Kartofun saxlanması üçün yeni anbarlara ehtiyac var

 

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Belə ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul olunub. Ölkəmiz bu gün özünü bir sıra ərzaq məhsulları ilə təmin edir ki, buraya daxil olan məhsullardan biri də kartofdur.  

 

Ölkəyə kənardan kartof gətirməyə ehtiyac yoxdur 

 

Həmin proqrama əsasən, kartof istehsalını 2015-ci ilədək 1,12 milyon tona çatdırmaq nəzərdə tutulub. Qeyd edək ki, 2008-ci ildə 1 milyon 77 min ton kartof istehsal olunub. Ötən il isə sahələrdən 953,7 min ton kartof toplanılıb. 2009-cu illə müqayisədə 2010-cu ildə 29271 ton kartof az istehsal olunub. Ötən il kartof istehsalında yaranan azalma isə əlverişsiz iqlim şəraiti ilə bağlı olub. Ölkəmizdə bir çox bölgələrdə kartof istehsalı ilə yanaşı toxumçuluqla bağlı da tədbirlər görülür. Belə ki, Qusarda, Gədəbəydə müəssisələr var ki, fermerləri yüksək elit və super elit toxumlarla təmin etməyə imkan verir. Əhalinin ən çox tələbatı olan kənd təsərrüfatı məhsullarından da biri məhz kartofdur. Lakin son vaxtlar bazarlarda kartofun satış qiymətində artım müşahidə olunur. Belə ki, yerli Gədəbəy kartofu bazarlarda 1,20 -1,50 manat qiymətindədir. Satışda olan kartofun əksəriyyətini isə xaricdən gətirilən kartoflar təşkil edir ki, onların qiyməti yerli kartofdan aşağı - 70 qəpik-1 manat arasında dəyişir. Xarici kartoflara gəldikdə isə əsasən Pakistan, Türkiyə, Misir kartofları üstünlük təşkil edir və həmin kartoflar yalnız qiyməti ilə deyil, xarici görünüşü ilə də fərqlənir. Belə ki, yerli kartoflar kiçik ölçüdə olduğu halda xarici kartoflar böyük olması ilə fərqlənir ki, bu da onun keyfiyyətində müsbət göstəricidən xəbər vermir. Lakin həmin kartoflar ucuz olduğuna görə əhali bu məhsulları almağa daha çox üstünlük verir. Yerli kartofun kifayət qədər istehsalını nəzərə alsaq, onların bazarlarda xarici məhsula nisbətən azlığı və baha qiymətə olması təəccüb doğurur. Satıcılar isə yerli kartofun qiymətinin baha olmasını onunla izah edirlər ki, onlar yerli kartofu birbaşa istehsalçıdan deyil, ikinci əldən alırlar. Onu da qeyd edək ki, xüsusilə də paytaxt bazarlarında satıcılar heç də istehsalçılar deyil, işbazlardır. Beləliklə, əgər həmin işbazlar yerlərdə kartofu birbaşa istehsalçıdan 50 qəpiyə alırsa, onu 1,20 manata paytaxtda “topdan” satırsa, artıq üçüncü “əl” onu 1,50 manata satmalı olur.

Nəticədə isə alıcı tərkibi təmiz, amma baha qiymətə olan yerli məhsulu deyil, keyfiyyətsiz, lakin daha ucuz olan xarici kartofu almağa üstünlük verir. Onu da qeyd edək ki, əhalinin ucuz qiymətə olan xarici məhsulu almasının bir səbəbi də maarifçilik səviyyəsinin aşağı olması ilə bağlıdır. Beləliklə, bu gün yerli istehsalın təşkili ilə yanaşı onun satışının da təşkili mühüm amildir. Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən şənbə və bazar günləri kənd təsərrüfatı məhsulları yarmarkaları təşkil olunsa da, bu heç də əhalinin tələbatını tam ödəmir. Əhalinin daha ucuz və keyfiyyətli yerli məhsul əldə etməsi, xarici məhsulların bazardan sıxışdırılıb çıxarılması üçün tədbirlərə ehtiyac var. Ölkədə 1 milyon tonadək kartof yetişdirildiyini deyən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirdi ki, bu gün Azərbaycan ixracat potensialına malik bir ölkədir. Çatışmayan yalnız iki məhsul var ki, bunlar taxıl və ət məhsullarıdır. Azərbaycanda ətə olan tələbatın 80 faizi ödənir, taxıla olan tələbat isə 3 milyon tondur. 2009-cu ildə bu istiqamətdə yüksək nəticə əldə olunsa da, 2010-cu ildə iqlim şəraiti ilə əlaqədar 1 milyon ton idxal edilib. Amma meyvə-tərəvəz ixracat potensialına malik olan bir sahədir. Ölkədə kartof məhsullarına gəldikdə isə bu gün kifayət qədər kartof olduğunu deyən nazirlik nümayəndəsi qeyd etdi ki, Hollandiya ilə bağlanan müqavilə əsasında Azərbaycana toxum sortları gətirilib və yeni seleksiya aparılaraq genişlənib. Artıq Tovuz, Gədəbəy, Cəlilabadda faraş kartof çıxarılır. B.Əliyevin sözlərinə görə, Azərbaycana kənardan kartof gətirməyə, bazarı başqa kartofla doldurmağa ehtiyac yoxdur: “Sadəcə olaraq insanlar onu xaricdən çox ucuz qiymətə gətirirlər. Hətta ola bilsin ki, onun tərkibində gemoməhsullar da var. Çünki onu heç kim təyin edə bilmir və bizdə bununla bağlı laboratoriya da yoxdur. Xaricdən gələn və ölkəmizdə istehsal olunan məhsulları bişirdikdə onların dadında nə qədər fərq olduğunu müəyyən etmək olur. Azərbaycanda yetişdirilən kartof çox keyfiyyətlidir və ondan istifadə etmək günün tələbidir”.   

 

Aksizlərin qoyulması idxal üçün vacibdir   

 

Kartofun qiymətinə gəldikdə isə nazir müavini bildirdi ki, bu sahədə İqtisadi İnkişaf Nazirliyinin (İİN) Antiinhisar Siyasəti Departamenti var ki, onlar buna nəzarət edir. KTN isə yalnız istehsalla məşğul olur. Ölkəmizdə kifayət qədər olan məhsulun idxalına ehtiyac olmadığını deyən B.Əliyev qeyd etdi ki, burada aksizlər rol oynamalıdır. Belə ki, həmin məhsullara aksizlər qoyulsa, onların xaricdən ölkəmizə gətirilməsi dayanar. Daxili məhsul da yetərincə var və onun qiyməti qaldırıla bilməz. Yəni əgər kənardan gələn və aşağı qiymətə satılan məhsula aksiz qoyulsa və eləcə də onun laboratoriyada tərkibi yoxlanılsa, əlbəttə ki, o, özünə yer tapa bilməz. Bu gün Avropa ölkələrinin gemoməhsulları qəbul etmədiyini deyən nazirlik səlahiyyətlisi bildirdi ki, bizdə də bu istiqamətdə yetərli addımlar atmaq lazımdır: “Həmçinin əhalinin sağlamlığını nəzərə alaraq həmin məhsulların gətirilməsi qadağan edilməlidir. Qanunda da əksini tapıb ki, əgər ölkəyə gemoməhsullar gətirilərsə, onun haqqında cəmiyyətə məlumat verilməlidir. Əgər ölkəyə belə bir gemoməhsul gətirilirsə və heç kəsə onun adı deyilmirsə, bu günahdır. Məsələn, satışda olan bəzi almalar var ki, rəngi yaşıldır. Onun genində qurbağa geni var və həmin almanın da heç bir dadı yoxdur. Onu alan alıcının yedikdən sonra sağlamlığı da təhlükə altındadır”. B.Əliyevin sözlərinə görə, kartofun maya dəyəri 40-50 qəpik, satışı 1 manat 20 qəpiyədirsə, bunun səbəbi aydındır: “Əgər 20 qəpik yol xərcini də nəzərə alsaq, bu, 70 qəpiyə başa gələ bilər. Bunun baha qiymətə başa gəlməsinin səbəbi odur ki, məhsulu möhtəkirlər ələ keçirir. Mənim fikrimcə, burada ilk öncə mexanizm olmalıdır. Belə ki, ölkədə birja bazarlarının yaradılması çox vacib şərtdir. Bazar iqtisadiyyatının atributu odur ki, azad rəqabət prinsipi var. Hər bir rayonun ərazisində birja bazarı yaradılmalıdır. Bu birja bazarlarının funksiyasına gəldikdə isə fermerlə müqavilə bağlanır. Yəni bu bazarda soyuducu da daxil olmaqla bütün şərait var. Məhsulu yığdıqdan sonra dövlətin bir qurumu kimi o, həmin məhsulu bazara satışa buraxır. Əlbəttə ki, onun qiyməti baha ola bilməz. Çünki onun maya dəyəri və satış qiyməti nəzarətdədir. Ancaq hazırda nəzarət yoxdur. Birjaların yaradılması günün tələbi olmalıdır. Bu gün bir sıra yerlərdə İİN tərəfindən soyuducular yaradılır. Məncə, bu soyuducuların yaradılması bunun ilk amillərindən biridir ki, soyuducu olmasa, birja bazarları da yaratmaq olmaz. Məncə, soyuducular yaradıldıqdan sonra məhz birja bazarlarının yaradılması haqqında qanun da qəbul edilə bilər. Həmin birjada işləyən insanlar məhsul sahibləri ilə müqavilə bağlaya bilərlər ki, məhsulları qəbul edərlər və nəhayət, gələcəkdə lazım olduğu zaman məhsulu bazara çıxara, onun satışını təşkil edə bilərlər. Eyni zamanda biz idxaldan, xüsusilə də gemoməhsullardan uzaqlaşa bilərik”.

Gemoməhsulların aşkarlanması üçün laboratoriyaların ölkəmizdə fəaliyyətinə gəldikdə isə B.Əliyev deyir ki, onun tikilməsi deyil, sadəcə ehtiyac duyulan avadanlıqların gətirilməsi lazımdır: “Hər bir bitkinin tərkibində vacib olan elementlər var. Laboratoriyada yoxlama zamanı əgər həmin elementlərin olmadığı  yaxud miqdarının artıq olduğu müəyyənləşirsə, bu göstərir ki, onun tərkibinə artıq maddə vurulub. Yəni laboratoriya nəticəsində ölkəyə gətirilən məhsulun gemotərkibli olduğu müəyyənləşdikdən sonra onun sertifikatı və üzərində yarlıq olmalıdır, həmçinin onun idxal olunduğu göstərilməlidir. Bu zaman seçimi artıq əhali özü müəyyənləşdirməlidir. Mənim fikrimcə, yerli istehsala daha çox imkan yaradılmalıdır”. İİN-nin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 2010-cu ilin avqust ayında Gədəbəy rayonunda “Regionda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda keçirilən tədbirdə Gədəbəy rayonu üzrə bir sıra sahələrin inkişafı məqsədəuyğun hesab olunub ki, bunlardan da biri məhz kartofun istehsalı ilə bağlıdır. Belə ki, kartofun saxlanılması üçün ümumi tutumu 5 min ton olan soyuducu anbar kompleksinin tikilməsi, eləcə də kartofçuluğun inkişafı məqsədilə toxumçuluq təsərrüfatının yaradılması nəzərdə tutulub. İİN-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyevin sözlərinə görə, SKMF-in maliyyə dəstəyilə yüksək məhsuldarlığa malik kartof toxumu ölkəmizə gətirilib. Bugünlərdə onun Şamaxıda sahibkarlar tərəfindən əkininə başlanılacaq. Hazırda SKMF tərəfindən ayrılmış güzəştli kreditlər hesabına 10 min ton saxlama gücünə malik anbarın tikintisi davam etdirilir. Ümumiyyətlə, saxlama anbarlarının tikintisinin SKMF-in güzəştli kredit verdiyi prioritet sahələrindən olduğunu deyən A.Əliyev bildirdi ki, indiyədək soyuducu anbarlar tikilib və bu proses davam etdirilir: “Meyvə-tərəvəzin saxlanması üçün anbarlar tikilib, indi kartof və soğanın saxlanması ilə bağlı işlər gedir. Gədəbəydə bu istiqamətdə işlər davam etdirilir”. Beləliklə, bu gün ölkədə kartofçuluğun inkişafı, eləcə də onun saxlanması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Lakin hələ də bu istiqamətdə bəzi tədbirlərin  reallaşmasına ehtiyac var. Yəqin ki, bu tədbirlərin həyata keçirilməsi əhalinin təmiz və ucuz qiymətə yerli məhsulla təmin olunmasına imkan verəcək. 

 

 

Nigar Abdullayeva

 

Palitra.- 2011.- 19 aprel.- S. 6.