Səhnəmizin yeni
Gülçöhrəsi
“Arşın
mal alan” yeni mövsümdə rejissor
Elvin Mirzəyevin quruluşunda
Musiqili Komediya
Teatrının səhnəsində
tamaşaçıların ixtiyarına verildi.
Bu dəfə Gülçöhrəni gənc
aktrisa Nərgiz Kərimova oynadı. Yeni quruluşda, yeni dekorasiyada olan bu tamaşa
tamaşaçılar tərəfindən maraqla
qarşılandı. Elə Gülçöhrə özü də tamaşaçılar üçün olduqca
maraqlı idi. Həmsöhbətimiz N.Kərimova
tamaşa barədə fikirlərini bizimlə
bölüşdü. Qeyd edək ki, müsahibə zamanı öyrəndik ki, teatrda gərgin məşqlər
gedir. Gənc aktrisa
“Xanuma”nın məşqlərindən vaxt
tapıb bizə müsahibə verdi. Onun tamaşa barədə
təəssüratları belədir: “Artıq bu
tamaşa bir ildir ki, bizim
səhnəmizdə gedir. Və bu obraz tamam
başqa bir
obrazdır. Biz səhnədə həmişə
başqa tip
Gülçöhrəni görməyə adət etmişik. İllər ərzində biz bu obrazı romantik, mülayim qız kimi tanımışıq. İstər kinoda, istərsə də səhnədə biz Gülçöhrəni belə görmüşük. Amma
bizim teatrımızda gənc və çox istedadlı rejissor Elvin Mirzəyev
tamam başqa bir Gülçöhrəni gördü
və quruluş verdi.
Və məni də bu obraza
inandırdı. Mən düşünürdüm
ki, yeni
Gülçöhrə bəlkə də
tamaşaçılar tərəfindən narazılıqla
qarşılanacaq. Amma o
məni inandırdı ki, bu
yeni format
tamaşaçılarda maraq oyadacaq. Gülçöhrə gənc,
şıltaq qızdır. Ancaq o özü-özlüyündə düşünür ki,
hansısa hiss
çatmır. Və tezliklə o hiss - sevgi hissi
onda yaranır”.- Bəs kimin
ifasında Gülçöhrəni izləmisiniz?- Mən
uşaqlıqdan bu obrazı Leyla Bədirbəylinin ifasında
görmüşəm. Mən o filmi də, aktrisanı da çox sevirəm. Film doğrudan da çox gözəldir. Musiqili
Komediya Teatrında tamaşaya
qoyulan operettalarda bizim qadın qəhrəmanlarımız passiv, olduqca sadə verilir. Ancaq bu tamaşada qadın qəhrəman
tam fərqlidir. Burada
Gülçöhrə bir qədər
inqilabçıdır. Yəni o, sevdiyi üçün hətta
atasına qarşı da çıxa bildi. Çox maraqlı bir quruluşdur.- Bəs qorxmurdunuz ki, bu yenilik
tamaşaçılar tərəfindən qəbul edilməyə,
bəyənilməyə bilər?- Bütün bu hisslər var idi. Amma bilirsiniz,
bu, normal bir şeydir. Kiminsə bu tamaşadan xoşu gələ, kiminsə də gəlməyə bilər.
Hər zaman insanlar cəmiyyətdə
fikirlərinə görə
konservatorlara
və yenilikçilərə
bölünürlər. Üzeyir
bəy özü böyük bir novator idi. O dövrdə o, qadını
səhnəyə çıxara
bilmişdi. Yəni o dövr üçün çox mətin idi. İlk dəfə
Şərqdə ilk operanı,
operettanı yazmaqla yenilikçi bir insan kimi özünü
təsdiqləmişdi. Təbii
ki, yeniliklə səhnədə görünmək
qorxudurdu məni. Ancaq hər zaman mətbuatda və televiziyada müsahibələrim zamanı
qeyd etdiyim kimi, biz bu əsərə
çox böyük bir hörmətlə yanaşdıq. Bilirdik ki, bu əsəri
bizdən əvvəl
neçə-neçə böyük
sənətkarlar xalqımıza
təqdim edib. Bu, artıq bizim klassik səhnə əsərlərimizdən biridir.
Və bu tamaşada mütləq anşlaq olur. Mən elə düşünürəm ki,
yaxşı bir tamaşa alındı. Təbii ki, zövqlər müxtəlifdir.
Bəyənənlər də
oldu, bəyənməyənlər
də. Əsas odur ki, tamaşaya
biganə qalmadılar.
Məncə, əsas olan budur. Tənqidə
normal yanaşıram.- Bəs
tənqid olunmusunuz?- (Gülür...) Hələki
maşallah, tənqidlə
üzləşməmişəm. Tamaşadan sonra mənə yaxınlaşanlar
bildirirdilər ki, Gülçöhrənin obrazı
çox xoşumuza gəlib. Elə rejissora da mənim
oynadığım obraz
barədə xoş sözlər deyiblər. Bəziləri isə deyirlər ki, biz belə Gülçöhrəni
təsəvvür edə
bilmirdik. Bilirsiniz, bu quruluşdakı Gülçöhrə çox
aktivdir və yalnız bu cür qəhrəman sevgi uğrunda mübarizə apara bilər. Ancaq qeyd etdiyim kimi,
əvvəlki quruluşlarda
bu obraz passiv bir obraz
olaraq verilirdi. Tənqid məsələsinə
qayıdaq. Mənim ən əsas tənqidçim anamdır.
Həmişə tamaşalarım
zamanı gəlib zalda əyləşir və yeni obrazlarımı
gözdən keçirir.
Anam,
professor Nailə Kərimova
neçə illərdir
ki Mədəniyyət
və İncəsənət
Universitetində çalışır
və buna görə də mənim səhnə fəaliyyətim onun üçün maraqlıdır.
Mənim tənqidçim
odur və hər zaman da mənə düzgün fikirlərini
bildirir. Bəzi sənətçilər var
ki, zalda yaxınlarının əyləşməsini
sevmirlər və düşünürlər ki,
bu, onların çıxışına mane ola bilər. Bilirsiz, bəzən belə düşüncələr
var. Ancaq mən belə düşüncələri
özümdən uzaqlaşdırıram.
Hətta bilsəm ki, səhnədə olduğum vaxt zalda mənim rəqibim əyləşib,
mən o rolu daha yaxşı oynayaram. Yəni mənim bu cür
xüsusiyyətim var.- Bəs
bu teatra necə gəlmisiniz?- Bildiyiniz kimi, atam, mərhum rejissor Faiq Zöhrabov
bu teatrda uzun illər çalışıb və
çox gözəl səhnə əsərlərinə
quruluş verib.
2003-cü ildə atam
yeni bir tamaşaya - Rauf Hacıyevin “Romeo mənim qonşumdur” səhnə əsərinə quruluş
verməyə hazırlaşırdı.
Bu çox klassik operettadır. O mənə
bildirdi ki, mən bu əsərə
quruluş verirəm və hələki əsərimin qadın qəhrəmanını oynayacaq
birisi yoxdur. Atam məni bu rola dəvət
etsə də, etiraz edirdim. Mən vokalçıyam və konservatoriyada Kopelhausda konsertlər verirdim. Ancaq hər hansı bir teatrda çalışmağa
həvəsli deyildim.
Atam məni tamaşaya baxmağa dəvət etdi və bildirdi ki, xoşuma gəlməsə, dəvətdən
imtina edə bilərəm. Gəldim məşqlərə baxdım
və gördüm ki, bu teatrın
gözəl şəraiti,
kollektivi var. Operetta özü
də çox maraqlıdır. Tale elə
gətirdi ki, burada qalmağa razılıq verdim. Məni burada çox gözəl qarşıladılar. Bizim
Xalq artistimiz, mərhum sənətkar Hacıbaba Bağırov məni çox gözəl qarşıladı.
Məni burada sanki bir ailə
əhatə etmişdi.
Və bizim kollektivdə hər zaman gözəl ab-hava var.- Oynadığınız
rollardan yəqin ki, özünüz üçün nəsə
götürürsünüz?- Düzdür. Aktyor taleyində mənim xoşuma gələn budur ki, oynadığın
obrazlar bir-birindən çox fərqlənir. “Qısqanc ürəklər”də
mən birinci hissədə çox qısqanc bir qızı, ikinci hissədə isə kişi rolunu oynayıram. Tamaşaçılar
ikinci hissədə məni bığlı-saqqalı və
kişi kostyumunda görürlər. Mənim
“hamilə həyat yoldaşımı” isə
çox istedadlı, sevilən aktyorumuz Çingiz Əhmədov oynayır. İnanın mənə, mənim üçün kişi rolunu oynamaq çox çətin idi. Hətta orada da oxumaq
lazımdır. Məndə
saprano - incə səsdir və kişi səsi ilə oxumaq çətin idi. Ancaq şükürlər
olsun ki, mən bunun da öhdəsindən gəldim. Hətta anam mənə tamaşadan sonra dedi: “Sən necə də qardaşına oxşayırdın,
sən əlbət, səhnədə qardaşını
oynayırdın”. Bu obrazdan
sonra evdə bir qədər hökmlü səslə gəzirdim. Bəli, hər obrazdan nəsə götürmək
olur. Mən “Lider” kanalının qonağı idim və məndən soruşdular ki, “Gülçöhrədən siz
özünüz üçün
nəsə götürdünüz?”.
Dedim ki, bu tamam başqa
obrazdır. Və mən səhnəyə çıxanda orada tamam başqa insanı görürlər.
Səhnədə tamaşaçı
Nərgiz Kərimovanı
deyil, əsərin qəhrəmanını görür.
Ümumiyyətlə, akyor,
aktrisa səhnədə
oynayır. Adamlar var ki, həyatda
obraza girirlər. Ancaq mən həyatda oynamağı və ya saxtakarlığı
xoşlamıram. - Bəs
səhnədə kimi
özünüz üçün
müəllim hesab edirsiniz?- Mən uşaqlıqdan ancaq Nəsibə Zeynalovaya pərəstiş etmişəm.
“Hicran” tamaşasına
baxdıqca zövq alıram. Necə böyük sənətkardır.
Və burada da onu tanıyanlar
qeyd edirlər ki, o, həyatda çox sadə insan olub. Mən
konservatoriyada təhsil
alanda aktyor sənəti üzrə müəllimim Şəfiqə
Məmmədova olub.Onu
da bildirək ki, yeni mövsümdə
A.Saqarelinin "Xanuma"
əsəri iki dildə - Azərbaycan və rus dillərində
tamaşaya qoyulacaq. Tamaşaya Tbilisi Rustaveli Teatrının rejissoru Qoça Kapanadze quruluş verəcək.
O, Gürcüstanın tanınmış
rejissorlarındandır. Bu tamaşada
əsas rollarda Xalq artistləri Afaq Bəşirqızı,
İlham Namiq Kamal, Əməkdar artistlər Xanım Qafarova, Əkbər Əlizadə, Səmayə
Musayeva, Elçin Həmidov, Boris Qrafkin, aktyorlar Fərid Əliyev, Əzizağa Əzizov, Ramil Qasımov, Nahidə Orucova, Svetlana Bulax, Marina Litvenenko, Əliməmməd
Novruzov çıxış
edəcəklər. Nərgiz
xanım burada Keto obrazını canlandıracaq: “Bu əsər
çox məşhurdur
və əsərdəki
musiqilər çox gözəldir”. Teatrda yeni layihələrin sayı artır. Sverdlovsk Dövlət Musiqili Komediya Teatrının baş rejissoru, Rusiyanın Xalq artisti, “Qızıl Maska” Milli Mükafatının
laureatı, professor Kiril
Savelyevic Strejnevin tələbəsi Serqey Yunqans Musiqili Teatrların Beynəlxalq Assosiasiyası tərəfindən
tamaşa hazırlamaq
üçün Azərbaycan
Dövlət Musiqili Komediya Teatrına göndərilib. Serqey Yunqans teatrın rus bolməsində operetta
janrının banisi, böyük fransız bəstəkarı Jak Offenbaxın “Kandardakı ər və yaxud toy gecəsində sərgüzəşt” komediyasını
səhnələşdirəcək: «Bu tamaşada da rolum var. Bu, klassik bir operettadır. Maraqlı, lakin çətin klassik musiqi var. Çox şadam ki, bizə belə maraqlı işlər təklif olunub. Biz artıq kommersiyaya xidmət edən əsərlərə deyil,
klassikaya üz tutmuşuq. Buna görə
də teatrımızın
rəhbəri Əliqismət
müəllimə təşəkkür
edirəm. Doğrudan da bizim teatrda
gənclərə diqqət
və qayğı
var. Bu, bizim üçün bir stimuldur”.
Nüşabə Zövqət
Palitra.- 2010.- 24 sentyabr.- S. 11