“Ekologiya ili”ndə hər kəs öz töhfəsini verməlidir”

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdir müavini İmran Əbdülov: “Regionların qaz və elektrik enerjisi ilə intensiv təmin olunmasına görə ağac qırıntısı faktları xeyli azalıb”

Məlum olduğu kimi, bu il “Ekologiya ili”dir. Ekologiya sahəsində bu il görüləcək tədbirlərlə bağlı ətraflı məlumatlanmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdir müavini İmran Əbdülova müraciət etdik. İmran müəllim bizimlə söhbətə belə başladı:

-Ümumiyyətlə, ekoloji məsələlərlə bağlı öncə onu qeyd etmək istərdim ki, dövlət rəhbərliyi səviyyəsində ekoloji problemlərə çox böyük diqqət yetirilir. Son illər ekologiya sahəsində keçirilən yüksək səviyyəli müşavirələr və geniş miqyaslı müzakirələr onu göstərir ki, ekologiya bizim dövlətimiz üçün prioritet istiqamətlərdən biridir. Ona görə də təsadüfi deyil ki, 2010-cu il “Ekologiya ili” elan olunub. Bu istiqamətdə təbii ki, tədbirlər planımız var və bununla bağlı effektli layihələr hazırlanıb. Amma onu da qeyd edim ki, “Ekologiya ili” təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yox, eyni zamanda digəq qurumlar tərəfindən də koordinasiya olunmuş şəkildə həyata keçirilməlidir. Elə qarşıya da belə birgə strategiyanı reallaşdırmaq məqsədi qoyulub.  Ətraf mühit, təbii sərvətlərdən istifadə və sair məsələlər elə problemlərdir ki, bunlar hər kəsi düşündürür. Bu məsələlərin həlli hər bir şəxsin və hər bir qurumun marağında olduğu üçün qeyd etdiyim birgə tədbirlərin həyata keçirilməsi gözlənilir. Bir sözlə, “Ekologiya ili”ndə hər bir kəs öz töhfəsini verməlidir. Bu baxımdan artıq biz qurumlardan təkliflər də almaqdayıq. Hətta bəzi qurumlar öz gördükləri və ya görəcəkləri işlər haqqında bizə məlumatlar və təkliflər göndərirlər. Bu onu göstərir ki, ekoloji məsələlərin həllinə digər qurumlar da çox böyük maraq göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bütün bu tədbirlərin əlaqələndirilməsi, tədbirlərin daha səmərəli və yüksək səviyyədə keçməsi üçün konkret işlərin görülməsi bizim tərəfimizdən həyata keçirilir. Bu baxımdan artıq həm atmosfer havası üzrə, həm torpaqların çirklənməsinin qarşısının alınması, su mənbələrindən səmərəli istifadə olunması, suyun çirklənmədən qorunması, mühafizə olunması məsələləri, tullantıların idarə olunması istiqamətində artıq konkret tədbir və vəzifələr müəyyənləşdirilib. Bu il əvvəlki illərdən fərqli olaraq yaşıllaşdırma tədbirləri də daha intensiv və əhatəli şəkildə həyata keçiriləcək. Ümumiyyətlə isə bütün ekoloji sahədəki tədbirlər bu il daha geniş istiqamətdə həyata keçiriləcək. Bu tədbirlər nə qədər geniş miqyasda həyata keçirilsə, bir o qədər də ekoloji problemlərin aradan qaldırılması daha asan reallaşar. Ona görə də “Ekologiya ili”nin bizim üçün böyük önəmi var. İlin əvvəlindən sadalanan istiqamətlər üzrə tədbirlərin həyata keçirilməyə başlanması isə ekoloji məsələlərin həlli ilə bağlı əzmimizi daha da artırır. Məsələn, təkcə elə Abşeron yarımadasının abadlaşdırılması, süni göllərin, çirkab göllərinin qurudulması, həmin ərazilərin bərpa olunub oralarda yaşıllıqların salınması qarşımızda duran əsas önəmli məsələlərdın biri kimi qeyd edilə bilər. Hazırda artıq bu cür yerlər müəyyənləşdirilib: Zığ gölünün, Böyük Şor gölünün ətrafı, Səngəçal və Bakı-Ələt istiqamətində, Aeroport-Mərdəkan-Buzovna istiqamətində, yəni indiyə qədər yaşıllaşdırılmış ərazilərdən başqa hansı ərazilər qalıbsa, onlarda qurudulma-bərpa və yaşıllaşdırma işləri davam edəcək. 2007-2009-cu illərdə Kür-Araz çayları sahillərində yerləşən kəndlərin əhalisinin keyfiyyətli içməli su ilə təmin olunması üçün modul tipli qurğular quraşdırılmışdı. Bu il də həmin istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçiriləcək. Bu il belə tədbirlər daha genişmiqyaslı olacaq. Əsas məqsəd də odur ki, həmin ərazilərdə yaşayan əhalinin imkan daxilində keyfiyyətli və intensiv içməli su ilə təmin olunması reallaşsın. Bundan başqa Xəzərsahili ərazidə artıq mühafizə sistemi yaradılıb. Bu, 85 kilometrlik bir məsafəni əhatə edir və Pirallahıdan Bakı-Sumqayıta qədər uzanır. Amma buna baxmayaraq ehtiyac var ki, təmizləyici qurğular quraşdırılsın. Bununla bağlı da işlər bu il daha intensiv davam etdiriləcək. Eyni zamanda digər qurumlar, xüsusən də Dövlət Neft Şirkəti tərəfindən də ekoloji sahədə böyük işlər görülür. Qeyd etdiyim ərazidə Dövlət Neft Şirkəti tərəfindən artıq böyük yaşıllaşdırma tədbirləri həyata keçirilir. Orada neftlə çirklənmiş torpaqların təmizlənməsi, bərpası tədbirləri görülür. Dövlət Neft Şirkəti tərəfindən Bibiheybətdə çox böyük işlər həyata keçirilib, orada yaşıllaşdırma tədbirləri də icra edilib. Şirkət orada həmçinin çirklənmiş torpaqların təmizlənməsi və bərpası istiqamətində də önəmli tədbirlər görüb. Bundan başqa “Azərsu” tərəfindən də əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu yaxınlarda Hövsan Aerasiya Stansiyası istifadəyə verilib. Bunun özü də ekoloji sahədə böyük bir hadisədir. Bakı kimi böyük şəhərin kanalizasiya sularının təmizlənib dənizə buraxılması ekoloji infrastruktur sahəsində böyük işdir. Buradan görünür ki, təkcə nazirliyimiz deyil, digər qurumlar da bu sahədə töhfələrini verirlər. Bu belə də olmalıdır. Ümumi ekoloji tarazlığın qorunması üçün belə qurumlar öz töhfələrini əsirgəməməlidir.

- Tullantılarla bağlı ekoloji vəziyyət nə yerdədir?

- Ötən ildən artıq tullantıların emalı zavodunun inşasına başlanıldı. 2012-ci ildə bu zavodun istismara verilməsi gözlənilir. Bununla bərabər tullantılarla bağlı mövcud olan problemlərin həll olunmasında indidən hər halda müəyyən tədbirlər həyata keçirilməlidir. Məsələn, təhlükəli tullantıların daşınması, basdırılması, eyni zamanda bizim zonalarda məhz tullantıların idarə olunması məqsədi ilə regionlarda artıq məişət tullantıları poliqonlarının tikilməsi planlaşdırılıb. Bu istiqamətdə də çalışacağıq ki, 2010-cu il əvvəlki illərdən daha effektliliyi ilə fərqlənsin. Bu işdə də hər biq qurum öz payını verməlidir.

- Biomüxtəlifliyin və faunanın qorunması ilə bağlı bu il hansı tədbirlər planlaşdırılır?- Biomüxtəlifliyin qorunması üzrə bizim nazirliyin xətti ilə çox böyük işlər görülüb və görülməkdədir. 2001-ci ilə qədər Azərbaycanda mühafizə olunan xüsusi təbiət əraziləri respublikanın ümumi ərazisinin təxminən 4,5 faizə qədərini təşkil edirdi. Qısa müddətdə - 2003-cü ildən etibarən qoruq əraziləri 10 faizə qədər artıb. Bu, əslndə böyük rəqəmdir. Nazirlik yaranandan sonra milli parklar da yaradıldı. Artıq bizdə 8 milli park mövcuddur. Bu istiqamətdə yenə də işlər gedir. Məsələn, Samur-Yalama tərəfdə, Şahdağ Milli Parkının fəaliyyətə başlaması üçün artıq kadrların komplektləşdirilməsi işləri həyata keçirilir. Yaxın zamanlarda bu işlər başa çatdırılacaq. Həmçinin mövcud milli parklarımızın infrastrukturunun qurulması, genişləndirilməsi məsələləri reallaşdırılacaq.

- Xüsusi qorunmağa ehtiyacı olan fauna növlərinin inkubasiyası və çoxaldılması üçün hansısa tədbirlər görülürmü?

- Ümumiyyətlə, ölkədə mövcud olan nadir heyvanlar, quşlar və bitkilər əlverişli təbiət ərazilərində yerləşdiyinə görə orada hər hansı bir təsərrüfat fəaliyyəti və digər fəaliyyət növləri, insan müdaxiləsi qadağan olunub. Həmin nadir bitki və heyvan növlərinin o yerlərdə qorunması və çoxalması təmin olunub. Onlara elə bir təhlükə yoxdur. Bundan başqa bizdə hevanların reabilitasiya mərkəzləri mövcuddur. Həmin reabilitasiya mərkəzlərində nəinki nadir heyvanlar, ümumiyyətlə, hər hansı yaralanmış, qayğıya ehtiyacı olan vəhşi heyvanlar yerləşdirilir. Orada heyvanlar bir müddət saxlanılır, reabilitasiya olunur və təbiətə buraxılır. Çünki əks təqdirdə heyvanlar əlbəttə, yaralı və köməksiz vəziyyətdə təbiətdə qalsalar, məhv olarlar.

- “Ekologiya ili” ilə bağlı olaraq meşələrin və yaşıllıq örtüklərinin qorunması istiqamətində daha nələr planlaşdırılır?

- Bu il daha çox meşə-bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Keçən il artıq 10750 ha-dan artıq ərazidə bu iş həyata keçirilib. Hər bir meşə təsərrüfatı idarəsinin ərazisində ağacların artırılması üçün xüsusi yerlər mövcuddur. Bu yerlərdə şitilliklər yetişdirilir və müəyyən dövrdən sonra həmin şitilllər lazımi ağacəkmə yerlərinə aparılır. Eyni zamanda bir çox təşkilatlar yeni ağaclar əkmək üçün bizə müraciət edirlər və onlara bu şitillərdən əkmək üçün verilir. Onlar ağacəkmə aksiyalarında iştirak edirlər. Prezidentimizin də bununla bağlı müraciəti olub ki, təkcə Abşeron yarımadasında 3 milyona qədər ağac əkilsin. Bu il həm də “Ekologiya ili” olduğunu nəzərə alsaq, yaz-payız fəsillərində bu tədbirlər - ağac əkmək üçün kütləvi iməciliklər intensiv şəkildə keçiriləcək.

- Meşələrin qırılması hallarına qarşı hansı tədbirlər görülür? Məlumdir ki, belə hallar hələ də mövcuddur...

- Bəli, belə hallar mövcuddur. Amma bu kimi halların qarşısının alınması üçün bizim müvafiq departamentimiz var - Meşə departamenti. Bu hallara qarşı həmin departament effektli şəkildə mübarizə aparmağa çalışır. Bəzən elə hallar olur ki, müəyyən yerlərdə məhdud sayda ağacların qırılmasına icazə verilir. Bu da yalnız sanitar-qırıntı işlərinin həyata keçirilməsi məqsədi ilə edilir. Nəticədə əldə edilən odun məktəblərə, hərbi hissələrə və bağçalara göndərilir. Lakin qeyri-qanuni qırıntı faktlarına da təsadüf olunur. Bu vaxt ciddi tədbirlər həyata keçirilir. Məsələn, bu il meşə mühafizəsi işçiləri tərəfindən 230 min manat dəyərində 31840 kub həcmində qanunsuz qırıntı aşkarlanıb. Bununla bağlı müvafiq tədbirlər görülüb - 334 iş hüquq-mühafizə orqanlarına göndərilib. Amma bu problem həmişə olub. Hər halda ildən-ilə azalır. Belə ki, regionların təbii yanacaqla, qazla, eləcə də elektrik enerjisi ilə təmin olunması qış vaxtları insanların istiliklə təmin olunmasını çox asanlaşdırılıb. Ona görə də odun üçün ağac qırıntısı faktları xeyli azalıb.(ardı gələn sayımızda)

 

 

Ağayev İlkin

 

Palitra. -2010. – 12 yanvar. – S.5.