Xocalı soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi olub

 

Azərbaycan tarixində silinməz izlər buraxmış hadisələrdən biri də Xocalı soyqırımıdır. Xocalı soyqırımı ermənilər tərəfindən tarixin bütün mərhələlərində xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin növbəti mərhələsi olub. 1905-1906, 1918-ci illərdə xalqımıza qarşı törədilən genosidin, terrorun davamı olan Xocalı soyqırımı 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə yüzlərlə insanın məhvi ilə nəticələndi.

Məhz həmin gün mahiyyət etibarilə terrorçu dövlət olan və terrora dövlət səviyyəsində yaşıl işıq yandıran Ermənistan Azərbaycana qarşı növbəti terror aktına imza atdı. Həmin günlərdə baş verən proseslərə fikir versək, görərik ki, Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbarana tutulmuşdular. Qarlı ərazidə, meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilib. Qeyd edək ki, həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində dəhşətli vəziyyət müşahidə olundu. Meyitlərin üzərində xüsusi qəddarlıq həyata keçirilmiş, insanların qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdi. Bu cinayət, kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoydu. Bundan başqa bu qırğında 487 nəfər yaralandı, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyindən isə hələ də xəbər yoxdur. Bu gün biz Xocalı faciəsindən danışarkən xüsusilə bildirməliyik ki, Xocalıda törədilmiş vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Məhz Xocalıda törədilən soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncələr verilib. 

 

1905-1906, 1918 və 1992-ci illərdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət işləri arasında çoxlu uyğunluqlar var

 

 Ermənilərin xalqımıza qarşı həyata keçirdiyi Xocalı genosidindən və eləcə də digər terrorçuluq əməllərindən danışan zaman bir məsələni xüsusilə bildirmək lazımdır ki, 1905-1906, 1918 və 1992-ci illərdə Azərbaycan xalqına qarşı törədilmis cinayət işləri arasında çoxlu uyğunluqlar var. Bu da onu subut edir ki, bu qırğınlar ermənilər tərəfindən həyata keçirilib. Belə ki, faktlar subut edir ki, törədilmiş bütün qətllərdə ermənilərin dəst-xətti eynidir. Əvvəllər törədilmiş qırğınlarda da insanları güllələmək, Azərbaycan türklərini çalalara doldurub diri-diri basdırmaq, qadınların bellərinə qaynar samovar bağlayıb işgəncə vermək, hamilə qadınlarıın qarnına süngü taxaraq onları körpəsi ilə birlikdə öldürmək, körpə uşaqları analarının əlindən alıb havaya ataraq süngüyə keçirtmək, kəndin camaatını məscidə doldurub yandırmaq və s. əsas cinayət metodları oub. Ermənilərin bugünkü soyqırım siyasətini əvvəlkilərdən fərqləndirən isə bu cinayət növlərinin sırasına yeni metodların əlavə olunması və Xocalıda azərbaycanlılara daha da amansız işgəncələrin verilməsidir. Belə ki, bunlar Azərbaycan türklərinin eyni anda deportasiyaya, təcavüzə, işğala, soyqırıma və terrorizmə məruz qoyulması, insanlarımızın girov götürüb sonradan onların daxili orqanlarının transplantasiya edilərək satılması, Bakıda metrolarda və digər nəqliyyat vasitələrində terror hadisələrinin törədilməsi, azərbaycanlıların deportasiya nəticəsində öz dədə-baba yurdlarından tamamilə köçürülməsi və s. bu kimi metodlardır. 

 

Xocalı soyqırımı haqqında dünyanın demək olar ki, bütün aparıcı kütləvi informasiya vasitələri yazıb

 

 Qeyd edək ki, Xocalıda baş verənlər, soyqırımın miqyası va bu soyqırım zamanı ermənilərin törətdiyi vəhşiliklər haqqında dünyanın demək olar ki, bütün aparıcı kütləvi informasiya vasitələri yazıb. Məsələn,  “The Times” qəzeti (London), “Channel 4 News” televiziyası (Böyük Britaniya), “Boston Sunday Globe” qəzeti (ABŞ), “The Age, Melbourne” qəzeti (Avstraliya), “The Washington Post” qəzeti (ABŞ), “The Washington Times” qəzeti (ABŞ), “The İndependent” (London), “Nie” qəzeti, (Bolqarıstan), “BBC Morning News”, “Le Mond” qəzeti (Paris), “Krua l'Eveneman” jurnalı (Paris) və s. Hadisəni görənlər isə bu barədə dəhşətli məqamları qeyd edirlər. Məsələn, R.Patrik - İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti hadisə ilə bağlı bildirib: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”. İngiltərənin “Financial Times” qəzeti, 4 mart 1992-ci il: “General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır”. Fransanın “Le Mond” qəzeti, 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır”. Rusiyanın “İzvestiya” qəzeti,13 mart 1992-ci il: “Mayor Leonid Kravets: “Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”. ABŞ -ın məşhur “Newsweek” jurnalı soyqırım haqqında bunları yazıb: “Ötən həftə Azərbaycan yenidən məzarlığa çevrilmişdir: qaçqınlar və kəsilmiş cəsədlər məscidin arxasında meyitxana kimi uzanırdı. Bunlar erməni hərbi birləşmələri tərəfindən 25-26 fevralda ələ keçirilmiş Dağlıq Qarabağın kiçik Xocalı yaşayış məntəqəsinin sadə azərbaycanlı kişiləri, qadınları və uşaqları idi. Bir çoxları qaçmağa çalışarkən yaxından atılan güllə ilə öldürülmüş, bəzilərinin üzləri qəddarcasına əzilmiş, digərlərinin isə skalpı çıxarılmışdır. Şəhidlərin ailələri gözyaşı axıdırlar”.  “Reuters” agentliyinin fotoqrafı Frederix Lenqeyn isə bildirir: “Birinci maşında mən 35 meyit saydım, ikincidə isə meyitlərin sayı bundan çox idi. Bəzilərinin başları kəsilmiş, çoxları isə yanmışdı …”.  İngiltərənin “The Sunday Times” qəzetinin müxbiri Tomas Qolts isə yazır: “Erməni əsgərləri 450-dən çox azərbaycanlını güllələyib, süngüdən keçiriblər. Onların əksəriyyəti qadın və uşaqlar olub, yüzlərlə, bəlkə də minlərlə insan itkin düşüb və ya həlak olub. Dünən axşam Ağdamın meyitxanasında 579 ölü qeydə alındı. 29 meyit qəbiristanlıqda basdırılmışdı. Ağdam xəstəxanasında dəhşətli mənzərə yaranmışdı. Həkimlər qırğından qaçan 140 xəstənin əksəriyyətinin güllə yarası aldığını bildirirdilər... Ötən həftə bu yer xəritədən silindi. Meyitxanalar meyitlərlə dolurdu. Mən Qarabağa baş çəkən sonuncu qərb adamı idim. Yanvar ayı idi və insanlar uğursuz talelərini əvvəlcədən görürdülər. Azərbaycanlı müdafiəçilər bir-bir həlak olurdular. Sağ qalanlar bildirirdilər ki, erməni qüvvələri amansız qırğına başladılar, tərpənən hər şeyə atəş açırdılar. Bəziləri qəzəblərini xaricilərə bildirirdilər: “Hanı mənim qızım, hanı mənim oğlum?” deyə analar ah-nalə edirdilər. Zorlanmışdır. Doğranmışdır. İtkin düşmüşdür”. Göründüyü kimi, baş verənlər insanlığa sıgmayan hadisələrdir və bu baş verənləri təkcə ruslar deyil, eləcə də Avropa, Amerika və Astraliyadan gələn jurnalistlər görüblər. 

 

Beynəlxalq ictimaiyyət hələ də ikili standartlardan çıxış edərək soyqırım faktını qəbul etmək istəmir

 

Xocalı genosidindən danışarkən həm də bildirmək lazımdır ki, bu cinayətin törədilməsində bilavasitə əli olan şəxslər bu gün Ermənistan hakimiyyətində təmsil olunurlar. Ermənistanda hakimiyyətdə olan Sərkisyanın başçılıq etdiyi terror şəbəkəsi və eləcə də ondan əvvəl hakimiyyətdə olan Köçəryan dünya tarixində, xüsusilə də XX əsrdə dünyanın ən dəhşətli faciəsini törədərək bir gecənin içində Xocalı şəhərini yerlə-yeksan ediblər. Genosid nəticəsində 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideyinini itirib, 76 azyaşlı körpə şikəst edilib. 10 yaşayış məntəqəsi dağıdılaraq talan edilib və 2 tarixi abidə məhv edilib. Faktlarla danışsaq, bu faciənin törədilməsinə Ermənistanın eks-prezidenti Robert Köçəryanın bilavasitə rəhbərlik etdiyini görə bilərik. Bu gün təəssüfverici məqam ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət bu soyqırım, genosid və eləcə də etnosid (hər hansı bir xalqa məxsus olan maddi mədəniyyət abidələrinin kütləvi şəkildə başqa xalq tərəfindən dağıdılması) qırgın haqqında faktlarını və sübutları görə-görə susur. Halbuki baş verməmiş və uydurma olan erməni genosidini Avropa dövlətləri va eləcə də özünü demokratiyanın beşiyi hesab edən və dünyaya demokratiya dərsi keçən ABŞ-ın əksər ştatları tanıyıb. Ermənilərin Xocalıda törətdikləri qırğın soyqırım kimi tanınarsa, beynəlxalq təşkilatlar qarşısında bu qırğına rəhbərlik edən və Xocalı əhalisinin kütləvi şəkildə qırılmasında iştirak edənlər Beynəlxalq Hərbi Tribunal tərəfindən məhkum edilər və cəzasını alar. Xocalı soyqırımından danışarkən, xüsusilə də bu soyqırıma beynəlxalq hüquqi qiymət verilməsindən danışarkən qeyd etməliyik ki, bu soyqırım nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilib, insanların təməl hüquqları və ən əsas da insanların yaşamaq hüququ pozulub. Beynəlxalq hüquqa görə genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və beynəlxalq cinayət hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə ziddir. Bundan başqa BMT-nin 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1951-ci ildə qüvvəyə minən “Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”da genosid cinayətinin hüquqi əsası təsbit olunub. Konvensiyaya qoşulan dövlətlər isə sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq genosidin beynəlxalq hüququn normalarını pozan cinayət olduğunu təsdiq edərək onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürüblər. Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı adıçəkilən Konvensiyada təsbit olunan genosid cinayətlərinin əsasını təşkil edən bütün əməllər təsdiq olunub.

 

Xocalı genosidi ilə baglı bütün faktlar toplanmalı və cinayəti törədənlər beynəlxalq məhkəməyə verilməlidir

 

Məhz indiki şəraitdə əsas məsələlərdən biri də Xocalı ilə baglı bütün faktların toplanması və bu cinayəti birbaşa və ya dolayı yolla törədən ermənilərin beynəlxalq məhkəməyə verilməsidir. Real tarixi faktlara əsaslanan və ən əsası uzaq tarixdə deyil, 18 il əvvəl baş verən bu cinayət lazımi səviyyədə araşdırılmalı və öz siyasi və hüquqi qiymətini almalıdır.

 

 

Sultanov  Əlimərdan

 

Palitra. -2010. – 29 yanvar. – S.6.