Bədii təhsilin keyfiyyəti
yüksəldiləcək
Dünən Azərbaycan Dövlət Rus Dram Teatrında respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə
2009-2010-cu tədris ilinin
yekunlarına həsr olunan müşavirə keçirildi. Müşavirəni
giriş sözü ilə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev açaraq məktəblərin nailiyyətlərindən,
mövcud problemlərdən
danışdı: “Son illərdə
Azərbaycan mədəniyyətində
olduqca önəmli hadisələr baş verir. Hətta apardığımız islahatlar bəzi insanları çox narahat edir. Ancaq onu deyim ki,
narahatçılığa heç bir əsas yoxdur. Çünki islahat yeniləşmə
deməkdir. Hesab edirəm
ki, hər bir sahənin yeniləşməyə ehtiyacı
var. Bizim apardığımız
islahatlar pərakəndə
şəklində olmayacaq.
Bundan başqa bugünkü məruzədə həm müsbət, həm də bizi qane
etməyən məsələlərə
toxunacağıq. Əgər
biz istədiyimiz nailiyyətə
çatmaq istəyiriksə,
onda bu sahədə
görülən işlər
kifayət deyil”.Daha sonra nazirliyin Elm və təhsil şöbəsinin müdiri
Yaşar Əliyev “Respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təlim-tərbiyə
işinin vəziyyəti:
2009-2010-cu tədris ilinin
yekunları və qarşıda duran vəzifələr” mövzusunda
geniş məruzə
ilə çıxış
etdi. O, öz çıxışında Azərbaycanda
237 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbinin
olduğunu, bunların
184-nün uşaq musiqi,
51-nin incəsənət, 2-nin isə rəssamlıq məktəbi kimi fəaliyyət göstərdiyini
bildirdi.Müşavirədə respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təlim-tərbiyə
işinin təşkilində
mövcud problemlərin
aradan qaldırılması
üçün görülməli
işlərdən danışıldı.
Uşaq və gənclərin dünya standartlarına uyğun, müasir tələblərə
cavab verən təhsilə yiyələnməsi,
gənc nəslin estetik tərbiyəsi, istedadlı uşaqların
üzə çıxarılması,
onların yaradıcılıq
potensialının inkişaf
etdirilməsi üçün
əlverişli şəraitin
yaradılması, məktəblərin
idarə olunması, təhsilin məzmunu və strukturu, zəruri təlim-tərbiyə
metodları kimi məsələlər ətrafında
fikir mübadiləsi aparıldı, ölkədə
bədii təhsilin keyfiyyətinin yüksəldilməsi
və sürətli inkişafının təmin
edilməsi sahəsində
qarşıda duran vəzifələr müəyyənləşdirildi.Müşavirənin
sonunda mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Nazirlər Kabinetinin 2008-ci il 27 avqust tarixli 309 saylı sərəncamı
ilə təsdiq edilən “2009-2013-cü illər
üçün Azərbaycan
Respublikasında uşaq
musiqi, incəsənət
və rəssamlıq
məktəblərinin fəaliyyətinin
yaxşılaşdırılması üzrə İnkişaf Proqramı”nda prioritet istiqamətlər kimi müəyyən edilən
məsələlərin - məktəblərin
modernləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi,
kadr potensialının
möhkəmləndirilməsi, məktəblərin idarəolunma
və şagird hazırlığının keyfiyyətinə
nəzarət mexanizmlərinin
təkmilləşdirilməsi, təhsilin məzmunca yeniləşdirilməsi kimi
məsələlərin həlli
sahəsində konkret
tapşırıqlar verdi.
Qeyd edək ki, müşavirədə
uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin
direktorları iştirak
edirdi.
Teatrların adı dəyişdiriləcək Azərbaycanda teatrların adı dəyişdiriləcək. Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bildirib ki, hazırda
buna hazırlıq gedir: “Biz hazırda ciddi şəkildə teatrların adlarının
dəyişdirilməsi haqqında
düşünürük. Çünki bir çox
teatrın adında köhnə sovet ideologiyası məfhumu qalır. Bundan azad olmaq lazımdır. Bununla bağlı
düzgün qərarlar
qəbul olunacaq, narahatlığa heç bir əsas yoxdur.
Bu, çox çətin
prosesdir, hər teatrda eyni səviyyədə
qarşılanmır, hamı
tərəfindən dəstəklənmir,
amma bu, bir prosesdir”. Ə.Qarayev hazırda bir sıra mədəniyyət
ocaqlarının adı
ilə bağlı məsələyə də
münasibət bildirib:
“Azərbaycanda teatr, konsert salonu, eləcə də sərgi salonlarının
adı Nazirlər Kabinetinin təsdiqlədiyi
qərarla tənzimlənir”. “Məqsədimiz
odur ki, əcnəbi musiqiçilər
ölkəmizə gəlib
Azərbaycan mədəniyyəti
ilə daha yaxından tanış olsunlar” Bakıda “Üzeyir Hacıbəyli-125” Beynəlxalq
Musiqi Festivalı davam edir. Artıq üç gündür davam edən beynəlxalq festivalda 10-a yaxın ölkənin musiqiçiləri təmsil
olunur. Ancaq təəssüfləndirici hal odur ki,
Üzeyir Hacıbəylinin
adını daşıyan
bu festivalda iştirak edən bir neçə əcnəbi musiqiçi Azərbaycan bəstəkarını
tanımadıqlarını bildiriblər. Sentyabrın
20-də Azərbaycan Dövlət
Filarmoniyasında keçirilən
“Royalın təntənəsi”
pianoçular kvarteti konsertində çıxış
edən amerikalı
David Liveli, eləcə
də onunla bir səhnəni paylaşan rusiyalı pianoçular Aleksandr Gindin, Sergey Kudryakov dahi bəstəkarı tanımadıqlarını etiraf
ediblər. Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev jurnalistlərin bu mövzuda sualını cavablandırıb:
“Bu cür festivalları
keçirməkdə məqsədimiz
odur ki, əcnəbi musiqiçilər
ölkəmizə gəlib
Azərbaycan mədəniyyəti
ilə daha yaxından tanış olsunlar. Eləcə də Azərbaycan
bəstəkarlarının əsərlərini bizim musiqiçilərlə bərabər
öyrənib bu əsərləri öz repertuarlarına daxil etsinlər. Buraya gələn beynəlxalq
səviyyədə tanınan
və qəbul olunmuş ifaçılar
artıq Azərbaycan musiqisini daha dərindən öyrənirlər”.
Nigar
Palitra.- 2010.- 22 sentyabr.- S. 11.