Aysel Həsənova: “Əhali arasında məişət zorakılığının mənfi hüquqi, tibbi sosial nəticələri izah edilməlidir

 

(Əvvəli 01 aprel sayımızda) 

 

- Qanuna uyğun olaraq məişət zorakılığının qarşısının alınmasının hansı yolları mövcuddur?

- “Məişət zorakılığının qarşısının alınması” haqqında Azərbaycan Respublikası Qanununa əsasən dövlət tərəfindən məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədilə hüquqi, sosial və qabaqlayıcı tədbirlər görülür. Məişət zorakılığına qarşı mübarizədə həyata keçirilən hüquqi xarakterli tədbirlər dedikdə buna məişət zorakılığı hallarının araşdırılması, məişət zorakılığına yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi aiddir. Yəni əgər məişət zəminində fiziki, cinsi və ya psixi zorakılıq törədilərsə, zorakılıq faktının araşdırılması üçün tədbirlər görülür. Həmin zorakılığa yol verən şəxslər isə qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir. Təəssüf ki, qeyd olunan qanunda məsuliyyətin formaları göstərilməyib. Ancaq ABŞ təcrübəsinə əsasən qeyd edə bilərəm ki, məsuliyyətin növləri mülki, inzibati və cinayət məsuliyyəti kimi təsnifatlara bölünür. Elə buna istinadən cinayət məsuliyyəti dedikdə ictimai təhlükəli əməli törədən şəxsin məsuliyyətə cəlb olunaraq cəzalandırılması nəzərdə tutulur. Məsələn, məişət zəminində baş verən mübahisə zamanı kişi tərəfindən qadının sağlamlığının pozulmasına səbəb olan fiziki xəsarətlər yetirilmişsə, xəsarətin dərəcəsindən asılı olaraq kişi təqsirləndirilən şəxs qismində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cəlb olunur, ibtidai araşdırma yekunlaşdıqdan sonra müvafiq  məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edir. Əgər həmin təqsirləndirilən şəxs olan kişinin əməllərində cinayət tərkibi yoxdursa, yalnız əməllə inzibati qanunvericilikdə nəzərdə tutan normalar pozulmuşsa, həmin şəxs inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati xarakterli hüquqi tədbirlər görülür. Əgər qeyd etdiyim misalda qadının kişi tərəfindən şərəf və ləyaqəti ləkələnilərsə, əmlakına ziyan dəyərsə və ya məhv olarsa, həmçinin ona qarşı zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ var. Bu zaman iddiaçı olan qadının lehinə çıxarılmış məhkəmə aktı ilə cavabdeh şəxs olan kişinin üzərinə mülki məsuliyyət qoyulur. Sadaladığım hallar məişət zorakılığına qarşı tətbiq olunan hüquqi tədbirlərin ünsürləridir. Məişət zorakılığının qarşısının alınması ilə bağlı sosial xarakterli tədbirlər dedikdə isə zərərçəkmiş şəxslərin sosial müdafiəsi, o cümlədən müvəqqəti sığınacaqla təmin edilməsi, onlara dövlət hesabına hüquqi və tibbi yardımın göstərilməsi, habelə digər sosial yönümlü tədbirlərin həyata keçirilməsi başa düşülür. Təəssüf ki, qanunda bu cür norma olmasına baxmayaraq sosial xarakterli tədbirlərin həyata keçirilməsi üçün müvafiq dövlət proqramları hazırda mövcüd deyil. Qanunda qabaqlayıcı tədbirlər dedikdə isə məişət zorakılığının qarşısının alınmasına yönəlmiş digər maarifləndirmə tədbirləri başa düşülür. Yəni əhali arasında məişət zorakılığının mənfi hüquqi, tibbi və sosial nəticələrinin izah edilməsi və s.

- Məişət zorakılığının qarşısının alınmasında ABŞ-da hansı praktika mövcuddur?

- Amerikada ilk dəfə məişət zorakılığı ilə mübarizə hərəkatı 1970-ci illərdə başlayıb. Belə ki, ilk dəfə olaraq ailədə əri tərəfindən zorakılığa məruz qalan qadın və uşaqlar üçün qısamüddətli təhlükəsizlik sığınacaqları yaradılıb. Ancaq zorakılıq qurbanlarının müdafiəsi üçün təsis edilən belə sığınacaqlar elə də uğurlu praktika olmayıb. Belə ki, sığınacaqlarda qalmanın qısa müddət dairəsini əhatə etməsi bu müddətlərin uzadılması üçün maddi zəruriyyətlər və mükəmməl qanunvericilik bazasının formalaşmasını tələb edirdi. Hələ ABŞ-da məişət zorakılığı ilə mübarizə sahəsində belə qanunvericilik bazasının formalaşması uzun müddət çəkib və yalnız 1990-cı illərin əvvələrində mümkün olub. Belə ki, məişət zorakılığı ilə mübaizədə dövlət orqanları, hüquq-mühafizə orqanları və ictimai-birliklər, qeyri-hökumət təşkilatları ilə müştərək qaydada genişmiqyaslı işlər aparmaqla strateji planlar qəbul edilib və qanunvericilik bazasını möhkəmləndirilib.1994-cü il Nyu York ştatında məişət zorakılığına qarşı mübarizə sahəsində  həlledici il olub. Belə ki, həmin ildə Nyu York ştatının qanunvericilik orqanı tərəfindən “Ailə mühafizəsi və məişət zorakılığının müdaxiləsi” haqqında akt  qəbul olunub. Həmin aktla zorakılıq qurbanlarının təhlükəsizliyinin təmin olunması üçün mühafizə orderi qəbul olunub və  mühafizə orderinin tətbiqi məhkəmə və polisin səlahiyyətinə verilib. Eyni ildə ABŞ-da Senat tərəfindən “Qadınlara qarşı zorakılıq əleyhinə” akt qəbul edilib və Amerikada bütün ştatlarda məişət zorakılığı əleyhinə tədbirlər proqramının hazılanması geniş vüsət alıb. Burada adətən dövlət büdcəsinin maliyyə vəsaiti hesabına bir neçə təlükəsizlik sığınacaqları yaradılıb. Daha sonradan isə qeyri-hökumət təşkilatları tərəfindən belə sığınacaq mərkəzləri yaradılıb. Qeyd edim ki, zaman keçdikcə belə sığınacaqların tərkibində hüquqi marifləndirmə və hüquqi yardım mərkəzləri təsis edilməyə başlanıb. Bildirmək istəyirəm ki, mən Nyu York ştatının Buffalo şəhərində təcrübə keçərkən Ailə Ədalət Mərkəzində olanda (Family Justice Center) bu cür sığınacaqların iş rejimini öyrənmək fürsətinə malik olmuşam. Əvvəla, qeyd edim ki, belə mərkəzlər hüquq-mühafizə və səhiyyə orqanları ilə qarşılıqlı əməkdaşlıq edirlər. Zorakılıq  qurbanı olan qadın hüquq-mühafizə orqanının təqdimatı ilə təhlükəsizliyinin təmin olunması üçün belə mərkəzə qeydiyyata alınır. Orada zərərçəkən şəxsin tibbi müayinəsi keçirilir. Psixoloqla ünsiyyətdə olur. Hüquqi cəhətdən maarifləndirilmə kurslarına yazılır. Həmin zərərçəkən qadınların təhlükəsizliyi isə yüksək şəkildə təmin olunur. Yaşamağa başqa yeri olmayan belə zərərçəkən şəxslər üçün “FJC” kimi mərkəzlərdə yatılı xidmətlər fəaliyyət göstərir. Burada qalma müddəti isə bir aydır. Bu müddət başa çatdıqda isə qalmağa yeri olmayan belə qadınların və onların himayəsində olan uşaqların yaşaması və həmçinin məhkəmə prosesləri gedən ərəfədə təhlükəsizliklərinin təmin olunması üçün onlar uzunmüddətli təhlükəsizlik sığınacaqlarına göndərilirlər. Belə sığınacaqlar da hər cür texnika və imkanlarla tam təchiz olunur. Hətta uşaqların təhsillərini davam etdirmələri üçün xüsusi nəqliyyatla məktəbə aparılıb-gətirilməsi belə təmin olunur. Aztəminatlı qadınlara və onların himayəsində olan uşaqlara müəyyən məbləğlərdə xərclərin ödənilməsi üçün pul vəsaiti verilir. Zorakılıq qurbanlarının psixoloji reabilitasiyası və normal həyat tərzlərinin bərpası üçün tədbirlər keçirilir. Göründüyü kimi, Amerikada məişət zorakılığı ilə bağlı müfəssəl tədbirlər planları həyata keçirilir və indinin özündə də yeniliklər hazırlanır və məişət zorakılığı adlı bəla ilə mübarizə tədbirləri gücləndirilir.

- Ümumiyyətlə, beynəlxalq qanunvericilik və beynəlxalq mexanizmlər bu barədə nə deyir?

- Söhbətim əsnasında da qeyd etdiyim kimi, məişət zorakılığı, xüsusilə də  cəmiyyətin zərif cinsi olan qadınlara qarşı yönələn bu zorakılıq yalnız  Azərbaycanda deyil, geniş miqyası əhatə edən qlobal problemdir. Bu problemlə  bağlı, cəmiyyətin inkişafının təmin edilməsi məqsədilə beynəlxalq təşkilatlar tərəfindən hər il müvafiq tədbirlər planı həyata keçirilməkdədir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Konvensiyası (CEDAW) indiyədək qadın hüquqları ilə  bağlı qəbul edilmiş ən mükəmməl toplu hesab edilir. Sözügedən konvensiya 1979-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilib və sənəd beynəlxalq müqavilə kimi 1981-ci ilin 3 sentyabr tarixindən - 20-ci ölkə tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minib. Konvensiyanın 10 illiyi tamam olanda, yəni 1989-cu ildə artıq 100-ə yaxın dövlət bu sənədə qoşulmuş olub. Giriş hissəsindən və 30 maddədən ibarət sənəd qadınlara qarşı ayrı-seçkiliyin tərifini müəyyən edir və bu ayrı-seçkiliyə son qoymaq məqsədilə iştirakçı dövlətlər üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Konvensiyaya görə, qadınlara qarşı ayrı-seçkilik hüquq bərabərliyi və insan ləyaqətinə hörmət prinsipini pozur, qadınların öz ölkəsinin siyasi, sosial, iqtisadi və mədəni həyatında kişilərlə bərabər iştirakına əngəl törədir, ailənin və cəmiyyətin rifahının yüksəlişinə mane olur, qadınların öz ölkəsinə və bəşəriyyətə xidmət etmək imkanlarını çətinləşdirir. CEDAW Konvensiyasına sonradan əlavə olaraq qəbul olunmuş 1 saylı Protokolda isə məişət zorakılığının təfsirini verməklə ona qarşı mübarizə tədbrləri barədə müddəalar öz əksini tapıb. Azərbaycan Respublikası CEDAW Konvensiyasını 1995-ci ildə ratifikasiya edib.  2001-ci il də isə qeyd olunan Konvensiyanın 1 saylı Protokolunu imzaladıqdan sonra Azərbaycan Respublikası məişət zorakılığının qarşısının alınması barədə qanunvericilik bazasını yaratmağı öhdəsinə götürüb.

- Son olaraq, sizin məişət zorakılığına qarşı münasibətiniz necədir?

- Mənim fikrimcə, məişət zorakılığı birmənalı olaraq cinayət əməlidir. Özü də lokal deyil, qlobal bir cinayətdir. Necə ki, cəmiyyəti təhlükə altına alan ictimai təhlükəli qəsdlərdən qorumaq üçün sanksiyalar tətbiq olunur və ya belə cinayətkar qəsdlərə qarşı tədbirlər görülür, eləcə də məişət zorakılığı cinayətinə qarşı da genişmiqyaslı intensiv tədbirlər planı görülməlidir.  

 

 

Əlimərdan Sultanov

 

Palitra.- 2011.- 6 aprel.- S. 11.