Azərbaycan gəncliyi və beynəlxalq aləm

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra əhalinin bütün təbəqələri, sosial qrupları arasında müşahidə olunan milli oyanış, sosial-siyasi fəallıq gənclərdən də yan keçmədi.  Azərbaycan gəncliyində yeni prinsiplər, mənəvi dəyərlər, həyata yeni baxışlar sistemi formalaşmağa başladı. Məqsəd və vəzifələrinə, fəaliyyət istiqamətlərinə, sosial tərkibinə görə bir-birindən dəyərli, yeni, müstəqil gənclər təşkilatları yaranmağa başladı. İlk gənclər təşkilatları əsasən kortəbii şəkildə respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda xalq hərəkatının təsiri altında təşəkkul tapmağa başlamışdılar. Lakin 1991-1993-cü illərdə respublikada hökm sürən hərc-mərclik şəraitində təşəkkül tapmış gənclər təşkilatlarının çoxunda siyasiləşmə, populizm meyilləri özünü büruzə verdi. Bu təşkilatların bir çoxu o dövrdə fəaliyyət göstərən müxtəlifyönlü siyasi partiya və qurumların təsiri altına düşdü. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi partiya və qurumların deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin həyata keçirilməsi zərurətini ortaya atdı.

Hakimiyyətə ikinci dəfə qayıdışından sonra Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də gənc nəslə diqqət və qayğının artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında gənclərin fəal iştirakının təmin edilməsi, gənclərin sosial-mənəvi ehtiyaclarının ödənilməsi, onların gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olub. Bu da təbiidir. Çünki gənclər xalqın ümidi, onun inkişafının və yüksəlişinin əsas meyarı və barometridir. Hər bir cəmiyyətin maddi-mənəvi tərəqqisi gənclər siyasətinin düzgün qurulmasından, gənclərin sosial, psixoloji vəziyyətindən, fəaliyyət şəraitindən asılıdır. Gənclər siyasəti - gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili, problemlərinin həlli, hüquqlarının müdafiəsi, respublikanın ictimai-siyasi, mədəni həyatında iştirakı ilə bağlı məsələləri və s. əhatə edir.

Gənclərlə iş sahəsində beynəlxalq əlaqələrin qurulması da əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə BMT, Avropa Şurası, Avropa Birliyi və s. beynəlxalq təşkilatların gənclər proqramlarına qoşularaq əməkdaşlıq əlaqələri yaratmaq üçün Azərbaycanda akreditə olunmuş səfirlik və nümayəndəliklərlə, müxtəlif ölkələrin gənclər qurumları ilə mütəmadi görüşlər və danışıqlar aparılır. Bir sıra MDB ölkələri ilə, ÇXR, Türkiyə ilə qarşılıqlı əməkdaşlıq müqavilələri imzalanıb. 1999-cu ilin oktyabrında ABŞ-ın Horopulu şəhərində keçirilən Dünya Gənclərinin Minillik Konqresində Azərbaycan 30 nəfərlik nümayəndə heyəti ilə təmsil olunmuşdu.

Bu gün Azərbaycan gənclərinin fəal hissəsi həmin təşkilatlarda birləşib. Əgər 1997-ci ilin əvvəllərində gənclər təşkilatlarının sayı 60-a yaxın idisə, 2000-ci ildə onların sayı artıq 120-dən artıq idi. Bu təşkilatların əksəriyyəti konfederativ qurum olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzvüdür. 1995-ci il noyabrın 21-də təsis olunmuş və 1996-cı il yanvarın 31-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış ARGTMŞ ilk vaxtlar öz ətrafında 30-a yaxın təşkilatı birləşdirirdi. 1997-ci il oktyabrın 27-də Naxçıvan MR-də GTMŞ yaradılmış və oraya 7 gənclər təşkilatının nümayəndəsi daxil olmuşdu. Şuranın əsas məqsədi respublikada mövcud olan gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, Azərbaycan gəncliyini beynəlxalq aləmdə tanıtmaq, dövlət quruculuğuna gənclərin yaxından cəlb edilməsi, onların hərbi-vətənpər­vərlik tərbiyəsi, çoxsaylı problemlərin həlli istiqamətində birgə iş aparmaqdan ibarətdir. Qısa müddətdə Milli Şura bu istiqamətlərdə real addımlar atıb, bir sıra beynəlxalq gənclər qurumları ilə sıx əlaqələr yarada bilib. Bunlardan Avropa Gənclər Mərkəzinin, Avropa Gənclər Forumunun, Avropa Milli Gənclər Komitələri Şurasının, Dünya Türk Gəncləri Birliyinin adını çəkmək olar.

Avropa Gənclər Forumunun (AKF) nümayəndələri 1996-cı ilin fevralında Bakıda səfərdə olub, Azərbaycan gənclər təşkilatları ilə tanış olub. Bundan sonra GTMŞ AKF tərəfindən hazırlanmış bir sıra beynəlxalq tədbirlərə dəvət ediliblər. Milli Şura həmçinin BMT sistemindəki Ümumdünya Gənclər Forumu ilə də əlaqələr yaradıb, təşkilatın 1996-cı ilin mayında İstanbulda keçirilmiş tədbirlərində fəal iştirak edib. Milli Şura öz fəaliyyətində regional əməkdaşlığa da xüsusi yer verir. 1996-cı ilin martından başlayaraq MŞ Avropa İttifaqı tərəfindən dəstəklənən «Qafqaz gəncləri dialoqunun» fəal iştirakçısıdır. Dialoqun əsas məqsədi Qafqazda sülhün bərqərar edilməsində gənclərin iştirakını təmin etməkdir. Azərbaycan gənclər təşkilatları İslam Konfransı Təşkilatı (İKT) və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsində gənclər əməkdaşlığına qoşulub. Ötən müddət ərzində bir sıra beynəlxalq gənclər, o cümlədən «Gənclər Avropada Təhlükəsizlik Uğrunda», «Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda», Dünya Skaut Assosiasiyası, Beynəlxalq Gənclik Klubu və s. təşkilatların Azərbaycanda özəyi yaradılıb. Nəhayət, 2000-ci ilin aprelində Milli Şura Avropada ən nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatı olan Avropa Gənclər Forumuna tamhüquqlu, 2002-ci ilin yanvarında isə BMT-nin İqtisadi və Sosial Şurasına müşahidəçi üzv seçilib.Azərbaycanın Avropa Şurasına qəbulunda gənclər təşkilatlarının Milli Şurasının böyük xidmətləri olub. Avropa Şurası Gənclər və İdman Direktorluğunun ölkəmizdə olan gənclər hərəkatı barədə hesabatları yüksək qiymətləndirilib və

Azərbaycanın Avropa Şurasına qəbulunda öz müsbət təsirini göstərib. Həyata keçirilən işlərin nəticəsi olaraq bir neçə uşaq və gənclər təşkilatı beynəlxalq təşkilatlarda təmsil olunmaq hüququ əldə edib. Məsələn, Azərbaycan Skautlar Assosiasiyası Ümumdünya Skaut Hərəkatı Təşkilatına, Gənc Hüquqşünaslar Birliyi Gənc Hüquqşünasların Beynəlxalq Assosiasiyasına, Azərbaycan Demokratik Tələbə Gənclər Hərəkatı Avropa Demokratik Tələbə İttifaqına, Dünya Gənc Türk Yazarlar Birliyi Dünya Türk Gəncləri Birliyinə və s. üzv daxil edilib.Gənclər təşkilatlarının respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmələri, onların beynəlxalq əməkdaşlığa və təcrübə mübadilələrinə cəlb edilmələri üçün müxtəlif layihələr həyata keçirilib və keçirilməkdədir. Bu istiqamətdə AGSDT-nin  “Gənc lider», Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyəti (ƏBƏUC) sağlamlıq layihələri, Maarifçi Gənclər Təşkilatının «Gənclərin maarifləndirilməsi», «Uşaq-gənclərlə bağlı qanunvericiliyin formalaşması» proqramları qəbul edilib. 1999-cu ildə AGTMŞ-nin III konfransının keçirilməsi mühüm hadisə oldu. Konfrans göstərdi ki, gənclərimiz öz problemlərini konstruktiv şəkildə müzakirə etmək bacarığı nümayiş etdirirlər. Diqqətəlayiq haldır ki, Milli Şura müşahidəçi statusu olmadan Avropa Gənclər Forumuna tamhüquqlu üzv qəbul edilib.

Son dövrlərdə Azərbaycan gənclərinin beynəlxalq əlaqələri daha da genişlənib. Azərbaycan gəncləri həm ölkə daxilində, həm də xaricdə bir sıra bey­nəlxalq tədbirlərdə iştirak edərək gənclərin problemləri ilə yanaşı respublikamızın həqiqətləri barədə öz həmyaşıdlarını məlumatlandırıblar. 2005-ci ilin aprelində Azərbaycanın bir sıra gənclər təşkilatı (Sərhədsiz Gənclər Təşkilatı, Azərbaycan Könüllülər İctimai Birliyi, Azərbaycan Gənclərinin İnformasiya Mərkəzi) Avropa Şurasının Gənclər və İdman Direktorluğu və ARGİTN Bakıda birgə Beynəlxalq Forum keçirib. 25 ölkənin təmsil olunduğu bu forumun məqsədi gənclərdə Avrasiya Gənclər Forumu ideyasını reallaşdırmaqdır. 2006-cı ilin avqustunda Beynəlxalq Gənclər Günü münasibətilə ARGTMŞ-nin dəvəti ilə müxtəlif ölkələrin gənclər təşkilatlarının nümayəndələri Bakıda Milli Məclisdə, Nazirlər Kabinetində, ARGİN-də, eləcə də müxtəlif gənclər təşkilatlarında olub, Azərbaycanda həyata keçirilən gənclər siyasəti ilə yaxından tanış olublar.

2006-cı ilin noyabrında Bakıda GUAM ölkələri Gənclər Forumunun I Konqresini xüsusi qeyd etmək lazımdır. Bu forumun yaradılması ideyasını Azərbaycan gəncləri irəli sürüblər. Qurumun əsas məqsədi nəzərdə tutulmuş planları həyata keçirmək üçün GUAM ölkələri gənclərinin səylərini birləşdirən regional təhlükəsizlik, gənclər təşkilatlarının inkişafı naminə əməkdaşlığı möh­kəmləndirməkdən ibarətdir. Həmin konqresdə bir sıra mühüm sənədlər qəbul edilib ki, onlar arasında münaqişə zonaları haqqında bəyannaməni xüsusi qeyd etmək lazımdır. Forumda nizamnamə, fəaliyyət proqramı qəbul edilib, Mərkəzi Şura seçilib. Azərbaycan gənclərinin beynəlxalq əlaqələrində İslam ölkələri gəncləri ilə əməkdaşlıq xüsusi yer tutur. Məhz Azərbaycan gənclərinin təşəbbüsü və Azərbaycan hökumətinin dəstəyi ilə 2004-cü ilin dekabrında Bakı şəhərində İslam Konfransı Təşkilatı (İKT) Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumu təsis edilib, foruma İKT-yə üzv olan 35 ölkədə fəaliyyət göstərən 40-dək gənclər təşkilatı daxil olub. Xarici İşlər Nazirlərinin 33-cü konfransının qərarı ilə İKT-nin 20 illik tarixində ilk dəfə olaraq bu foruma təşkilatın üzv qurumu statusu verilib. Forumun fəaliyyətinin əsas istiqamətlərindən biri də İKT üzv ölkələrinin üzləşdiyi işğal, təcavüz haqqında həqiqətlərin dünyada geniş yayılmasına nail olmaqdır. Bu məqsədlə 2006-cı ilin iyununda forum İKT ölkələrində yaymaq məqsədilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti haqqında ilk dəfə olaraq ərəb dilində «Qarabağ: faktlar və gənclər» adlı kitab çap etdirib. İKT DƏUGF-nin 2006-cı ilin sentyabr ayında İstanbulda daimi qərargahı açılıb və bu mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib. Forumun prezidenti türkiyəli Əli Sarıkaya, baş katibi isə azərbaycanlı Elşad İsgəndərovdur. Forumun təşkilatlanma prosesini gücləndirmək məqsədilə Azərbaycan dövləti təşkilatın büdcəsinə 100 min ABŞ dolları köçürmək haqqın­da qərar qəbul edib.

 

 

Cəfərov  Həmzə

 

Palitra. -2010. – 29 yanvar. – S.7.