Mənsum İbrahimov:
"Bu gün muğam yeni dövrünü yaşayır”
Akademik Opera və Balet
Teatrının solisti, Xalq artisti Mənsum İbrahimov muğam
sənətinin etibarlı əllərdə olduğunu
söyləyir. O, muğamın inkişafda olduğunu
vurğulayaraq min illər yaşı olan bu sənətin yaddan
çıxdığı barədə söylənən
fikirlərlə razılaşmır: "Sadəcə,
zaman-zaman bütün sənətlərdə olduğu kimi,
muğama da marağın çox yüksək və yaxud az
olduğu dövrlər olur. Belə ki, bəzən
şou-proqramlar muğamı arxada qoyur. Lakin unutmaq olmaz ki,
muğam tükənməyən milli sərvətdir. Bu
gün muğam yeni dövrünü yaşayır. Qastrol səfərlərinin,
muğam axşamlarının təşkili bu sahədə
inkişafın getməsindən xəbər verir".
M.İbrahimov
muğamın cazla, replə sintezinə də müsbət
yanaşdığını dilə gətirib. Xanəndənin
sözlərindən məlum olub ki, o, belə sintezlərin tərəfdarıdır.
Lakin bir şərtlə ki, bu eksperimentlər peşəkarlar
tərəfindən edilsin. (“Milli.az”)Vaxtilə Fikrət Əmirovun
"Şur", Niyazinin "Rast" simfonik
muğamını yaratdıqlarını qeyd edərək bu
kimi addımların muğam sənətinin yayılmasına
səbəb olduğunu qeyd edib. Xanəndə bu qənaətdədir
ki, hazırda muğam sənəti inkişaf etməkdədir.
Lakin Xalq artisti estrada musiqisi barədə eyni fikri söyləyə
bilməyəcəyini deyir. Onun fikrincə, estrada səhnəsində
xaos yaşanır. Baxmayaraq ki, bu sənətdə
çalışan istedadlı sənətçilər var.
Xanəndənin dediyinə görə, belələrinin
sayı az olduğundan estrada səhnəsi sözün əsl
mənasında diletantların, musiqimizə ziyan gətirən
"sənətçi"lərin əlindədir:
"Hazırda estrada janrında oxuyanların əksəriyyətinin
səsi yoxdur. Onlar sənətə biznes mənbəyi kimi
baxırlar. Vaxt gələcək, ələnib sıradan
çıxacaqlar”. Mənsum İbrahimov vəziyyətin bu həddə
çatmasında düzgün aparılmayan təbliğatın
da rolu olduğunu istisna etmir. Son zamanlar telekanalların, mətbuatın
muğamlarımıza, ciddi musiqiyə geniş yer
ayırdığını vurğulayan xanəndə bunu təqdirəlayiq
hal kimi qiymətləndirib. "Mən şounun əleyhinə
deyiləm. Bu da olmalıdır. Amma müasirlik
özbaşınalıq demək deyil. Şou da maarifləndirici
olmalıdır. Biz azərbaycanlı olduğumuzu unutmamalıyıq.
Səhnəyə çıxan ifaçılar ifaları ilə
yanaşı özlərini aparma qaydalarına, saç və
geyimlərinə də diqqət yetirməlidirlər. Muğam
əxlaq musiqisidir. Azərbaycanın bütün adət-ənənələrinin
atributları muğamda var və bu sənət
ifaçılarından özlərini əsl azərbaycanlı
kimi aparmaq tələb olunur. Xanəndələrə diqqət
yetirmək kifayətdir ki, bu, anlaşılsın. Yenə
deyirəm, mən müasirliyin əleyhinə deyiləm. Amma
son dövrdə peyda olan kişi müğənnilər
qadın geyimində və qadın saç düzümündə
efirə çıxırlar. Elə bil qadın kimi oxuyan
kişi nəsli yetişir. Gənc oğlan ifaçılar
qulaqlarına sırğa taxır, saçlarını
boyayır, makiyajdan istifadə edirlər. Üstəlik də əcaib
geyimdə görünürlər. Məgər bilmirlər ki,
sırğa, saç boyası, makiyaj qadınlara məxsusdur?
Bunları qəbul etmək olmur".Mənsum İbrahimov gənc
ifaçıların aşkarlanması üçün
düzənlənən mahnı müsabiqələrinə də
öz münasibətini açıqladı. Onun sözlərinə
görə, özəl televiziya kanallarında təşkil
edilən yarışmalarda SMS sisteminin olması şərtdir.
Çünki müsabiqənin maliyyə dəstəyi olmasa,
iştirakçıların xərclərini ödəmək
də çətinləşər. Onun dediyinə görə,
belə müsabiqələrdə maliyyə dəstəyi
olmadığından təşkilatçılar pullu SMS
sistemini tətbiq edirlər. Deyir ki, münsiflər heyətində
təmsil olunduğu muğam müsabiqəsində də eyni
variantdan istifadə edilib. Lakin xanəndə söyləyir ki,
yekunda qaliblər münsiflərin qərarı ilə
seçilib: "Hər bir halda münsiflərin qərar
çıxarması vacibdir. Çünki sənətkarı
sənətkar seçməlidir. SMS-lər isə istedadın
kənarda qalmasına səbəb ola bilər. Yəni
imkanı olan iştirakçıya daha çox SMS göndərilir
və bununla o, birincilik əldə edə bilir. Bunu isə düzgün hesab etmirəm".
Palitra.- 2010.- 17 sentyabr.- S. 11.