Uşaq turizmi necə inkişaf edir?

 

Dünyada inkişaf etmiş turizm növlərindən biri də uşaq turizmidir. Həmin turizm növü uşaqların öz ölkələrinin təbiəti, mədəni irsi, gözəllikləri ilə bilavasitə tanış olması, eləcə də bölgələrlə bağlı ətraflı məlumat almasına imkan verir. Məhz bu baxımdan müxtəlif ölkələrdə uşaq turizminə xüsusi diqqət yetirilir. Azərbaycanda da bir vaxtlar uşaq və gənclərin ölkəmizin tarixini və gözəlliklərini əks etdirən yerlərə, eləcə də müxtəlif bölgələrə ekskursiyaları təşkil olunurdu. Hazırda ölkəmizdə uşaq turizmi ilə bağlı vəziyyət necədir və belə ekskursiyalar təşkil olunurmu?          

 

Tələbələr üçün ekskursiyalar təşkil olunacaq 

 

Gənc nəslin Azərbaycanın tarixini yaxşı bilməsinin vacib olduğunu deyən Azərbaycan Turizm Şirkətləri Assosiasiyası (AZTA) sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, əks halda bəzən elə olur ki, tarixini, ədəbiyyatını bilməyən tələbələr, yuxarı sinif şagirdləri hansısa məqamda xarici qonaqla təmasda olanda ona ölkəmiz haqqında yetərli məlumat verə bilmirlər: “Buna görə də turizm kafedralarının fəaliyyət göstərdiyi təhsil ocaqlarının tələbələri üçün AZTA ekskursiyalar təşkil etməyi planlaşdırır. Bu məsələ “Turizm ili” çərçivəsində görəcəyimiz işlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə verilən təkliflərdə də xüsusi bənd kimi qeyd edilib. Həm Bakıdan müxtəlif regionlara, həm də regionlardan Bakıya ekskursiyalar nəzərdə tutulub. Əsas məqsədimiz şagird və tələbələri Azərbaycanın tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti ilə yaxından tanış etmək, onlarda öz ölkəsi və dövləti haqqında geniş təsəvvür formalaşdırmaqdır. Mədəniyyət və Turizm, Təhsil nazirlikləri ilə birlikdə bu işin təşkilinə başlamaq istəyirik”.  M.Ağakərimov onu da vurğuladı ki, ekskursiyalar təcrübəli və məlumatlı bələdçilərin müşayiəti ilə həyata keçirilməlidir. Uşaqlara geniş və dəyərli məlumatlar verilməlidir. Bu isə onlarda vətənpərvərlik hissinin güclənməsinə səbəb olar: “Vətənpərvərlik təkcə vətəni sevmək deyil. Öz vətənini dərindən tanımaq, öyrənmək lazımdır ki, lazım olanda xaricilərə bu haqda ətraflı məlumat verməyi də bacarasan”. Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin (RGTDM) direktor müavini Səlimə Allahverdiyeva isə bildirdi ki, təmsil etdiyi mərkəz tərəfindən uşaqların elmi dünyagörüşünün formalaşdırılması, şagirdlərin asudə vaxtını, istirahətlərini mənalı, səmərəli qurması üçün maraqlı layihələr əsasında bir sıra ekskursiyalar təşkil edilir. Onun sözlərinə görə, əsas məqsəd məktəblərə turizm-diyarşünaslıq və ekskursiya işlərinin təşkili üçün metodiki köməklik göstərmək, məktəblilər arasında kütləvi turizmi təbliğ və inkişaf etdirməkdir: “Mərkəzdə fəaliyyət göstərən dərnəklərə Bakının rayonlarının ümumtəhsil məktəblərində təhsil alan gənc və yeniyetmələr cəlb olunub. Bu dərnəklərdə məşğələlər müxtəlif profillər üzrə aparılır. “Tarix-diyarşünaslıq”, “Ədəbi diyarşünaslıq”, “Coğrafiya-diyarşünaslıq”, “Xalçaçılıq”, “Piyada-turizm”, “Gənc turist”, “Gənc bələdçi”, “Gənc ekoloq” dərnəkləri fəaliyyət göstərir”.  S.Allahverdiyevanın sözlərinə görə, mərkəz öz işini “Azərbaycanı sev və öyrən” Respublika Turist Diyarşünaslıq Ekspedisiyasından irəli gələn tapşırıqları nəzərə alaraq 7 istiqamətə uyğun formada davam etdirir: “Yürüş, səyahət, ekskursiya və gəzintilərdə iştirak edən yeniyetmələr xalqımızın qədim və zəngin mədəni irsinə yaxından bələd olur və öyrənirlər. 2010-cu ildə yazıçı, şair, elm və incəsənət xadimlərinin həyat və yaradıcılıq fəaliyyətini öyrənmək, tarixi abidələrə ekskursiya işini davam etdirmək, maddi mədəniyyət nümunələrinin öyrənilməsi məqsədilə Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan ev, xatirə, memorial muzeylərlə müqavilə bağlamışıq. Həmçinin AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi, Qız qalası və Şirvanşahlar Saray Kompleksi, R.Mustafayev adına İncəsənət Muzeyi ilə də müqavilələr bağlanıb. İl ərzində müqaviləyə əsasən, 1790 uşaq muzeydə, 540 uşaq ekskursiya gəzintisində və tamaşalarda olub”. 

 

Hazırda ekskursiyalar pərakəndə halda təşkil olunur 

 

Onu da qeyd edək ki, xarici ölkələrdə uşaq turizminin təşkilində turizm şirkətləri də öz əməyini əsirgəmir. Bu gün ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri bu istiqamətdə fəaliyyətini necə qurub?  Hazırda fəaliyyət göstərən turizm şirkətlərindən biri, “Bakı-tur” turizm şirkəti tərəfindən müxtəlif məlumat kitabçaları çap edilir. Şirkətin əməkdaşı Əlixan Mürvətovun sözlərinə görə, həmin kitabçalarda məktəblilər üçün hansı ekskursiyaları təşkil etmək, onları hansı məkanlara aparmaq olar, nəqliyyat və məktəblilər üçün təşkil ediləcək əyləncəli turlar haqqında geniş və əhatəli məlumatlar verilib: “Şirkətimizə hər hansı bir məktəb ekskursiya təşkili üçün müraciət etdikdə onlara maraqlı gəzinti təşkil edirik. Belə gəzintilər indiyə qədər “Atəşgaha”, Qobustana, İçərişəhərə, Bakı ətrafına, Qubaya və Şamaxıya birgünlük turlar şəklində təşkil olunub”. O da vurğulandı ki, “Bakı-tur”orta səviyyəli turizm işçiləri hazırlayan 11 saylı Bakı Peşə Liseyi ilə də müqavilə bağlayıb: “Bu liseyin tələbələri həftədə bir dəfə bizim şirkətə praktikaya gəlirlər. Amma bunlar kifayət deyil. Bu gün ölkəmizdə uşaq turizmi o qədər də yüksək səviyyədə inkişaf etməyib. Həmin işin təşkilinə maliyyə ayrılmalıdır. Bu zaman məktəbdənkənar ekskursiyalar təşkil etmək olar. Əgər məktəbdə tarix dərsində şagirdlər Qobustan haqqında dərs keçirsə, bu zaman hər hansı bir turizm şirkətinə müraciət olunsa və onlar məktəblilərin bu məkana ekskursiyasını təşkil etsələr, həmin məkanla əyani tanışlıq nəticəsində öyrəndikləri şagirdin yaddaşında əbədi qalar. Hazırda bu cür ekskursiyalar pərakəndə formada təşkil olunur. Bizə müraciət olduqda, valideyn və müəllimlərin iştirakı ilə bu cür turlar təşkil edirik. Bu zaman uşaqları ekskursiya bələdçisi müşayiət edir və onlara lazımi məlumatlar verilir”. Hazırda ölkədə uşaq turizminin fəaliyyəti ilə bağlı fikirlərini bildirən Azərbaycan Turizm İnstitutunun tədris işləri üzrə prorektoru Eldar Aslanov bildirdi ki,  ölkəmizdə sovet dövründə uşaq turizmi ilə bağlı xeyli irəliləyiş olub: “Ölkədə geniş uşaq düşərgələri vardı. Yay tətili dövründə uşaq istirahətinin təşkili işi vardı. Amma sovet dövlətinin dağılması çox təəssüflər olsun ki, bu tipli işlərin, ümumilikdə uşaq turizminin zəifləməsinə səbəb oldu. Həmçinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz ata-baba yurdlarından çıxarılmış soydaşlarımızın bir çoxu məhz uşaq düşərgələrində yerləşdirildi. Ona görə də sovet dövrünü və xarici ölkələrdəki uşaq turizminin vəziyyətini müqayisə etdikdə demək olar ki, bu sahədə Azərbaycanda vəziyyət lazımi səviyyədə deyil. Bu gün Azərbaycanda demək olar ki, uşaq düşərgələri təşkil edən təşkilatların sayı barmaqla sayılacaq qədər azdır. Uşaqlar üçün turlar da demək olar ki, yoxdur. Ona görə də bu sahədə vəziyyət və fəaliyyətlər çoxları kimi məni də qane etmir.  Bu istiqamətdə işin necə qurulmasına gəldikdə isə E.Aslanov bildirdi ki, sovet dövründə belə bir ekskursiyalar və yay düşərgələri olurdu və çoxları buna ideoloji bir iş kimi baxır: “Əslində uşaq turizminin ideoloji məqamı sovet hökumətinin yanaşması idi. Xarici ölkələrdə, əsasən Qərb ölkələrində uşaqların düşərgələri var. Misal üçün, “Skaut” hərəkatı və s. Bunlar uşaq turizmi üçün mühim təşkilatlardır. Məncə, bu işdə dövlət orqanları, xüsusilə Təhsil Naizrliyi, Gənclər və İdman Nazirliyi, o cümlədən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası təşəbbüsü ələ almalıdır. Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Bakı ətrafında və regionlarda uşaq və gənclər üçün yay düşərgələri salınmalıdır. Həmin düşərgələr həm kommersiya xarakterli olmalı, həm də dərslərdə fərqlənən, müəyyən qayğıya ehtiyac duyan ailələrdən olan uşaqlar üçün təşkil olunmalıdır. Bu işdə səyahət agentlikləri də öz təkliflərini bazara təqdim etməlidirlər. Uşaqlar ağır dərs proqramlarını başa vurduqdan sonra yay tətilini səmərəli keçirməli, öz ölkələri, önun zəngin təbiət və tarixi irsi ilə tanış olmalıdırlar. Bu düşərgələrdə uşaqlara azərbaycançılıq və vətən sevgisi aşılanmalı, hərbi idman oyunları təşkil edilməlidir. Bir sözlə, bu sahədə sistemli və kompleks tədbirlərin görülməsinə ehtiyac var”.

 

 

Nigar

 

Palitra.- 2011.- 5 aprel.- S. 8.