Tyutor tələbələrin akademik maraqlarını qoruyur

 

Azərbaycan ali təhsil sistemi Bolonya prosesinə qoşulduqdan sonra ali təhsil sahəsində yeni vəzifələr meydana çıxdı. Belə ki, burada konkret olaraq tyutorlardan söhbət gedir. Tyutorların ali təhsil sistemində çalışmağa başlamaları yeni hadisə idi. Bəs hazırda tyutorlar necə fəaliyyət göstərir və onların təhsil prosesində yeri və rolu hansı səviyyədədir?  Layihə çərçivəsində müsahibimiz Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin tyutoru Faiq Xudanlıdır.

-  “Tyutor” anlayışı nə deməkdir?

- Gəlin əvvəldən başlayaq. Nəzərinizə çatdırmalıyam ki, Bakı Dövlət Universitetində 2006-2007-ci tədris ilində Bolonya prosesinə keçidə start verilib. Bəs Bolonya prosesi nədir? Çoxları bu haqda geniş məlumata malikdir, amma mən bunu qısa da olsa, yenidən diqqətinizə çatdırmağı lazım bilirəm. Bu prosesə əsas səbəb 19 iyun 1999-cu ildə 29 Avropa dövləti tərəfindən keçirilən təhsil nazirlərinin görüşündə qəbul olunmuş Bolonya  Deklarasiyasıdır. Deklarasiyanın əsas məqsədi Avropa təhsil müəssisələrində tələbələrin mobilliyini və verilmiş biliklərin həyata keçirilməsini təmin etmək, bir sözlə, təhsilin keyfiyyətini artırmaq, Avropa universitetlərinin bir-biri ilə inteqrasiyası, vahid kredit sisteminin yaradılması, tələbələrin mobilliyinin təmin olunması və ən önəmlisi, ali təhsil sənədlərinin və ixtisaslarının Avropa məkanında qarşılıqlı tanınmasıdır. Bu mənada Bolonya prosesinin əsas mahiyyəti Avropa universitetlərinin inteqrasiyasıdır. Onu da qeyd edim ki, Azərbaycan 2005-ci ildən Bolonya prosesinə qoşulub bunun gərəyi olaraq müvafiq öhdəliklər götürüb. Bu öhdəliklərdən biri ali təhsil müəssisələrində kredit sisteminin tətbiqidir. Ölkəmizin ali təhsil müəssisələrində kredit sisteminin tətbiqinin vahid qaydada aparılması haqqında 2006-cı ildə əsasnamə təsdiq olunub. Elə həmin əsasnaməyə uyğun olaraq BDU-da kredit sistemi ilə tədrisin təşkili barədə daxili əsasnamə qəbul olunub. Bu əsasda 2006-2007-ci tədris ilində iki, 2007-2008-ci il tədris ilində dörd fakültə, 2008-2009-cu tədris ilindən isə universitetin bütün fakültələri Bolonya sisteminə keçib. Universitet rəhbərliyi yeni sistemə uyğun yeni kadrların hazırlanmasına qərar verir. Beləliklə, 2008-ci ildən başlayaraq respublikada ilk dəfə tyutor kursları təşkil olunur. Bu kursları uğurla keçən namizədlərə diplom sertifikatlar verilir onların böyük əksəriyyəti tyutor kimi fakültələrdə Bolonya prosesinin qaydalarının həyata keçirilməsində iştirak edirlər.  Bunları bildirdikdən sonra birbaşa sualınızın cavabına keçək. Tyutor” - fransız dilində özəl, şəxsi müəllim deməkdir, ancaq bizdə bu söz vəzifə kimi, tədris məsləhətçisi, akademik məsləhətçi kimi xarakterizə olunur. Bizim əsas vəzifəmiz kredit sistemi ilə təhsil alan tələbələrə köməklik göstərməkdir. Belə ki, tyutor tələbələrin akademik maraqlarını qoruyur, müdafiə edir, eyni zamanda tədris prosesinin təşkili ilə bağlı zəruri məlumat sənədləri tələbələrə təqdim edir. Onların fərdi tədris planlarının hazırlanmasında qrup fərdi məsləhətlər verir. Lakin bununla yanaşı nəzərinizə çatdırmalıyam ki, tyutor həmçinin elektron universitetin fəaliyyətini təşkil edir ona nəzarət edir. BDU-da elektron universitet fəaliyyət göstərir bütün tələbələrin şəxsi loqin parolları var ki, tələbə onun vasitəsi ilə elektron universitetə daxil olur şəxsən onun seçdiyi fənlərdən mühazirə mətnlərini götürə, ondan istifadə edə forumlarda iştirak edə bilir. Burada həmçinin universitet həyatı forumu var ki, tələbələr buraya daxil olmaqla universitet tələbələri ilə fikir mübadiləsi edə bilirlər. Tyutor bütün bunların təşkilində iştirak edir, tələbələrə istiqamət verir.

- Universitetdə real tyutor təcrübəsi vaxtdan başlayıb?

- Bu barədə bir qədər danışdım. Bir daha qeyd edim ki, 2006-2007-ci tədris ilindən başlayaraq Bolonya prosesinə keçidə başlanıb, 2008-2009 tədris ilindən isə tam olaraq Bolonya prosesinə keçilib. Tyutorlar mütəxəssis kimi 2008-ci ildə kursu bitirərək universitetin fakültələrində işə başlayıblar. Lakin Bolonya prosesi adından da göründüyü kimi, bir prosesdir və hər il bu sahədə yeni, məqsədəuyğun dəyişikliklər edilir.

- Azərbaycan təhsilində Bolonya prosesinin müxtəlif problemləri var. Buna uyğun olaraq tyutorluğun hansı problemləri var?

- İstənilən yeni nəsə yaranırsa, orada problemlər də olmalıdır. Əsas odur ki, bu problemləri aradan qaldırmaq üçün istək, arzu və çalışqanlıq olsun. Şübhəsiz, Azərbaycanda Bolonya prosesi ilə bağlı problemlər yox deyil, ancaq bu problemlərin aradan qaldırılması üçün məqsədli işlər görülür. Heç nəyi birdən-birə mükəmməl yaratmaq mümkün deyil. Düşünürəm ki, əsas problem isə məhz düşüncə problemidir ki, çoxları hələ buna hazır deyil. İlk vaxtlarda həm müəllimlər, həm də tələbələrə bu sistemin qaydalarını izah etmək və anlatmaq bir qədər çətin olurdu. Belə ki, müəllimlərin mühazirə mətnlərini elektron formada hələ semestr başlamazdan əvvəl vermələrini tələb etmək və almaq o qədər də asan olmurdu. Bunun obyektiv və subyektiv səbəbləri var. Yəqin ki, burada təcrübəsizlik də öz sözünü deyirdi. Tələbələrə isə elektron universitetin imkanlarından istifadə etməyi anlatmaq və semestr ərzində yığılacaq balların qaydalarını izah etmək, o cümlədən tələbələrə həmçinin fərdi tədris planının tutulmasının əhəmiyyəti və bu barədə iştirakların mühüm olmasını çatdırmaq asan olmurdu. Bir çox tələbələrin isə kompyuter haqda ən sadə biliklərinin olmaması əlavə çətinliklər yaradırdı və hal-hazırda da bəzən yaratmaqdadır. Lakin artıq universitetdə bu sistem oturuşub. Düşüncələrdə müsbət istiqamətdə müəyyən dəyişikliklər var və getdikcə köhnə sistemin qaydaları unudulur, hər şey yeni sistemə uyğun formada məcraya düşür. İndi universitetə daxil olan tələbə qohumlarından, qonşulardan, dost-tanışdan az da olsa, bu barədə məlumat alır və onların kompyuter bilikləri əvvəlkilərə nisbətən daha yüksəkdir. Bu mənada işimiz getdikcə daha da asanlaşır. Hesab edirəm ki, gələcəkdə bu istiqamətdə bir çox yeniliklər də olacaq. Bakı Dövlət Universiteti bu mənada Azərbaycan təhsil ocaqları içində öncüldür və öncül olaraq qalacaq. Universitetdə təhsilin keyfiyyətinin qaldırılmasına, şəffaflığın təmin olunmasına böyük önəm verilir. Biz bunu dərk edir, işlərimizin daha mükəmməl formada təşkilinə və yerinə yetirilməsinə çalışırıq.

- Tyutor vəzifəsini yerinə yetirmək üçün hansı maddi-texniki baza və əyani vəsaitlər lazım gəlir?

- Onu deməliyəm ki, universitetimiz sözün əsl mənasında tam kompyuterləşdirilib və yüksək sürətli internetlə təmin olunub. Əvvəl də söylədiyim kimi, bizim işimizin böyük bir hissəsini məhz elektron universitet təşkil edir və bizlər həm kompyuterlərlə, həm də internetlə tam təmin olunmuşuq. Bundan əlavə tələbələrin məşğul olması üçün kompyuter auditoriyaları, testlə imtahan vermək üçün xüsusi kompyuter otaqları mövcuddur.

- Tyutorları inkişaf etdirmək üçün hansısa proqramlar varmı və onlardan yararlanılırmı?

- Çox gözəl sualdır. Təbii ki, hər şey inkişaf edir. İş prosesində çevik olmaq, yeni-yeni qarşıya çıxan problemləri aradan qaldırmaq üçün bizlər öz üzərimizdə daimi işləməli, zamanın tələbinə uyğunlaşmalıyıq. Bunu bizlərdən universitet rəhbərliyi çox ciddiyyətlə tələb edir, eyni zamanda şərait də yaradır. Belə ki, universitetdə elektron tədris mərkəzi fəaliyyət göstərir və tyutorlar daim bu mərkəzlə əlaqə saxlayır, yeniliklərlə tanış olur, həmçinin kiçik seminar və kurslarda iştirak edirik. Lakin hesab edirəm ki, gələcəkdə Avropa ölkələrində Bolonya prosesinin tətbiqi ilə bağlı həmin ölkələrin universitetlərinin təcrübələri ilə yaxından tanışlıq və qarşılıqlı, intensiv mübadilələr daha faydalı olardı.

- Siz bir tyutor kimi ali təhsilin inkişafında nələri təklif edərdiniz?

- Düşünürəm ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün yaxşı kadrlar lazımdır və bu kadrlar kifayət qədər maddi baxımdan təmin olunmalıdır. Müəllimlərin maaşı o qədər də yüksək deyil. Təhsil sistemində işlədiyim müddətdə yəqin edirəm ki, təhsil sistemində işləmək ağır, çətin, məsuliyyətli və şərəfli işdir. Müəllim insan yetişdirir, onu ən azı dövlətə, millətə gərəkli bir vətəndaş kimi formalaşdırır. Belə olan halda müəllim heç zaman aşağı təmin olunmuş təbəqədən olmamalı, əksinə, mümkün qədər təminatı yüksəldilməlidir.

 

 

İlkin AĞAYEV

 

Palitra.- 2011.- 5 aprel.- S. 7.