İcbari təhsil pilləsi uşaqları ilk növbədə cəmiyyətin bir üzvü və vətəndaş kimi formalaşdırmalıdır

 

Təhsilin və vətəndaş kimi formalaşmanın əsasının təhsil prosesinin ilk pillələrindən qoyulduğu sirr deyil. Bu baxımdan Azərbaycan təhsilində müəyyən problemlər olduğu barədə ötən saylarımızda bildirmişik. Layihə çərçivəsində bu məsələyə bir qədər əhatəli və fəlsəfi kontekstdən yanaşmağı lazım bildik.      

Belə ki, uşaqları tərbiyə etmək, onlara müxtəlif sahələrdə bilik öyrətmək bu gün istənilən valideynin əsas arzusudur. Bu sırada nəzəri biliklər, elmin əsasları öyrədilirsə, burada söhbət əsasən təlimdən gedir və tərbiyə arxa plana keçir. Bu məsələ ilə bağlı bizə fikirlərini bildirən Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının İdarə Heyətinin sədri, professor Səlahəddin Xəlilov qeyd edir ki, biliklərin daha çox hansı sahələrdə və hansı həcmdə verilməsi insanın seçəcəyi ixtisasdan asılıdır. Humanitar biliklər isə hamıya lazımdır və daha çox tərbiyəvi funksiya daşımalıdır. Təəssüf ki, bizdə humanitar fənlər də ancaq bilik öyrədir; tərbiyədən daha çox, təlimə üstünlük verilir: “Halbuki tərbiyə təhsilin daha önəmli bir funksiyasıdır. V.Q.Belenskinin dediyi kimi, təhsilin müxtəlif növləri içərisində ən yüksək mərtəbəni mənəvi-əxlaqi təhsil tutur. Yaxud A.Sent-Ekzüperi deyir: «Tərbiyə təhsildən üstündür. Çünki insanı tərbiyə yaradır». Yeri gəlmişkən, «Alim olmaq asandır, insan olmaq çətin», Azərbaycan atalar sözü də tərbiyənin daha önəmli olduğuna işarədir. Ona görə də, təlimin tərbiyəvi funksiyası həmişə diqqət mərkəzində saxlanılmalıdır. İcbari təhsil pilləsində öyrədilməsi gərək olan bilik və vərdişlər insanın adi həyatda, məişətdə, cəmiyyətdə normal fəaliyyəti zamanı istifadə olunur. Məsələn, məişət texnikası, nəqliyyat vasitələri və onlardan istifadə qaydaları haqqında, bizi əhatə edən mühit və bu mühiti qorumağın şərtləri haqqında, sağlamlığın profilaktikası və elementar tibbi yardım haqqında biliklər hamıya lazımdır. Təsadüfi deyil ki, son vaxtlar Rusiyada ixtisasından asılı olmayaraq bütün müəllimlərə sağlam həyat tərzini öyrədən xüsusi fənn - valeologiya tədris olunur”.Dilləri bilmək, nitq və yazı da insanlar arasında ünsiyyət üçün zəruridir. Amma ali riyaziyyat, atomun quruluşu və ya elektromaqnit sahəsi haqqında hərtərəfli biliklər, nəzəri təlimlər heç də hamıya lazım olmur: “Deməli, icbari təhsil pilləsi uşaqları ilk növbədə əməli həyata hazırlamalı, cəmiyyətin bir üzvü və vətəndaş kimi formalaşdırmalıdır. Sonuncular daha çox dərəcədə humanitar fənlərin sayəsində mümkün olduğundan ümumi orta təhsil pilləsinin humanitarlaşdırılması XXI əsrin təhsil paradiqmasını müəyyənləşdirən başlıca şərtlərdən biri hesab olunur.

Professor Y.M.Neymətov yazır: «Humanitar təhsil paradiqmasının mənası peşə təlimi və təhsilin üzvi vəhdətindədir. Belə ki, təhsil şəxsiyyətin inkişafı, təlim isə bu məqsədə çatmağın vasitəsidir. Əgər peşə təlimi özü məqsədə çevrilsə, məqsəd və vasitənin yeri qarışıq salınmış olar ki, bu da texnokratik və amiranə-inzibati təhsil sisteminə xasdır… Bu paradiqmanın dəyişdirilməsi qaçılmazdır». Həm də humanitarlaşdırma prosesi ancaq icbari təhsil müddətində deyil, sonrakı təhsil pillələrində də davam  etdirilməlidir”.Beləliklə, ictimai-siyasi və humanitar fənlərin tədrisi həm də tərbiyə məqsədi daşıyır. Bəs tərbiyə qarşısında qoyulan minimal tələb nədən ibarətdir? Orta məktəbdə tərbiyənin hansı aspektləri ilk növbədə əhatə olunmalıdır? Ənənəvi pedaqogika yeni dövrün, texnokratik cəmiyyətin yaratdığı problemlər şəraitində nəzərə alınmalı olan tərbiyə aspektlərini əhatə edirmi? S.Xəlilov bu barədə belə bildirir: “Bu sualların cavabı müvafiq fəlsəfi araşdırmalardan kənarda verilə bilməz”. Alim daha sonra qeyd edir ki, Avropada nəinki orta məktəblərdə, hətta ibtidai siniflərdə və məktəbəqədər yaşlı uşaqlar üçün də fəlsəfi düşüncənin xüsusi önəmi nəzərə alınır. Hətta son vaxtlar «uşaqlar üçün fəlsəfə» beynəlxalq miqyasda ən aktual problemlərdən birinə çevrilib. ABŞ-da Uşaqlar üçün Fəlsəfə İnstitutu fəaliyyət göstərir. Tanınmış rus filosofu N.Yulina 1993-cü ildə Harvard Universitetində bu məsələ ilə əlaqədar aparılan tədqiqatların nəticəsinə əsaslanaraq, bu praktikanın Rusiya üçün də əhəmiyyətli olduğunu qeyd edir. O, ABŞ alimi M.Lipmana istinadən bildirir ki, uşaqların insan və dünya haqqında, mənalı ömür haqqında düşünmələri, fəlsəfi fikir tərzinə çox erkən yiyələnmələri onların pis əməllərə qurşanmasının qarşısını ala biləcək ən gözəl vasitələrdən biridir. Fəlsəfi sistemlər haqqında mürəkkəb biliklər yox, fəlsəfi suallar qoymaq, «filosofluq» vərdişləri aşılamaq, daha doğrusu, uşaqlarda öz-özünə, təbii yolla yaranan bu düşüncə tərzinin qarşısını almamaq, məhdudlaşdırmamaq, əksinə, ona meydan açmaq tövsiyə olunur. Yeni təhsil paradiqmasına, «gələcəyin təhsilinə» keçid də bu problemlə əlaqələndirilir. Qabaqcıl xarici ölkələrin ali məktəblərində, xüsusən magistraturada isə ümumi fəlsəfə deyil, ixtisasın fəlsəfəsi, sosiologiya, ixtisas etikası və sair praktik fəlsəfi kurslar öyrədilir: “Lakin təəssüf ki, bizdə müxtəlif ixtisas sahələrinin fəlsəfi əsaslarını öyrətmək üçün nə proqram, nə dərslik, nə də müəllim var. Bu sahədə vəziyyəti düzəltmək istiqamətində heç hazırlıq işi də aparılmır. Orta məktəblərdə keçilən «İnsan və cəmiyyət» fənni də «Fəlsəfənin əsasları» fənnini ehtiva etmir. Bu sahədə vəziyyəti düzəltmək əvəzinə fəlsəfəni fakultativ fənn etmək təşəbbüsləri  əlaqədar təşkilatın Bolonya prosesinin mahiyyətini anlamadığına dəlalət edir. Əksər xarici ölkələrdə fəlsəfi biliklərin əsasları orta məktəblərdə, liseylərdə, kolleclərdə tədris olunur. Yəni hamı üçün zəruri sayılır. Bizdə isə fəlsəfənin tədrisi nə üçünsə ali məktəb pilləsində planlaşdırılıb. Yəni ancaq ali təhsillilər fəlsəfi biliklərlə sistemli şəkildə tanış ola bilirlər. Azərbaycanda fəlsəfi biliklərin təhsilin hansı pilləsində tədris olunması məsələsi, təəssüf ki, bir problem kimi müzakirəyə çıxarılmayıb. Fəlsəfənin ali məktəblərdə tədrisi sovet dövründən qalmış bir ənənədir ki, bu gün biz onu sadəcə davam etdiririk. Lakin hərdənbir xarici ölkələrə səfər edən və oradakı universitetlərin bəzilərində fəlsəfənin tədris olunmadığını görən bir sıra modern düşüncəli məmurlarımız Avropa ilə ayaqlaşmaq naminə fəlsəfəni tədris planından çıxarmaq və ya heç olmazsa, saatlarını azaltmaq fikrinə düşürlər. Azərbaycanda fəlsəfi biliklərin əsaslarını orta məktəblərdə tədris etmək üçün müəllimlər hazırlanmadığından, yaxın gələcəkdə bu sahədə Avropa ilə ayaqlaşmaq çətin ki, mümkün olsun. Təəssüf ki, universitetlərdə də fəlsəfəni tələb olunan səviyyədə tədris edə biləcək mütəxəssislərimiz azdır. Ölkəmizdə fəaliyyət göstərən 50-dən artıq universitetin heç birində fəlsəfə fakültəsinin olmaması (BDU-nun Sosial elmlər və psixologiya fakültəsi nəzdindəki kiçik bir şöbə istisna olmaqla), başqa ixtisaslar üzrə təhsil almış gənclərin fəlsəfə üzrə magistraturaya cəlb olunması üçün şərait yaradılmaması Azərbaycanda fəlsəfənin inkişafına imkan vermir. Bu ixtisasa sosial sifarişin az olması isə səbəb kimi götürülə bilməz. Əksinə, bu fakt təhsil siyasətinin özünə və ictimai rəyin formalaşdırılmasında iştirak edən qurumların fəaliyyətinə tənqidi nəzər salınmasını tələb edir”. Hazırda ölkəmizin orta məktəblərində fəlsəfi biliklərin əsasları «İnsan və cəmiyyət» fənni çərçivəsində öyrədilir. Lakin öyrədilirmi? Alim bildirir: “Proqram var, dərsliklər var, lakin fənni tədris etmək üçün müəllimlər hazırlanmadığından bu iş digər fənn müəllimlərinə həvalə edilir ki, bu da təbii olaraq gözlənilən səmərəni vermir. Nəticədə biz özümüzü aldatmış oluruq. Son vaxtlar aspiranturada ixtisas fəlsəfəsi üzrə dərslərin keçilməsi və namizədlik minimumunun verilməsi də ixtisara salınıb ki, bu da fəlsəfəyə münasibətin artan yox, azalan istiqamətdə dəyişdiyindən xəbər verir.

Görünür, Azərbaycanda fəlsəfəyə münasibət bəzən fəlsəfə üzrə elmi dərəcəsi olan kadrların real səviyyəsindən, mənəvi keyfiyyətlərindən, elmi nüfuzundan asılı vəziyyətə düşür. Lakin əgər yüksək ixtisaslı filosoflarımız azdırsa, bunun üçün fəlsəfəni məhdudlaşdırmaq yox, əksinə, ona diqqət və qayğını artırmaq lazımdır. Çağdaş təhsilimizin ən böyük problemlərindən biri də ali məktəb müəllimlərinin təkmilləşdirilməsi və yenidən ixtisaslaşması məsələsidir. Tutaq ki, orta məktəb müəllimləri üçün bu iş pedaqoji universitetlərə həvalə edilə bilər.  Bəs ali məktəb müəllimləri kim təkmilləşdirməlidir?  Belə güman etmək olardı ki, bu iş hər bir ixtisas üzrə ən qabaqcıl sayılan ali məktəbin bazasında təşkil oluna bilər və bütün universitetlərin və MEA-nın da bazası və ən yaxşı mütəxəssisləri bura cəlb oluna bilər». Ola bilsin ki, bəzi elm sahələri üzrə ali məktəb müəllimləri vaxtaşırı təkmilləşmə kursu keçməsələr elə böyük faciə olmaz. Çünki dəqiq elmlər sahəsində müəyyən yeniliklər olsa da, onun tədris üçün nəzərdə tutulan əsas hissəsi, demək olar ki, dəyişmir. Lakin elə sahələr də var ki, müstəqillik əldə etdikdən  və ideoloji sistem dəyişdikdən sonra onların köklü surətdə dəyişilməsinə və bu sahədəki müəllimlərin yeni ideoloji prinsiplər əsasında təzədən hazırlanmasına böyük ehtiyac yaranıb”. Alimin fikrincə, bu deyilənlər ilk növbədə fəlsəfə və ictimai-siyasi fənn müəllimlərinə, o cümlədən pedaqoqlara aiddir.

 

 

İlkin

 

Palitra.- 2011.- 12 aprel.- S. 7.