“Əsrin müqaviləsi”nin
imzalanmasından 16 il ötür
Dünən “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq”
yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin
birgə işlənməsi və neft
hasilatının pay bölgüsü
haqqında” Azərbaycanla dünyanın tanınmış neft şirkətləri arasında sazişin imzalanmasının on
altıncı ildönümü tamam oldu.Bu tarixi
hadisə xalqımızın yaddaşında əbədi yaşayacaq. Çünki
məhz bu tarixi
addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan
öz sərvətlərinə tam sahib olduğunu
bütün dünyaya
nümayiş etdirib.
Milli sərvətlərimizdən
müstəqil dövlətimizin və xalqımızın
rifahı naminə istifadə olunması, on
illərlə imperiya maraqlarına xidmət
etmiş karbohidrogen
ehtiyatlarının qüdrətli və inkişaf
etmiş Azərbaycanın
formalaşması üçün
istismarı, bu məqsədlə xarici investisiyaların cəlb olunması üçün cəsarətli
siyasi addımlar atılıb.Elə ilk günlərdən o vaxt ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham
Əliyev danışıqlar prosesinə cəlb edilib, yeni neft
strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən
fəal iştirakçısı olub.
Bu
saysız-hesabsız görüş və
danışıqlarda, ilk növbədə
Azərbaycan xalqının və dövlətinin maraqları əsas
götürülüb. Əlbəttə,
çətinlik və maneələr də var
idi. “Əsrin müqaviləsi” ilə bağlı
danışıqların 1994-cü ilin
yazında və yayındakı İstanbul
və Hyustonda keçən son mərhələləri xüsusilə
ağır olub. Bəzən böhran anları da olub, müəyyən şərtlərin qəbuledilməzliyi
ucbatından danışıqlar dayandırılma məqamına
çatıb. Həmin anları İlham Əliyev
belə xatırlayır: “Biz xarici şirkətlərə deyirdik:
siz ayrı-ayrı şirkətlərin
maraqlarını müdafiə edirsiniz. Biz isə
ölkənin və Azərbaycan xalqının
maraqlarını müdafiə edirik. Əgər
siz səhvə yol
versəniz, bu, sizin
şirkətin yalnız bir layihəsində
öz əksini tapacaq,
əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan
xalqının mənafeyinə xələl gətirəcək.
Başqa sözlə, biz
heç cür heç bir səhvə yol verə bilmərik”. Bütün çətinliklərə
baxmayaraq, müqavilə Azərbaycanın
milli mənafelərinə uyğun
hazırlandı.Təxminən 400 səhifə həcmində
və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə
görə “Əsrin müqaviləsi” adını alıb. “Əsrin
müqaviləsi”ndə dünyanın 8 ölkəsinin
(Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə,
Norveç, Yaponiya və
Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti («Amoko»,
«BP», «MakDermott», «Yunokal»,
ARDNŞ, «LUKoyl», «Statoyl»,
«Ekson», Türkiyə Petrolları, «Penzoyl», «İtoçu», «Remko», «Delta») iştirak edib. Bununla da müstəqil dövlətimizin neft strategiyası və doktrinası uğurla həyata keçirilməyə
başlayıb.“Əsrin müqaviləsi”nin ilk
günlərindən Azərbaycan Beynəlxalq Əməliyyat
şirkəti yaradılıb və təsdiq olunmuş
vahid proqram üzrə
ARDNŞ ilə birgə işlərə başlanıb.
Bu,
dünyanın 19 ölkəsinin 41 neft
şirkəti ilə 30-dək sazişin
imzalanması üçün yol açıb. “Əsrin müqaviləsi” həm
karbohidrogen ehtiyatlarının
miqdarına, həm də qoyulan sərmayələrin
həcminə görə dünyada bağlanan ən iri
sazişlər siyahısına daxildir.
İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ
dolları məbləğində investisiyanın 57,6
milyardı dəniz yataqlarının mənimsənilməsinə
və perspektivli strukturlarda
axtarış-kəşfiyyat işlərinə yönəldilib.Bağlanmış
bu müqavilə Azərbaycan
xalqının rifahının
yaxşılaşdırılmasında yeni
dövrün əsasını qoyub. “Əsrin müqaviləsi”nin
imzalanması ilə müstəqil Azərbaycan dövlətinin
tarixində milli neft
strategiyası həyata keçirilməyə başlayıb.
Məhz bu müqavilədən sonra dünya dövlətlərinin
Azərbaycan iqtisadiyyatına marağı artıb, ölkəmizin
beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verilib.
Müqavilənin imzalanması ilə
xalqımızın öz sərvətləri
üzərində sahiblik hüququ
bir daha təsdiq edilib, eyni zamanda,
Azərbaycan iqtisadiyyatının dünyaya
açıq olması nümayiş etdirilib. “Əsrin müqaviləsi” Azərbaycanın
bir dövlət kimi
tanınmasına, dünya iqtisadi
sisteminə qoşulmasına və beynəlxalq aləmdə
mövqeyinin möhkəmləndirilməsinə
şərait yaradıb. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak
edən dövlətlərlə səmərəli və
qarşılıqlı faydalı əməkdaşlığın
inkişafı üçün əsaslı
təməl qurulub, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi,
dünya iqtisadiyyatına inteqrasiya
prosesinin sürətlənməsi
üçün şərait
yaranıb.Neft strategiyasının mühüm
tərkib hissəsini xarici şirkətlərlə
birlikdə hasil olunan neftin və qazın nəqlini və xarici bazarlara
ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun
yaradılması təşkil edir. Neft
strategiyasının həyata keçirilməsinin ilk illərində əvvəlcə
Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri
yenidən qurulub, daha sonra neftin və qazın
etibarlı və irimiqyaslı ixracını təmin etmək
məqsədi ilə Heydər Əliyev adına
Bakı-Tiflis-Ceyhan əsas neft ixrac və Bakı-Tiflis-Ərzurum qaz ixrac boru
kəmərləri tikilərək, istismara
verilib. Bakı-Tiflis-Ceyhan və
Bakı-Tiflis-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət
göstərməsi və bu kəmərlərlə
neftin və qazın nəqlinin ildən-ilə
genişlənməsi neft
strategiyasının mühüm qələbəsi
idi. Xəzər dənizi ilə
Aralıq dənizini birləşdirən bu
yeni enerji dəhlizinin
fəaliyyəti sayəsində Azərbaycan neftinin
beynəlxalq bazarlara genişmiqyaslı nəqli
və ölkədə çoxvariantlı ixrac
strategiyasının həyata keçirilməsi üçün əlverişli imkan yaranıb, eyni zamanda ölkənin tranzit
potensialı bir neçə dəfə
artıb. Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum
əsas ixrac boru kəmərlərinin
fəaliyyət göstərməsi Azərbaycan, Gürcüstan, Türkiyə ilə Mərkəzi
Asiya regionu arasında
idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan
verib.“Azəri-Çıraq-Günəşli”
(AÇG) yataqlar blokunda
mövcud ehtiyatların son
qiymətləndirilməsinə görə, burada
2008-ci ilin sonuna ilkin geoloji neft
ehtiyatları 2 milyard 188 milyon
tondur. Yataqlar blokundan, ümumilikdə 923 milyon
ton neft hasil olunub.1998-ci ilin ilkin qiymətləndirilməsi ilə müqayisədə
AÇG yataqlar blokunda
geoloji ehtiyatların həcmi 45,6 faiz. Yataqlar blokundan hasil
olunmuş səmt qazının həcmi
353,756 milyard kubmetrə, geoloji
ehtiyatlar isə 632,366 milyard
kubmetrə bərabərdir.Milli neft
strategiyasının uğurla
reallaşması şəraitində karbohidrogen
ehtiyatlarının xarici şirkətlərlə
birgə istismarı və ixracı ildən-ilə genişlənir
və bunun sayəsində dövlətimizin
valyuta daxilolmaları sürətlə
artmaqdadır. Hazırda Azərbaycan iqtisadi
inkişaf tempinə görə dünyada birincidir, ölkəmiz
əhəmiyyətli regional və beynəlxalq
layihələrin təşəbbüskarı və
iştirakçısıdır. Dünya
iqtisadi sisteminə inteqrasiya
neft gəlirlərinin idarə edilməsi
sahəsində ən yaxşı təcrübələrin tətbiqinə
yol açıb. Azərbaycana daxil olan böyük
neft gəlirlərinin toplanması və məqsədyönlü
şəkildə istifadəsini təmin etmək məqsədi
ilə 1999-cu ildə ulu öndər Heydər
Əliyevin fərmanı ilə Dövlət Neft
Fondu yaradılıb. Neft
Fondunun təsis olunması ilə neft sərvətlərinin nəsillər
arasında ədalətli bölgüsü,
onların səmərəli və məqsədyönlü
idarə edilməsi üçün əsaslı
təminat yaradılıb. Yaradılarkən 271 milyon ABŞ dollarına bərabər olan Dövlət Neft Fondunun aktivlərinin həcmi hazırda 12 milyard ABŞ dollarını keçib.
Bu vəsait ildən-ilə
artır.Dövlətin artan maliyyə
imkanları hesabına ölkədə mühüm
investisiya, o cümlədən
regional proqramların və infrastruktur layihələrin maliyyələşdirilməsinə
şərait yaranıb. Son illər Prezident İlham
Əliyevin rəhbərliyi altında həyata keçirilən
dövlət proqramları çərçivəsində
ölkənin bütün bölgələrində
və Bakı şəhərində müxtəlif infrastruktur layihələri həyata keçirilir, təhsil, sosial
və digər obyektlərin inşası uğurla
davam etdirilir.Ölkənin maliyyə
potensialının artması nəticəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü
tədbirlərin həyata keçirilməsi üçün
əlverişli zəmin yaranıb. Bununla əlaqədar
Prezident İlham Əliyevin
həyata keçirdiyi iqtisadi
kursun prioritet istiqaməti
olaraq Azərbaycanda neft
sektoru ilə bərabər qeyri-neft sektorunun inkişaf etdirilməsinə bu
gün xüsusi diqqət
yetirilir. Bu məqsədlə artan neft gəlirləri hesabına ölkədə
mühüm infrastruktur
və sosialyönümlü layihələrin
maliyyələşdirilməsi həyata keçirilir.Azərbaycanın
hər bir bölgəsində yeni, müasir tələblərə
cavab verən infrastruktur
yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri
çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və
inkişaf etdirilməsi istiqamətində
həyata keçirilən məqsədyönlü tədbirlər
eyni zamanda
insanların rahatlığı, firavan
yaşayışı üçün həyata
keçirilən sosialyönümlü tədbirlərin
mühüm tərkib hissəsidir.Artan neft gəlirləri
hesabına, ilk növbədə sosial siyasət sayəsində, o cümlədən az təminatlı
təbəqələrin, qaçqın və məcburi
köçkünlərin sosial-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində də
saysız tədbirlər həyata keçirilir.
Bu məqsədlə
dövlətimizin başçısı tərəfindən bir neçə sərəncam və dövlət
proqramı qəbul edilib və bu qərarlara uyğun olaraq qaçqın və məcburi
köçkünlər üçün
Azərbaycanın müxtəlif ərazilərində
yaşayış qəsəbələri tikilib,
2007-ci ilin sonunda
isə Sabirabad rayonunda
yerləşən son Qalaqayın
çadır düşərgəsi ləğv edilib və burada məskunlaşmış
məcburi köçkünlər yeni qəsəbələrə
köçürülüb.Ölkənin artan
maliyyə imkanları hesabına, beynəlxalq əhəmiyyətli
strateji infrastruktur
layihələri də uğurla həyata
keçirilir. Bu layihələr
təkcə Azərbaycanın deyil,
bütövlükdə regionun nəqliyyat
infrastrukturunun modernləşdirilməsinə
şərait yaradır. Bu layihələrdən biri olan Bakı-Tiflis-Qars yeni dəmiryolunun
inşası Azərbaycanın regionda siyasi nüfuzunun güclənməsinə
təkan verməklə bərabər, respublikamızın Qərbə
doğru inteqrasiyasına, Azərbaycan, Gürcüstan və Türkiyə arasında
siyasi və iqtisadi
münasibətlərin inkişafına şərait yaradacaq. Bakı-Tiflis-Qars yeni dəmiryolu regional əhəmiyyətə
malik olmaqla bərabər,
Asiya ilə Avropanı birləşdirən
nəqliyyat dəhlizinə çevriləcək.Bu gün neft gəlirlərinin
hissəsi su təchizatı ilə
bağlı məsələlərin həllinə yönəldilir.
Bu
sırada Bakının su təchizatı
ilə bağlı problemlərin əsaslı şəkildə
həllini təmin edəcək Oğuz-Qəbələ
zonasından Bakı şəhərinə su
kəmərinin çəkilməsi və Samur-Abşeron
suvarma sisteminin yenidən
qurulması layihələri mühüm yer tutur. Bu layihələrin reallaşması neft strategiyasının məntiqi davamı kimi qəbul edilir. Neftdən
əldə edilən gəlirlər hesabına bu
gün ölkənin kadr
potensialının artırılması istiqamətində də
mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi, Prezident İlham Əliyev tərəfindən təsdiq
edilmiş “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı”nın
reallaşması nəticəsində ölkəmizdə müasir tələblərə cavab verən kadr
potensialının yaradılmasına, gənc nəslin təhsil
səviyyəsinin artırılmasına və beynəlxalq səviyyəyə
çatdırılmasına şərait yaranıb. Bu
proqramın, ilk növbədə neft gəlirləri hesabına maliyyələşdirilməsi
“qara qızılın insan
kapitalına çevrilməsi” ideyasının
reallaşmasına doğru
atılmış strateji bir
addımdır.“Əsrin müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi
olaraq Azərbaycanın regionun
lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı
iştirakçılarından biri kimi tanınmasına şərait yaranıb. Bu gün ölkəmizdə əldə edilən
bütün iqtisadi
uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk
şanlı səhifəsini və təməl
daşını isə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” təşkil
edir. Əminliklə demək olar ki, bu güclü təməl
üzərində ölkə iqtisadiyyatı bundan
sonra daha sürətlə
inkişaf edəcək,
xalqımızın rifahı ildən-ilə daha
da yaxşılaşacaq, Azərbaycan
qüdrətli dövlətə çevriləcək.
Palitra.- 2010.- 21 sentyabr.- S. 10.