İnsan kapitalının formalaşması üçün əsas şəraitlərdən birisi rəqabətin olmasıdır”

 

Layihə çərçivəsində ötən saylarımızda da dəfələrlə qeyd etdiyimiz kimi, ölkəmizdə insan kapitalının formalaşması ilə bağlı məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Bu yöndə müxtəlif istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi və strategiyanın formalaşdırılması ölkədə bacarıqlı insanların sayının daha da artmasına, müxtəlif sahələrə aid peşəkar kadr və hərtərəfli milli elitanın formalaşmasına hesablanıb.  Amma məsələ orasındadır ki, Azərbaycanda dövrün tələblərinə uyğun insan kapitalının formalaşdırılması ilə bağlı görülən tədbirlər, həyata keçirilməli olan strategiyabu sahədə reallaşdırılması aktual olan digər məsələlər barədə elmi-nəzəri müzakirələr lazımi səviyyədə aparılmır. Buna görə də ölkə ictimaiyyəti insan kapitalının mahiyyəti, zəruriliyi və vacibliyi ilə bağlı hərtərəfli və geniş informasiyaya malik deyil. Kütləvi informasiya vasitələri (KİV) insan kapitalı və onun formalaşması məsələləri, prosesi barədə intensiv və maarifləndirici xəbərlər yaymaq, məqalələr dərc etməkdə etinasızlıq göstərirlər. Bu isə eyni zamanda formalaşmaqda olan gənc nəslin yeni və ölkənin inkişafı üçün zəruri olan sahələr üzrə ixtisaslaşmasında, onların lazımi səviyyədə təhsil almalarında, eləcə də valideynlərin təhsil-ixtisas məsələləri ilə bağlı şüurunun dövrün tələbinə uyğun formalaşması yolunda maneədir. Əslində isə KİV insan kapitalının formalaşması ilə bağlı bu kimi məsələləri ardıcıl işıqlandırmalı, bu sahədə olan gözləntilər, planlar və problemlər barədə mütəmadi müzakirələri təşkil etməlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “neft kapitalının insan kapitalına çevrilməsi” məsələsi, bu sahədə gedən proseslər ciddi diqqət mərkəzinə və müzakirə predmetinə çevrilməlidir. Həmçinin bu yöndə müvafiq ekspertlərin, elmi institutların müzakirələrini təşkil etmək, onların fikir və təkliflərini, ictimaiyyətə mesajlarını çatdırmaq xüsusilə aktualdır. Bu, istər ictimaiyyət, istərsə də ümumilikdə elm adamları və ekspertlər üçün mühüm önəm kəsb edir. Eləcə də bu cür müzakirələr insan kapitalının formalaşmasında gələcək prioritetlərin müəyyənləşdirilməsi və vacib məqamların diqqətə götürülməsi baxımından çox zəruridir.Bu baxımdan Qafqaz Universitetindən  dr. Fərhad Mehdiyevin insan kapitalının formalaşması məsələləri ilə bağlı fikirlərini öyrənmək maraqlı olardı. F.Mehdiyev bizimlə söhbətində mövzu ilə bağlı qeyd etdi ki, öncə insan kapitalı barəsində ölkəmizdə də tanınan dr. Brenda Şafferin bu sözləri yerinə düşərdi: “Xəzər nefti ilə bağlı Vaşinqtonda keçirilən toplantıda, o, Tacikistan nümayəndəsinə belə dedi :  “Təbii sərvətləriniz olmadığı üçün, siz daha şanslısınız, çünki məcburi olaraq insan kapitalına investisiya qoyacaqsınız, uzun müddət ərzində də bundan uduşlu çıxacaqsınız”.F.Mehdiyev düşünür ki, insan kapitalı məsələsini müxtəlif mənalarda ələ almaq mümkündür: “Mən ona “keyfiyyətli peşəkarlar ordusukimi bir məna verirəm. Əfsuslar olsun ki, keçmiş SSRİ-də belə bir anlayış və fenomen formalaşmadı, orada olmadığı üçün də müstəqillik sonrası bizdə olmadı. Bunun səbəbi sadədir - insan kapitalı əmək gücü rəqabətinin olduğu yerdə formalaşır. SSRİ-də dövlət sifarişi hakim olduğundan əmək bazarı da ona uyğun formalaşırdı”.Alim düşünür ki, insan kapitalı rəqabət mühitinin olduğu yerdə formalaşır. Çünki xidmətlərin, istehsalın rəqabətə dözməsi üçün, o prosesdə iştirak edən və ona qatılan insanların qabiliyyət, bacarıq və peşəkarlıqları üstün səviyyədə olmalıdır. Bəs əxlaqi cəhətlər insan kapitalının formalaşmasında rol oynayırmı? Yaxud belə qeyd etmək mümkünsə,  milli-mənəvi dəyərlərə bağlı olmanın bu prosesdəki rolu nədir?  F.Mehdiyev bildirir ki, bu sualın dəqiq cavabını vermək çətindir: “Müxtəlif, bir-birinə zidd misallar vermək mümkündür. Hər halda bu məsələ sahə bazasında dəyərləndirilməlidir. Yəni elə sahələr var ki, orada mənəvi dəyərlərə fikir verilməlidir. Lakin informasiya texnologiyaları sahəsində ABŞ hər millətdən mütəxəssisləri ölkəsinə cəlb edir.Qeyd etdiyim kimi, insan kapitalının formalaşması üçün əsas şəraitlərdən birisi rəqabət imkanlarının olmasıdır”. İnsan kapitalı məsələsində təhsilin rolu tez-tez qabardılır. Bəs təhsilin bu məsələdə real rolu nədir?  Fərhad müəllim düşünür ki, rəqabət nəticəsində insan kapitalının formalaşması üçün əvvəlcə əlinizdə rəqabətə hazır olan resurs olmalıdır ki, insan kapitalı formalaşsın: “Bu resursu hazırlamaq birinci növbədə təhsil qurumlarının işidir. Təhsil qurumu dedikdə, sadəcə ali təhsil qurumları əlbəttə ki, nəzərdə tutulmur. Burada orta təhsil, texniki təhsil, müxtəlif kurslar, hamısı insan kapitalının formalaşmasında əvəzolunmaz yerə sahibdir. Əsas məsələ isə yanaşmadır - insanlarda yaradıcı fikirlər oyadan, əzbərçilikdən uzaq, sərbəst düşünmə imkanı qazandıran bir təhsil sistemi olmalıdır. Sizə maraqlı bir faktı qeyd edim, bir gün Kanzas Universitetinin Mühəndislik fakültəsinin koreyalı bir tələbəsini xeyli fikirli gördüm. Bunun  səbəbini ondan soruşanda isə cavab olaraq dedi ki, müəllimləri onlara tapşırıq verib - elə bir stol lampası dizayn etməlidir ki, indiyə kimi istehsal olunmasın. Baxın görün yanaşma tərzinə - tələbədə yaradıcı qabiliyyətlər inkişaf etdirmək məqsədini reallaşdırmaq qarşıya qoyulub. Bu cür tədris sistemi elə bir mütəxəssis formalaşdırır ki, o, bazarda rəqabətə dözə bilsin və rəqabətdən üstün çıxmaq qabiliyyətinə malik olsun”.Elə isə Azərbaycanda bu yöndə irəliləmək üçün nələr etməliyik?  Buna cavab vermək bir az qəliz məsələdir” deyə F.Mehdiyev qeyd edir: “Düzünü desəm, bir çox müəssisəmiz buna hazır deyil. Hazırda keyfiyyətli insan kapitalı daha çox Qərbdə təhsil almış mütəxəssislər hesabına formalaşır. Məsələ budur ki, elə insan resursunu hazırlayacaq mütəxəssislərin özü də olmalıdır, habelə ümumiyyətlə, sistem buna imkan tanımalıdır. Xırda bir faktı deyim. Azərbaycanda ailə quruluşu belədir ki, uşaqların tərbiyəsi prosesində onlara müstəqil düşünmə və qərar vermə qabliyyətlərini aşılamırıq. Bu halı bir çox sferada görmək olar. Bu arada bir şeyi daha qeyd etmək istəyirəm. 2010-cu ildə tələbələrin istədikləri dövlət, ya da özəl ali təhsil müəssisəsini seçə bilmə və dövlət ödənişi əsasında oxuma imkanının gətirilməsinin insan kapitalının formalaşmasında xeyli müsbət təsiri olacaq. Bu, ilk növbədə universitet və kolleclər arasında keyfiyyətli tələbələri ələ keçirmək üçün rəqabət imkanını açacaq. Rəqabət isə təbii ki, inkişafın vacib şərtidir.Diqqət etsəniz, Qərbdə təhsil sektoru ayrıca bir industriya kimi fəaliyyət göstərir. Məsələn, İngiltərə və ABŞ məktəbləri bütün dünyaya demək olar ki, təhsil xidmətlərini verirlər. Niyə məhz bu iki dövlət? İngilis dilinin bundakı rolu böyük olmaqla bərabər rəqabətin ən çox da məhz bu ölkələrdə olduğunu unutmamaq lazımdır. Azərbaycan da elə etməlidir ki, respublika yerli şəraiti, təbiəti və yaşama imkanları ilə cazib ölkəyə çevrilsin, xarici dillərdə təhsil verə bilsin və xaricdən tələbələr cəlb edə bilsin. Azərbaycandakı təhsil qurumları xaricdən tələbə ala bilmək hədəfini qarşılarına qoyduqları zaman dünya standartını əldə edə bilərlər. Məsələn, mən Qafqaz Universitetində işləyirəm. Ingilis dilində tədris verən 8-ə yaxın bölməmiz var. Lakin tədrisdə keyfiyyəti əldə etmək üçün müəllim heyətini mütəmadi olaraq xaricə, Qərb universitetlərinə göndəririk. İndi hazırda 4 müəllimimiz ABŞ universitetlərində təcrübə keçirlər. Bütün bunlar xərc tələb edir. Amma nəsə müsbət bir irəliləyiş əldə etmək istəyirsinizsə, investisiya qoymaq məcburiyyətindəsiniz. Rəqabət sizi buna məcbur edir.Yaxşı insan kapitalına sahib olduğunuzun göstəricisi isə ölkənizdən xaricə gedən insanların profilidir. Yəni ölkənizdən mütəxəssislər çıxıb gedə bilər. Bu, həmişə mənfi hal sayılmamalıdır. Müxtəlif ölkələrin reallıqları sizi bəzi çətinliklərlə qarşı-qarşıya qoya da bilər. Məsələn, Azərbaycanda elə istehsalat sahələri var kı, onların formalaşması hazırda qeyri-mümkündür. Məsələn, avtomobil sənayesi kimi sahələr. Koreyayapon maşınları ilə rəqabət apara bilən maşınları biz düzəldə bilmərik. Lakin bu, o demək deyil ki, biz o sahədə mütəxəssis yetişdirə bilmərik. Lakin belə mütəxəssislər ölkəmizdə qalmayacaq, onlar xaricdə “Daimler-Crysler”, “Toyotakimi konsernlərdə işləsələr, deməli ölkəniz insan kapitalı formalaşdırmağı bacarır. Uzun dönəmdə isə bu hal sizin öz ölkənizə də müsbət təsir göstərəcək.Azərbaycanın özündə də bəzi xarici təşkilatların fəaliyyəti mənalıdır. Onların işçiləri bəzən “məsləhətçi” statusunda işləyir, xarici vətəndaşlardır və müxtəlif millətlərə aid olurlar. Bunlar insan kapitalının bir nümunəsidir. Müxtəlif yerlərdə onlara yüksək tələbat olur. Düzdür, onların formalaşmasında özlərinin də xeyli səyləri və cəhdləri olur, lakin ölkədəki sistembuna uyğun olmalıdır. Azərbaycandakı sistemin buna tam yad olduğunu demirəm. Əksikliklərimiz var, amma qlobal dünyanın bir parçası mövqeyində çıxış etdiyimizdən, bunlar da zamanla aradan qalxacaq”. F.Mehdiyevin fikrincə, əsas məsələ konkret hədəf və istəyin olmasıdır. Onu isə bizdə görmək mümkündür. Ən azından mövcud işsizlik göstəriciləri nəzərə alındıqda indiki gənclər də bunun zəruri olduğunu dərk edirlər.

 

 

İlkin Ağayev

 

Palitra.- 2010.- 20 oktyabr.- S. 7.