Azərbaycan-mədəniyyətlərarası
dialoq məkanı
Bu gün dünyada sivilizasiyaların dialoqu, qarşılıqlı anlaşması və daha da möhkəmlənməsi, mədəniyyətlərarası ünsiyyətin sağlam məcrada inkişaf etməsi məsələləri olduqca aktuallaşıb. Bəşər övladının indiyə qədər keçib gəldiyi yol sübut edir ki, mədəniyyətlərin dialoqu olmadan dünya yalnız fəlakətlərə sürüklənə bilər. “Sivil insan” faktorunun tarixdə önə çıxmağa başladığı dönəmdən bəri baş verən dünya proses və olayları isə bu məqamın aktuallığını bir daha sübut edir. Dünyanın düşünən beyinləri artıq çoxdan dərk etməyə başlayıblar ki, dünyanın müxtəlif mədəni qütbləri arasında dialoq və anlaşmanın alternativi yoxdur.
Belə “alternativ” yalnız “sivilizasiyaların toqquşması”na aparıb çıxara bilər ki, bunun da sonu dünyanı xaos və dəhşətlərə, kütləvi fəlakətlərə sürükləyə bilər. Hazırkı dünya proseslərində sivilizasiyalı insanın məhz bu məqamla hesablaşmadığı məqamlarda kütləvi qırğınlar və faciələrin baş verdiyi ilə bağlı çoxlu faktlar ortadadır. Bu baxımdan dünyada mədəniyyətlərarası dialoqun rolunun dominantlıq təşkil etməsi və qlobal problemlərin intellektual, mədəni, tolerant müstəvidə həlli olduqca önəmlidir. Öz növbəsində bu sahədə potensialı və dəyərləri güclü olan ölkələrin dialoq məsələlərində təşəbbüslərinin və rolunun artırılması çox məqsədəuyğundur. Azərbaycan isə dünya intellektualları tərəfindən bu baxımdan güclü ənənələrə, potensiala və əzmə malik bir ölkə kimi dəyərləndirilməkdədir. Ölkəmiz bu gün əsas mədəniyyətlərarası dialoq mərkəzlərindən hesab edilir. Son dövrlərdə isə Azərbaycanda bu mövzuya aid məsələlər elmi-nəzəri və fəlsəfi aspektdə nəzərdən keçirilməkdədir. Diqqətəlayiq haldır ki, Azərbaycan bu sahədə dünyaya açıq olduğunu bariz şəkildə sərgiləyir və mədəniyyətlərarası dialoq mövzusunu dünya dövlətlərinin elmi-mədəni elitası ilə birgə ən ali səviyyədə müzakirə etməyə üstünlük verir. Elə son günlərdə Azərbaycanın irəli sürdüyü və BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəklədiyi təşəbbüslə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bunu gözəl sübut edir. Mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktik cəhətlərdən açılmasını ehtiva etməklə bu təşəbbüsün böyük aktuallıq kəsb etdiyini bildirmək lazımdır. Xüsusən də bu kontekstdə mədəniyyətlərarası dialoq məkanı kimi Azərbaycan modelinin özünəməxsusluğu, üstünlüyü və dünyaya verəcəyi töhfələr ciddi müzakirə mövzusudur. Qeyd edək ki, bununla bağlı olaraq bir neçə dünya fikir adamının fikirlərini öyrəndik. Xüsusilə qeyd edək ki, onlar “Palitra”ya ekslüziv olaraq bu mövzuda düşündüklərini çatdırıblar.
Azərbaycan filosofu: “Biz mədəniyyət və sivilizasiya
müstəvisində açıq qapı siyasətinə üstünlük veririk”
Beləliklə, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının idarə heyətinin sədri, AMEA müxbir üzvü, professor Səlahəddin Xəlilov qeyd edir ki, Azərbaycan mədəniyyətlərarası dialoq məkanı kimi xeyli orijinal çalarlara malikdir: “Məsələn, Türkiyə də bizim kimi mədəniyyətlərarası dialoq məkanı sayıla bilər. Bu baxımdan oxşarlıqlarımız var. Hər iki ölkə Avropa ilə Asiya arasında yerləşir. Eyni zamanda onların mədəniyyətlərində də hər iki qütb təmsil olunur. Amma müqayisə edəndə Azərbaycanda bunun yüksək səviyyədə olduğunu görürük. Orada ölkə özü bizim ölkədən daha böyükdür, onun şərq və qərb hissələrində ayrı-ayrı mədəniyyətlər var. Amma biz kiçik ölkəyik, bununla belə, bizdə yekcins, artıq çoxdan çulğalaşmış bir mədəniyyət tipi mövcuddur. Ölkənin bütün ərazisində Şərqlə Qərbin sintezindən yaranmış yeni məzmun və mahiyyətli hadisə ortaya çıxır. Bu, insanlarımızın həyat və məişətindən tutmuş, incəsənət növlərimizə də təsir edir, yeni variasiyalar ortaya qoyur. Məsələn, Alim Qasımovun muğamla cazı sintez etməsi buna bariz misal ola bilər. Yaxud Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin yaratdığı ən müasir klassik musiqilərin mahiyyətində eyni zamanda Şərq mahiyyəti dayanır. Təməli Üzeyir Hacıbəyov tərəfindən qoyulmuş bu ənənə artıq Qara Qarayevdən, Fikrət Əmirovdan üzübəri gəlir. Bu ənənə artıq elə bir mərhələyə çatıb ki, Avropa musiqisindən həm fərqlənir, həm də sənətkarlıq texnikası baxımından onlardan bəlkə də irəlidədir”. Azərbaycanın istər coğrafi mövqedən, istərsə də dövlətimizin yürütdüyü siyasət baxımından Qərb və Şərq sivilizasiyalarının sintezində oynadığı rol xüsusilə böyükdür. Alim bununla bağlı qeyd edir: “Həmçinin Cənubla Şimal arasında münasibətlərin inkişaf etdirilməsi baxımından rolumuz böyükdür. Həm də Azərbaycanın öz mədəniyyətinin belə bir sintetik xarakter daşıması, yəni həm ənənəvi olaraq Şərq ölkəsi olması, həm də müasir Avropa mədəniyyətini mənimsəməsi bir növ dünya ölkələri üçün göz qabağında olan, başqalarının da gələcəkdə keçməli olduğu bir yoldur. Bu yolu ilk dəfə keçən bizik. Bu sahəyə aid forumlar da çox vaxt bizdə keçirilir. Digər tərəfdən Azərbaycan rəhbərliyinin yürütdüyü siyasət də buna ciddi zəmin yaradır”. Məlum olduğu kimi, biz həm də dinlər arasında dialoq üçün bir mərkəz rolunu oynayırıq: “Dinlər, müxtəlif mədəniyyətlər arasında tolerantlıq Azərbaycanda çox yüksək səviyyədədir. Burada müxtəlif dini icmalar nəinki dözümlülük, eyni zamanda səmimi qonşuluq və əməkdaşlıq şəraitində inkişaf edirlər. Dinlərin arasındakı bu xoş münasibət sivilizasiyaların sintezi üçün də yeni bir imkan açır. Yəni bizdə lokal, ancaq bir dinin ənənələri üzərində, Şərq motivləri üzərində qurulmuş bir cəmiyyət yox, bu ənənələrin modern sivilizasiya ilə birləşdirilməsi zəminində bir cəmiyyət qurulub. Başqa ölkələr də coğrafi baxımdan sivilizasiyaların qovşağında yerləşir. Amma həmin ölkələrdən elələri var ki, orada dini dövlət qurulub və o dövlət dinə əsaslanan ideologiya ilə idarə olunur. Belə hallarda başqa dinlərə və mədəniyyətlərə açıq qapı siyasəti aparılmır. Amma biz mədəniyyət və sivilizasiya müstəvisində açıq qapı siyasətinə üstünlük veririk. Bundan irəli gələrək bizim sivilizasiyaya, mədəniyyətə öz baxışımız formalaşır”. Azərbaycanda bu sintetik vəhdətdə olan hadisənin öz nəzəri konsepsiyaları meydana gəlməkdədir. Bununla bağlı S.Xəlilov belə bildirir: “Məsələn, bu barədə tədqiqatlarım Avropadakı tədqiqatlardan eyni dərəcədə fərqlidir. Qloballaşmaya, sivilizasiyaya baxış və sair məsələlərdə bu fərqlilik özünü göstərir. Bir tərəfdən müasir texnologiya və elmi nailiyyətlərə yiyələnmək, digər tərəfdən, milli-etnik özünəməxsusluğu qoruyub saxlamaq, onların arasında bir ortaq məxrəc tapmaq kimi çətin vəzifələrin öhdəsindən gəlmək üçün ilk növbədə şübhəsiz ki, elmi-nəzəri tədqiqatlar aparılmalıdır. Bunun nəzəri modelləri formalaşmalıdır və eləcə də bu modellərə uyğun quruculuq işləri aparılmalıdır. Yəni biz tədqiqatçılar bir tərəfdən də görülən işləri - Azərbaycanın praktikasını, inkişaf modelini öyrənirik”. Alimin fikrincə, mədəniyyət və sivilizasiyaya münasibətin də bir modeli var: “Bu, ən çox Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərdə özünü büruzə verir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə aparılan beynəlxalq miqyaslı fəaliyyətdə Azərbaycan mədəniyyətinin dünya miqyasına çıxarılması, eyni zamanda dünya mədəniyyətinin Azərbaycana gətirilməsi prosesləri bir-birini tamamlayır. Bu praktikanın nəzəri ümumiləşdirilməsi alimlər qarşısında duran vəzifələrdəndir. Digər tərəfdən bizim alimlərin məhz bu mövqedən yaratdıqları yeni sivilizasiya nəzəri modelinin dünya elminə, dünya alimlərinin müzakirəsinə çıxarılması əsasdır. Biz öz mövqeyimizi, konsepsiyamızı ortaya qoymaqla bunun öhdəsindən gələrik”.
Türk filosofu: “Dünyanın gələcəyini formalaşdıracaq ölkələrin yalnız Qərb ölkələrindən ibarət olmayacağını yaxşı anlayırıq”
Azərbaycanın bu sahədə özünəməxsus cəhətlərinə münasibətini bildirən türk filosofu, professor Kənan Gürsoy isə bizə belə dedi: “Azərbaycanda keçirilmiş mədəniyyətlərarası dialoq forumu hadisəsi əslində bütün forum iştirakçılarına və bu forumdan xəbəri olan hər kəsə bir yaxşı həyəcan verir. Çünki yavaş-yavaş həm Türkiyə, həm də Azərbaycan bu mədəniyyətlərarası dialoq mövzusunda, sivilizasiyaların uzlaşması məsələsində nə qədər önəmli mərkəzlər olduqlarını yaxşı anlayırlar. Çünki yüzillər boyunca, xüsusilə də İslam mədəniyyəti çərçivəsində Azərbaycan və Türkiyə önəmli bir mədəni-siyasi mərkəz rolunu bölüşüblər. Burada yetişən böyük düşüncə sahiblərinin dünya fikir və mədəniyyət aləminə böyük təsirləri olub. Əgər bu gün biz bunları xatırlasaq, önümüzdə bütün dünyanı öyrədəcək, maarifləndirəcək çox gözəl anlayışlarımız, resurslarımız və sistemimiz ortaya çıxa bilər. Bunun önəmini dərk edən və dünyaya mesaj vermək istəyən Azərbaycan dövlətinə bu barədə göstərdiyi səylər, keçirdiyi tədbirlərə görə yalnız təşəkkürlər və ehtiram düşür. Bunu sadəcə özüm üçün yox, bütün fəlsəfəçi yoldaşlarım və həmkarlarım üçün diqqətə çatdırıram. Eyni zamanda bütün dünyanın siyasi elitası və rəhbərlərinə bunu bildirirəm. Dünyanın gələcəyini formalaşdıracaq ölkələrin yalnız Qərb ölkələrindən ibarət olmayacağını yaxşı anlayırıq”. Filosof qeyd edilənlərdən başqa, bir maraqlı, siyasi məqama da toxundu: “Qərb ölkələrinin bəzən çox fərqli standartları olduğunu bildiyimizə görə, buranın saflığına və bununla fərqləndiyinizə nə qədər ehtiyacımız olduğunu gözəl şəkildə qiymətləndirməliyik”.
Rus filosofu: “Heç bir ölkə bu
sahəyə ayırdığınız diqqət və fəaliyyət
baxımından keyfiyyət və kəmiyyətcə sizinlə
ayaqlaşa bilmir”
Qeyd edilən məqamla bağlı bizə danışan rus filosofu, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Nikolayeviç Çumakov deyir: “Mən çox açıq etiraf etməliyəm ki, Azərbaycan bariz şəkildə bütün sahələr üzrə ciddi inkişafdadır. Bunu fəlsəfi-elmi müstəvidə aparılan və dünyada sivilizasiyalararası münasibətlərin inkişafına töhfə verən müasir tədbirlər və konfranslar barədə xüsusilə bildirmək istərdim. Azərbaycan bu mövzularda son dərəcə xoş niyyət və fəallıq sərgiləyir. Bu barədə əsas ideya və təşəbbüslərin Heydər Əliyev Fondu tərəfindən irəli sürülməsi isə çox təqdirəlayiqdir. Moskvada və digər xarici şəhərlərdə, ölkələrdə fondun bu cür tədbirlər düzənləməsi, rus və digər xarici ölkə alimləri ilə ortaq işlər görməsi Azərbaycanın dünyaya bir mədəniyyətlərarası dialoq məkanı kimi açıq olmasını bir daha sərgiləyir. Bundan başqa bu mövzuya və humanitar-elmi digər məsələlərə aid dərgilərlə, materiallarla mütəmadi və kütləvi çıxış etməniz də onu göstərir ki, heç bir ölkə hələki bu sahəyə ayırdığınız diqqət və fəaliyyət baxımından keyfiyyət və kəmiyyətcə sizinlə ayaqlaşa bilmir. Yaxın ölkələr içərisində bu baxımdan sizə bərabər ölkə yoxdur”. Rus filosofu onu da xüsusilə vurğuladı ki, Azərbaycan dünyada və qonşu ölkələr arasında mədəniyyətlərarası dialoqun qurulması və möhkəmlənməsi baxımından çox proqressiv siyasət aparır: “Sizin dövlətiniz ayrıca olaraq bunu fəlsəfi kontekstdə əsaslandırmaqla bu barədə dünya filosoflarının ciddi diskussiyalarına şərait yaradır. Bu, çox böyük işdir. Bir il bundan öncə biz fəlsəfə ilə bağlı Bakıdakı beynəlxalq konfransda iştirak etmişdik. Bu il isə daha fundamental, aktual mövzuya həsr olunmuş, gözəl təşkil edilmiş bir beynəlxalq forumun keçirildiyinin şahidi olduq. Burada yaxın ölkələrin, dünyanın tanınmış fəlsəfi və siyasi dairələrinin nümayəndələri toplanmışdı. Onlar bu konfransda çox geniş miqyasda təmsil olunurdu. Konfrans çox məhsuldar nəzəri və praktik məzmunla və önəmlə yadda qalacaq. Çünki mədəniyyətlərarası dialoq baxımından onun böyük önəmi ola bilər. Bu önəm isə birinci növbədə Azərbaycanın bir mədəniyyətlərarası dialoq məkanı və dini, milli tolerantlıq mənbəyi kimi önəmindən, mövqeyindən irəli gəlir. Bu mənada inanıram ki, bu dialoqun dünyada əhatə dairəsi daha da genişlənəcək və yeni-yeni səviyyələrdə bərqərar olacaq. Çox əlamətdar haldır ki, bu gün mədəniyyətlərarası dialoqla bağlı biz, müxtəlif ölkələrin fəlsəfə təmsilçiləri, mədəni və siyasi elitalarının nümayəndələri olaraq Bakıda toplaşırıq. Bakı belə mövzuların keçirildiyi məkan kimi artıq bir simvola çevrilib. İstər Asiya, istərsə də Avropanı təmsil edən fəlsəfə və siyasət təmsilçilərinin bu məkanda toplaşması çox məqamlardan xəbər verir. Burada mədəniyyətlərarası dialoq məkanının fəlsəfi strukturu barədə tədqiqat istiqamətlərinin müzakirə edilməsi də fəlsəfədə bu istiqamətlərdə tədqiqatlara təkan vermək baxımından əsas keyfiyyət göstəricilərindəndir”.
Qazax filosofu: “Azərbaycanın
unikallığı ondadır ki, Şərqlə Qərbin
qovşağında yerləşən bu ölkədə mədəniyyətlərarası
dialoq və anlaşmaya ən optimal səviyyədə,
dövlət səviyyəsində diqqət yetirilir”
Qazax filosofu, professor, Qazaxıstan EA müxbir üzvü Abdimalik Nısanbayeviç Nısanbayev məsələ ilə bağlı bizə belə dedi: “Mədəniyyətlərarası dialoq məkanı ilə bağlı Bakıda keçirilən forumda iştirak etdiyim birinci gün Prezident İlham Əliyevin məntiqi nitqindən də bir daha əmin oldum ki, Azərbaycan düzgün yolla inkişafdadır. Azərbaycanın unikallığı ondadır ki, Şərqlə Qərbin qovşağında yerləşən bu ölkədə mədəniyyətlərarası dialoq və anlaşmaya ən optimal səviyyədə, dövlət səviyyəsində diqqət yetirilir”. Qazax filosofu daha sonra qeyd etdi: “Azərbaycanın bu baxımdan böyük gələcəyi var. Məncə, elmi-mədəni elitanız da öz növbəsində bu yöndə ciddi işlər görür. Biz burada dövlətlə elmi-mədəni elitanın, alimlərin ciddi vəhdətini, qarşılıqlı fəaliyyətini və işbirliyini görürük. Filosoflarınızın bu yöndə xüsusi əməyi var. Onlar bu sahədə hədəflərinə çatmaq üçün əzmlə çalışırlar, intellektual əmək sərf edirlər”.
Azərbaycanın
dünyaya diktə etməli olduğu çox məsələlər
var
Azərbaycanın mədəniyyət və sivilizasiyaların qovuşduğu, dialoqa girdiyi bir planet mərkəzi olduğu yuxarıda ifadə edildi. Bəs biz öz bu üstünlüyümüzdən Azərbaycan həqiqətlərini dünyada yaymaq, beynəlxalq imicimizi möhkəmlətmək üçün strateji müstəvidə necə yararlana bilərik? Məlumdur ki, bu gün sivilizasiyalar, mədəniyyətlər və qloballaşma məsələlərində hər bir ölkənin güddüyü maraqlar var. Azərbaycanın isə bu baxımdan dünyaya diktə etməli olduğu çox məsələlər var. Bu baxımdan sivilizasiya və mədəniyyət problemləri ilə siyasət arasındakı əlaqələrin metodologiyasını hazırlamaq çox məqsədəuyğun olardı. Bu barədə də müsahiblərimizin fikirləri maraqlıdır.
“Xalqımızın
ənənələrini, yüksək dəyərlərini
yaşatmaqla müasir və öncül olmaq bizim
amalımızdır”
Səlahəddin Xəlilov öncə belə
dedi: “Bu konfranslar, tədbirlər və sair görülən
işlər üstünlüyümüzün dünyada
nümayiş etdirilməsidir. Bu, bizim səsimizin dünyada
eşitdirilməsidir. Bu, bədxah qonşularımızın
qələmə verdiyi kimi, bizim “qorxulası” millət yox,
yüksək sivilizasiyaya malik, olduqca mədəni bir millət
olduğumuzu göstərir. Biz dünyaya öz real
varlığımızı bəyan edirik. Sadəcə olaraq
qeyd edək ki, bizim sənət və mədəniyyət
adamlarımız bunu dünyada nümayiş etdirir. Həm
dünyaya öz mədəniyyətimizi transfer edirik, həm də
dünya mədəniyyət xadimləri Bakıya gəlib,
bunun bilavasitə şahidi olurlar. Bizim məqsədimiz gerçək bir inkişafdır,
daha optimal bir model qurmaqdır. Xalqımızın ənənələrini,
yüksək dəyərlərini yaşatmaqla müasir və
öncül olmaq bizim amalımızdır. Özgələşməyərək,
özümüz olaraq qalırıq, həm də
müasirliklə ayaqlaşırıq”. Amma alim qeyd etdi ki, bu
sahədə ölkədə xüsusi tədqiqatlar hələki
fərdi səviyyələrdə aparılır.
Ayrı-ayrı müəlliflərin bu mənada dəyərləndirmələrindən
söhbət açmağa dəyər: “Qeyd etdiyiniz
sivilizasiya və mədəniyyət problemləri ilə siyasət
arasındakı əlaqələrin metodologiyasını
hazırlamaq səviyyəsinə çatmamışıq.
Amma alimlərimiz bu istiqamətdə tədqiqatlara da
böyük önəm verməlidir. Çünki mədəniyyətin
özü də siyasətdə bir arqument, vasitə və
silahdır. Bu iki amili - mədəniyyəti və siyasəti
sıx surətdə əlaqələndirməliyik. Əvvəllər
deyirdik ki, neft bizim başlıca sərvətlərimizdən
biridir və istinad nöqtələrimizdən biri olacaq, o
cümlədən Dağlıq Qarabağ münaqişəsinin
həllində biz bu amilə arxalanacağıq. Amma indi
görürük ki, neftdən daha çox rol oynaya biləcək
amil mədəniyyətimizdir. Bu sərvətimizdən ürəklə
və səxavətlə yararlanmalıyıq.
“Əgər mədəniyyətlərarası
dialoqa çıxırıqsa, bunun arxa planında bir
ümumi fəlsəfi dil olmalıdır”
Türk
filosofu K.Gürsoy isə deyir: “AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunda bu mədəniyyətlərarası
dialoq məkanı mövzusunun fəlsəfi kontekstdə
yozumu ilə bağlı üç gün
çalışdıq. “Nədən fəlsəfəçilərin
bu işi ələ alması lazımdır və fəlsəfəçilər
bu işə hansı töhfələrini verə bilərlər”
deyə, bir sual qoyaq. Əgər biz mədəniyyətlərarası
dialoqa çıxırıqsa, bunun arxa planında bir
ümumi dil olmalıdır. Bu dilin fəlsəfi dərinliyi
olmalıdır. Yəni fəlsəfəçilərin bu
ümumi dili formalaşdırmaları lazımdır. Bunun Azərbaycanda
bu qədər önəmə alınması isə bizi
olduqca şövqləndirir. Bu dilin formalaşmasında Azərbaycanın
nə qədər önəmli olması da bir daha bizə əyan
olur. Bu ümumi dil etik təfəkkür və dəyərlər
sistemi üzərinə oturmalıdır. Buna nail olmaq Azərbaycan
timsalında mümkün olan bir işdir. Fəlsəfəçilərin
Türkiyədə də bununla bağlı bir araya gəldiyi
və bunu müzakirə etdikləri müşahidə edilməkdədir.
Özümüzü yenidən belə bir dilin
formalaşması baxımından dəyərləndirməli
olsaq, fəlsəfə sahəsində dünyada ehtiyac duyulan
bir anlayışlar sistemini ortaya çıxarmaqda təşəbbüsü
ələ almış olacağıq. Bu zaman kənardan idxal
etdiyimiz bir sıra məfhumları və dəyərləri
deyil, özümüzün olan anlayış və dəyərləri
ön plana alacağıq. Bununla bir platforma
formalaşdıracağıq. Buradan dünyaya nələr
söyləyə biləcəklərimizi göstərəcəyik.
Fəlsəfəçilərimizin bu məfhumlar sistemini
formalaşdırmaq və çalışdırmaq
baxımından önəmli vəzifələri var. Əgər
fəlsəfəçi keçmişini bilirsə, bu
torpaqların keçmişində var olan irfanı, hikməti
dəyərləndirə bilirsə, onları bu gün
üçün qiymətləndirirsə, gələcəyə
yönəlik olaraq burada çox kəskin intellektual bir aktor
olacaq, aramış olduğu bilgiləri özünü xaricə
tanıdarkən formalaşdırmış, gerçəkləşdirmiş,
dünya planında tətbiq etmiş olacaq”.
“Azərbaycan hazırkı informasiya əsrində
dialoq məqamına böyük önəm verir və bu,
düzgün yoldur”
Qazax
filosofu A.Nısanbayev isə belə düşünür: “Bəllidir
ki, sizin Qarabağ kimi bir probleminiz var. Biz istərdik ki, Azərbaycan
ərazisi bütöv bir ölkə kimi bu problemdən salamat
qurtarsın. Hazırda hansısa problemlər, maneələr
var ki, Azərbaycanın ərazi bütövlüyü hələ
də həllini tapmayıb. Məncə, bu problemi
çözmək üçün əsas yollardan biri də
mədəniyyətlərarası, sivilizasiyalararası
dialoqdur. Düşünürəm ki, Azərbaycan bu yolla getməklə
özünün möhtəşəmliyini, xoşməramlı
və böyük olmasını daha da qabarıq göstərir.
Bununla isə Azərbaycan öz həqiqətlərini də
dünyaya daha çox tanıtmış olacaq. Görürəm
ki, Azərbaycan hazırkı
informasiya əsrində bu məqama böyük önəm
verir. Azərbaycanın bu baxımdan mədəniyyəti, dəyərləri
və ümumi potensialı çox böyükdür. Azərbaycan
dövlətinin bu yöndə fəaliyyətə önəm
verməsi, mədəniyyətlərarası dialoqla
bağlı dünya filosof və siyasətçilərinin
müzakirələrini təşkil etməsi isə ölkənizin
bu sarıdan potensialını daha çox
aktuallaşdırmasına, ortaya qoymasına və dünyaya
sivilizasiyaların nümunəvi şəkildə
qovuşduğu bir məkan kimi geniş miqyasda təqdim
olunmasına gözəl şərait yaradır.
Düşünürəm ki, alimləriniz və tədqiqatçılarınız
bu imkanlardan intensiv yararlanmaqla, eyni zamanda Azərbaycanın
strateji və ümumi inkişaf məqsədlərinə xidmət
etmiş olacaqlar”.Göründüyü kimi, Azərbaycan mədəniyyətlərarası
dialoq mərkəzi kimi bir unikal bir model olaraq tanınır. Bu
dünyamiqyaslı tanınmada dövlətin və Heydər Əliyev
Fondunun həyata keçirdiyi tədbirlər isə ölkəmizin
qlobal inkişaf məqsədlərinə
hesablandığı kimi, dünyada sülhə, barışa
və müxtəlif mədəniyyət qütbləri
arasında dialoqa qiymətli töhfələr verməyi
qarşısına məqsəd qoyub.
İlkin AĞAYEV
Palitra.- 2011.- 12 aprel.- S. 4-5.