranına baxmayaraq, Azərbaycanda
makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin
azalması və əhalinin maddi rifah halının yüksəlməsi
2009-cu ildə də davam edib. Keçən il Azərbaycanda
ümumi daxili məhsul 9,3 faiz təşkil
edib. Sənaye istehsalı 2009-cu ildə 8,6
faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Bu, bir daha onu göstərir ki, bütün
uğurların təməlində
düşünülmüş idarəçilik məharəti
və düzgün atılmış addımlar dayanır.
Ötən il inflyasiyanın səviyyəsi 1,5
faiz olub. Bu onu göstərir ki, 2009-cu ildə
ölkədə makroiqtisadi sabitlik saxlanılıb. "Əsl siyasət konkret, real iş görməkdir"
deyən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti
nəticəsində hazırda Azərbaycan qüdrətli
dövlətə çevrilmək yolunda son dərəcə
mühüm addımlar atmaqdadır. Elə bu məqsədyönlü
fəaliyyətin nəticəsidir ki, Azərbaycanın iqtisadi
inkişafının yüksək tempi bu il
də davam etməkdədir. Bütün bunlar Azərbaycanın
beynəlxalq uğurlarının, qazandığı regionda və
dünyada ən dinamik inkişaf edən ölkə imicinin təsadüfi
olmadığını təsdiqləyir. Akademik Ramiz
Mehdiyev öz əsərlərində qeyd edir ki, "Tam məsuliyyətlə,
əminliklə demək olar ki, çox qısa zamanda möhtəşəm
nailiyyətlər əldə etməyin simvolu olan sürətli
inkişaf modellərini - XX əsrin "Cənubi Asiya",
"Yaponiya" möcüzələrini tanıyan dünya
bu gün, "XXI yüzilliyin Azərbaycan möcüzəsi"nin,
"keyfiyyət inqilabının" yaranması ərəfəsindədir.
Azərbaycan xalqı qarşıdakı mərhələdə
bunun qlobal miqyasda etirafının şahidi olacaq". Bu gün dünya Azərbaycanı yenidən kəşf
edir. Ölkəmizdə həyata
keçirilən düzgün siyasət nəticəsində
qlobal maliyyə böhranı şəraitində də Azərbaycan
iqtisadiyyatı dinamik inkişaf edir. Prezident
İlham Əliyevin həyata keçirdiyi
düşünülmüş iqtisadi siyasət, neftdən əldə
olunan gəlirlərin qeyri-neft sektoruna, insan kapitalına
yönəldilməsi kompleks inkişafa gətirib
çıxarıb.
Anar Miriyev
Palitra.- 2010.- 19 oktyabr.-
S. 6.