İnformasiya cəmiyyətində açıq təhsilin rolu yeri

 

Layihə çərçivəsində müsahibimiz AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Səyyar Abdullayevdir:

- Dünyada inkişafın müasir mərhələsini keçid mərhələsi adlandırırlar. Bu mərhələ özlüyündə konkret ictimai-siyasi formasiyalarla əlaqədar deyil. O, ümumsivil xarakter daşıyır və cəmiyyətin sənayedən öz inkişafının birinci fazası kimi postsənaye fazasına - informasiya cəmiyyətinə doğru obyektiv hərəkət etməsindən ibarətdir. Sənaye cəmiyyətinin ənənəvi modeli iki əsas resurs qrupunu - inkişafın material bazasını təyin edən iqtisadi resurslar və iqtisadi resursları hərəkətə gətirən əmək resursları qruplarını nəzərdə tutur. İnformasiya cəmiyyətində iqtisadi və əmək resurslarına informasiya resursları qrupu da əlavə olunur ki, bu da sosial-iqtisadi inkişafın hərəkətverici qüvvəsi və katalizatoru olur. İlk dəfə postsənaye cəmiyyətinin konsepsiyası 60-cı illərdə ABŞ-da yaradılıb. 70-ci illərdə postsənaye cəmiyyətinin nəzəriyyəsində «informasiya cəmiyyəti» anlayışı formalaşır. 80-cı illərdə informasiya cəmiyyətinin konsepsiyası dominant rol oynayır. Dünyanın inkişaf etmiş ölkələri inkişafın postsənaye yoluna keçirlər, bu zaman prioritetli təbiət, əmək və maliyyə resursları deyil, telekommunikasiya əsasında informasiya resursları və texnologiyaları, naqil, radio və peyk rabitəsi, informasiyalaşdırma, kompyuterləşdirmə, multimedia, internet şəbəkələri və kütləvi informasiyanın başqa vasitələri adlanır. Beləliklə, informasiya cəmiyyətinin sosial-iqtisadi inkişafının əsasında maddi istehsal yox, informasiya və biliklərin istehsalı durur. Bu isə cəmiyyətdə təhsil sisteminin vəziyyətini və statusunu kökündən dəyişir. Yüzilliklər ərzində təhsil insan fəaliyyətinin ən böyük konservativ sahəsi kimi qalıb və ona ən az dəyişikliklər edilib. Baxmayaraq ki, biliklərin həcmi durmadan artırdı, onun ötürülmə texnologiyası dəyişilməz qalırdı. XX əsrin sonunda vəziyyət dəyişdi, müasir cəmiyyətin inkişafındakı obyektiv şərait biliklərin ötürülməsi formasına və məzmununa yeni tələblər irəli sürdü. Əyani təhsil bu gün böhran keçirir, ancaq təhsilin bu sahəsinin inkişafı bu və ya digər dərəcədə dünyanın bütün ölkələrində aşkar nəzərə çarpır. «Virtual təhsil mühiti: istinadlar, prinsiplər və təşkilat» işində V.P.Tixomirov, V.İ.Soldatkin, S.L.Lobaçev dünya təhsil sistemi böhranının aşağıdakı xarakterik cizgilərini göstərirlər:- bütün arzu edənlərə lazımi təhsil almaq imkanının təmin olunmaması (əraziçilik); - alınan biliklərin yeni texnologiyaların inkişafı səviyyəsindən geri qalması (konservatizm);- təhsil sisteminin müxtəlif sosial-iqtisadi şəraitlərə uyğunlaşmasının aşağı olması (ətalətlilik);- konkret təhsil müəssisəsində alınan təhsilin spesifikliyi (fərdilik).

- Hazırda təhsil sistemi qarşısında duran əsas problemlər hansıdır?

 Hazırda təhsil sistemi qarşısında çoxsaylı problemlər durur. Bir çox ekspertlərin fikrincə, XXI əsrdə bəşəriyyətin yaşaması üçün zəruri olan təhsilin minimum səviyyəsi ali təhsil olacaq.

Ənənəvi təhsil sistemi ali təhsilin alınmasında gənclərin tələbatını ödəmək qabiliyyətində deyil. Hətta ən inkişaf etmiş ölkələr dərslərin əyani forması üzrə tələbələrin belə kütləvi dərs öyrənmələrinə davam gətirə bilməzlər. Bununla əlaqədar dünyada ənənəvi olmayan texnologiyalar üzrə dərs öyrənənlərin sayının sıçrayışla artım tendensiyası müşahidə olunur. Eyni zamanda bu sahədə hazırlıq aparan ali təhsil müəssisələrinin (ATM) sayı artır. Mütəxəssislər tərəfindən daha bir tendensiya qeyd olunur - ənənəvi olmayan texnologiyalar üzrə dinləyicilərin sayı 90-cı illərdə ATM-in gündüz şöbələri tələbələrinin sayından daha sürətlə artıb, bu da dərslərdə informasiya texnologiyalarının populyar olduğunu bir daha sübut edir. Açıq distant təhsilin (DT) meydana gəlməsi, təhsilin müasir şəraitə uyğunlaşması və inkişafı qanunauyğun mərhələ adlanır. Ekspertlərin qiymətləndirdiyinə görə, təhsilalma üsulları arasında keyfiyyətcə ən yaxşısı və ən böyük xərc tələb edəni əyani dərslərdir, ən çox əlyetərlisi - açıq distant təhsildir. Əyani formada təhsil almış mütəxəssislərin peşə bacarıqları həmişə bir qədər yüksək olur. Dərslərin qiyabi forması demək olar ki, təcrübəli mütəxəssislərin hazırlanmasına yönəldilib. Təhsilin əyani və qiyabi formalarının müqayisəsinə görə açıq DT çoxlu üstünlüklərə malikdir. Bu üstünlüklər onun əlyetərliyi, ucuzluğu, çevikliyi və s. ilə seçilir. Təhsilin alınmasında əhalinin müxtəlif təbəqələrinə bərabər imkanların verilməsindən başqa açıq DT sistemi cəmiyyətin bütövlükdə inkişafı məntiqinə uyğun gəlir. Aşağıdakılarla xarakterizə olunan ölkələrdə DT xüsusi və kütləvi şəkil alıb: 1.Böyük ərazidə təhsil alanın yaşayış yerinin təhsil yerindən uzaqlığı. 2.Yüksək olmayan həyat səviyyəsi. 3.Dayanıqlı olmayan iqtisadi vəziyyəti. 4.Təhsil xidmətlərinə olan qeyri-kafi sorğunun yüksək səviyyədə olması. ABŞ müasir texnologiyaları tətbiq etməklə təhsil xidmətinin əsas istehlakçılarından biridir. 1998-ci ildə müasir texnologiyaların köməyilə aparılan tədris bütün tədris bazarının yalnız 2%-ni təşkil edirdisə, mütəxəssislərin qiymətləndirməsinə görə, bu, indi 14% ətrafında ola bilər. Dünyada DT ilə bağlı müasir vəziyyətin ümumi təhlili göstərir ki, onun praktikadan nəzəriyyəyə doğru inkişafı qeyri-bərabər gedir. Bu vəziyyət ən çox təhsil sistemində olan mütəxəssislərin distant tədrisə baxışlarındakı qeyri-müəyyənlik və fikir ayrılıqları ilə izah olunur. Bu problem üzrə xarici və ölkə ədəbiyyatlarının öyrənilməsi göstərir ki, DT sahəsində təsvir edilmiş bir çox eksperimentlər və ölkə, region, şirkət, ATM səviyyəsində tətbiq edilən layihələr, müxtəlif proqramlar, modellər mövcuddur. Beləliklə, açıq təhsilə təhsil prosesində maksimum səmərəliliyə nail olmaq üçün müxtəlif təhsil proqramlarının, texnologiyalarının və tədris formasının sərfəli birləşməsi imkanı kimi baxılır. Açıq DT sistemi adamlara müxtəlif təhsil xidmətləri verə biləcək sosial instituta çevrilə bilər ki, bu da fasiləsiz oxumağa və müasir tələbata uyğun ixtisaslı biliklərin alınmasını təmin etməyə imkan verər. Belə sistemlər hər tədris alana elə təhsil trayektoriyası qurmağa imkan verir ki, bu da onun yerləşməsindən asılı olmayaraq təhsil və peşəkarlıq qabiliyyətinə tam və ən çox uyğun gəlir. Nəticədə bir-birilə əlaqədar təhsil idarələri şəbəkəsi formalaşır ki, bu da əhalinin tələbatını və sorğularını ödəməyə qadir olan təhsil xidmətini və qarşılıqlı əlaqələr fəzasını yaradır. Bu qayda ilə təhsil - peşə fəzasında mütəxəssisin çoxölçülü hərəkət imkanı yaradılır.

- İnformasiya cəmiyyətində açıq təhsilin rolu və yerini necə dəyərləndirirsiniz?

- Keyfiyyətli açıq təhsildə tələbənin müəllimlə operativ əks əlaqəsinin olması və interaktiv tədrisin geniş istifadəsi təmin olunur. İnteraktiv tədris biliklərin fəal mənimsənilməsi prosesinə tələbələrin cəlb edilməsini nəzərdə tutur. Tələbənin fəallıq dərəcəsi yüksək olduqda tədrisin keyfiyyəti də yüksək olur. Tədris materialının mənimsənilməsi yaddaşda 10% eşidilmə, 50% görmə və 90% işi yerinə yetirməklə qalır. Tədris prosesinin formasından asılı olaraq yeni tədris materialı tələbə tərəfindən müxtəlif dərəcələrdə başa düşülür və yadda qalır: mühazirə zamanı tədris materialının 5-10%-i mənimsənilir; tədrisə aid ədəbiyyatın sərbəst oxunuşu zamanı 10-20%; materialın qrup şəklində müzakirə olunması prosesində mənimsənilmə - 50%-ə qədər; yeni biliklərin təcrübi istifadəsi prosesində mənimsənilmə 75%-ə yaxınlaşır. Ən yüksək mənimsənilmə dərəcəsinə (90%) başqalarını öyrədəndə çatmaq olur.

DT sistemində interaktiv elektron tədrisin həyata keçirilməsi yeni texnologiyaların istifadəsi və işlənib hazırlanması, vasitələr və metodların öyrədilməsi yolu ilə yerinə yetirilir. Beləliklə, hazırki mərhələdə açıq təhsil sisteminin mahiyyətini təhlil edərək demək olar ki, təhsilin məzmununun inkişafı ilə əlaqədar məsələlər xüsusilə aktual olaraq qalır. Açıq DT-nin yaradılmasının əsas istiqamətləri zənnimcə, belədir: 1. Açıq DT texnologiyalarından istifadə etməklə kadrların ixtisaslarının artırılması və yenidən hazırlanması işinin aparılması. 2. Ali təhsil müəssisələri tələbələrinə əlavə təhsil xidməti təqdim etmək üçün DT texnologiyalarının tətbiqi. Əmək bazarında təhsilini başa vurmuş tələbələrin sosial müdafiəsini artırmaq, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması  üçün tələbələrin əlavə ixtisaslı təhsilin müxtəlif proqramları üzrə mərhələ-mərhələ tədrisə cəlb edilməsini həyata keçirmək. Bu proqramlar aşağıdakıları həyata keçirməyə imkan verir: əlavə ixtisas almaq; əlavə olaraq yeni ixtisasın öyrədilməsini yerinə yetirmək; ikinci ali təhsil almaq. Nəticədə mütəxəssislər eyni zamanda ixtisasa yaxın biliklər sahəsində də təhsil ala bilər. Birinci ali təhsil almaqla birlikdə əlavə təhsilin alınmasının uyğunlaşdırılması tələbə üçün məşğələləri əlverişli şəkildə və vaxtda təşkil etmək şərtilə iki istiqamət üzrə iki dövlət diplomunun alınmasına imkan yaradır. Bu, açıq DT sistemini tələbələr üçün cəlbedici edir, özlərinin peşəkar hazırlıqlarının yüksək səviyyədə olmasına inam formalaşdırır. Beləliklə, açıq DT sisteminin meydana gəlməsi iki əsas amilin təsiri altında (informasiyalaşdırma və qloballaşma) əmələ gələn obyektiv prosesdir. Açıq DT sisteminin fəaliyyətinin qlobal məqsədi informasiya cəmiyyəti şəraitində ictimai və peşəkar sahələrdə tələbələrin tam və səmərəli iştirakının hazırlanmasından ibarətdir. 

 

 

Anar Miriyev

 

Palitra.- 2011.- 19 aprel.- S. 7.