Maddi-mənəvi mədəniyyətin
və dəyərlərin
araşdırılması mühüm
əhəmiyyət kəsb
edir
Dünyada qloballaşma prosesinin getdiyi və günü-gündən
intensivləşdiyi bir
zamanda milli-mənəvi
dəyərlərin qorunub
saxlanılması və
gələcək nəsillərə
ötürülməsi mühüm
əhəmiyyət kəsb
edir. Sözsüz ki, tarixən formalaşan maddi-mənəvi
dəyərlərin saxlanılması
prosesində xalqın
özünün rolu əvəzsizdir. Lakin unutmaq lazım
deyil ki, tarixin dərin qatlarından bu günümüzə qədər
gəlib çatan adət-ənənələrin, maddi-mənəvi mədəniyyətin,
dəyərlərin araşdırılması
və bu araşdırmaların mükəmməl
şəkildə gənc
nəslə çatdırılmasında tarixçilərin,
etnoqrafların mühüm
rolu var. Buna görə də bu tip
araşdırmaların çoxluq
təşkil etməsi
vacibdir.
Bu mənada AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi
işçisi, tarix elmləri doktoru Fəzail Vəliyevin
müəllifi olduğu “XIX-XX əsrin əvvəllərində
Azərbaycanın maddi mədəniyyəti” adlı
monoqrafiyanı bu tip araşdırmalar kontekstində xüsusi
vurğulamaq lazımdır. Burada bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycan
etnoqrafiya elmində indiyə qədər XIX-XX əsrin əvvəllərinin
maddi mədəniyyəti bütün Quzey Azərbaycanın
materialları əsasında sistemli şəkildə
xüsusi tədqiqat predmeti kimi geniş etnoqrafik tədqiqatlara
cəlb olunmamışdı. Buna görə də təqdim
olunan monoqrafiya bu sahədə olan boşluğu doldurmağa
xidmət edəcək. Monoqrafiyanın əsas elmi yeniliklərindən
biri maddi mədəniyyətimizin bütün sahələrinin
hərtərəfli araşdırılaraq tam elmi səciyyəsinin
verilməsi, ayrı-ayrı etnoqrafik bölgələrin maddi
mədəniyyətinin spesifik-lokal xüsusiyyətlərinin
ümumiləşdirilərək bəhs olunan dövrün
maddi mədəniyyət kompleksinin yaradılmasıdır. Bu
mənada təqdim olunan tədqiqat əsəri XIX-XX əsrin əvvəllərində
Azərbaycanın maddi mədəniyyətinin tədqiqinə
həsr olunmuş ilk ümumiləşdirici əsərdir.
Qeyd edək ki, XIX-XX əsrin
əvvəllərində Azərbaycanın maddi mədəniyyətinin
tədqiqi üzrə aparılan araşdırmalar təsdiq
edir ki, onun ayrı-ayrı sahələri uzun sürən
tarixi inkişaf prosesinin məhsulu olaraq yerli təbii-coğrafi
şəraitin, əhalinin təsərrüfat məşğuliyyətinin
yönümünün, sosial təbəqələşmənin,
eləcə də xalqımızın etnososial birliyində qərarlaşan
etnoslarla qarşılıqlı təmas, etnososial, etnosiyasi və
etnomədəni əlaqələrin yaratdığı
müştərək zənginləşmənin fəal təsiri
altında formalaşıb. XIX-XX əsrin əvvəllərinə
qədər gəlib çatan hər bir maddi mədəniyyət
elementinin böyük təkamül və inkişaf yolu
keçməsində xalqın yaradıcı əməyinin,
emprik bilik və təcrübəsinin, nəsillərdən-nəsillərə
ötürülən peşə sənət vərdişlərinin
böyük rolu olub. Tarix elmləri
doktoru F.Vəliyevin müəllifi olduğu “XIX-XX əsrin əvvəllərində
Azərbaycanın maddi mədəniyyəti” monoqrafiyası
giriş, dörd fəsil, nəticə və istifadə
edilmiş ədəbiyyat siyahısından ibarətdir.
Girişdə problemin istiqamətləri, tədqiqi vəziyyəti
və aktuallıq dərəcəsi vurğulanır.
Özündə qiymətli etnoqrafik materialları əks etdirən bu
monoqrafiyanın sonunda “İllüstrativ materiallar” adlı
bölmə də verilib. Bu bölmədə siklop tikililər,
Azıx mağarasının ümumi
görünüşü, süni mağara məskənləri,
kənd yaşayış məskənləri, dağ və
yamac kəndləri, Bakı və Şamaxı şəhərlərinin
təsviri, hasar növləri, qazma evlər, qadın və
kişi geyimləri, darvaza növləri, qadın baş geyimləri,
qadın milli geyim dəsti, geyimlər, müxtəlif bəzək
əşyaları və yemək növləri şəkillərdə
əks olunub. Bu isə kitabda verilən qiymətli məlumatları
şəkillər vasitəsilə daha dərindən dərk
etməyə imkan verir.
Monoqrafiyanın birinci fəsli “Xalq yaşayış məskənləri
və yaşayış evləri” adlanır. İlk olaraq
yaşayış məskənlərinin tip və növləri
haqqında danışılır. Bir məqam xüsusi olaraq
vurğulanır ki, yaşayış məskənlərinin
tarixi çox qədimdir. Bəşər cəmiyyəti
yarandığı vaxtdan yaşayış məskənləri
də mövcud olub, insan kollektivinin təsərrüfat fəaliyyətindən
asılı olaraq onların müxtəlif tip və
formaları yaranıb. Monoqrafiyada yaşayış məskənlərinin
etnoqrafik cəhətdən öyrənilməsinin elmi və
praktik əhəmiyyəti vurğulanır, bildirilir ki, hər
hansı bir ərazidə yaşayan xalqın
yaşayış məskənlərinin tip və
formalarını müəyyənləşdirmədən həmin
xalqın maddi və mənəvi mədəniyyətini,
təsərrüfat məişətini, adət-ənənələrini,
sosial-iqtisadi və mədəni inkişaf səviyyəsini,
ictimai məişətini və s. mükəmməl öyrənmək
mümkün deyil. Qeyd edək ki, monoqrafiyada süni
yaşayış məskənləri və onun spesifikası
Qarabağ, Xanlar, Şamaxı, Gədəbəy, Kəlbəcər,
Zəngilan, Naxçıvan, Qubadlı, Lerik,
Laçındakı faktlar əsasında açılır.
Fəsildə yaşayış məskənlərinin tip və
formaları, həyətlər, ev tikintisində istifadə
olunan inşaat materialları, ev tipləri və inşaat
texnikası, evlərin plan quruluşu, müvəqqəti
yaşayış evləri, yaşayış evlərinin
daxili səhmanı, ev tikintisi ilə bağlı xalq adətləri,
təsərrüfat tikililəri ətraflı təhlil olunur.
“Geyimlər və bəzəklər” adlı ikinci fəsildə
problem beş yarımbölmədə öz əksini
tapıb. İlk olaraq Azərbaycan geyimlərinin tarixi nəzərdən
keçirilir. F.Vəliyev bildirir ki, ənənəvi xalq
geyimləri və bəzəklər maddi mədəniyyətin
ayrı-ayrı məsələlərini araşdırmaq
üçün zəngin etnoqrafik materiallar verir. Geyimlərin
və bəzəklərin öyrənilməsi hər bir
xalqın milli xüsusiyyətlərini, iqtisadi və mədəni
həyat səviyyəsini, təsərrüfat məşğuliyyətinin
istiqamətini, onun başqa xalqlarla tarixi əlaqə və
qarşılıqlı təsir məsələlərini,
etik normalarını, estetik və bədii zövqünü,
etnik və sinfi mənsubiyyətini müəyyənləşdirməkdə
əhəmiyyətli mənbə rolunu oynayır. Müəllif
qeyd edir ki, xalqımızın geyim mədəniyyətinin
ilkinlik çağları haqqında məlumatları arxeoloji
qazıntılardan, Azərbaycan haqqında məlumat verən
qədim və antik dövr tarixçilərinin əsərlərindən,
qayaüstü rəsmlərdən, təsviri materiallardan və
başqa mənbələrdən əldə edə bilərik.
Bu mənbələrin araşdırılmasından aydın
olur ki, Azərbaycan ərazisində məskunlaşan ilk
insanların geyimləri təbii əldə edilən
materiallardan (dəri, süni liflər, yarpaq və s.) olmaqla
istifadə tərzinə görə bürüncək,
sarıq, örtmə və geymə kimi müxtəlif
variantlarda özünü göstərib. Hələ toxuculuq
sənətinin meydana gəlmədiyi Paleolit və Mezolit
dövrlərində ibtidai insanların əsas geyimləri dəri
bürüncəklər olub. İbtidai insanlar
ovladıqları heyvanın ətini
yeyib, dərisini isə piy-yağ qalıqlarından
qaşovlayıb təmizləyib, sümük bizlər vasitəsilə
deşib bir-birinə ağac sıyrıqları ilə
bağlayıb və beləliklə, primitiv bürüncəklər
əldə ediblər. “Yeməklər, içkilər”
adlı üçüncü fəsildə isə problem on
yarımbölmədə ümumiləşdirilir. Müəllif
bildirib ki, Azərbaycanın yeməkləri və içkiləri
Qafqazda şöhrət qazanıb, binayi-qədimdən
bütün Qafqaz xalqlarının yemək süfrəsinə
həlledici təsir göstərib. Maddi mədəniyyətimizin
bu sahəsi ümumtürk və ümumdünya mədəniyyəti
çərçivəsində də sayılan-seçilən
yerlərdən birini tutur, xalqımızın milli xüsusiyyətlərini
dünya miqyasında ləyaqətlə təmsil edir. Azərbaycanın
yemək və içkiləri haqqında yazılı
qaynaqlarda, ölkəmizdə səyahətdə olan əcnəbilərin
yol qeydlərində, şifahi xalq
yaradıcılığı nümunələrində, orta əsr
müəlliflərinin əsərlərində müəyyən
məlumatlara rast gəlmək mümkündür. Məsələn,
“Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan yeməkləri
haqqında zəngin məlumatlar cəmləşib. Dastandan məlum
olur ki, əhalinin yemək öynəsində dənli bitkilər,
ət-süd və bağ-bostan məhsulları əsas yer
tutub. Burada “ətmək” adı altında “bozlamac” və
“güməc” kimi çörək növlərindən
istifadə edildiyi qeyd olunur. “Albaniya tarixi”nin müəllifi
M.Kalankatuklu Albaniya ölkəsindəki bolluq və bərəkətdən
söhbət açarkən bu ölkənin
balığı, taxıl və üzümü, duzu və
zeytunu haqqında ağızdolusu danışıb. Müəllif
bildirir ki, bir çox səyyahların əsərlərindən
və yol qeydlərindən göründüyü kimi,
bütün orta əsrlər boyu Azərbaycanda qidalanma mədəniyyəti
yüksələn xətlə inkişaf edib, yeni-yeni yeməklər
və içkilərlə zənginləşib. Qazanılan
bilik və təcrübə nəsillərdən-nəsillərə
ötürülüb. Bu fəsildə əsas qida-ərzaq məhsulları,
bitki mənşəli yeməklər, ət-süd yeməkləri
haqqında danışılır. Sonrakı bölmələrdə
bayram və mərasim yeməklərinə diqqət yetirilir,
ehtiyat ərzaq tədarükü və saxlanması prinsipləri
təhlil olunur. Bundan əlavə kitabda içkilər, qablar,
mətbəx və məişət avadanlıqları
haqqında geniş məlumatlar da yer alıb. Sonuncu fəsil
“Nəqliyyat vasitələri” adlanır.
Burada müəllif qeyd
edir ki, bəşər tarixinin ən mühüm kəşflərindən
olan nəqliyyat vasitələri ictimai istehsalın
mühüm sahəsi kimi özünü göstərməklə
çox böyük əməli və xalq təsərrüfatı
əhəmiyyəti kəsb edir. Nəqliyyat vasitələri,
eləcə də onların hərəkəti
üçün vacib yolların olması ayrı-ayrı
tarixi dövrlərdə hər bir xalqın maddi mədəniyyətinin
inkişaf səviyyəsini göstərən mühüm
amildir. Nəqliyyat vasitələri ilə istehsal alətlərinin,
əmək məhsullarının və insanların yerdəyişməsi
həyata keçirilir. Nəqliyyat vasitələri bəşər
cəmiyyətinin ilk dövrlərində meydana gəlib,
sonralar xüsusi mülkiyyət və əmtəə
istehsalının yaranması dövründə maddi
istehsalın ayrıca bir sahəsi kimi formalaşıb. Bu fəsildə
sadə yük nəqliyyatı, minik-yük nəqliyyatı,
qoşqu nəqliyyat vasitələri, su nəqliyyat vasitələri
və s. hər biri ayrı-ayrılıqda öz təhlilini
tapıb. Müəllif ayrı-ayrı bölmələrdə
ikitəkərli arabalar, dördtəkərli arabalar, yaylı
nəqliyyat vasitələri kimi nəqliyyat vasitələrinin
ətraflı izahını verib. Fəslin müxtəlif
bölmələrində yollar, karvan yolları, daxili yollar,
poçt yolları, su yolları, dəmiryolları haqqında
müfəssəl informasiya əldə etmək
mümkündür. Karvan yolları bölməsində müəllif
bildirib ki, antik müəlliflər Çin və Hindistandan
başlayaraq Azərbaycan ərazisindən keçən karvan
yolları və Azərbaycanın ozamankı dünya ticarətində
iştirakı haqqında maraqlı məlumatlar veriblər.
Hind və Çin malları Mərkəzi Asiya və Azərbaycan
vasitəsilə Qara dəniz sahillərinə aparılıb.
Bu yol üzərində yerləşən Azərbaycan şəhərləri
mühüm karvan-ticarət mərkəzləri kimi xeyli
inkişaf edib. Fəsildə müəllif qeyd edib ki, nəqliyyat
vasitələri hər hansı bir ərazinin təbii-coğrafi
şəraitindən, onun relyef quruluşunun xarakterindən
asılı olaraq yaranıb. Azərbaycan ərazisində
geniş düzənliklər, bol sulu çaylar, keçilməz
dağ aşırımları və s. çox olduğundan
yerli əhali bu və ya digər nəqliyyat vasitələrindən
istifadə edib. Bununla yanaşı məhsuldar qüvvələrin
inkişafı, xalqın ictimai-iqtisadi və mədəni-texniki
inkişaf səviyyəsi, iqtisadi ehtiyacları da müxtəlif
növ nəqliyyat vasitələrinin yaranması və təkmilləşməsində
böyük rola malik olub.
Əlimərdan Sultanov
Palitra.- 2011.- 6 aprel.- S. 12.