“Müasir
ekoloji mütəxəssisin
bilik səviyyəsi bacarıq və vərdişlərə əsaslanmalıdır”
Layihə çərçivəsində
növbəti müsahibimiz
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin
(ADPU) Ekologiya kafedrasının
professoru Rauf Sultanovdur:
-
Ümumiyyətlə, xaricdə o elmi öyrənirlər ki,
insanlar o elmdən xeyir götürür və xeyir verir. Bizdə
abituriyentlər 2-3 il əziyyət çəkir ki, ali məktəbə
daxil olsun, ancaq önəmli odur ki, bu biliklər ona nə
verir. Əgər uşaq heç bir vəsait sərf etmədən
ali məktəbə daxil olarsa, valideyn də həmin vəsaiti
uşağın mütəxəssis kimi hazırlanmasına sərf
edər ki, nəticədə o da yaxşı bir mütəxəssis
olar. Test imtahanından 700 bal toplamaq abituriyentlər
üçün mühüm amildir, uğurdur. Bu, ali məktəbə
daxil olmaq üçün bir prosesdir. Düzdür, onların
intellektual səviyyəsi güclüdür. Əsas odur ki,
ali məktəbdə oxuyarkən onların intellektual səviyyəsindən
ölkəmizin elm və təhsil ocaqlarında istifadə edə
bilirikmi? Məsələn, bu gün Tibb Universitetini bitirən
məzunların bir qismi həkim kimi deyil, gedib iş adamı
kimi fəaliyyət göstərir. Əgər tibb
ocağını bitirən mütəxəssis bizə
lazımdırsa, onu yetişdirək. Amma o, öz sahəsində
çalışa bilməyəcəksə, bu kimə
lazımdır? Yəni kadrı şüurlu surətdə,
sistemli, ardıcıl, planlı şəkildə
hazırlayıb istifadə etmək lazımdır. Yüksək
səviyyəli kadrların yetişməsi ilə əlaqədar
olaraq həm dövlət, həm də QHT-lər səviyyəsində
daha geniş işlər aparılmalıdır. Məsələn,
hazırda ölkədə fəaliyyət göstərən
Diplomatiya Akademiyasında gözəl kadrlar hazırlanır.
Xaricə inteqrasiya olmaq üçün Azərbaycanda hər
bir insanın ikinci dili ingilis dili olmalıdır. İngilis
dili dünyaya bir pəncərədir. Ümumiyyətlə, əgər
ali məktəbdə oxuyan bir tələbə, yaxud orada təhsil
verən müəllim informasiya və kommunikasiya
texnologiyalarından istifadə edə bilmirsə, orada
yaxşı kadrın yaradılmasından söhbət gedə
bilməz. Biz özümüzü MDB ölkələrilə
deyil, inkişaf etmiş ölkələrlə müqayisə
etməliyik. Ölkə başçısı da öz
çıxışlarında dəfələrlə təhsilin
vacib olduğunu vurğulayıb. Biz təbii sərvətimiz
olan neftdən istifadə etməklə müasir dövrün
tələblərinə cavab verən kadrlar
hazırlamalıyıq.
- Bu gün ölkədə
ekologiya sahəsində təhsil səviyyəsi sizi qane edirmi?
-
Hazırda ölkəmizdə yeni-yeni ixtisaslar üzrə
kadrlar hazırlanır. Onlardan bir qismi kimi yeni tələblərə
cavab verən ekologiya istiqamətində mütəxəssislərin
hazırlanması prosesi gedir. Artıq BDU-da həm bakalavr, həm
magistr, həm də doktorantura səviyyəsində bu proses
davam edir. Bunun nəticəsində təhsildə müəyyən
tələblərə uyğun fakültə, kafedra, dərsliklər
az da olsa müəllimlərin, tələbələrin istifadəsinə
verilib. ADPU-da da I-III kurslarda ekologiya ixtisası üzrə
bakalavr pilləsində təhsil verilir. Bu ixtisas üzrə
yeni dərsliklər, proqramlar lazımdır. Bu istiqamətdə
ölkəmizdə də müəyyən işlər
görülür. Amma görüləsi işlər də
çoxdur. Vacib məsələlərdən biri odur ki,
müasir ekoloji mütəxəssisin hazıırlanması
üçün mütləq onların bilik səviyyəsi
bacarıq və vərdişlərə əsaslanmalıdır.
Yəni biliklə yanaşı onların ekologiya istiqamətində
vərdişlərə yiyələnməsi vacibdir. Qarşıda
duran əsas vəzifələrdən biri də odur ki,
ekologiya sahəsində elmlərin tətbiqi prosesi daha da
genişləndirilsin. Bu ixtisas üzrə ilk dəfə
kadrların hazırlanması prosesi getdiyi üçün hər
il müəyyən yeniliklər, prinsipial yanaşmalar dəyişdirilir. Kadrların yetişdirilməsi əsas
faktorlardan biri olsa da, onların gələcəkdə işlə
təmin olunması ən vacib məsələlərdən
biridir və buna da diqqət artırılmalıdır.
Ekologiya elə bir sahədir ki, onun bioloji, kimyəvi, kənd təsərrüfatı,
texniki istiqaməti var və bu fənlər üzrə
ekoloqlar hazırlanır. Fabriklərdə, zavodlarda ekoloji
mühitə nəzarət edilməsi, monitorinqlərin
keçirilməsi istiqamətində mütəxəssislərin
hazırlanması məqsədilə bu sahədə beynəlxalq
təcrübəni öyrənməliyik. Ümumiyyətlə,
bu istiqamətdə beynəlxalq təcrübəni kifayət
qədər öyrənə bilməmişik ki, bu da
böyük nöqsanlarımızdan biridir. Xarici təcrübənin
öyrənilməməsinin əsas səbəblərindən
biri də məhz bizdə xarici dil probleminin olmasıdır
ki, bunun üçün də xarici dillərin öyrənilməsinə
diqqət artırılmalıdır və bu, xüsusilə
ekologiya sahəsinə də aiddir. Xarici dil əsas fənlərlə
eyni dərəcədə tutulmalıdır, bu istiqamətdə
tədris prosesində müəyyən işlərin
aparılması vacibdir. Ekologiya mühazirələr şəklində
olmamalıdır, istehsalatda, həmçinin müəyyən
ekoloji mühit problemi olan yerdə təcrübənin
aparılması və göstərilməsi önəmli
amildir. Bu sahədə dərs vəsaitlərinə gəldikdə
isə ilk dəfə Təhsil Problemləri İnstitutu tərəfindən
kurrikulumların tələbinə cavab verə biləcək
“Ümumi ekologiya” dərsliyi nümunə olaraq
hazırlanıb. Mənim, professor N.Sadıqova və
Ü.Ataşovanın müəllifliyi ilə hazırlanan bu dərsliyin
başqa dərsliklərdən fərqinə gəldikdə isə
qeyd edim ki, ekologiya özü inteqrativ elmdir və bu
baxımdan da biz inteqrativ dərslik yaratdıq. Bu dərslik də
coğrafiya, biologiya, kimya, torpaqşünaslıq sahələri
üçün yazılıb. Fundamental elmin tətbiqi ilə
əlaqədar hər bir ixtisas üçün 15 mövzu
ayrılır. Burada isə 60 mövzu verilib. Bu kitabın
imkanları ondan ibarətdir ki, əgər tələbə
müxtəlif sahələrlə maraqlanırsa, bu dərslik
bilik mənbəyi kimi onun köməyinə çatır.
Xaricdə əsasən belə dərsliklərdən istifadə
edilir. Bu birinci dərslikdir və biz istəyirik ki, tətbiqi
ekologiya, sonra isə təcrübi ekologiya kitablarını
hazırlayaq. Ölkəmizin bütün ali təhsil
ocaqlarında, kolleclərində bu istiqamətdə dərsliklərin
hazirlanması vacibdir.
- Özəl təhsilə
münasibətiniz necədir?
- Bu
gün özəl təhsil sahəsində müəyyən
yeniliklər var. Təhsil haqqında qanunda özəl ilə
dövlət tədris müəssisələri arasında fərq
qoyulmur. Ali təhsil ocaqlarını bitirdikdən sonra məzunlara
verilən sənəd, diplom eyni səviyyədədir. Amma
özəl ali məktəbi bitirən tələbə
dövlət təhsil müəssisəsini bitirən tələbə
ilə müqayisədə işlə təmin olunduqda ona
yanaşma müəssisələrdə çox pis vəziyyətdədir.
Yəni özəl universiteti bitirənə yaxşı
mütəxəssis kimi baxılmır. Özəl sahəyə
diqqəti daha da artırmaq lazımdır. Onlara sərbəstlik
vermək lazımdır. Xaricdə özəl universitetlərin
təhsil haqları ölkəmizlə müqayisədə 3-4
dəfə artıqdır. Belə ki, təhsil haqları
yüksək olan universitetlərdə dərsin keyfiyyətinin
artırılmasına da müəyyən xərclər
qoyulur. Bu gün özəllə dövlət təhsil sistemi
arasında müəyyən uçurum var və bu
uçurumu aradan qaldırmaq lazımdır. Onu da qeyd edim ki,
heç kim tam ştatla özəl ali təhsil müəssisələrində
çalışmaq istəmir. Çünki davamlı fəaliyyətinə
etibar etmir və gələcəkdə işini itirməkdən
qorxur. Bu gün özəl ali məktəblərdə daimi
müəllim kollektivinin işləməsi çox vacib məsələlərdən
biridir. Həmin məsələlər həll oluna qədər
özəl universitetlərdə problemlər mövcud olacaq.
- Hazırda universitetlərdəki imtahanların
səviyyəsi sizi qane edirmi?
- Bu
gün ali tədris müəssisələrində imtahanlar
test üsulu ilə həyata keçirilir. Yəni müəllimlə
tələbə arasındakı münasibəti aradan
götürmək üçün bu prosesə daha çox
üstünlük verilir. Onu da qeyd edim ki, tələbə
gördüyünün 30-40 faizini, eşitdiyinin 20 faizini mənimsəyir.
Amma tələbə gördüyünü, eşitdiyini
özü danışdıqda verilən biliyin 70-80 faizinə
malik olur. Ona görə də tələbə imtahan prosesində
danışmalıdır. Test zamanı tələbənin
danışıq qabiliyyəti inkişaf edə bilmir, biliyini
formalaşdırıb çatdırmaq qabiliyyəti zəif
olur. İmtahanların tamamilə test üsulu ilə
götürülməsi bir qədər tələbələrin
nitq mədəniyyətinə, onların təfəkkürünün
inkişafına təsir edən mənfi amillərdən
biridir. Əgər müəllim həmin ali təhsil
ocağında çalışırsa, ona inanmaq
lazımdır. Əks təqdirdə, yəni o müəllimə
inam yoxdursa, onun orada çalışmasına ehtiyac yoxdur. Mənim
fikrimcə, ali təhsil ocaqlarında imtahanın tamamilə
test üsulu ilə keçirilməsinin müsbət tərəfləri
ilə yanaşı mənfi tərəfləri də var ki,
bu istiqamətdə də müəyyən işlərin
görülməsi vacibdir.
Nigar
Palitra.- 2011.- 8 aprel.- S. 7.