Bizim sahədə xaricdə qalıb işləyən sənət adamları azdır”

 

Son zamanlar sənət adamlarımıza xaricdə çalışmaq, fəaliyyət göstərmək üçün bir sıra ölkələrdən təkliflər gəlir. Bu, incəsənətin müxtəlif sahələrində özünü büruzə verir. Təbii ki, Azərbaycanın təbliği və milli mədəniyyətimizin tanıdılması sahəsində sənət adamlarımızın belə təklifləri dəyərləndirməsi müsbət bir haldır. Məsələn, balabanın mahir ifaçısı Əlixan Səmədov bu gün nəinki Türkiyədə, hətta bir sıra Avropa ölkələrində də milli musiqimizin tanıdılmasında mühüm rol oynayır. Qeyd edək ki, bir çox musiqiçilərimiz Türkiyə, Almaniyaİranda musiqi sahəsində yeni kadrların hazırlanmasında pedaqoji fəaliyyətlə də məşğul olurlar. Məsələn, ölkəmizdə “tarın professorukimi tanınan tarzən Oqtay Quliyev uzun zaman Türkiyə universitetlərinin birində pedaqoji fəaliyyətlə məşğul olub.  Lakin müəyyən müddət keçdikdən sonra mahir ifaçı vətənə dönüb və yenidən Milli Konservatoriyada fəaliyyətini davam etdirir. Bu gün xaricdə işləmək təklifi alanlar sırasında Xalq artisti Alim Qasımov və Sevda Ələkbərzadənin də adı hallanır. Lakin hər iki ifaçı xarici ölkələrdə verdikləri konsertləri və avropalı ifaçılarla birgə hazırladıqları layihələrlə kifayətlənirlər. Yuxarıda qeyd etdiyim kimi, incəsənət adamlarımızın xaricdə fəaliyyəti müsbət haldır. Ancaq müəyyən bir vaxtdan sonra sənətçilərimizin kütləvi şəkildə xaricə axını başlaya bilər ki, bu da bu sahədə fəsadlar yarada bilər. Bu məsələ ilə bağlı ortaya çıxan suallar olduqca düşündürücüdür. Məsələn savadlı, istedadlı sənət adamları, pedaqoqlar xaricdə tələbə yetişdirməyə gedirlərsə, bəs bizim burdakı tələbələri kim hazırlayacaq? Həmsöhbətimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin dekanı, Əməkdar artist, tarın mahir ifaçısı Vamiq Məmmədəliyevdir. İlk öncə V.Məmmədəliyev ixtisaslı kadrların yetişdirilməsindən danışdı və qəbul imtahanları ilə bağlı fikirlərini səsləndirdi: “Mən fikirləşirəm ki, bizdə tələbə qəbulu ildən-ilə təkmilləşir. Mən artıq 10 ildir ki bu fakültədə dekan işləyirəm. Əvvəllər qəbul imtahanlarından öncə qabiliyyət, sonra isə test imtahanı aparılırdı. Ancaq neçə ildir ki qabiliyyət imtahanları test imtahanlarından sonra aparılır. Məncə, hər iki halda nəticə eynidir. İstedadlı və savadlı tələbələr qəbul imtahanlarını uğurlu bir nəticə ilə başa vurur. Bu üsulun ləğvini istəməzdim. Nə üçün bizdə kamançalan, tarzən və ya xanəndə savadlı olmasın? Hər bir istedadlı tələbəmiz nə qədər savadlı olarsa, onun xaricdə öz təhsilini artırmaq və işləmək imkanları daha çoxdur. Vətəndən kənarda təhsil almaq şansı hər gəncə nəsib olmur. Bu gün xarici dil bilmə vərdişlərinə yiyələnən və qarşısına ciddi məqsəd qoyan gənclərimiz belə bir şansı əldə edirlər”.

 - Bu gün sənət adamlarımızın, xüsusilə musiqiçilərimizin xaricə üz tutduqlarının şahidi oluruq. Onların çoxu tanınmış xarici universitetlərin pedaqoqlarına çevrilir. Bunun bizim üçün hansı fəsadları ola bilər?

- Bilirsiniz, bizim sahədə xaricdə qalıb işləyən sənət adamları azdır. Ola bilsin incəsənətin başqa sahələrində bu bəlkə də artıq bir problem halını alıb. Ancaq məncə, ifaçılar sferasında hələki belə problem yoxdur. Əlbəttə, yaxşı bir mütəxəssisimiz hər hansı bir dövlətdə çalışmaq təklifini qəbul edirsə, biz bu məsələdə hardasa itiririk. Yaxşı olar ki, belə mütəxəssislərin Azərbaycanda qalıb fəaliyyət göstərməsi üçün şərait yaradılsın ki, həmin sənət adamı da kənara getməsin. Çünki bir çox sənət adamları məhz maddi rifahı naminə xaricə üz tutur.Bu gün musiqiçilərin xaricə axınının qarşısını alan daha bir faktor isə bir qədər qəribə görünsə də, toy bazarıdır. Belə ki, “sənətkarı el saxlardeyimi burda özünü sözün əsil mənasında doğruldur. Aktyorlardan, rəssamlardan fərqli olaraq musiqiçilər və müğənnilər bu gün toyların, el şənliklərinin hesabına maddi problemlərini həll edir və ölkəni daha çox qazanmaq naminə tərk etmir. Bundan başqa ali təhsilli mütəxəssis kimi bir çox sənət adamlarımız bir sıra təhsil müəssisələrində çalışır və bu sahədə tələbələrin yetişdirilməsi üçün səy göstərirlər. Bu barədə Vamiq müəlim də öz fikirlərini söylədi: “Biz istedadlı tələbələrlə işləmək üçün universitetimizə tanınmış sənət adamlarını, gözəl pedaqoqlarımızı dəvət edirik. Çünki yaxşı mütəxəssisləri yetişdirən ilk növbədə müəllimlərdir. Sözsüz ki, müəllimin tutaq ki, 6 tələbəsi varsa,  bunların altısı da incəsənət sahəsində qalmır və ya bütün tələbələri işini tam bilən mütəxəssis olmur. Kursdan kursa keçən tələbələrin bəziləri artıq başa düşür ki, bu sahə ona uyğun deyilondan sənət adamı olmaz. Və ya xanımlarımızın bir çoxunun efirdə görünməsinə, xanəndəlik etməsinə ailəsi, yaxınları icazə vermir.  Bu gün sənət sahəsinə istedadı olan da gedir, olmayanda. Məsələn, mən eşitdiyimə görə, “Xalq ulduzuna neçə min ifaçı qatılmaq üçün müraciət edib. Ancaq onlardan cəmi 16 nəfəri yarışmaya seçildi. Xarici ölkəyə də gedənlər çoxdur. Ancaq onlardan ən yaxşıları tanınır və sevilir. Məsələn, baxın şou-biznesimizdən neçə-neçə müğənni xaricdə tanınmaq, işləmək arzusunda olsa da, buna nail ola bilmədi. Ancaq Alim Qasımov bu gün Avropa üçün öz aktuallığını saxlayır. Əlbəttə, yenə də qeyd edirəm ki, sənət adamlarının kütləvi şəkildə xaricə axını sevindirici hal deyil. Çünki sənət adamı ora getdikdən müəyyən müddət sonra özünə yaxın olan insanları da, sənət dostlarını da xaricə dəvət edir. Bizdə bir növ adət halını alıb ki, bizim sənət adamları daha çox Almaniya və Türkiyəyə üz tutur. Bir çox hallarda sənət adamları xaricdə işləməklə bir neçə il ərzində maddi rifahlarını qaydaya salır və vətənə dönürlər. Ancaq həmişəlik qalanlarımız da var.

- Bizim tələbələrin əksəriyyəti xaricdə təhsil almaqorada çalışmaq arzusunda olur. Bəs xarici tələbələr necə, sizin universitetə maraq göstərirlərmi?

- Bizdə Türkiyədən gələn tələbələr var. Onlar rejissorluq, sənətşünaslıq və musiqi alətlərinə maraq göstərirlər. Tək-tük türk tələbələrimiz var ki, estradaya maraq göstərirlər. Onlar daha çox bizim xalq alətlərimizlə, ifaçılıq sənətimizlə maraqlanırlar və bu sahələr üzrə təhsil alırlar.

- Az öncə qeyd etdiniz ki, estrada oxuyan ifaçılar xaricdə uğur əldə edə bilmir. Bunun səbəbi nədir?

- Təbii ki, istedadlı insan istənilən bir ölkədə layiq olduğu uğuru yeri əldə edir. Bironu qeyd etməliyik ki, həmin ölkələrdə belə insanların ətrafında olan insanlardan da çox şey asılıdır. Çünki belə insanlara dayaq lazımdır. Bir çox hallarda sənət adamlarımız xaricdə işləməyə varlanmaq mənbəyi olaraq baxır. Bilirsiniz, mən də vaxtilə çox düşünmüşəm ki, xaricə gedim, yoxsa yox?! Mənə də İranda işləmək üçün bir təklif olmuşdu. Ancaq qəbul etmədim. Çünki düşündüm ki, mən artıq burda tanınmışam, buranın sənətkarı olmuşam. Düşündüm ki, İrana getsəm, mənim sənətə qarşı olan məsuliyyətim azalacaq. Çünki burda bizdə sənətdə tələbkarlıq var. Orda isə mən tutaq ki, tələbələrə bildiyim muğamlardan öyrətməklə işimi bitmiş hesab edəcəm, bu yolla da tənbəlləşəcəm. Maddi rifah heç də hər zaman hər şey demək deyil. Tələbələrimi mən elə öz vətənimdə zəhmət çəkərək yetişdirərəm.

- Bu gün musiqi sənətinə yerli gənclərin axını hansı vəziyyətdədir?

- Bura bütün bölgələrimizdən güclü axın var. bizonlar arasından istedadı və savadı olan gəncləri universitetimizə tələbə olaraq seçirik. Məsələn, bizdə Aşıq sənəti fakültəsi var ki, digər ali təhsil müəssisələrində bu fakültə yoxdur. Bizim aşıqlarımız artıq musiqi savadı olan mütəxəssis kimi yetişirlər.Sonda V.Məmmədəliyev bunları söylədi: “Musiqiçilərin xaricə axını maddi vəziyyətlə bağlıdır. “Başqa yerdə milyondan biri olmaq istəyirsənsə, öz vətənində onundan biri ol”. Bilirsiniz ki, musiqiçilərimizdə hardasa mentalitetimizlə bağlı olan bir şan-şöhrət hissi var. Hansısa bir xarici ölkədə çalışmağı da şan-şöhrət hesab edirlər. Təbii ki, azaddemokratik bir ölkədə yaşayırıq. Hər birimizin öz seçimi var. Ancaq yenə də vətənpərvər olmalıyıq. Sovet dövründə vətəndən danışmağa belə bizə icazə vermədikləri halda mən hələ o vaxt sözümü demişdim. İndi də deyirəm, vətəni, milləti sevmək lazımdır. Yəni vətənə, millətə xidmət eləmək lazımdır. Yaxşı olardı ki, hamı vətənində olsun. Biz İsveçdə qastrolda olanda orda yaşayan iranlılar bizə deyirdilər ki, bizim burda hər bir imkanımız var. Ancaq vətənimiz üçün darıxırıq. Hamı getsə, bəs burda kim qalacaq? İndi bu axın azalıb. Dövlət sənət adamlarına  lazımi qiyməti və layiq olduğu adı verir. Xarici ölkələrdə müəyyən sahələrdə mütəxəssis az olduğu üçün bizim sənət adamlarına ehtiyac var. Mənə hərdən elə gəlir ki, sadəcə orada yaranan boşluqları bizim mütəxəssislərin hesabına doldururlar”.

 

 

Nüşabə

 

Palitra.- 2010.- 19 oktyabr.- S. 11.