İqtisadi tədbirlərin
ana xəttini həyat səviyyəsinin
yüksəldilməsi təşkil
edəcək
Müsahibimiz İqtisadi
İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı
siyasəti şöbəsinin müdiri Zaur Qasımovdur.
- Regionlarda sahibkarlığın
inkişafı istiqamətində ötən il həyata
keçirilən tədbirlər barədə məlumat verməyinizi
xahiş edirik.
- Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin prioritetlərindən
olan iqtisadiyyatın diversifikasiyası, əlverişli biznes və
investisiya mühitinin formalaşdırılması, qeyri-neft
sektorunun inkişafının sürətləndirilməsi,
regionların tarazlı inkişafı, sahibkarlığın
inkişafı, əhalinin maddi rifahının daha da yüksəldilməsi
nəticəsində ölkənin sosial-iqtisadi inkişafı
keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
və ötən illərdə olduğu kimi, 2010-cu ildə də
əhəmiyyətli nailiyyətlər əldə edildi.
Ölkədə makroiqtisadi sabitlik, strateji valyuta
ehtiyatlarının artımı və səmərəli
istifadəsi, milli valyutanın sabitliyi təmin edilib,
sahibkarlığa dövlət dəstəyi gücləndirilib,
qeyri-neft sektorunun artım sürəti neft sektorunu üstələyib.
Bildiyiniz kimi, ölkədə iqtisadiyyatın
diversifikasiyasına və onun dünya təsərrüfat
sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və
kommunal xidmətlərin səviyyəsinin daha da
yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin
davamlı olaraq yüksəldilməsinə nail olmaq məqsədilə
Prezidentin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq
edilib. Dövlət Proqramında 2009-2013-cü illərdə
bütün regionlarda, eləcə də paytaxtda mövcud
potensialdan daha səmərəli istifadə etməklə
qeyri-neft sektorunun inkişafı, yeni istehsal və emal müəssisələrinin
yaradılması, mövcud müəssisələrdə
istehsal fəaliyyətinin genişləndirilməsi, kommunal
xidmət və digər infrastruktur obyektlərinin, rabitə və
informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi,
sosial infrastrukturun yaxşılaşdırılması və
digər tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulub.
Hazırda
Dövlət Proqramının icrası uğurla davam etdirilir.
İqtisadiyyatın aparıcı qüvvəsi olan
sahibkarlığın inkişafına dövlət tərəfindən
daim böyük diqqət və qayğı göstərilir.
Belə ki, sahibkarlığın inkişafı və biznes
mühitinin daha da yaxşılaşdırılması məqsədilə
biznesə başlama və idxal-ixrac prosedurları sadələşdirilib,
vergi yükü azaldılıb, sahibkarlara informasiya-məsləhət
xidmətləri göstərilməsi məqsədilə 195-2
Telefon Məlumat Mərkəzi və elektron ticarət
portalı yaradılıb. Sahibkarlığa dövlət dəstəyi
mexanizmlərinin təkmilləşdirilməsi, sağlam rəqabətin
təmin edilməsi, maarifləndirmə və digər istiqamətlərdə
kompleks tədbirlər həyata keçirilib və bu tədbirlər
davam etdirilir. Özəl bölmənin inkişafının
sürətlənməsində infrastrukturun inkişafı
xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə
əvvəlki illərdə olduğu kimi, ötən 2010-cu
ildə istehsal və sosial infrastruktur təminatının
yaxşılaşdırılması davam etdirilib, regionlar
elektrik enerjisi ilə tam təchiz olunub, yeni yollar
salınıb, su, kanalizasiya xətləri yenilənib, yeni qaz
kəmərləri çəkilib, məktəb binaları, səhiyyə
ocaqları və idman kompleksləri tikilərək istifadəyə
verilib. Sahibkarlığın inkişafına dövlət
maliyyə dəstəyinin göstərilməsi önəmli
məsələlərdəndir. Bu sahədə
sahibkarların investisiya layihələrinin güzəştli
qaydada maliyyələşdirilməsi əhəmiyyətli rol
oynayır. Təsadüfi deyil ki, təkcə 2010-cu ildə
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən, demək olar ki, hamısı
regionlarda olmaqla 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə
115 milyon manat güzəştli kredit verilib. Güzəştli
kreditlər hesabına ölkənin regionlarında müasir
texnologiyaya əsaslanan istehsal və emal müəssisələri
yaradılıb. İqtisadiyyatın əsas sahələrindən
olan aqrar sektorun inkişafında müasir texnologiyanın tətbiqi
daha da genişləndirilib, əsas hissəsi dövlətin
güzəştli kreditləri hesabına olmaqla müasir
soyuducu və taxıl anbarı kompleksləri yaradılıb.
Təkcə ötən il aqrar sahədə ildə 20 min ton
quş əti, 60 mln. ədəd damazlıq, 17 mln. ədəd
əmtəəlik yumurta istehsal edən 14 müasir
quşçuluq, illik gücü 61 min ton olan 5 süd
emalı zavodu və 5150 başlıq 5 südlük cins
heyvandarlıq kompleksləri güzəştli qaydada maliyyələşdirilib. Kiçik və orta
sahibkarlığın inkişafına maliyyə dəstəyi
göstərilməsi davam etdirilib, ötən il ərzində
1374 kiçik sahibkara 20 milyon manat güzəştli kredit
verilib. Sahibkarların maarifləndirilməsinə diqqət
daha da artırılıb. Ötən il respublikanın
bütün regionlarını əhatə etməklə,
müxtəlif mövzularda 100-dən çox treninq
keçirilib, 5000-dən çox sahibkar bu imkanlardan
yararlanıb. Bu tədbirlər çərçivəsində
sahibkarlara maarifləndirici broşürlər, yaddaş
kitabçaları paylanıb. Hazırda maarifləndirmə tədbirləri
davam etdirilir. Bundan başqa, “Azərbaycan Respublikasında
biznesin idarə olunması sahəsində kadrların ixtisasının
artırılması üzrə Almaniya Federativ
Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar
Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyi arasında əməkdaşlıq
haqqında Anlaşma Memorandumu” çərçivəsində
Almaniyada müxtəlif sahələrdə təşkil
edilmiş ixtisasartırma kursunda regionlarda fəaliyyət
göstərən müəssisələrin müvafiq mütəxəssis
və menecerlərinin iştirakı təmin olunub. Əvvəlki
illərdə olduğu kimi, 2010-cu ildə də yeni müəssisələrin,
istehsal sahələrinin yaradılması, yeni iş yerlərinin
açılması, əhalinin məşğulluq səviyyəsinin
yüksəldilməsi istiqamətində işlər davam
etdirilib. Belə ki, 2010-cu ildə regionlarda 160-dan çox sənaye,
kənd təsərrüfatı, xidmət və ticarət
müəssisəsi, o cümlədən Lənkəranda
konserv zavodu və çay fabriki, Naxçıvanda avtomobil
zavodu, bir neçə tikinti materialları zavodu, Sumqayıtda
texnopark, Masazırda duz zavodu, Biləsuvarda konserv zavodu, Gədəbəydə
qızıl zavodu, bölgələrdə heyvandarlıq və
süd emalı kompleksləri və digər müəssisələr
tikilib istifadəyə verilib, 200-dən çox müəssisənin,
o cümlədən 12 kənd təsərrüfatı məhsulunun
emalı müəssisəsinin, bir çox rayonda tikinti
materiallarının istehsalı zavodlarının və digər
müəssisələrin tikintisi davam etdirilir. Dövlət
başçısının müəyyən etdiyi
sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq, biznes
mühitinin daha da təkmilləşdirilməsi, xüsusi
iqtisadi zonaların, sənaye şəhərciklərinin,
biznes-inkubatorların yaradılması, məsləhət,
informasiya təminatının, sahibkarlığa dövlət
dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin
inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və
regionların inkişafı sürətləndiriləcək.
Heç şübhəsiz ki, bu tədbirlərin ana xəttini
əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi
təşkil edəcək.
- Məlumdur ki, hər bir
regionun öz inkişaf potensialı var.
Bu baxımdan hər bir regiona inkişaf
baxımından xüsusi
yanaşma tələb
olunur. Bunu nəzərə almaqla hər bir regionun inkişafına
strateji yanaşma ilə bağlı nələri bildirmək olar?
- Təbii ki, hər bir regionun
inkişafı üçün
ilk növbədə həmin
regionun ənənəvi
istehsal sahələrinə
və potensial imkanlarına diqqət yetirmək lazımdır.
Bu məsələyə “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nda xüsusi
önəm verilib və bu istiqamətdə
aidiyyəti dövlət
qurumları tərəfindən
müvafiq kompleks tədbirlər görülür.
Regionların mövcud
potensialından daha səmərəli istifadə
etməklə yerlərdə
sənaye sahələrinin
və kənd təsərrüfatının inkişafını
sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini
daha da yaxşılaşdırmaq
və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf
etdirmək üçün
həmin regionlara yerli və xarici
iş adamlarının
cəlb edilməsi xüsusi əhəmiyyət
kəsb edir. Bu məqsədlə regionların mövcud sosial-iqtisadi vəziyyəti,
təbii və əmək resurslarına dair ümumiləşdirilmiş
operativ məlumatların
hazırlanmasını tələb
edir. Bu baxımdan
İqtisadi İnkişaf
Nazirliyi tərəfindən
iqtisadi rayonların sosial-iqtisadi vəziyyətinin
mövcud mənzərəsini,
təbii və əmək resurslarını
özündə əks
etdirən informasiya bazasının formalaşdırılması
məqsədilə ölkənin
iqtisadi rayonları üzrə sosial-iqtisadi pasportları hazırlanıb.
Bununla yanaşı, İqtisadi İnkişaf Nazirliyinin regionlarda keçirdiyi “Regionlarda sahibkarlığın inkişafına
dövlət dəstəyi”
tədbirlərində yerli
icra strukturlarının
və sahibkarların iştirakı ilə həmin regionun inkişaf perspektivləri müzakirə edilib, müvafiq investisiya layihələrinin güzəştli
kreditlər hesabına
maliyyələşdiriləcəyi barədə kütləvi
informasiya vasitələrində
sahibkarlardan investisiya təkliflərinin qəbulu
üçün elanlar
verilib. Hər bir regionun əsas istehsal sahələrini və potensialını nəzərə
alaraq, həmin regionda sahibkarlıq subyektlərindən investisiya
layihələrinin maliyyələşdirilməsi
üçün təkliflər
qəbul edilib və bu layihələrin
güzəştli qaydada
maliyyələşdirilməsi həyata keçirilib.
2010-cu ildə regionlarda
fəaliyyət göstərən
sahibkarların işgüzar
əlaqələrinin inkişafının
dəstəklənməsi istiqamətində
bütün iqtisadi rayonlarda müxtəlif tədbirlər, o cümlədən
konfranslar, biznes forumlar, işgüzar görüşlər və
təqdimatlar keçirilib,
yerli və xarici iş adamları regionlara səfər ediblər.
- Son dövrlərdə Azərbaycan
regionlarının dünyaya tanıdılması
baxımından geniş imkanlar yaranıb. Belə ki, hər
bir regionun və ya rayonun özünəxas brendini
formalaşdırmaq çox məqsədəuyğundur. O da nəzərə
alınmalıdır ki, bu il “Turizm ili”dir. Bu baxımdan region
sahibkarlığını turizmlə əlaqələndirmək
və dünya bazarlarına xüsusi, turistik maraq oyandıqca
xüsusi istehsal mallarının, yeni brendlərin
çıxarılması da məqsədəuyğun
olardı. Bu cür istehsal brendləri həm də turist
axınına və iqtisadiyyatda turizmin payının və gəlirlərinin
çoxalmasına səbəb ola bilər. “Turizm ili” ilə
bağlı olaraq sahibkarlığın bu yöndə
inkişafı ilə bağlı hansı tədbirləri
görmək olar? Mədəniyyət və Turizm Nazirliyi ilə
birgə bu istiqamətdə nə kimi layihələrə
ehtiyac var?
-
2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqədar olaraq
bu sahənin inkişafı üçün bir sıra
stimullaşdırıcı tədbirlərin görülməsi
planlaşdırılıb. Belə ki, ilk növbədə
müasir standartlara uyğun turizm infrastrukturunun
yaradılması üçün addımlar atılır. Bu
istiqamətdə turistlərin turizm mərkəzlərinə
rahat və təhlükəsiz gediş-gəlişini təmin
etmək məqsədilə turizm regionlarında nəqliyyat
infrastrukturunun yaradılması, o cümlədən rayonlararası
və kənd yollarının çəkilməsi və bərpası
üçün ciddi işlər görülür. Buna misal
olaraq, Bakı-Şamaxı avtomobil yolunun 4 zolağa genişləndirilməsini,
Goran-Naftalan, Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax
sahəsinin, Muğanlı-İsmayıllı-Qəbələ,
Xaçmaz-Nabran-Yalama, İsmayıllı-Lahıc avtomobil
yollarının əsaslı təmirini, Qusar-Əniğ-Ləzə
avtomobil yolunun tikintisini və sair qeyd etmək olar. Eyni zamanda,
Prezidentin 6 aprel 2010-cu il tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə
turizmin inkişafına dair Dövlət Proqramı”nda ölkədə
turizmin inkişafı ilə bağlı kompleks tədbirlər
nəzərdə tutulub və hazırda icra olunmaqdadır.
Turizmin inkişafı istiqamətində müxtəlif qurumlar
birgə səmərəli fəaliyyət göstərirlər
ki, bu da müxtəlif tədbirlərin, o cümlədən
turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun,
mehmanxana və digər turizm xidmətləri göstərən
obyektlərin yaradılması, tarix, memarlıq və mədəniyyət
abidələrinin bərpasına və turizm məqsədləri
üçün istifadəsi ilə əlaqədar işlərin
reallaşdırılmasına şərait yaradır. 2011-ci
ildə də dövlət investisiyaları hesabına bu
istiqamətdə tədbirlərin həyata keçirilməsi
davam etdirilir. Belə ki, Qusar rayonunda “Şahdağ” turizm
kompleksinin tikintisi, Salyan rayonunda “Cümə Məscidi”nin bərpası,
Qobustan Dövlət Tarix Bədii Qoruğunun muzey və
inzibati binasının tikintisi, Şəki şəhərində
Aşağı Karvansarayın bərpası, Gəncə
şəhərində “Şah Abbas” karvansarayının bərpası
və s. işlərin həyata keçirilməsi nəzərdə
tutulub. Bununla yanaşı, Sahibkarlığa Kömək Milli
Fondunun vəsaitləri hesabına digər sahələrlə
yanaşı müasir turizm komplekslərinin yaradılması
da maliyyələşdirilir. 2010-cu ildə bu sahədə 3
investisiya layihəsinə 2,8 mln. manat güzəştli kredit
yönəldilib. Turizmin inkişafı ilə bağlı
sahibkarların iqtisadi baxımdan əsaslandırılmış
investisiya layihələrinin güzəştli şərtlərlə
maliyyələşdirilməsi davam etdiriləcək.
İlkin AĞAYEV
Palitra.- 2011.- 19 aprel.- S. 10.