Turizm sahəsi üçün kadr
potensialı yaradılır
İnkişaf etmiş ölkələrin durumunu müəyyən
edən amillərdən biri də insan kapitalıdır. Bu ölkələrin təbii
resursların hesabına və yaxud da coğrafi vəziyyətinə
görə deyil, məhz intellektual potensialına görə, yeni
texnologiyaların icad olunmasına, tətbiqinə görə
tərəqqi etməkdə davam etdiyini deyən ölkə
başçısının sözlərinə görə,
biz də bu yolu keçməliyik və bunu etmək
üçün bütün şərait var: “İnsanlarımızın
intellektual səviyyəsi çox yüksəkdir”. İnsan
kapitalı əsasən təhsilin inkişafı ilə
bağlıdır və ölkədə təhsilin
inkişafının göstəricisidr ki, hər il ali məktəbə qəbul imtahanlarında
yüksək nəticə göstərən abituriyentlərin
sayı ildən-ilə artır. Cari ildə abituriyentlərin ən
yüksək balla daxil olduğu ali məktəblər
sırasında Azərbaycan Turizm İnstitutu (ATİ) da var.
Ölkənin ali məktəbləri sırasına 2006-cı
ildə qoşulsa da, fəaliyyət göstərdiyi qısa
müddət ərzində özünə layiqli nüfuz və
reytinq qazanan ATİ-nin əsas məqsədi turizm sektoru
üçün ixtisaslı kadr hazırlamaqdır.
Dünyanın bir sıra ali təhsil
ocaqları ilə əlaqələri olan ATİ təhsilini
layiqincə davam etdirən tələbələrini Türkiyə,
İsrail, Yunanıstan, İsveçrə, Portuqaliya və
Almaniyada təcrübə keçməyə göndərir.
Bu il isə sözügedən təhsil
müəssisəsinin tələbələrinin təcrübə
keçmək üçün Kanada və ABŞ-a da göndərilməsi
nəzərdə tutulub. Onu da qeyd edək ki, yeni tədris
ilində ATİ-yə qəbul olunaraq tələbə
adını qazanan 320 nəfərdən 16-sı qəbul
imtahanlarında 600-dən yüksək bal
toplayıb. Budəfəki müsahiblərimiz də ATİ-yə
yüksək bal toplayaraq daxil olan həmin
tələbələrdən bir neçəsidir.
İsrail Buttayev: “Ən böyük arzularımdan
biri təhsilimi xarici ölkələrdən birində davam
etdirməkdir”
İlk
müsahibimiz, 645 balla ATİ-nin tələbəsi
adını qazanan İsrail Buttayev orta təhsilini Balakən rayonunda
alıb: “Hələ orta məktəbdə oxuyanda sinif
yoldaşlarımla hansı ali məktəbdə
oxuyacağımızla bağlı müzakirələr
aparırdıq. Mən həmişə birinci
Azərbaycan Turizm İnstitutunun adını çəkirdim.
Çünki burada yüksək səviyyədə
təhsil verildiyi barədə eşitmişdim. Bir də
onu bilirdim ki, ATİ-nin xarici ölkələrin ali təhsil müəssisələri ilə əlaqələri
var. Mənimsə ən böyük arzularımdan biri təhsilimi
xarici ölkələrdən birində davam etdirməkdir”.
Eyni zamanda turizm sahəsinə marağını son illərdə
ölkəmizdə bu sektorun inkişafına diqqət və
qayğının artması ilə əlaqələndirən
İ.Buttayev qeyd etdi ki, bu istiqamətdə həyata
keçirilən tədbirlər özünü bölgələrdə
də göstərməkdədir: “Biri-birindən möhtəşəm
otellər tikilir, eyni zamanda tez-tez ölkəmizdə turizmlə
bağlı beynəlxalq konfranslar keçirilir, turizm sərgiləri
təşkil olunur. Mən də istəyirəm
ki, turizm sahəsi üzrə daha mükəmməl təhsil
alım, xarici ölkələrdə olum və bu sahədə
təcrübəni mənimsəyim. Və
arzum odur ki, Azərbaycanda turizm mərkəzlərindən
birində fəaliyyətimi davam etdirim və xaricdə
qazandığım təcrübəni ölkəmizdə də
tətbiq edim”.
Baba
Babayev: “Turizm sahəsi üzrə yaxsı mütəxəssis
kimi yetişmək istəyirəm”
Digər müsahibimiz, 650 balla İqtisadiyyatın təşkili
və idarə edilməsi fakültəsinə daxil olan Baba
Babayev isə bildirdi ki, Bakının Xətai rayonunda təhsil
alıb və Azərbaycan Turizm
İnstitutunda təhsilini davam etdirmək onun arzusu olub:
“Ölkəmizdə turizm sahəsinin perspektivli olması və
bu sahədə mövcud kadr
çatışmazlığı problemindən xəbərdaram.
Düşünürəm ki, səhv seçim
etməmişəm. Əsas məqsədim
yaxşı bir mütəxəssis kimi yetişmək və
bu sahədə ölkəmə hər hansı bir töhfə
verə bilməkdir”. B.Babayev üçün turizm
sektorunda hansı istiqamət üzrə
çalışmağın bir fərqi yoxdur: “Əsas odur
ki, seçdiyim sahə üzrə əsl mütəxəssis
olum, bu sahədə biliklərimi, bacarığımı daha
da təkmilləşdirim və Azərbaycana layiqincə xidmət
edim”. Dediyinə görə, onun üçün imtahanın
elə bir qorxusu da olmayıb: “İmtahan cavabları
çıxanda bildim ki, bir neçə sualın cavabını
səhv yazmışam. Bununla belə
topladığım 650 bal mənə istədiyim ixtisası
seçməyə imkan verirdi”.
Samir Şahbazlı: “Hədəfim gələcəkdə
turizm şirkəti yaratmaq və Azərbaycana turist
axınını təşkil etməkdir”
Hazırda
ATİ-də təhsil alan tələbələrdən
biri də Samir Şahbazlıdır ki, o, orta məktəbi
Sumqayıt şəhərində bitirib və builki qəbul
imtahanında 619 bal toplayıb. Onun dediyinə görə,
ixtisas seçimi edəndə də birinci məhz ATİ-nin
adını yazıb: “Son vaxtlar ölkəmizdə turizm
şirkətlərinin və otellərin sayı artır. Bu sahənin perspektivli və maraqlı bir sahə
olduğunu düşünürəm. Ona
görə də qarşıdakı dörd illik bakalavr, iki
illik də magistratura təhsilində yaxşı bir mütəxəssis
kimi yetişməyi və turizm şirkətlərindən
birində çalışmağı məqsəd olaraq
qarşıma qoymuşam”. Samirin digər həmkarlarından
fərqli olaraq bu sektorda başqa bir məqsədi də var.
“Bu gün turizmin inkişaf etdiyi dünya ölkələrində
həmin sektorun fəaliyyətinin daha da genişlənməsində
turizm şirkətlərinin böyük rolu var. Hətta elə
adı ilə tanınan, məşhur olan turizm şirkətləri
də mövcuddur. Artıq ölkəmizdə
də inkişaf dövrünü yaşayan turizm sahəsində
nailiyyətlərin günü-gündən artması bizi
sevindirir və həm də həvəsləndirir. Mənim də arzum odur ki, yaxşı bir mütəxəssis
kimi formalaşım və gələcəkdə hər
hansı bir turizm şirkətinin əsasını qoyum.
Azərbaycana çoxlu sayda turist
axınını təşkil edim. Bu istiqamətdə fəal
iş qurmaqla hər bir şirkət öz ölkəsinin
tanınmasına xidmət edir”.
Taleh Vahabzadə: “Turizm obyektlərində
ixtisaslı kadrlar çalışmslıdır”
Növbəti həmsöhbətimiz Taleh Vahabzadə
ATİ-yə 615 balla daxil olub. Turizm sahəsinin Azərbaycanda yeni
inkişaf etməyə başladığını deyən
T.Vahabzadənin fikrincə, bu baxımdan da indi ölkəmizdə
adıçəkilən sahədə kadr
çatışmazlığı mövcuddur: “Ölkəmizdə
yeni otellərin tikilməsi ilə yanaşı burada
çalışacaq kadrlara da ehtiyac var. Bu gün xaricdə
turizm obyektlərində məhz bu sahədə ixtisaslı
kadrlar çalışır ki, bu da mənim fikrimcə,
turizmin inkişafında vacib amillərdən biridir. Son zamanlar ATİ-nin fəaliyyəti ölkəmizdə
bu sahədə problemin aradan qaldırılmasına imkan verir.
Buna görə də mənim də məhz bu təhsil
ocağını seçməyim təsadüfi deyil”.
Onun sözlərinə görə, ali məktəbi
bitirəndən sonra onun üçün iş tapmaq çətin
olmayacaq. Azərbaycanın Dağlıq
Qarabağ bölgəsinin turizm imkanlarının çox
geniş olduğunu deyən Talehin ən böyük arzusu da
torpaqlarımız işğaldan azad olunandan sonra orada turizm
mütəxəssisi kimi çalışmaqdır.
Rəşad Ramazanlı: “Bölgələrdə
turizm sahəsində kadrlara ehtiyac var”
Qəbul
imtahanlarında 610 bal toplayan Rəşad
Ramazanlı Qəbələ rayonunda anadan olub, orta təhsilini
də elə orada alıb. Bu gün Qəbələ
rayonunun Azərbaycan turizm sektorunda xüsusi yer tutduğunu deyən
R.Ramazanlı turizm sahəsinə olan marağının bir səbəbinin
də buradan qaynaqlandığını qeyd edir.
Hazırda Qəbələnin Azərbaycanın turizm
baxımından ən çox inkişaf etmiş
rayonlarından biri olduğunu bildirən tələbənin
yaxşı mütəxəssis olmaq da böyük arzusudur:
“Bu gün bölgələrdə də turizm sahəsində
kadrlara ehtiyac var. Ölkəyə gələn turistlər
bölgələrə səfər edir ki, bu baxımdan da yerlərdə
onlara yüksək turizm xidməti təklif edə biləcək
kadrlar olmalıdır. Yüksək xidmət
turist cəlbi deməkdir ki, bu da turistlərin həmin əraziyə
bir daha gəlməsinə imkan verir. Ümumiyyətlə,
mən fikirləşirəm ki, yaxşı mütəxəssis
olmadan heç bir sahədə irəli getmək, nailiyyət əldə
etmək mümkün deyil. Ona görə də ali təhsil almaq üçün Azərbaycan
Turizm İnstitutunu seçdim. Burada dərslərin
Avropa təhsil sisteminə uyğun keçildiyini bilirəm.
Ümid edirəm ki, bu ali təhsil
ocağında sözün həqiqi mənasında savadlı
müəllim heyəti, yüksək təhsil sayəsində
seçdiyim sahədə layiqli, savadlı kadr kimi
formalaşacağam”. Seymur Xanəhmədlinin isə ATİ-ni seçməsinin
səbəbi burada mövcud olan yüksək təhsil və
xarici ölkələrin universitetləri ilə əlaqələrinin
olmasıdır. Həmçinin bu ali
təhsil müəssisəsinin digər
üstünlüyü də Avstriyanın Krems Universiteti ilə
əməkdaşlığı və institutun məzunlarının
eyni zamanda iki diplom ala bilməsidir. ATİ-də
tələbələrin praktikaya göndərilməsi
baxımından şəbəkə vasitəsilə əlavə
imkanlar da yaradılıb. 605 balla
ATİ-nin tələbəsi adını qazanan Seymur deyir ki,
buranı həm də valideynlərinin məsləhəti ilə
seçib. O da digər yoldaşları kimi, turizm üzrə
mütəxəssis olub ölkəmizdə
çalışmaq niyyətində olduğunu
vurğuladı: “Mənim üçün önəmli olan
öncə bu ali təhsil ocağında
layiqincə təhsilimi başa vurmaqdır. Bu
gün turizmin inkişaf etdiyi ölkəmizdə kadrlara ehtiyac
var ki, mən də turizm sahəsində kadr kimi fəaliyyət
göstərməyi çox istərdim. Artıq
ATİ-nin nəzdində orta kadrların və peşəkar xidmət
personalının hazırlanması üçün kollecin və
peşə məktəbinin yaradılması üzərində
də iş aparılır. Eyni zamanda həmin
kollec və peşə məktəblərinin regionlar üzrə
şöbələrinin yaradılması nəzərdə
tutulur. Orada da çalışacaq kadrlara
ehtiyac olacaq. Bundan başqa tələbələrin
institutda qalıb işləməsi üçün də
imkanlar yaradılır. Bu bir faktdır ki,
ölkədə birbaşa turizm təhsilli insanlar azdır.
Hazırda ATİ məzunlarının bir hissəsi
sənayedə, 10 nəfəri isə institutda fəaliyyyət
göstərir. Bu imkanlar olduğu
üçün mən məhz ATİ-ni seçmişəm”.
Nigar
Palitra.- 2010.- 22
oktyabr.- S. 7.