Svetlana Zülfüqarova: “Yuxarı siniflərdə şagirdlərin repetitor yanına getməsi bizim işimizə əngəl törədir”

 

Layihə çərçivəsində növbəti müsahibimiz Səbail rayon 91 saylı orta məktəbin direktoru Svetlana Zülfüqarovadır: 

 

- Bu gün Azərbaycan təhsilinin inkişafından danışmaq mənə çox xoşdur. Artıq üçüncü ildir ki, məktəblərdə ibtidai siniflərdə dərslər kurrikulumla keçilir. Eləcə də 9-11-ci siniflərdə mərkəzləşmiş qaydada imtahanlar keçirilir. Həmçinin artıq bir neçə ildir ki, dərsliklər məktəblilərə pulsuz verilir. Bu, ailələrə çox böyük yardımdır və şagirdlərin daha yaxşı oxuması üçün şərait yaradır. Bu gün məktəblərin abadlaşması, fənn kabinetlərinin düzəldilməsi, məktəbə əyani vəsaitlərin pulsuz verilməsi biz müəllimləri və şagirdləri çox sevindirir ki, bu da təhsilin inkişafına xidmət edir. Bundan başqa təhsildə İKT-dən istifadə çox geniş vüsət alıb. Yeni təlim metodları, texniki texnologiyalardan istifadə etməklə məktəbdə təhsilin səmərəsini qaldırmaq mümkündür. Eləcə də məktəblərimizin əksəriyyətində “Elektron məktəb” proqramı tətbiq olunub, xarici ölkələrlə əlaqələr yaradılır, müxtəlif layihələr həyata keçirilir ki, bu da şagirdlərin Avropa təhsil sisteminə inteqrasiyasını təmin edir. Ölkə başçısının təhsilimizə olan qayğısı, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi nəticəsində artıq ucqar kəndlərdə belə yeni məktəblər tikilir. Uzun illər idi ki, nəinki yeni məktəb tikintisi, heç təmiri həyata keçməmişdi. 1957-ci ildən fəaliyyət göstərən bizim məktəbimiz də adıçəkilən layihəyə salınıb və cari ildə məktəbimiz əsaslı təmir olunacaq. Şagirdlərimizə isə yaxşı oxumaq, müəllimlərimizə yaxşı təlim-tərbiyə vermək, öz vəzifə borcunu yerinə yetirmək qalır. 91 saylı orta məktəb ölkəmizin yaxşı məktəbləri sırasındadır. Məktəbdə dərslər yüksək səviyyədə keçirilir, çalışırıq ki, şagirdlər nəinki yaxşı oxusunlar, həmçinin tərbiyələri gözəl olsun. Məktəbimiz “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirak edib və yaxşı nəticələr əldə etmişik. Bugünlərdə Respublika Olimpiadasında bizim məktəbin 4 şagirdi kimya, Azərbaycan tarixi, Azərbaycan dili və riyaziyyat fənləri üzrə iştirak edib ki, onlardan 3 nəfəri müvafiq yer tutub. Məktəbimizdə fənn dərnəkləri var və Bayıl qəsəbəsindəki aztəminatlı ailələrin uşaqları gəlib həmin fənn dərnəklərində biliklərini daha da dərinləşdirirlər. Bundan başqa günü uzadılmış qrup burada fəaliyyət göstərir ki, aztəminatlı ailələrin uşaqları burada qalır, dərsdən sonra müəllimlər onlarla məşğul olurlar. Eləcə də şagirdlərin sağlam böyüməsi üçün hər bir şərait yaradılıb. Burada yeməkxana, akt zalı, kitabxana, idman zalımız, şahmat, futbol, basketbol dərnəyimiz var. Artıq məktəbimizin futbol komandası var. Bu il 11-ci sinifdə oxuyan şagirdimiz Berlin Universitetinin qiyabi tələbəsidir. Bizim Rusiya səfirliyi ilə birgə əməkdaşlığımız var və iki şagirdimiz tam təhsil haqqında həm də Rusiyanın attestatını alırlar ki, bu da onların xaricdə təhsil almasına kömək edir. 2010-cu ildə bizim məzunlardan 34 nəfər ali məktəbə daxil olub ki, onlardan da 15 nəfəri 500 baldan, 2 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Mənə elə gəlir ki, 11-ci sinif məzunlarımız bu il bizi daha çox sevindirəcək. Məktəbimizdə müxtəlif tədbirlər reallaşdırılır. Rəqs dərnəyimiz var, şagirdlər teatr tamaşaları hazırlayır, gözəl əsərləri səhnələşdirirlər. Bu yaxınlarda M.Ə.Sabirin yubileyini keçirdik.

- Son illər ölkədə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi”, “Ən yaxşı müəllim” müsabiqələrinin təhsilin inkişafında rolunu necə qiymətləndirirsiniz?

- Həmin müsabiqələrin təhsilin inkişafında rolu böyükdür. Mən “Ən yaxşı müəllim” müsabiqəsinə hazırlaşdım və bu, məsuliyyət hissi aşılayır. “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi elədir ki, burada ötən illərə nəzər yetirirsən və etdiyin işləri görürsən və sənin görəcəyin işlər də planlaşdırılır. Mən keçmiş işlərimlə bağlı hesabat verdim və artıq yeni dərs ilinə planlarım hazırdır ki, mən daha nələr edə bilərəm və necə bundan da yaxşı işləyim. Ölkə başçısının bu sərəncamı bir növ bizi həvəsləndirir. Biz yaxşı bir təqdimat hazırlamışıq və artıq 3 turdan keçmişəm, nəticəni gözləyirəm.

- Bu gün gənclərin təhsil səviyyəsi sizi qane edirmi?

- Bir sıra məqamlara diqqət yetirdikdə qane edir. Bu gün şagirdlərin əksəriyyətinin internetdən məqsədyönlü istifadəsi məni qane edir. Hazırda məktəblərimizin hamısı kompyuterlə təchiz olunub ki, hər bir şagirdin də istifadə etməsi nəzərdə tutulub. Bu gün məktəbdə internet şəbəkəsi var. Halbuki vaxtilə bu bizim üçün əlçatmaz idi. Həmçinin məktəbimizdə iki informatika otağı var. Şagirdlər dərsdən sonra da orada qalır, məşğul olur, internetdən istifadə edirlər. Məktəblilərimiz yüksək səviyyəli elektron layihələr hazırlayırlar. Məktəbimizi istiliklə təchiz etmək üçün dünya standartlarına uyğun qazanxana tikilib. Əgər uşaq məktəbə gəlirsə, məktəb istidirsə,  bu, hər bir şagirdin həm sağlamlığına xeyirdir, həm də yaxşı dərs keçməyə imkan yaradır. Şagirdlərimiz vahid məktəbli formasına keçiblər. Yeddi il idi bizim məktəbdə vahid məktəbli forması var idi, nazirimiz bu barədə qərar verəndən sonra biz də buna qoşulduq. Çalışırıq ki, məktəblərdə təhsilin səviyyəsini qaldıraq. Əlbəttə, problemlər də var. Yuxarı siniflərdə şagirdlərin repetitor yanına getməsi bizim işimizə əngəl törədir. Bunu belə əsaslandırmağa çalışırlar ki, guya orta məktəblərdə dərslər yaxşı keçilmir. Mən bu fikirlə razılaşmıram. Əgər doğrudan da şagirdlərin hamısı məktəbə gələrsə və biz oxuduğumuz dövrdəki kimi, hamı vahid proqram əsasında hazırlaşarsa, hər kəs ali məktəbə qəbul oluna bilər. Bu gün mən istərdim ki, məktəblərdə dərsə davamiyyət yaxşı olsun, icbari təhsil 9 illik olsun, şagird tam orta təhsili isə könüllü alsın. Məncə, “Təhsil haqqında” qanunun icra müddətini tezləşdirmək olardı. Texniki peşə məktəbləri haqqında Prezidentimizin gözəl sərəncamı var. Davamiyyətin pis olması müəllimləri ruhdan salır. Məktəblər üçün hər şərait yaradılıb. Təhsildə daha səmərəli işləmək lazımdır. Yaxşı müəllimlərlə işləmək lazımdır. Artıq elektron məktəbə keçirik. Elektron məktəbdə savadı olmayan müəllim işləyə bilməyəcək və özü çıxıb gedəcək.

- Bəzən belə fikirlər səslənir ki, yaşlı nəsil daha savadlıdır, amma yeni texnologiyaları bilmir, yaxud əksinə, gənc nəsil texnologiyaları daha yaxşı bilsə də, savadlı deyil. Sizin buna münasibətiniz necədir?

- İşləməyi bacaran müəllim üçün yaş fərqi yoxdur. Məsələn, məktəbimizdə elə yaşlı müəllimlər var ki, mən onların işindən çox razıyam. Onların məktəbə, tədrisə canları yanır ki, bu da təhsil üçün çox önəmlidir. Bu gün ölkə başçısının da fəaliyyətində bunu müşahidə edirik. Paytaxtın qaranlıq küçələri, könhə parkları bu gün işıq içindədir və şəhərimiz o qədər gözəlləşib ki, insan hansı parka gedəcəyini seçə bilmir. Bu gün Azərbaycan heç bir xarici ölkədən geri qalmır. Ancaq bir qədər öz daxilimizdə dəyişiklik etməliyik, bütün bu edilənlərə məhəbbətlə yanaşmalıyıq ki, onların qədrini bilək, qoruyaq, saxlayaq. Bu gün məhəbbətimiz olmasa, şagirdlərə dərs də deyə bilmərik. Qanunlarımıza hörmət etməliyik, millətimizi sevməliyik, adət-ənənələrimizi qoruyub saxlamalıyıq. Gənc nəsildə savad var, amma laqeyddirlər, öyrənməyi çox istəmirlər. Yaşlıların savadı da var, təcrübələri də onlara kömək edir. Mənim fikrimcə, yaşlılar onlara təcrübələrini öyrətsələr, nəyisə başa salsalar, daha yaxşı olar. Bəzi gənclərdə məsuliyyətsizlik var. Bu, özünü şagirdlərdə də göstərir ki, bu məsuliyyət də ailədən gəlir. Elə ailə var ki, uşağını məktəbə göndərəndə deyir ki, “get müəllimlərdən öyrən, tərbiyəli ol”. Ancaq elə ailə də var ki, uşağına deyir “məktəbdə heç kəsin ixtiyarı yoxdur sənə gözün üstündə qaşın var” desin. Bu gün uşaqlara hər şeyə icazə vermək olmaz. Uşaqlara müəllimlərin də, valideynlərin də nəzarəti lazımdır. Uşaq məktəbə evdən gəlir və biz ancaq onu nizama qoya bilərik. Onlara uşaq yaşlarından vərdişlər aşılanır və bu zaman məhz yaxşı vərdişlər aşılanmalıdır. Məsələn, bu gün ölkə başçısının “Hərəyə bir ağac əkək” şüarı var və bundan səmərəli istifadə etmək olar. Biz Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bayıl yamacında ağaclar əkmişik və həmin ağaclara qulluq edəcəyik. Əgər ölkəmiz üçün kiçik bir ərazini gözəlləşdiririksə, bu çox yaxşı haldır. Gənclərimiz də belə vərdişlərə yiyələnməlidilər.

- Bəzi valideynlər ümumiləşmiş qaydada imtahandan narazılığını bildirir.

- Mən ümumiləşmiş qaydada imtahandan çox razıyam. Bəzən valideynləri qınayıram. Əgər uşaq məktəbdə yaxşı oxuyursa, ümumi imtahanlara hazırlaşırsa, gözəl nəticələri var. Oxuyan uşaqlar yaxşı qiymət alırlar. Bir vaxtlar imtahanlar məktəbdə keçirilirdi və bir qədər güzəştlər vardı. Amma indi imtahanlarda bu mümkün deyil. Mərkəzləşmiş qaydada imtahanlar uşaqların davamiyyətinə də çox yaxşı təsir edir və şagirdlərin bütün fənləri oxumasına da şərait yaradır. Əvvəllər uşaqlar 4 fənni oxuyurdu və ali məktəbə daxil olurdu, indi bilir ki, 8 imtahan verməlidir. Mərkəzləşmiş imtahanın nəticələri çox yaxşıdır. İlk ildə uşaqlar bir qədər çətinlik çəksələr də, artıq yoluna düşüb. Valideynlər hələ kifayət qədər maariflənməyib. Yəqin ki, bunu istəməyən valideynlər uşağının savadına arxayın deyil. Ümumiyyətlə, məktəbin ailə ilə sıx əlaqəsi olmalıdır. Bu gün valideynlərin maariflənməyə ehtiyacı var. Adi etik qaydalar var ki, onları uşaqlar ailədən mənimsəməlidirlər. Biz onda çətinlik çəkirik. Etik qaydaları bilməliyik. 

- Bəzən dərsliklərdə vətənpərvərlik mövzusunun lazımınca öz əksini tapmadığı bildirilir. Sizin buna münasibətiniz necədir?

- Ümumiyyətlə, vətənpərvərlik bizim cəmiyyətin əsas hissəsidir. Bu, yalnız dərsliklə məhdudlaşmır. Hər bir məktəbin də fəaliyyət planında bu nəzərə alınır. Əgər biz uşaqlarda yaşlılara hörmət, gənclərə qayğı tərbiyə ediriksə, şəhidlərimizi xatırladırıqsa, eləcə də şagirdləri tərbiyəvi əhəmiyyəti olan tamaşalara aparırıqsa, vətənpərvərlik burada da öz əksini tapır. Uşaqları tez-tez Şəhidlər xiyabanına aparırıq, həmçinin Fəxri xiyabana aparıb ölkəmizin görkəmli adamlarının məzarlarını ziyarət ediriksə, bütün bunlar vətənpərvərlik tərbiyəsidir. Biz Ahıllar Gününü qeyd edib ərazidə yaşayan qocalara qayğı göstəririk, 40 nəfər ahıl bizim məktəbin himayəsindədir. Uşaqları hərbi xidmətdə olan əsgərlərlə görüşə aparırıq. Kimsəsizlər evinə gedirik ki, bütün bunlar vətənpərvərlikdir. Biz həmçinin evdə də uşağı vətənpərvər tərbiyə etməliyik, ona Vətəni sevməyi aşılamalıyıq.   Bundan başqa fevral ayında yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi və ibtidai hərbi hazırlıq səviyyəsinin, vətənin gələcək müdafiəçilərinin sərrast atıcılıq bacarıqlarının artırılması məqsədilə Səbail rayon məktəbləri arasında Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı ənənəvi xarakterli güllə atıcılığı üzrə yarış keçirildi. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun iştirakilə keçirilən yarışda rayonun 15 orta məktəbinin komandası iştirak etmişdi. Münsiflər heyətinin qərarı ilə 1-ci yerə 91 saylı orta məktəbin şagirdləri layiq görüldü. Bu kimi tədbirlər gənclərimizə vətənpərvərlik hissləri aşılayır.

- Bir pedaqoq kimi müəllimlərə hansı tövsiyələri verərdiniz?

- İstərdim ki, bütün müəllimlər işinə məsuliyyətlə yanaşsın. Müəllimi güzgüyə bənzədərdim, çünki müəllimdə hər cəhət görünür. Müəllimlik elə bir sənətdir ki, burada şəffaf olmalısan. Dövlətin, millətin gələcəyi biz müəllimlərdən asılıdır. Çalışmalıyıq ki, yüksək səviyyəli kadrlar hazırlansın. Pedaqoji tədrisdən başqa məktəbə gələn hər bir müəllimdə şagirdə xüsusi məhəbbət olmalıdır. İş xatirinə məktəbə gəlmək olmaz. Məktəbə qayğı göstərilir və biz çalışmalıyıq ki, bu etimadı doğruldaq.  

 

 

Nigar

 

Palitra.- 2011.-  13 aprel.- S. 7.