Tələbənin fərdi rəsm sərgisi

 

Naxçıvan Dövlət Universitetində daha bir rəsm sərgisi tamaşaçıların ixtiyarına verildi. İncəsənət fakültəsinin IV kurs tələbəsi Nəsib Nəsirovun müxtəlif janrlarda çəkdiyi 25 əsəri sərgidə nümayiş olundu.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən rektor, akademik İsa Həbibbəyli universitetimizdə ölkə və muxtar respublika rəhbərliyinin böyük dəstək və qayğısı sayəsində yaradılan güclü maddi-texniki bazanın yüksək intelektli, müasir dövrün tələblərinə cavab verən potensiallı kadrların yetişməsinə tam zəmanət verdiyini diqqətə çatdırdı. Natiq universitetimizdə dəfələrlə müxtəlif tədbirlərlə bağlı istər fərdi, istərsə də müxtəlif mövzularda rəsm sərgilərinin təşkil olunduğunu, universitetdə artıq professional rəssamlıq məktəbinin formalaşdığını dedi və bu sahədə universitetin müəllimi, Xalq rəssamı Hüseynqulu Əliyevin böyük əməyini xüsusilə vurğuladı. Rektor fakültədə təhsil alan gənc rəssamların özünəməxsus ştrixlərlə, fərdi təxəyyüllərinin təsiri ilə ərsəyə gətirdikləri bu rəsm əsərlərini yüksək qiymətləndirdi. Fərdi üslubu və təkrarsızlığı ilə seçilən növbəti rəsm sərgisinin müəllifi Nəsib Nəsirova bu yolda nailiyyətlər dilədi.

Xalq rəssamı Hüseynqulu Əliyev çıxış edərək gənc istedadların üzə çıxarılmasına və onların inkişafına göstərilən dəstək və qayğıdan bəhs etdi. Rəssamlıq ixtisası üzrə III kurs tələbəsi Cəlal Rzayev rəssam yoldaşına təbriklərini çatdıraraq yeni-yeni yaradıcılıq uğurları arzuladı.

Sonda müəllif Nəsib Nəsirov ürək sözlərini çatdırı.

 

 

Nərmin Cəfərov

 

Palitra.- 2011.- 13 aprel.- S. 11.