Etnoqrafiya elmi müasir zamanın tələblərinə
uygunlaşdırılmalıdır
Müsahibimiz AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutunda olduq, institutun Tarixi
etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi,
tarix elmləri doktoru Fəzail Vəliyevdir.
- Fəzail müəllim, akademik
R.Mehdiyevin məruzəsində belə bir məqama xüsusi
diqqət yetirilir ki, «aparılan sorğular cəmiyyətdə
elmi fəaliyyət sahəsinə laqeydliyin olduğunu göstərir.
Bu, böyük həyəcan doğuran faktdır. Bunun səbəblərindən
biri də indi elmə gələn bəzi insanların şəxsi
keyfiyyətləri və analitik təhlil qabiliyyətlərinin
müasir tələblərdən xeyli aşağı
olmasıdır. Mövcud elmi şuralar öz iclaslarında
elmin müxtəlif sahələrinə həsr olunmuş
xüsusi müzakirələr keçirmir. Beynəlxalq tərkibli
elmi şuralar isə heç yoxdur. Müdafiə
şuraları səviyyəsiz araşdırmalara,
dissertasiyaların müxtəlif yollarla yazılmasına,
müdafiəsinə və elmi adların verilməsinə
ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara
göz yumur. Müdafiə olunan dissertasiyaların böyük
bir qismində sanballı elmi tutum və yeni elmi qənaətlər
yoxdur. Belə faktların sayı isə nəinki azalmır, əksinə,
artır. Elm bir biznesə çevrilib və istənilən
şəxs - dövlət məmuru, yaxud iş adamı
müxtəlif yollarla elmi ad almağa nail olur. Təəssüf
ki, bütün bu proseslərdə elm və təhsil müəssisələrinin
bir sıra əməkdaşları hazır dissertasiyaları
iddiaçılara təklif edirlər. Paradoksal haldır ki,
elmin paklığını qorumaq əvəzinə elm xadimlərinin
özləri təsadüfi adamların elmi adlar almasına rəvac
verir, belə işləri elmi şuralarda yekdilliklə dəstəkləyirlər».
Bu məqama münasibətinizi bilmək istərdik.
- Ata-babalarımızın
hikmət dolu belə bir deyimi var ki, “Çörəyi ver
çörəkçiyə, birini də üstəlik”. Azərbaycan
ədəbiyyatı tarixində şərəfli yer tutan
böyük dahilərimiz - Nizami, Füzuli, M.Ə.Sabir, S.Vurğun
və b. həmişə elmə, alimə yüksək qiymət
verib, «Elmlə, ədəblə tapılar şərəf,
mirvari olmasa, nə lazım sədəf?»; «Elmlə, biliklə,
başqa cür heç kəs heç kəsə
üstünlük eyləyə bilməz!»; «Elmin böyük
qüdrətilə silahlanan bir ordu da, sərkərdə də
basılmazdır!» deyiblər. Xalq şairi Qabilin «Müsibət
oluruq biz, səhv düşəndə yerimiz!» misraları hələ
də qulaqlarımızı döyəcləməkdədir.
Bu gün elmə təsadüfən gəlib onu qazanc mənbəyinə
çevirənlər, elmi adından, karyerasından istifadə
edib «qabında urvalıq olmayan, könlündən isə
darğalıq keçənlər», «Alim olmaq asandır, adam
olmaq çətin» atalar sözünü əlində bayraq
edən və mahiyyətini anlamayanlar, oxumaqdan payımız
yox, yazıdan qismətimiz» (Allah sənə rəhmət eləsin
böyük Sabirimiz!) deyibən asan yollarla alim adı almağa
cəhd edənlər və hətta buna nail olub «son dərəcə
zəif yazılan publisistik yazıları xatırladan»
«dissertasiyalarını» cəmiyyətə sırıyanlar
R.Mehdiyevin haqlı olaraq qeyd etdiyi kimi, təkcə filologiya sahəsində
deyil, ictimai və humanitar elmlərin digər sahələrində
də müşahidə olunur. Müstəqil, demokratik cəmiyyətimizin
Elm Fondunu belə üzdəniraq «tədqiqatçılardan» və
«tədqiqatlardan» qorumaq, heç olmasa bundan sonra elmə gələcək
gənc tədqiqatçılara qayğı və həssaslıqla
yanaşmaq, onların biliklərini qərəzçilikdən
uzaq, tapşırıqdan, «mənim adamımdır» stereotiplərindən
kənar obyektiv qiymətləndirmək, təsadüfi
adamların elmə gəlməsinin qarşısına
«Böyük Çin səddi» çəkmək
günümüzün reallığından doğan ciddi tələblər
olmalıdır. Nə yazıqlar ki, illik fərdi planlarını
güc-bəla ilə yerinə yetirənlər, yenə də
güc-bəla ilə, himayədarlıqla namizədlik
dissertasiyası müdafiə edib daha sonra əlini
ağdan-qaraya vurmayanlar, iş gününü elmdən uzaq,
məişət söhbətləri ilə başa vuranlar, ən
dəhşətlisi isə etnoqrafiya ixtisası üzrə
namizədlik dissertasiyası müdafiə edib AAK tərəfindən
təsdiqini alandan sonra şələ-küləsini
yığışdırıb və «asta qaçana Göy
İmam qənim» deyib aradan çıxanlar, bu elmə bundan
sonra heç bir töhfə verə bilməyəcək
«başıbəlalı kadrlar» hələ də
görünməkdədir. Onları Əlahəzrət Elmə
xidmət etməyə məcbur etməyin vaxtı çoxdan
çatıb.
Mənim yaxşı
yadımdadır, keçən əsrin 70-80-ci illərində
institutumuzda etnoqrafiya ixtisası üzrə Müdafiə
Şurası olmadığına görə İttifaqın
Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev, Minsk, Tbilisi və digər
şəhərlərinə namizədlik dissertasiyaları
müdafiə etməyə gedərdik. Oralarda nə
tanış-biliş, nə tapşırıq, nə də
qohumluq əlaqələri keçərdi. Hər şey
obyektiv qiymətini alar, müəllifdən çox onun
yazdığı elmi işə qiymət verilərdi və bu
işləri SSRİ AAK-ı problemsiz təsdiq edərdi. Mən
özüm 1990-cı ildə Sankt-Peterburqda, M.Maklay adına
SSRİ Etnoqrafiya İnstitutunun Sankt-Peterburq bölməsində
etnoqrafiya ixtisası üzrə namizədlik dissertasiyası
müdafiə edəndə birinci rəsmi opponentim, fəlsəfə
elmləri doktoru, Sankt-Peterburq Şərqşünaslıq
Universitetinin kafedra müdiri A.V.Qadlo çıxış etmək
üçün tribunaya dəvət edilərkən mənə
verəcəyi rəsmi opponent rəyini iclas zalındaca -
yanımdan ötəndə «bu
sənə çatacaq» deyə mənə təqdim etdi. Mən
onun iradları və təklifləri ilə elə orada - onun
çıxışına ayrılan 15-20 dəqiqə ərzində
tanış olub cavab hazırlamalı oldum. Bu qeydləri ona
görə deyirəm ki, bu gün arxeoloji və etnoqrafik
ekspedisiyalarda iştirak etməyə «can çəkənlər»,
rəsmi opponent rəyini 10-15 gün qabaq ələ
keçirib opponentindən onun iradlarına cavab verməyin
yollarını öyrənməyə cəhd edənlər,
elmə bir “tramplin” kimi baxanlar hələ də az deyil. Onlar
elm yolunda hər cür əziyyətlərə, məhrumiyyətlərə
dözüb özünü fanatikcəsinə elmə həsr
edənlərdən ibrət almalı, gedəcəkləri
yolun sərtliyini, eniş-yoxuşunu irəlidən dərk etməlidirlər.
Mən çox istərdim ki, heç olmasa elmdə mübahisəli
problemlərin dissertasiya şəklində müdafiəsi
üçün tərkibi zənginləşdirilmiş, daha
dəqiq desəm, Beynəlxalq Dissertasiya şuraları
yaradılsın, istedadlılarımız dünya şöhrətli
elm xadimlərinin «əllərindən su içib» Azərbaycan
elmini dünya səviyyəsində tanıtsınlar.
- Açıq etiraf etmək
lazımdır ki, bu gün ictimai və humanitar elmlər sahəsində,
xüsusilə də Milli Elmlər Akademiyasının sahə
institutlarında çalışan elm adamlarının vəzifə
maaşları aşağıdır. Allaha
şükür ki, indi respublikamızda nəşriyyatların
sayı yağışdan sonrakı göbələklər
kimi artmaqdadır. Hansı nəşriyyatın
qapısını açırsan, kitab çapı
üçün fantastik məbləği qarşına qoyurlar.
Bununla da alim çıxılmaz vəziyyətdə qalır,
sponsor (himayəçi) tapan sevinir, tapmayanlar isə illərlə
gözləmə mövqeyi tuturlar. Düzdür, bu gün
bizim institutumuzda bayramlarqabağı müəyyən məbləğ
mükafat ödəmələri olur (buna görə akademiya
rəhbərliyinə təşəkkür düşməlidir!),
lakin bütün bunlar bazar qiymətlərinin
liberallaşdırıldığı şəraitdə
alimin maddi durumunu tam sığortalaya bilmir. Bəlkə də
elmə laqeyd münasibətin bir səbəbi də elə bu
məqamdadır. Ehtiyac bu gün alimi əlavə gəlir mənbələri
axtarmağa, böyük zəhmət hesabına hasilə gətirdiyi
əsərlərini dissertasiya adı ilə satmağa məcbur
edir.
Zənnimizcə, bu məqamların da üzərində
düşünmək vaxtı çatıb. Bu gün
Elmlər Akademiyasının alimləri ali və orta ixtisas təhsili
müəssisələrinin qapılarını döyməli
olur, «bir əldə iki qarpız tutmaq» məcburiyyətində
qalırlar.
Sultanov Əlimərdan
Palitra. -2010. – 22 yanvar. – S.6.