Bakıda
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
başlayıb
Dünən “Gülüstan” sarayında
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
öz işinə başlayıb. Prezident İlham Əliyev və
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
Forumun rəsmi açılış mərasimində
iştirak ediblər. “Ümumi dəyərlərə
qovuşaq, müxtəlif mədəniyyətlərlə zənginləşək”
devizi altında keçirilən Forumda 20 dövlətin mədəniyyət
nazirləri, bir neçə ölkənin nazir müavinləri,
aparıcı beynəlxalq təşkilatlar, o cümlədən
İSESKO-nun baş direktoru, YUNESKO-nun baş direktorunun
müavini, Avropa Şurası Parlament Assambleyasının sədri,
bir sıra dünya şəhərlərinin merləri,
görkəmli mədəniyyət xadimləri, alimlər və
mütəxəssislər də daxil olmaqla 500 nəfərə
yaxın nüfuzlu nümayəndə iştirak edir. YUNESKO,
BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, AŞ-ın
Şimal-Cənub Mərkəzi, İSESKO kimi mötəbər
beynəlxalq qurumların dəstəklədiyi və
dünyada ilk dəfə bu formatda keçirilən forumun əsas
məqsədi mədəniyyətlərarası dialoq sahəsində
Azərbaycanın reallaşdırdığı təşəbbüsləri
regional müstəvidən çıxararaq qlobal səviyyəyə
qaldırmaq, ölkəmizdə daimi əsasda fəaliyyət
göstərən Beynəlxalq Forum yaratmaqdır.
Müzakirəyə
çıxarılan məsələlərin genişliyi ilə
diqqəti çəkən forumda “5 A-Mədəniyyətlərarası
Əməkdaşlıq Platforması”nın əsasının
qoyulması nəzərdə tutulur. Tədbirdə geniş tərkibdə
nümayəndələrlə təmsil olunan Avropa, Asiya,
Amerika, Afrika, Avstraliya qitələrinin adlarının Azərbaycan
dilində “A” hərfi ilə başlandığı nəzərə
alınaraq, rəmzi olaraq yeni platformanın adı “5 A” kimi təklif
edilib.
Azərbaycan milli və dini
dözümlülük baxımından dünyaya örnək
ola biləcək ölkələrdəndir
Prezident
İlham Əliyev açılış mərasimində nitq
söyləyib. APA-nın məlumatına görə, Prezident
bildirib ki, Azərbaycanda belə bir tədbirin keçirilməsi
ilk dəfə deyil: “2008-ci ildən başlayaraq Azərbaycanda
mədəniyyətlərarası dialoqla bağlı bir
neçə belə tədbir keçirilib. Belə tədbirlərdən
biri də ötən il dini konfessiyalarla bağlı olub. Bu tədbirlərin davamı
gözlənilir. Bu ilin payızında Bakıda I Humanitar Forum
keçiriləcək”. Azərbaycanın
həm də İslam Konfransı Təşkilatının
üzvü olduğunu xatırladan dövlət
başçısı ötən il Bakının İslam mədəniyyətinin
paytaxtı elan olunduğunu, bu çərçivədə
müəyyən mədəni tədbirlərin
keçirildiyini qeyd edib. İlham
Əliyev bu kimi tədbirlərin Azərbaycanda
keçirilməsinin tarixi-mədəni köklərinin
olduğunu qeyd edib: “Azərbaycanda hər kəs bir ailə
kimi yaşayır. Burada milli və dini zəmində nəinki
qarşıdurma, hətta anlaşılmazlıq belə
olmayıb. Hər bir cəmiyyətin gücü onun dini və
milli müxtəlifliyin təmin olunması ilə
bağlıdır. Biz Azərbaycan dövləti olaraq, buna
üstünlük veririk ki, Azərbaycanda milli və dini
dözümlülük təmin olunsun. Azərbaycan bu formatda
dünyaya örnək ola biləcək ölkələrdən
biridir. Burada istənilən dinin nümayəndələri,
milli müxtəlifliyə məxsus insanlar bərabər şəkildə
yaşayırlar. Onların dini ibadətləri
üçün hər cür şərait yaradılır.
Bunu zaman-zaman Azərbaycana səfər edən şəxslər
də təsdiqləyirlər”. Prezident bildirib ki, Azərbaycan
bu təcrübənin dünyaya yayılmasını,
dünyanın hər yerində insanların
ayrı-seçkilik qoyulmadan bir yerdə yaşamalarını
istəyir. Dövlət başçısı qeyd edib ki, bu
baxımdan bu cür forumların Azərbaycanda keçirilməsinin
əhəmiyyəti var. Dövlət başçısı
Azərbaycanın İslam dünyasının tərkib hissəsi
olduğunu deyib: “Biz müsəlmanıq, Azərbaycan müsəlmanların
çoxluq təşkil etdiyi ölkədir. Biz milli-mənəvi
dəyərlərimizə çox bağlıyıq, buna
çox önəm veririk. Hətta müstəqillik dönəmindən
əvvəlki dövrdə belə Azərbaycan dini və milli
dəyərlərini qoruyub saxlayıb”. Azərbaycan Prezidenti
2018-ci ildə Azərbaycanın qədim şəhəri olan
Naxçıvanın İslam mədəniyyətinin
paytaxtı elan edilməsinin gözlənildiyini söyləyib:
“Müsəlman ölkələri arasında Azərbaycan bir
çox uğurlara imza atıb. Azərbaycan qadınları
müsəlman Şərqində ilk dəfə səsvermə
əldə edib, Azərbaycan ilk dəfə səsvermə
hüququnu tanıyan ölkədir. Şərqin ilk operası
Azərbaycanda yazılıb. Azərbaycan, həmçinin
müəyyən mədəni və siyasi ilklərə imza
atmış ölkədir. Azərbaycan həm də Avropa
Şurasının üzvüdür. Bu onu göstərir ki,
Azərbaycan mədəniyyətlərarası dialoqların
keçirilməsi ilə Qərblə Şərqi, iki
sivilizasiyanı birləşdirə biləcək ölkələrdən
biridir. O cəhətdən bizim bu tipli tədbirləri
keçirməyimiz təbii qarşılanmalıdır”.
Dövlət başçısı qeyd edib ki, bütün
bunlara baxmayaraq, Azərbaycanın da müəyyən problemləri
var: “Azərbaycan yeni müstəqillik qazanmış ölkədir.
Bizim Dağlıq Qarabağ problemimiz var, biz etnik təmizləmədən
əziyyət çəkmiş bir ölkəyik. Azərbaycanın
1 milyona qədər qaçqın və məcburi
köçkünü var, beynəlxalq birlik tərəfindən
tanınmış ərazilərimizin bir hissəsi hələ
də işğal altındadır”. İşğal
altında olan ərazilərlə bağlı BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin olduğunu, Avropa
Şurasının, İslam Konfransı Təşkilatının
verdiyi qərarları xatırladan Prezident deyib ki, bütün
bunlara məhəl qoyulmadan, Azərbaycan torpaqları hələ
də işğal altında saxlanılır, 1 milyona qədər
insan qaçqın, məcburi köçkün statusu ilə
yaşayır: “Bütün bunlara baxmayaraq, biz münaqişənin
sülh yolu ilə, beynəlxalq təşkilatların vasitəçiliyi
ilə beynəlxalq hüquq normaları çərçivəsində
həllini tapacağına ümid edirik. Buna görə
danışıqları davam etdiririk”. Dövlət
başçısı müstəqilliyin ilk illərində
Azərbaycanın ərazi problemi, Qarabağ münaqişəsi
ilə üz-üzə qaldığını, ölkədə
vətəndaş qarşıdurmasının baş verdiyini
deyib: “Azərbaycanın müstəqilliyinin ilk illərində
müəyyən parçalanma cəhdləri baş verib,
müstəqilliyə qarşı çıxan insanlar,
silahlı qruplaşmalar olub, Azərbaycan iqtisadi tənəzzül
görüb. Azərbaycanda həmin illərdə çox
ciddi iqtisadi problemlər var idi. Amma biz bütün bu problemləri
həll edə bilmişik. Azərbaycan indi iqtisadi baxımdan
inkişaf etmiş bir ölkədir. Bizim siyasi müstəqilliyimiz
də var. Azərbaycan yaxşı bir modeldir. Azərbaycanda
sabitlik var, ölkə sürətlə inkişaf edir”. Azərbaycanın
inkişaf göstəriciləri barədə danışan
dövlət başçısı ölkədə 900 min
iş yeri açıldığını, ümumi daxili məhsulun
həcminin artdığını, yoxsulluq həddinin kəskin
azaldığını da xatırladıb. Azərbaycanın
iqtisadi inkişafla, siyasi sabitliklə yanaşı, həm də
milli və dini münasibətlərə həmişə diqqət
yetirdiyini bildirən İlham Əliyev deyib ki, hər bir cəmiyyətin
düzgün dini və milli siyasətinin olması vacibdir.
Dövlət başçısı bildirib ki, Azərbaycanda
dini və milli tolerantlığın olmasının əsas səbəbi
ölkənin buna uyğun tarixi köklərinin
olmasıdır”.
AŞ PA prezidenti: “Belə tədbirlərin
keçirilməsi dünyada dini ayrı-seçkiliyin
qarşısının alınması üçün
çox önəmlidir”
Avropa
Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud
Cavuşoğlu qeyd edib ki, Bakıda işinə başlayan
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
çox əhəmiyyəti tədbirdir. O, foruma çox
yüksək səviyyəli qonaqların
qatıldığını, dünyanın çox önəmli
təşkilatlarının təmsilçilərinin tədbirdə
iştirak etdiklərini bildirib. AŞ PA prezidenti bildirib ki, bu
kimi tədbirlərin keçirilməsi dünyanın, o
cümlədən Avropa Şurasının ən çox
müzakirə etdiyi dini ayrı-seçkiliyin,
islamofobiyanın qarşısının alınması
üçün çox önəmlidir.
İSESCO-nun baş direktoru: “Bakı
Forumu dünyada mədəniyyətlərarası dialoq
üçün yeni başlanğıc ola bilər”
Forumda
çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz
bin Otman əl-Tüveycri bildirib ki, İSESCO Bakıda
keçirilən Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumuna böyük əhəmiyyət verir. İSESCO-nun
prioritetlərindən birinin mədəniyyətlərarası
dialoqu, müxtəlifliyi təmin etmək, insanları bir araya
gətirmək olduğunu qeyd edən əl-Tüveycri bildirib
ki, qeyd olunan sahədə bu forum yeni bir başlanğıc ola
bilər: «Bu forum dünyada mədəniyyətlərarası
dialoqların aparılması üçün yeni
başlanğıc ola bilər». Baş direktor deyib ki,
zaman-zaman regionlarda məhəlli formalarda bu cür tədbirlərin
reallaşdırılması üçün işlər
aparır, belə tədbirlərin elm və incəsənət
adamlarının iştirakı ilə keçirilməsinə
çalışırlar.
UNESCO baş direktorunun müavini: «Bu
dialoqu gələcəkdə müxtəlif forumlar səviyyəsində
başqa yerlərdə də davam etdirmək olar»
Daha sonra
çıxış edən UNESCO baş direktorunun strateji
planlaşdırma üzrə müavini Hans D’Orvil forumun
keçirilməsinin UNESCO-nun birbaşa marağında
olduğunu ifadə edib. O, iş proqramındakı
sıxlığa görə UNESCO baş katibinin tədbirə
qatıla bilmədiyini diqqətə çatdırıb. Baş
katibin salamlarını çatdıran Hans D’Orvil UNESCO-nun
dünyanın müxtəlif ölkələrində belə
tədbirlər keçirdiyini vurğulayıb: “Biz müxtəlifliyin
təmin olunmasına çalışmalıyıq. Müxtəlifliyin
təmin olunması dünyanın müxtəlif yerlərində
qarşıdurmaların, xüsusilə də milli və etnik
zəmində qarşıdurmaların, islamofobiyanın
qarşısının alınmasında ciddi rol oynaya bilər.
Azərbaycan Şərq və Qərbin ortasında yerləşir,
sivilizasiyaların qovuşduğu bir yerdir. Ümumi mənzərə
imkan verir ki, bu ölkə müxtəlifliyin təmin
olunması, mədəniyyətlərarası dialoqun davam
etdirildiyi bir məkan kimi götürülsün. Azərbaycanda
başlayan bu dialoqu gələcəkdə müxtəlif
forumlar səviyyəsində başqa yerlərdə də
davam etdirmək olar. Müxtəlifliyin təmin olunması
üçün ilk mənbə ailədir. Proses ailədən
və təhsildən başlayır». BMT-nin Sivilizasiyalar
Alyansı Katibliyinin icraçı direktoru Mark Şuer da
çıxışında Bakıda belə bir tədbirin
keçirilməsini mühüm addım adlandırıb. M.Şuer
qeyd edib ki, təmsil etdiyi alyansın əsas deviz: «Divarları
uçurtmaq, körpüləri qurmaqdır». M. Şuer qeyd
edib ki, müasir dünyada müxtəliflikdən qorxmaq
lazım deyil. Bu cür tədbirlərin
çoxaldılmasını vacib hesab edən Şuer həmçinin
vurğulayıb ki, artıq qloballaşan dünyada müxtəliflik
insanların həyat tərzidir. Çıxışında
tədbiri əhəmiyyətli adlandıran Kral Montana Forumunun
prezidenti Jan Pol Kerteron elm adamlarını müzakirələrdə
aktiv olmağa çağırıb. Bu
çıxışlardan sonra BMT baş katibinin Portuqaliyadan
olan sabiq xüsusi nümayəndəsi Viktor Ancelo məruzə
edib. Qeyd edək ki, “Euronews”
televiziya kanalının rəsmi olaraq informasiya dəstəyi
verdiyi Ümumdünya Forumu Azərbaycan Prezidentinin təşəbbüsü
ilə keçirilir. Forum üç gün ərzində
sessiyalar, beynəlxalq konfrans, seminarlar və mədəni tədbirlərlə
öz işini davam etdirəcək.
Palitra.- 2011.- 8 aprel.- S. 4.