Yüksək səviyyəli təhsil maddi sərvətin insan kapitalına çevrilməsini təmin edir

 

Layihə çərçivəsində müsahibimiz Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının «Geostrateji Araşdırmalar Mərkəzi»nin elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Çingiz İbrahimlidir: 

 

- XX əsrin ortalarından etibarən aparıcı dünya dövlətlərinin ən mühüm prioritetləri sırasında təhsilin inkişafına əsaslanan "bilik iqtisadiyyatı"nın formalaşdırılması, insan kapitalının yaradılması və beləliklə, davamlı inkişafın təmin olunması amilləri xüsusi yer tutmağa başladı. İnsan kapitalı nəzəriyyəsi ötən əsrin 50-60-cı illərində Amerika iqtisadçılarının tədqiqatları nəticəsində yaradılıb. İşçi qüvvəsinin formalaşdırılması problemləri, insanın yaradıcılıq və faydalılıq imkanlarının artırılması bu nəzəriyyənin əsas hədəfləri kimi müəyyənləşdirilib. Həmin dövrdən başlayaraq təhsil və səhiyyə sahələrinə yönəldilən vəsaitlər ictimai-iqtisadi proseslərin qaçılmaz məsrəfləri kimi deyil, əksinə, davamlı inkişafın təmin edilməsi üçün mühüm investisiyalar kimi qəbul edilməyə başlanıb. Təsadüfi deyil ki, müasir dövrdə təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi sayılmır, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsinin təmin edilməsi daha vacib amil kimi qəbul edilir. ABŞ, Yaponiya, Cənubi Koreya, Finlandiya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə ediblər və bu gün də etməkdədirlər. Təhlillər sübut edir ki, bu ölkələrdə inkişafa təsir göstərən amillər içərisində təhsilin çəkisi hiss olunacaq dərəcədə yüksəkdir və təxminən 70 faiz təşkil edir. Dünya Bankının apardığı tədqiqatların nəticələri göstərir ki, ABŞ-ın milli sərvətinin 76 faizini insan kapitalı, 19 faizini istehsal, 5 faizini təbii resurslar təşkil edir. Avropa ölkələrində insan kapitalı 74, istehsal 24, təbii resurslar yalnız 2 faiz təşkil edir. Rusiyada isə insan kapitalı 50, istehsal 10, təbii resurslar 40 faiz səviyyəsindədir. Davamlı inkişaf konsepsiyası da XX əsrin son onilliyində irəli sürülüb və hazırda dünyada ən mühüm prioritetə çevrilib. Təsadüfi deyil ki, davamlı inkişaf qlobal məqsədlərdən biri kimi BMT tərəfindən Minilliyin Bəyannaməsinə daxil edilmiş, 2005-2014-cü illər isə davamlı inkişaf sahəsində tədris onilliyi elan edilib. Davamlı inkişaf konsepsiyasına görə hər bir şəxsə onun fərdi qabiliyyətlərini, potensial imkanlarını davamlı şəkildə inkişaf etdirmək üçün iqtisadi, sosial, mədəni, siyasi sahələrdə əlverişli mühit yaradılmalıdır. Bu konsepsiya nəzərdə tutur ki, insanların layiqli həyat sürməsi, sağlam olması, təhsil və bilikdən bəhrələnməsi davamlı olmalı, cəmiyyətin inkişaf prosesində həm çağdaş, həm də gələcək nəsillərin layiqli həyat sürmək imkanları təmin edilməlidir. Bu səbəbdən heç bir fərd öz milli, dini, cinsi və digər mənsubiyyətinə görə uzun, dolğun və ləyaqətli həyat sürmək imkanlarından məhrum edilə bilməz.

- İnsan kapitalının formalaşdırılması prosesində təhsilin rolunu necə görürsüz?

- Ümumiyyətlə, dünya təcrübəsində davamlı inkişafın əsas göstəricilərindən biri təhsil səviyyəsi ilə bağlıdır. YUNESKO-nun ekspertləri müəyyən ediblər ki, hər bir ölkədə güclü kadr ehtiyatlarının yaradılmasında orta təhsildən sonrakı təhsilin əhəmiyyəti çox böyükdür. Məhz orta təhsildən sonrakı təhsil yüksək məhsuldarlığı və çevikliyi ilə fərqlənən ixtisaslı işçi qüvvəsinin hazırlanması, habelə texnologiyaların iqtisadiyyatının dünya miqyasında rəqabət qabiliyyətini təmin edir. Məhz ali təhsil intellektual potsensialın formalaşdırılmasında, madid sərvətin insan kapitalına çevrilməsində böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, müasir dövrdə iqtisadiyyatın səmərəliliyinin artırılması insan kapitalının intellektual potensialının yüksəldilməsi ilə təmin olunur.  Ona görə də hər bir inkişaf etmiş ölkədə insan kapitalının inkişaf etdirilməsi dövlətin qarşısında mühüm məsələ kimi dayanır. İnsan kapitalının formalaşmasında əsas məsələ qeyd etdiym kimi təhsildir. Şagird və tələbənin aldığı təhsilin səviyyəsi elə olmalıdır ki, bununla o, gələcəkdə cəmiyyətdə öz  yerini tutaraq dövlətin inkişafına töhfəsini verə bilsin. Bu gün şagird və tələbə olan gənc sabah əmək bazarında rəqabətə davam gətirmək üçün lazımi səviyyədə təhsil almalı, peşəkar kadr kimi yetişməlidir. Son illər ölkədə uğurla həyata keçirilən iqtisadi islahatlar dinamik sosial-iqtisadi inkişafı təmin etməklə, böyük iqtisadi potensial gücləndirib və insanların rifah halının daha da yaxşılaşmasını təmin edib. Neft sektoru ilə yanaşı, qeyr-neft sektorunun inkişaf etdirilməsi iqtisadiyyatın rəqabət qabiliyyətini xeyli artırıb ki, bu da çox mühüm əhəmiyyət kəsb edir. Çünki bu siyasət güclü kadr potensialının formalaşdırılmasını da təmin edir ki, bu da insan kapitalının inkişafı deməkdir. Neft vəsaitlərinin düşünülmüş siyasətə uyğun həm xarici investisiyalara, həm daxili sərmayələrə, həm də sosial sahələrə səmərəli xərclənməsi son nəticədə insan kapitalının inkişafına stimul verir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan hökumətinin apardığı siyasətin başlıca məqsədi nefti - “qara qızılı” insan kapitalına çevirməkdən ibarətdir. Bu istiqamətdə aparılan tədbirlər öz mühüm nəticələrini verməkdədir və neft gəlirləri insanların ən qabaqcıl informasiya-kommunikasiya texnologiyalarını mənimsəməsinə, intellektual mülkiyyətin inkişafına istiqamətlənir. Dövlət insan kapitalının inkişafına yönələn ciddidüşünülmüş siyasət həyata keçirir. Azərbaycan iqtisadiyyatının ildən-ilə güclənməsi, mühüm sosial-iqtisadi proqramların uğurla reallaşdırılması son nəticədə əhalinin maddi rifah halının yüksəlməsinə gətirib çıxarıb. Bölgələrimizin davamlı və tarazlı inkişafına hesablanan proqramların icra edilməsi, yeni infrastruktur layihələrin həyata keçirilməsi ölkəmizin hərtərəfli inkişafını təmin etməkdədir.

- Dövlətin bu məsələnin inkişafı istiqamətində atdığı addımları necə dəyərləndirirsiz?

- Bu gün Azərbaycan elə inkişaf səviyyəsindədir ki, insan kapitalı potensialının möhkəmləndirilməsi üçün lazım olan institusional maliyyə imkanlarına malikdir. Dünyanın insan kapitalı üzərində qurulduğu indiki məqamda Azərbaycanın da bütün gücü ilə bu prosesə qoşulması ölkəmizin demokratik dayanışmaya, elmin və təhsilin dəyərlərinə sadiqliyini göstərir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neft Azərbaycanın milli sərvətidir” deyimi yeni yüzillikdə ölkəmizin tarixində başqa bir modeldə həqiqətə çevrilibqara qızıl»ı insan kapitalına çevirmək. Beləliklə, neft gəlirləri Azərbaycanda həm də təhsilin, elmin inkişafına yönəlir. İndi Azərbaycanın təhsil modeli özündə uzun illər ərzində əldə olunan ənənələri, xalqımızın mentalitetini əks etdirməklə yanaşı, bəşəri dəyərlərdən yararlanmağın, dünyada gedən prosesləri öyrənməyin vacibliyini qarşıya bir məqsəd kimi qoyub. Azərbaycan indi dəyişən, müasirləşən və həm də qloballaşan dünyanın dəyərlərinə məhz təhsil və elm sayəsində qovuşur. Ölkədə yeni məktəblərin inşa edilməsi, təhsilə ayrılan vəsaitin artırılması, gənclərin təhsil almq üçün dövlət hesabına xaricə göndərilməsi kimi məsələlər ölkədə insan kapitalının inkişafına yönələn çox mühüm addımlardır. Bu gün gənclərimizin dünyanın təxminən 28 ölkəsində dövlət hesabına təsil alması həm ölkə üçün böyük kadr potensialının yaradılmasıdır, həm də müasir təcrübənin, texnologiyanın, biliyin ölkəyə gətirilməsidir. Dövlət bu məsələyə, insan kapitalının inkişafına o qədər həssaslıqla yanaşır ki, xaricə tələbə göndərilməsi dövlət proqramı ilə tənzimlənir. Dövlət məktəblər üçün binalar tikməklə kifayətlənmir. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də ciddi aparılır. Məktəblərdə ən müasir sistemlər qurulur. Onların kompyuterləşmə prosesi uğurla davam edir. 2004-cü ildə min şagirdə bir kompyuter düşürdüsə, indi min şagirdə 20 kompyuter düşür. Məktəblərin əksəriyyətində şagirdlərin internetə birbaşa çıxışı var. Bu, Azərbaycan dövlətinin insan kapitalının inkişaf etdirilməsinə yanaşması və insan kapitalına yatırdığı investisiyadır. Nəzərə almaq lazımdır ki, hazırkı vaxtda cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətədavamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında  təhsilin, xüsusilə ali təhsilin müstəsna rolu var. Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə təhsil səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsil qarşısında duran müstəsna əhəmiyyətə malik əsas vəzifədir. Bu gün ölkəmizin ən ucqarlarında belə ən müasir tələblərə cavab verən yeni məktəblər inşa edilir. Həmin məktəblərin kompyuterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar da məhz bu məqsədə xidmət edir. Bu baxımdan 2004-cü il 21 avqust tarixli “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında” fərman gənclərin müasir biliklərə yiyələnməsinə və informasiya texnologiyalarını dərindən mənimsəmələrinə elmi-texniki zəmin yaradıb. Bundan əlavə, 2008-ci il iyunun 10-da təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” Azərbaycan Respublikasında müasir informasiyakommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət edir.

 

 

Anar Miriyev

 

Palitra.- 2010.- 20 oktyabr.- S. 11.