Gənclərin problemlərini
necə həll etməli?
Ölkəmizdə gənclər siyasəti gənclərin
vətənpərvərlik, dövlətçilik prinsipləri
əsasında xalqımızın tarixi-mədəni irsinə,
milli-mənəvi və ümumbəşəri dəyərlərə
hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi,
sosial-iqtisadi və mədəni həyatında fəal
iştirakının təmin edilməsi istiqamətində
aparılır. Bugünlərdə ölkə
başçısı tərəfindən “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam
imzalanıb. Burada gənclər siyasətini
daha da inkişaf etdirmək, gənc mütəxəssislərin
işlə təminatı və digər sosial-iqtisadi problemlərin
həllini təmin etmək məqsədilə Dövlət
Proqramı layihəsinin hazırlanması öz əksini
tapıb. Bu gün gənclərin
mövcud problemləri və onların həlli istiqamətində
ziyalılarımız hansı təkliflər irəli
sürürlər?
Aydın Mirzəzadə: “Gənc
mütəxəssislərin təyinatla göndərilməsi
və mənzillə təminatına baxıla bilər”
Adıçəkilən
sərəncamı çox yüksək qiymətləndirən
millət vəkili Aydın Mirzəzadə bunu ümumiyyətlə
son dövrlərdə ölkə
başçısının atdığı ən ciddi və
əhəmiyyətli addımlardan biri saydığını
bildirdi: “Gəncliyə qayğı ilə bağlı
Dövlət Proqramı dövlətin əsaslarının
möhkəmləndirilməsi, gələcəyinin təmin
edilməsidir. Burada bir çox məsələlər-gəncliyin
problemlərinin öyrənilməsi, onların həlli ilə
bağlı məsələlərin önə çəkilməsi,
mənzillə, işlə təminat, təhsilin keyfiyyətinin
yüksəldilməsi var. Bu gün ölkə daxilində Azərbaycan
gəncliyi öz gücünü, biliyini təmin edə
bilir. Yeni açılan müəssisələr,
sahibkarlığın inkişafı, təhsil müəssisələrinin
özlərinin gəncliyin biliyinə çox böyük
ehtiyacı var. Bununla yanaşı artıq bu, elmi əsas
üzərində qurulur, dövlətin qayğı sisteminə
keçib. İstərdim ki, gənc
mütəxəssislərin təyinatla göndərilməsi
məsələsinə yenidən bu və ya digər formada
baxılsın. Eləcə də onların mənzillə
təminatında dövlətin rolu, onlar üçün mənzil
alınmasında ipoteka şərtlərinin
yumşaldılması,
Gənc Mütəxəssislər Bankının
yaradılması, bundan başqa gənclər ailə qurduqda
onlara dövlət tərəfindən müəyyən
qayğı göstərilməsi mümkün olan məsələdir. Proqram
hazırda işlənilir və yəqin ki, burada həm Azərbaycan,
həm də xarici təcrübə kifayət qədər
öyrəniləcək. Ən əsası
odur ki, Azərbaycan cəmiyyəti gördü ki, dövlət
başçısı əhalinin sosial vəziyyətini,
xüsusilə də gələcək, ən əhəmiyyətli
bir hissəsi üçün qayğı məsələsini
ortaya qoyur”. Millət vəkili onu da qeyd etdi ki, gənclər
üçün ən vacib amillərdən biri mənzillə
təminatdır ki, bununla bağlı variantlar çoxdur və
yəqin ki, parlamentdə cəmiyyətdə səslənən
təkliflərin çoxu nəzərə alınacaq:
“Çox istərdim ki, mənzillə təminat məsələsi
həmin proqramın baza hissəsi olsun. Hər bir gənc ilk
növbədə ailə və gələcəklə
bağlı plan qurduqda mənzillə təminat məsələsində
konkret yolları görməlidir. Bu, ya aztəminatlılar
üçün dövlət tərəfindən tikilməlidir,
ya ipoteka olmalıdır, ya da işlədiyi yerdən verilməlidir.
Hesab etməyək ki, mənzilə xərclənən
vəsait itirilir. O, tamam başqa bir tərəfdən
dövlətə sosial və iqtisadi gəlirlər gətirir”.
Mənzillə təminatda ipoteka kreditləri
şərtlərinin xeyli dərəcədə yüngülləşdirilməsini
dəfələrlə təklif etdiyini deyən A.Mirzəzadə
deyir ki, ipoteka kreditlərini gənclərə 10-15 illiyə
deyil, 50 illiyə vermək lazımdır. Eləcə
də ipotekanın faizi bir ilə 3-4 faizdən yuxarı
olmamalıdır. Digər tərəfdən
yalnız vəsait verilməməlidir. Millət vəkilinin
fikrincə, ola bilsin ki, dövlət
sifarişi ilə ucuz qiymətə və məhz gənc ailələr
üçün nəzərdə tutulan azkvadratlı
yaşayış kompleksləri tikilsin və oradan həmin
hazır mənzillər verilərək gənclərin 50 il
müddətinə bunu ödəməsi məsələsi
qoyulsun: “Hesab edirəm ki, bununla biz əhalinin müəyyən
bir hissəsinin, o cümlədən gənclərin problemini həll
etmiş olarıq. Hər halda bu təkliflər
səsləndirilib və proqramda bunların nəzərə
alınmasını çox istərdik. Proqram
üzərində işə başlanılıb və burada
həm ümumən gənclik, həm də gənclərin
ayrı-ayrı qruplarına qayğı məsələsi
ortaya qoyula bilər. O cümlədən elmlə məşğul
olan gənclərin məsələsi həm elm, həm də
gənclərlə bağlı olan bir məsələdir. Yəni burada onların mənzillə, işlə təminatı
ciddi məsələdir. Mənim fikrimcə,
bu, proqram kompleks şəkildə həll ediləcək”.
Zahid Oruc: “Gənclərin mənzillə
təminatı başlıca məsələdir”
Azərbaycan
cəmiyyətinin bütün təbəqələri və
yaş qruplarının ölkə
başçısının diqqət mərkəzində
olduğunu deyən millət vəkili Zahid Oruc isə bildirdi
ki, bu istiqamətdə müxtəlif proqramlar qəbul olunub:
“Bu çox önəmlidir və bilmək lazımdır ki,
dövlət həyatı yalnız onunla inkişaf edə bilər
ki, həqiqətən də millətdən gələn
bütün çağırışlar müvafiq idarəedənlər
tərəfindən tamamlansın, qəbul olunsun, əksini
tapsın. Bu mənada Azərbaycan gəncliyinin
2011-2015-ci illər dövründə gələcək həyati
maraqları, planları və vəzifələrini dövlətin
də bölüşməsi, bununla bərabər gəncliyin
yanında olması məsələsi çox vacibdir. Son dövrlər xüsusi olaraq onu
vurğulamaqdayıq ki, bizdən sonra gələn nəsil bir
çox hallarda 1990-cı illər Azərbaycanını
yaşamayıb, dərindən bütün ağrılara,
mürəkkəb ictimai-siyasi proseslərə bələd
deyil. Bəzən də gəncliyi
açıq səhrada başsız atlıya bənzədirlər.
Bu doğru yanaşmadır, çünki həqiqətən
də böyük enerjiyə, həyat quruculuğu
amallarına və istəklərinə malik olan bu təbəqənin
bir çox hallarda daha geniş təcrübəyə,
düzgün yönləndirməyə ehtiyacı var.
Onların ölkə resurslarından istifadəsi
bütövlükdə həmin insanların dövlət
quruculuğuna faydalı bir enerji verməsi demək olardı. 1990-cı illərdə dünyaya gəlmiş gəncliyin
bu və ya digər siyasi maraqlara təkrar çəkilməsi,
onların enerjisindən öz məkrli niyyətləri
baxımından faydalanmaq istəyənlərin olduğunu
vurğulamaqdayıq. Biz dərhal paralellər
aparırıq ki, məhz 1990-cı ildə SSRİ-nin
dağılması və yeni dövlət və cəmiyyət
quruculuğu prosesində həmin gəncliyə əl uzadanlar
oldu, onların maraqları üzərində hakimiyyət
maraqlarını gerçəkləşdirməyə
çalışdılar. Həmin gənclik vətənpərvər
çağırışlara reaksiya verdi,
öz həyatlarını ölkəmizin ərazi
bütövlüyü uğrunda mübarizəyə həsr
etdilər, bu proses həyatları bahasına başa gəldi.
Amma onların həyatından formalaşan Şəhidlər
xiyabanı bir tərəfdədir, digər tərəfdə
isə partiyalarda, siyasi təşkilatlarda o dövr
çağırışlarda olanlar sakit həyatlarını
sürdürməkdədirlər və sanki növbəti
xiyaban üçün sanki siyasi layihələr
hazırlanır. Ona görə də mən hesab edirəm
ki, ölkədə 15 ilə yaxın bir müddətdə gənclər
sektoru üzrə mühüm bir nazirliyin fəaliyyət
göstərməsinə baxmayaraq və gənclərin
çoxlu sayda olmasını nəzərə alaraq bir
sıra addımları bu proqramda nəzərə almalı
olacağıq”. Millət vəkilinin
fikrincə, ilk növbədə gəncliyin elm və təhsil
sferasında fəaliyyətinin düzgün tənzimlənməsi
gərək olacaq ki, burada da böyük uğurlarla
yanaşı həm ölkədə, həm də xaricdə
təhsildən faydalanmaqla bərabər problemlərin də
olduğunu inkar etmək olmaz. Z.Oruc bidirdi ki, o gənclik
ki, ali məktəblərə savadla daxil
olur, bir sıra hallarda bu mühitdə problemlər meydana
çıxır və onların təhsil gücü
sonrakı dönəmdə dövlətin faydasına işləyə
bilmir: “Alimlərimizin böyük bir hissəsi artıq
yaşca qocalıblar, onların orta yaş həddi xeyli
yuxarıdır, demək ki, arasıkəsilməzlik prinsipi
pozulub. Onlardan sonra gələn alimlər
azlıq təşkil edirlər. İstər
elmi, istər təhsil, istərsə də iqtisadi və siyasi
sferada, idarəetmə sektorunda gəncliyin çox
böyük rolu var. Dövlətin yeni proqramı onların bu
sahə üzrə ciddi şəkildə güclərini
yönəltmək, maraqlarını təmin etmək olacaq.
Digər tərəfdən nəzərə
almalıyıq ki, hansı gəncliyi
formalaşdırırıq, onun həyati maraqları nədən
ibarət olacaq? Çünki bu gün belə
fikirlər səslənir ki, internet dünyası, İKT,
mobil rabitə sanki fərqli bir gənclik yaradır. Biz necə etməliyik ki, bu gənclik üzərində
Azərbaycanın milli mental dəyərlərini
formalaşdıra bilək, onlara daha çox
bağlansınlar? Azərbaycanın gələcəyi
tarixi köklərdən qaynaqlana bilsin, onlardan qorxmasın, fərqli
cərəyanların yemi olmasın. Ona
görə də mən düşünürəm ki,
dövlət başçısının bu proqramla bağlı
göstərişlər verməsi bizdə bir əminlik
yaradır ki, Azərbaycan dövləti öz gəncliyinin
sahibidir, bu hakimiyyət gəncliyin müttəfiqidir və bu əməkdaşlıq
mühitində ölkəmizin gələcək həyatı
məhz bu gənclərin çiyinlərində daha rahat
qoyula biləcək”. Gənclərin mənzillə təminatının
da çox vacib bir məsələ olduğunu deyən millət
vəkilinin sözlərinə görə, istənilən bir
elm yolunda addımlamaq, bu sahənin mürəkkəbliyinə
və ağırlığına tab gətirmək
üçün onların sosial mənzil şəraitinin
yaxşılaşdırılması başlıca məsələdir:
“Etiraf etmək lazımdır ki, gənc aspirantların, yaxud
bakalavriatdan sonra magistratura və digər mərhələlərə,
elə o mərhələdə də ailə həyatına qədəm
qoyan gənclərin bir sıra problemləri mövcuddur. Elə bir real dünyada yaşayırıq ki, sadəcə
amal, elm fədaisi olmaqla məsələ bitmir. Hələ sovet dövründə ideologiya
altında insanlar formalaşdırılırdı, orada da təminat
məsələsinə önəm verirdilər. Azərbaycanın
müasir dövrünün ən başlıca vəzifələrindən
biri və dövlətin qarşısında dayanan
mühüm prioritet iş məhz bu gəncliyin sosial problemlərini
qarşılamaq olacaq. Mən çox
arzulayıram ki, onların mənzil-məişət şəraitinin
yaxşılaşdırılması üçün
mühüm dövlət proqramları olsun. Bu sadəcə sovetçilik ənənəsinin
saxlanması deyil. II Dünya müharibəsindən
sonra Almaniyada mühüm dövlət proqramları işləndi.
Onlar gördülər ki, yaşlı nəsil
məğlubiyyət acısının altında ciddi həyat
böhranı yaşamaqdadır. Ona görə də
bütün prosesləri gəncliyin üzərinə transfer
etdilər və həmin gənclik dövlətin
ağırlığını daşıdı və
bugünkü gənclik məhz həmin gəncliyə
borcludur, hətta 10 minlərlə insanı ADR-dən satın
almaq kimi əməliyyatlara getdilər və “beyin”lərə
ehtiyacları olduqlarını gördülər. Mən hesab edirəm ki, bugünkü gəncliyin
biliyi, təfəkkürü, onların gələcək
istifadəsi üçün mühüm addımlar
atılmalıdır”. Millət vəkili onu da qeyd etdi
ki, bu gün elm, təhsillə yanaşı onların idman
sferası, iqtisadi sahə, biznes, sahibkarlıq fəaliyyətinə
qoşulması, qabaqcıl dünya ölkələri ilə
yaxşı əlaqələr qurması da dövlətin
xeyrinə olar: “Çünki dövlətin gələcək
iqtisadi həyatını bu insanlar formalaşdıracaq. Ona görə də düşünürəm ki,
bu proqram mühüm strateji inkişaf proqramı kimi işlənəcək”.
Rauf Zeyni: “QHT Forumu olaraq üzərimizə
düşən vəzifələri yerinə yetirməyə
hazırıq”
Gənclərlə
bağlı belə bir sərəncamın verilməsini
yüksək qiymətləndirdiyini deyən Milli QHT Forumunun sədri
Rauf Zeyni isə bildirdi ki, ölkə başçısı tərəfindən
bütün fəaliyyəti dövründə gənclər,
gənc mütəxəssislərin formalaşması,
yetişməsi, xaricdə təhsil alması ilə
bağlı böyük dövlət proqramları qəbul
edilib, vəsaitlər ayrılıb: “Bunlar çox önəmli
məsələlərdir. Ölkə
başçısı gəncləri Azərbaycanın gələcəyi
kimi dəyərləndirib. Gələcəkdə
ölkəmizi idarə edəcək insanların yüksək
intellektə malik olması, mənəvi dəyərlərə
məxsus olması, beynəlxalq standartların öyrənilməsi
və ən aparıcı universitetlərdə təhsil
alması diqqət mərkəzində olub. Bugünlərdə
Prezident tərəfindən imzalanan sərəncamı
çox müsbət qiymətləndiririk və bu, gənclərimizin təşkilatlanması,
formalaşması, eyni zamanda həm ölkədə, həm
xaricdə təhsil alan gənclərimizin işlə təmin
olunması baxımından çox vacib məsələlərdir.
Bizim də QHT kimi maraqlarımız ondan ibarətdir ki, istər
dövlət, istər özəl, istərsə də ictimai
sektorda gənclər üçün xüsusi şərait
yaradılsın, onlar özlərini ifadə edə bilsinlər
və maddi cəhətdən minimum təminatları olsun ki, həm
dövlətə, həm də cəmiyyətə xidmət
edə bilsinlər. Eləcə də ailə
qursunlar, öz həyatlarını təmin edə bilsinlər.
Ona görə də sərəncamdan irəli gələrək
bu proqramı çox təqdirəlayiq hesab edirik, dəstəkləyirik
və bu proqramda bir QHT Forumu olaraq bizim də üzərimizə
düşən vəzifələri yerinə yetirməyə
hazırıq”. Forum rəhbərinin
fikrincə, bu gün vətəndaşlarımızın, o
cümlədən gənclərimizin mənzillə təminatı
da olduqca vacib məsələdir: “Bu məsələdə də
mən millət vəkili Əli Əhmədovun mövqeyini dəstəkləyirəm.
Hökumətimiz bütün imkanları təhlil
etməlidir və ən qısa müddətdə mövcud
imkanlar səfərbər olunmalıdır ki, vətəndaşlarımızın,
xüsusilə də gənclərimizin mənzil şəraitinin
yaxşılaşdırılması istiqamətində önəmli
və ciddi addımlar atılsın. Bu
gün gənc alimlərin, mütəxəssislərin
çox böyük ehtiyacı var. Düşünürəm
ki, yaxın gələcəkdə bu istiqamətdə müsbət
nəticələr əldə olunacaq və gənclərimiz
bu proqramdan bəhrələnəcək”.
Nigar
Palitra.- 2011.- 12 aprel.- S. 11.