«Ali məktəblərimiz elə kadr hazırlamalıdır ki, cəmiyyətin onlara ehtiyacı olsun»

 

Layihə çərçivəsində müsahibimiz Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Çingiz İbrahimlidir: 

 

- Təhsilin inkişaf etməsi dövlətin, millətin inkişafı üçün son dərəcə mühüm məsələdir. Gələcəyimiz bu gün şagirdlərə, tələbələrə verilən təhsildən asılıdır. Əgər təhsilimizi müasir dövrün tələblərinə uyğun qurmasaq, gələcəkdə bununla bağlı çoxlu problemlər yaşaya bilərik. Dövlətin inkişafı təhsildən çox asılıdır. Bu sahəyə qoyulan sərmayə dövlətin gələcək inkişafına qoyulan sərmayədir. Sovet dövründə bir çox qüsurlarına baxmayaraq bütövlükdə təhsil sistemi xeyli inkişaf etmişdi. Sovet təhsil sistemi ilə bağlı danışanda bəzi ideoloji məsələləri bir kənara qoyuram, hansı ki, bu dövrün tələbi ilə bağlı idi. Amma bütövlükdə həmin illərin təhsil sistemində mütərəqqi məqamlar xeyli çox idi və bu gün Azərbaycan elminin, təhsilinin və ümumilikdə dövlətin inkişafı üçün çalışanların əksəriyyəti həmin təhsil sisteminin yetişdirmələridir. Amma sovetlər dağılandan sonra bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ciddi böhran yaşandı. Müstəqilliyin ilk illərində ölkədə vəziyyət o qədər ağır idi ki, təhsil heç yada düşmürdü. Müstəqilliyimiz itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı, respublikamız ciddi problemlər, parçalanmalar təhlükəsini yaşayırdı. Amma ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsindən sonra dövlətimiz bu bəlalardan qurtuldu. Həmin dövrdən ölkədə başlayan siyasət tədricən dövlətimizin toparlanması və sonradan yeni inkişaf mərhələsinə qədəm qoyması ilə nəticələndi.  Dövlət üçün strateji əhəmiyyət kəsb edən təhsil sisteminin inkişaf etməsi iqtisadi gücə bağlıdır. Dövlət güclü olduqca, lazımi maliyyə vəsaitinə malik olduqca bu sahənin inkişafına sərmayə yatıra bilir. Ulu öndərin siyasətini uğurla davam etdirən dövlət başçımızın apardığı siyasət nəticəsində bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Bu gün Azərbaycan elə səviyyədə inkişaf etmiş dövlətdir ki, heç kimdən asılı deyil. Dövlətimiz bu gün çox mühüm əhəmiyyət kəsb edən enerji təhlükəsizliyini tam təmin etmiş azsaylı dövlətlərdən biridir və bir çox dövlətin bu probleminin həllində böyük rol oynayır. Dövlətimizin bu inkişafı təhsil sisteminin inkişafında da özünü göstərir. Dövlət başçısı bu sahənin ölkə üçün nə qədər böyük əhəmiyyət daşıdığını doğru qiymətləndirdiyi üçün daim bu sahəni diqqət mərkəzində saxlayır. 

Dövlət proqramları əsasında ölkəmizin hər bir güşəsində şagirdlərin təhsil alması üçün müasir avadanlıqla təchiz edilmiş məktəblər tikilərək şagirdlərin istifadəsinə verilir. Həmin məktəblərin müasir informasiya texnologiya avadanlıqlarından istifadə etməsi, internetə birbaşa çıxışın olması, şagirdlərin müxtəlif elektron lövhələrdən yararlanması məktəb təhsilinin inkişafı üçün ciddi əsas yaradıb. Dövlət yaxşı bilir ki, keyfiyyətli təhsilin verilməsi üçün münasib şərait olmalıdır. Ona görə ilk mərhələdə yeni məktəblərin inşa edilməsi, bəzi məktəblərin müasir səviyyədə təmir-bərpa edilməsi həyata keçirildi. Bu işin nəticəsidir ki, bu gün bəzi istisnalarla respublikamızda demək olar ki, məktəb binaları ilə bağlı problem yoxdur. Bu iş təkcə məktəblərlə tamamlanmır. Baxın görün, bu gün ali məktəblərimizlə bağlı dövlət səviyyəsində hansı işlər görülür. Dövlət başçımızın açılışını etdiyi Bakı Dövlət Universitetinin yeni korpusu, Tibb Universitetinin tədris-terapevtik klinikası və digər klinikalarının açılışı ali təhsilin keyfiyyətcə yeni mərhələyə keçməsini təmin edib. Təkcə elə terapevtik klinikanın açılması tibb təhsilinin inkişafına dövlət tərəfindən verilən böyük töhfədir. Belə bir klinikanın yaradılması zərurəti universitetin klinik fənlər tədris edilən kafedralarının çoxunun Bakının müxtəlif rayonlarının ərazisindəki xəstəxanalarda yerləşməsi ilə bağlı idi. Bu, tədris prosesinin təşkilinə mənfi təsir göstərməklə yanaşı, bir sıra başqa narahatlıqlara da səbəb olurdu. Həmin kafedraların vahid mərkəzdə cəmləşməsi isə, ilk növbədə, tədrisin keyfiyyətini və maddi-texniki təminatını yaxşılaşdırmağa imkan verəcək, elmi tədqiqat işlərinin aparılması üçün əlavə imkanlar yaradacaq. Klinikada rezidentura və doktorantura xətti ilə yüksək ixtisaslı kadrların hazırlanması həyata keçiriləcək. Yəni lazım olan baza var. İkinci mərhələ artıq keyfiyyətli təhsilin verilməsidir.

- Bu sahə problemlərdən xali deyil. Təhsilimizin problemlərini necə dəyərləndirirsiz?

-   Təbii, görülürsə, orada problemlər olacaq. Amma qeyd etdiyim kimi təhsil elə bir sahədir ki, burada problemlər gərək minimum səviyyədə olsun, hamı əlini daşın altına qoymalıdır ki, təhsil sektorumuz şagirdlərimizə, tələbələrimizə lazımi səviyyədə təhsil verə bilsin. Təhsil sektorunda problemlərin ən müxtəlif səbəbləri var ilk növbədə bu səbəbləri aradan qaldırmaq lazımdır. Məktəb müəllimi işini dövrün tələbinə uyğun qurmağı bacarmalıdır. Bu həm məktəb müəlliminə, həm ali məktəb müəlliminə aiddir. Bizdə elədir ki, şagirdlər ibtidai təhsili lazımi səviyyədə alırlar, amma sonradan yuxarı siniflərə keçdikcə şagirdlərin təhsilə marağı azalır onlar dərsdən yayınmağa başlayırlar. Ona görə yuxarı sinif şagirdləri ilə çalışan müəllimlər diqqətli olmalı, onların dərsdən yayınmasına imkan verməməyə çalışmalıdırlar. Bunun üçün valideynlərlə sıx əməkdaşlıq edilməsi vacibdir. Elə etmək lazımdır ki, şagird anlasın ki, məktəbdə aldığı təhsil onun gələcəyi üçün çox vacibdir. Yaxşı oxuyan şagird məktəbdə aldığı təhsilə əsasən ali məktəbə daxil olur. Bir qədər zəif oxuyan şagirdi isə başa salmaq lazımdır ki, bu heç hər şeyin sonu deyil, həmin şagirdlər peşə təhsili ala bilərlər ki, bu da onlar üçün çox vacibdir. Onlara başa salmaq lazımdır ki, bu gün respublikamız inkişafdadır müvafiq peşə təhsili alan mütəxəssislərə böyük ehtiyac var. Onlar peşə təhsili almaqla gələcək karyeralarını qurmaq üçün böyük addım atmış olacaqlar. Bu işdə məktəblə valideyn birgə işləməlidir. İbtidai siniflərdə şagirdlərin çox yüklənməsi valideynlər tərəfindən səsləndirilən haqlı narazılıqlardan biridir. İkinci ya üçüncü sinifdə təhsil alan şagirdə bir gün üçün o qədər çox ev tapşırığı verirlər ki, onların hamısını etməyə şagirdin gücü yetmir. Ali məktəblərimizdə bəzi problemlər qalmaqdadır. Ali təhsil almış gənc artıq müvafiq sahədə çalışmağa hazır olan mütəxəssis olmalıdır. Gərək ali məktəblərimiz elə kadrlar hazırlasınlar ki, sabah cəmiyyətdə, istehsalatda onlara ehtiyac olsun. Elə sadəcə diplom xatirinə təhsil olmaz. Tələbə bu gerçəyi anlamalıdır ki, yaxşı təhsil almasa, müasir biliklərə yiyələnməsə, gələcəkdə onsuz da özünə tapmayacaq. Çünki müəssisələr, özəl qurumlar savadlı gəncə üstünlük verəcəklər. Bu gün dövlət qulluğuna şəffaf şəkildə imtahanlar keçirilir. Savadı olmayan, sualları cavablandıra bilməyənlər imtahandan keçə bilmir dövlət qulluğunda işə qəbul oluna bilmirlər. Amma ali məktəbdə yaxşı təhsil almış, müasir biliklərə yiyələnmiş gənclər bu mərhələlərdən keçərək dövlət qulluğunda işlə təmin olunurlar.

- Bu problemləri həll etmək üçün hansı işlər görülməlidir?

- İşə baxçadan başlamaq lazımdır. Gələcəyin vətəndaşı orada yetişir. Məktəb və ali təhsil artıq sonrakı mərhələdir. Məktəblər təhsil sistemindəki mühüm olan yerini daha da möhkəmlətməlidir. Müəllimlərimiz şagirdlərin hazırlanmasına xüsusi diqqət ayırmalıdırlar. Çünki onlar dövlətimiz üçün vətəndaş hazırlayırlar və təməli necə qoysalar, sonrası da elə gedəcək. Məktəblərdə mövcud olan bəzi neqativ halların aradan qaldırılması üçün müəllimlərin maaşlarının artırılması da vacibdir. Bu həm məktəb, həm də ali məktəb müəlliminə aiddir. Belə olan halda ali məktəbdə dərs deyən alimlərimiz daha bir neçə işin dalınca qaçmaz, bir neçə ali məktəbdə dərs deməzlər. Lazımi miqdarda əməkhaqqı alan alim həm bir yerdə çalışaraq keyfiyyətli dərs aparar, həm də tədqiqat işi ilə məşğul olar. Müxtəlif elmi tədqiqat institutlarında çalışan alimlərimiz vaxtlarının çoxunu ali məktəblərdə dərs deməyə sərf edirlər ki, bu da onların elmi araşdırma aparmasına mane olur. Amma əməkhaqqı məsələsinin həll edilməsi bu problemi həll edə bilər. Ali məktəblərdə elmi tədqiqat işlərinin aparılmasına, alim hazırlanmasına, dissertasiya işlərinin yazılmasına diqqət artırılmalıdır ki, ölkəmiz üçün həqiqi alim hazırlansın. Son dövrlər bu sahəyə xüsusi diqqət ayrılması müsbət məqamdır. Əvvəllər bu sahədə böyük bir boşluq var idi və elmi işlərin, dissertasiyaların yazılmasında qüsurlara yol verilirdi. Eyni mövzu ilə bağlı çoxlu təkrarlara yol verilirdi və müdafiə olunan işlər elmimizə heç bir yenilik vermirdi. Amma elə etmək lazımdır ki, dövlətimiz üçün gərəkli olan sahələr üçün alim hazırlansın. Və aparılan elmi araşdırmalar, müdafiəyə təqdim olunan işlərdə yeni söz, yeni fikir olsun.  

 

 

A.Miriyev

 

Palitra.- 2011.- 6 aprel.- S. 7.