Gənclərin sırf peşəkarlığı və dövlətçilik şüuru, dövlətə sadiqlik təfəkkürü əsas götürülməlidir

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə bağlı sərəncam imzalayıb. Bu sərəncam Azərbaycan gəncliyinin zamanın tələblərinə uyğun inkişaf, fəaliyyət və məşğulluq səviyyəsinin yeni mərhələdə yüksəldilməsi baxımından müstəsna önəmə malikdir. Ekspertlər bu barədə çox nikbinliklə qeyd edirlər. Burada əsas məqamlardan biri peşəkar gənc kadrların öz bacarıqlarına uyğun yüksək işlə təmin olunması və onların sosial qayğılardan azad olmasıdır. Bununla bağlı olaraq peşəkar sosioloq Əbülfəz Süleymanlı bizə öz fikirlərini bildirdi. 

- Bu proqramın önəmini necə xarakterizə edərdiniz?

- Azərbaycan əhalisinin çoxunun gənclərdən ibarət olması böyük bir göstəricidir. Bu, bir çox dünya ölkələrinin, hətta inkişaf etmiş Qərb ölkələrinin yaxşı mənada qibtə edəcəyi bir göstəricidir. Eyni zamanda bu gənclərin çox hissəsi savadlı, ali təhsilli gənclərdir. Son 20 ildə müstəqilliyimizi əldə etdikdən sonra da xarici ölkələrə təhsil almağa getmiş və orada təhsilini uğurla başa vurmuş çoxlu gənclərimiz yetişib. Bunların hamısı ölkənin lazımlı kadr potensialıdır. Bunlardan ölkənin mənafeyi, gələcək inkişafı baxımından kadr kimi yararlanmaq olduqca önəmlidir. Yəqin ki, Prezidentin gənclərlə bağlı imzaladığı sərəncama əsasən tərtib ediləcək proqram çərçivəsində bu amil ciddi nəzarətə götürüləcək. Xüsusilə kadr potensialından istifadə edilməsi məqamı dəqiq müəyyənləşdirilməlidir. Yəni insanları seçərkən hansısa başqa kriteriyalar yox, sırf peşəkarlıq və bacarıq kriteriyaları əsas götürülsün. Bu gün kifayət qədər azərbaycanlı gənc var ki, onlar daha çox xarici şirkətlər tərəfindən istifadə olunurlar. Doğrudur, bu da lazımdır. Amma çox yaxşı olar ki, xaricdə layiqli təhsil almış, ölkəyə qayıtmış gənclər dövlət qurumlarında, strateji yerlərdə professionallığından irəli gələrək işə götürülsünlər. Bu, çox vacibdir. Başqa meyarlar deyil, sırf onların peşəkarlığı və dövlətçilik şüuru, dövlətə sadiqlik təfəkkürü əsas götürülməlidir. Bu kriteriyaları nəzərə alaraq kadr seçimi etdiyimiz və gənclərdən ölkə quruculuğunda istifadə etdiyimiz zaman Azərbaycanın gələcəyi ən yaxşı şəkildə təmin ediləcək. Həqiqətən də dünyaya nəzər yetirəndə görürük ki, dünya ölkələrinin inkişafında əsas yeri düzgün kadr seçimi tutur. Bu məsələ haqqında danışarkən onu da qeyd etmək lazımdır ki, yüksək keyfiyyətlərə malik olan kadrlar işə düzələrkən eyni zamanda onların bir çox problemləri də həll edilməlidir. Onlar bir çox imtiyazlara sahib olmalıdırlar. Onların əsas zəruri ehtiyacları ödənməlidir. Bu sırada birinci növbədə məsələn, mənzil məsələsi dayanır. Hesab edirəm ki, dövlətimizin bu məsələlərin öhdəsindən gəlməyə tam gücü çatacaq. Bu gənc mütəxəssislərin maaşlarının ən azından ailələrini dolandıracaq səviyyədə olması, tibbi sığortanın təmini, mənzil kimi məsələlər çox vacib parametrlərdir. Bütün bunlar təmin olunarsa, həmin gənc kadrlar heç düşünmədən bütün bacarıq və enerjilərini dövlətimizin inkişafına sərf edəcəklər. Bunların hamısı kadrların düzgün istifadə olunmasında ciddi meyarlardır. Əgər özəl, xarici şirkətin verdiyi üstünlüklərdən dövlətin üstünlükləri çox olarsa, onda bütün gənclər ölkənin milli mənafelərə əsasən inkişafı uğrunda daha da sıx birləşəcəklər, bir nəfər kimi buna gedəcəklər. Çox yaxşı olardı ki, həmin kadrlardan dövlət strateji inkişaf məqsədlərilə daha çox yararlansın. Artıq bizim üçün bu gün keçid dövrü başa çatıb. Modernləşmə xətti Prezident tərəfindən müəyyənləşdirilib və elan edilib. Belə bir şəraitdə həmin xəttə peşəkar kadrların daha çox töhfə verməsi çox məqsədəuyğundur.

- Siz sosiologiya sahəsində ixtisaslaşmısınız və bu sahə üzrə fəaliyyət göstərirsiniz. Bu sahədə olan peşəkar, gənc kadrların öz bilik və bacarıqlarını sözügedən proqram əsasında reallaşdıracaqları perspektivi ilə bağlı nələri deyə bilərsiniz?

- Bu gün dünyada ən çox inkişaf edən və tələbat duyulan elmi istiqamət və ixtisaslardan biri sosiologiyadır. Çünki həqiqətən də müasir inkişafın ən böyük tələblərindən biri hansısa bir sosial sahədə layihə həyata keçirməzdən öncə onun sosial proqnozlaşdırılmasını aparmaqdır. Bu gün Azərbaycan gənc və uğurlu inkişaf yolu tutmuş bir dövlətdir. Bu inkişafda sosiologiya bütün imkanlarından istifadə oluna biləcək və yaxşı nəticələr, fayda verə biləcək bir elm sahəsidir. Əfsuslar olsun ki, bu gün biz hələ də sosiologiyanın imkanlarından yararlana bilmirik. Mən bu məsələyə bir neçə dəfə toxunmuşam. Bu gün bizim çox böyük ehtiyacımız var ki, Azərbaycandakı proseslərin adekvat reaksiyasını ictimaiyyətdən öyrənək. Bu gün cəmiyyətdə çox böyük islahatlar gedir. Cəmiyyətimiz çox əhəmiyyətli bir dövr yaşayır, inkişaf prosesləri baş verir. Bu kimi məsələlərə cəmiyyətin müxtəlif təbəqələrinin münasibətini öyrənmək lazımdır. Həftə ərzində yaxın qonşumuz Rusiyada olan sosioloji sorğu mərkəzi tərəfindən proseslərə cəmiyyətin adekvat reaksiyası öyrənilir. Həm aparıcı KİV-lərə, həm də digər mənbələrə bunun informasiyası ötürülür. Ona müvafiq olaraq tədbirlər planı həyata keçirilir. Biz də son dövrlərdə öz imkanlarımız hesabına bir sosioloji sorğu mərkəzi təsis etmişik - Aktual Sosioloji Araşdırmalar Mərkəzi. Bu mərkəz əsasən heç bir xarici və yerli qrantlara əsaslanmadan, sırf öz imkanlarımız hesabına cəmiyyətdə baş verən prosesləri öyrənmək və təqdim etmək məqsədi daşıyır. Bu gün qısa zamanda yaranmağımıza baxmayaraq, bir neçə tədqiqat həyata keçirmişik. Bizim imkanlarımız bir az daha fərqli olsa, hesab edirəm ki, həyata keçirdiyimiz layihələri həm çox qısa zamanda bitirmiş olarıq, həm də onun miqyası daha geniş və məzmunlu olar. Hesab edirəm ki, bu tipli sosioloji araşdırmalar mərkəzinin yaradılması və buraya son dövrlərdə Azərbaycanın ali məktəblərində və xaricdə təhsil almış ixtisaslı sosioloqların cəlb olunması çox əhəmiyyətli olar.

- Qeyd etdiniz ki, yeni yaradılmış sosioloji araşdırma mərkəzi artıq bir neçə tədqiqat həyata keçirib. Hazırda isə Prezidentin gənclərlə bağlı yeni bir sərəncamı ortadadır. Bu sərəncama əsasən, müxtəlif ixtisaslarla bağlı gənc kadrların fəaliyyət şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət proqramı ərsəyə gələcək. Bu proqramda peşəkar sosioloqlar, digər sosial elmlər sahəsində ixtisaslaşmış kadrlarla bağlı məsələlərin əksini tapması üçün hansısa sosial tədqiqatlar aparmağı planlaşdırırsınız?

- Bundan beş-altı ay öncə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Türkiyədə məzun olmuş və hazırda ölkədə və xaricdə fəaliyyət göstərən gənclərin karyera planlaması mövzusunda çox geniş bir tədqiqat apardıq. Orada çox müsbət nəticələr əldə olundu. Bu, həmin məsələdə bizim yaxşı töhfəmiz də hesab edilə bilər. Bizim bununla bağlı sosioloji tədqiqatın nəticələri artıq dövlət qurumlarına da kitabça şəklində təqdim olunub. Məlum olub ki, həqiqətən də xaricdə - qardaş Türkiyədə təhsil alıb gəlmiş gənclərin böyük əksəriyyəti öz şəxsi imkanları, keyfiyyətləri hesabına yaxşı işlərlə təmin olunublar. Amma yenə də burada bir məsələni qeyd etmək istəyirəm ki, yaxşı olardı ki, onlar dövlətin strateji sahələrində də təmsil olunaydılar. Çünki bu gənclərin böyük bacarıq və potensialı var. Doğrudur, onlar dövlət idarələrimizdə və özəl sektorda da yaxşı vəzifələrdə təmsil olunurlar. Bu baxımdan hesab edirəm ki, gələcəkdə də bu barədə bir zərurət ortaya çıxarsa, biz tədqiqatlar aparmağa və real vəziyyəti təqdim etməyə hazırıq. Dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərə hər an töhfə verməyi borc bilirik.  

 

 

İlkin AĞAYEV 

 

Palitra.- 2011.- 15 aprel.- S. 6.