«Telekanallarda nümayiş olunan bəzi proqramlar məktəblilərə mənfi təsir edir»

 

Layihə çərçivəsində müsahibimiz Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbin psixoloqu Azər Kazımlıdır: 

 

- Ölkəmizdə təhsilin inkişafı ilə bağlı genişmiqyaslı islahatlar həyata keçirilir. Müxtəlif dövlət proqramlarının reallaşdırılması nəticəsində təhsilimizdə ciddi uğurlar əldə edilməyə başlanıb. Bu gün respublikamızın hər bir bölgəsində yeni və müasir məktəblər inşa edilib və bu proses hələ də davam edir. Ehtiyac duyulan yerlərdə yeni məktəblərin inşasının həyata keçirilməsi dövlətimizin bu sahəyə nə qədər ciddi yanaşdığını göstərir. Üstəlik, yeni inşa edilən məktəblər bütün müasir avadanlıqlarla təmin edilir, həmin məktəblərin birbaşa internetə çıxışının olması yenilikləri təqib etməyə imkan verir. Dövlətin maddi imkanları artdıqca büdcədən təhsil sahəsinə ayrılan vəsaitlər də artır. Ötən illərin statistikasına diqqət edəndə aydın görürük ki, bu sahəyə ayrılan vəsaitlər artan templə davam edir. Dövlətin inkişafının nəticəsidir ki, bu gün minlərlə gəncimiz dünyanın nüfuzlu ali məktəblərində təhsil alır. Bu əslində dövlətin ölkənin gələcəyinə yatırdığı ciddi sərmayədir. Həmin gənclər təhsillərini başa vurduqdan sonra respublikamıza qayıdaraq ölkəmizin inkişafına öz töhfələrini verəcəklər. Hazırda təhsil sahəsində ölkəmizdə görülən işlər onu deməyə əsas verir ki, yaxın gələcəkdə respublkamızda təhsillə bağlı bütün problemlər həllini tapmış olacaq.

- Məktəblərdə psixoloqların işinin əsasını nə təşkil etməlidir?

- Məktəblərdə psixoloji xidmətin əsas vəzifəsi şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaq, bununla da təlim-tərbiyə sahəsində məktəbdə aparılan işin səmərəliliyini yüksəltmək, sosial cəhətdən fəal yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir. Məktəbdə psixoloji xidmət fəaliyyətinin aktual istiqaməti şagirdlərin təlim və tərbiyəsindəki bu və ya digər çətinliklər, onların davranışlarında, ünsiyyətlərində, şəxsiyyətlərinin formalaşmasındakı qüsurlarla bağlı bugünkü problemlərin həllinə yönəldilmiş istiqamətdir. Məktəbin gündəlik həyatında həmişə bir sıra problemlərə rast gəlmək olur və müəllim, şagird, valideynlərə konkret kömək göstərməyə ehtiyac duyulur ki, bunlar məktəbdə psixoloji xidmətin bugünkü mühüm vəzifəsi hesab olunur. Psixoloji tədqiqatlar artıq çoxdan sübut edib ki, şagirdin psixi inkişafında baş verən bu və ya digər qüsuru aradan qaldırmaq əvvəlcədən həmin qüsurun baş verməsinin qarşısını almaqdan qat-qat çətindir. Buradan isə psixoprofilaktik işlərin əhəmiyyəti xüsusi olaraq diqqəti cəlb edir. Həmin cəhət məktəbdə psixoloji xidmət zamanı da nəzərə alınmalıdır. Profilaktik işlər başlıca olaraq məktəb təlimi prosesində uşaqların psixi inkişafında baş verə biləcək qüsurların qarşısını almaq məqsədilə həmin inkişafın gedişi üzərində nəzarətin təşkilindən ibarətdir. Müəllimlə birlikdə psixoloq şagirdin əqli inkişafında və şəxsiyyətinin formalaşmasında müəyyən qüsurların, yayınma hallarının baş verməsinə səbəb ola biləcək xüsusiyyətləri aşkara çıxarmağa cəhd göstərərək müvafiq tədbirlər həyata keçirməlidir. Bu zaman birinci növbədə uşağın həyatının keçid mərhələləri, məsələn, onun əsas fəaliyyət növünün kəskin şəkildə dəyişməsi ilə nəticələnən məktəbə daxil olma dövrü, yaxud yeniyetməlik dövrünün başlanması və s. üzərində nəzarətə xüsusi yer verilməlidir. Məktəbdə psixoloji xidmət fəaliyyətində müəllim, şagird və valideynlərlə aparılan məsləhət işləri əsas yerlərdən birini tutur. Məktəb psixoloqlarının apardığı bu cür məsləhətlər fərdi və qrup halında keçirilə bilər. Hər ikisində əsas məqsəd bu və ya digər çətinliklərin mahiyyətini açmaq və onları aradan qaldırmaq üçün müvafiq psixoloji yollar göstərməkdən ibarətdir. Adətən məktəb psixoloqu ilə məsləhətləşməyə valideynlər daha çox ehtiyac hiss edirlər.

- Psixoloqlara tələbatın artması nə ilə bağlıdır?

- Yaşadığımız dövr elədir ki, təkcə məktəblərdə deyil, digər sahələrdə də psixoloqlara ciddi ehtiyac hiss edilir. Bunun da müxtəlif səbəbləri var. Amma mən bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm. Bu da istəsək də, istəməsək də, hər birimizin evinə, həyatına daxil olan televiziyalarla bağlıdır. Televiziyalarda nümayiş olunan filmlər, müxtəlif proqramların gənc nəslə təsiri çox böyükdür. Düşünürəm ki, bizim telekanallar da məktəbli və yeniyetmələrə çox mənfi təsir göstərir. İlk növbədə zorakılıqdan bəhs edən filmlərin nümayiş etdirilməsinə ciddi nəzarət olunmalıdır. Təbii ki, internetin də burada mənfi rolu var. Doğrudur, internet və ya televiziyalara qadağa qoymaq olmur. Amma gərək televiziyalarımız bu məqamı diqqətdə saxlasınlar. Proqramların tərtib olunmasına psixoloqların cəlb edilməsi daha yaxşı ola bilər. İnternet oyunlarının geniş yayılması və bu oyunların əksəriyyətinin döyüş, adam öldürmə səhnələri ilə zəngin olması da uşaqlara mənfi şəkildə təsir edir. Təəssüf ki, bizim özümüzün milli internet oyunlarımız yoxdur. Ona görə də uşaqlarımızı, şagirdlərimizi zorakılığı təbliğ edən oyunlardan qorumalıyıq. Bu onların psixoloji durumuna cəddi şəkildə təsir edir. Məktəbdə psixoloq həm də ona görə lazımdır ki, şagirdlər arasında, yaxud da müəllimlə şagird arasında hər hansı bir anlaşılmazlıq yarandıqda həmin problemi yoluna qoysun. Bundan əlavə məktəb psixoloqu şagirdlərə evlərində valideynləri ilə yaşadıqları problemin həllində də köməklik göstərməlidir. Psixoloq məktəbdə hər hansı bir konfliktin yaranmasını da gözləməli deyil. Belə halların baş verməməsi üçün psixoloq məktəblilərlə yaxından iş aparmalıdır. Onların hər birinin problemi ilə tanış olmalı, evlərində övlad-valideyn münasibətlərinin hansı müstəvidə olduğunu öyrənməlidir. Əgər hər hansı bir problem varsa, dərhal həmin şagirdə psixoloji yardım göstərməlidir.

- Çalışdığınız məktəbdə şagirdlərlə işinizi necə qurmusunuz?

- Bildiyiniz kimi, şagirdlər müəllim məsləhətləri ilə yanaşı psixoloq məsləhətləri ilə də maariflənirlər. Mən də bu işdə psixoloq proqramına əsasən şagirdlərlə psixoloji problemlərin həlli və təhlili ilə bağlı profilaktik tədbirlər həyata keçirir, diskussiyalar aparıram. Əlbəttə ki, məktəb psixoloqlarının əsas vəzifələrindən biri də hər bir şagirdə fərdi yanaşmaq, onların qabiliyyətini, motiv və maraqlarını, xarakterini aşkara çıxarmaq, inkişaf etdirməkdir. Bu cəhətdən şagirdlər arasında müşahidələr aparır, ünsiyyət qurmaqla bir sıra psixi xüsusiyyətlərini üzə çıxarır, təhsildə geri qalmanın psixoloji səbəblərini müəyyənləşdirirəm. Dövrün tələblərinə uyğun olaraq şagirdlərin intellektual səviyyələrini inkişaf etdirir, istedadlı uşaqlarla məşğul oluram. Bundan başqa şagird-şagird, şagird- müəllim, müəllim-müəllim, şagird-valideyn münasibətlərinin də düzgün qurulması ilə bağlı işlər həyata keçirirəm. VII-XI siniflər arasında apardığım müxtəlif anket sorğuları və testlər də bu işdə səmərə verib. Məktəbdə psixoloji iqlimin yaradılması, müəllim kollektivinin, eləcə də valideynlərin psixoloji maarifləndirilməsi psixoloqdan çox asılıdır. Şagirdlər müxtəlif ailələrdən gəlir, aldıqları tərbiyə də təbii ki, eyni deyil. Həm də nəzərə almaq lazımdır ki, bəzi valideynlərin insan psixologiyası ilə bağlı bilikləri çox kasaddır. Məktəbdə psixoloji xidmətin əsas istiqamətlərindən birini psixoloqun müəllimlərlə, valideynlərlə və şagirdlərlə apardığı konsultativ işlər təşkil edir. Ailə və məktəb iki əsas sosial institut kimi uşaqların təlim-tərbiyə və sosiallaşma prosesinə, şəxsiyyətinin inkişafına əsaslı təsir göstərir. Ona görə də ailə tərbiyəsindən çox şey asılıdır. Təcrübə göstərir ki, bəzi ailələrdə uşağın tərbiyəsi üçün zəruri olan psixoloji şərait yaradılmadığı, onun psixoloji xüsusiyyətləri nəzərə alınmadığına görə bir sıra psixi çətinliklər meydana gəlir. Bu cür çətinlikləri aradan qaldırmaqda ailəyə psixoloji xidmətin rolu böyükdür. Təməli düzgün qurulmayan tərbiyənin nəticəsidir  ki, yeniyetmələr “küçə mühiti”nə alışır, arzuolunmaz qrupların təsiri altına düşür, narkomaniyanın geniş vüsət aldığı dövrdə onun aludəçisinə də çevrilə bilirlər. Bunu nəzərə alaraq IX-XI sinif şagirdləri ilə ''Narkomaniya ölümə açılan qapıdır '' mövzusunda vaxtaşırı maarifləndirmə işi aparıram. Onlarla peşə yönümü ilə bağlı, eyni zamanda ilboyu vətənpərvərlik mövzusunda söhbətlər aparıb onları düzgün yola yönəltməyi özümə borc bilirəm. Orduda xidmətlə bağlı psixoloji hazırlıq işlərinin aparılması şagirdlərdə hərbi xidmətə marağı artırır, onlarda vətənə ləyaqət, torpağa məhəbbət hislərini artırır. Peşə yönümünə gəldikdə isə bununla bağlı işlər aparıram, şagirdlərə müxtəlif peşələrin xüsusiyyətlərini, bu peşə sahiblərinin cəmiyyətdə nə kimi yer tutduğunu, ictimaiyyət tərəfindən necə qarşılandığını başa salmaq işimin əsas məğzini təşkil edir. Qeyd edim ki, şagirdlərin fənn-sınaq imtahanları, fənn olimpiadaları, eləcə də ali məktəbə hazırlıqla bağlı özlərində stressi dəf etmək bacarığını formalaşdırmaq, onları belə sınaqlara psixoloji cəhətdən hazırlamaqda biz məktəb psixoloqlarının üzərinə düşən əsas vəzifələrdən biri də onlarla aparılan özünəinamla bağlı söhbətlərdir. Təbii ki, bütün bunların müvəffəqiyyətlə nəticələnməsində məktəb rəhbərliyi bizə yaxından kömək etməlidir və edir. Bu baxımdan Biləsuvar şəhər Nizami adına 1 saylı orta məktəbdə psixoloqlara əməli kömək göstərilməsi nümunəvi formadadır. 

 

 

Anar Miriyev

 

Palitra.- 2011.- 20 aprel.- S. 10.