Dərsliklərlə
bağlı milli təhsilşünaslığın
formalaşması günün tələbidir
Azərbaycan
təhsilində dərsliklərlə bağlı müəyyən problemlərin olduğu barədə
tez-tez ekspertlər fikir bildirirlər. Qeyd etmək
lazımdır ki, bu problemlər təhsilin müxtəlif pillələrinə
aid dərsliklərdə mövcuddur. Bu baxımdan layihə
çərçivəsində mövzuya toxunmağı
lazım bildik. Öncə bununla bağlı bir sıra nəzəri
məsələlərə diqqət yetirək.
Qeyd edək
ki, dərsliklərin nəşri və çapı işləri
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli,
668 nömrəli fərmanı ilə təsdiq edilmiş
«Dövlət satınalmaları haqqında» Qanuna uyğun
olaraq tender yolu ilə həyata keçirilir. Nazirlər
Kabinetinin 19 mart 2004-cü il tarixli, 56S nömrəli sərəncamına
uyğun olaraq dövlət ümumtəhsil məktəblərinin
I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təmin
olunması işini tənzimləmək məqsədilə
hazırlanan «Dərsliklərin nəşri, çapı və
paylanması qaydaları» 8 dekabr 2004-cü il tarixli, 3103
nömrəli şəhadətnamə ilə Ədliyyə
Nazirliyində qeydiyyata alınıb. Prezidentin 20 fevral
2003-cü il tarixli, 854 nömrəli fərmanı ilə təsdiq
edilmiş «2003-2005-ci illər üçün Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və iqtisadi
inkişaf üzrə Dövlət Proqramı»na uyğun olaraq
2003-2005-ci illər ərzində ümumtəhsil məktəblərinin
I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı
yerinə yetirilib.2005-ci ildə Təhsil Nazirliyində
qeyri-dövlət təşkilatlarının nümayəndələri
də cəlb olunmaqla «Ümumi təhsil sistemində dərslik
siyasəti» sənədi hazırlanıb və Nazirlər Kabineti
ilə razılaşdırıldıqdan sonra 23.01.2006-cı
il tarixli, 33 nömrəli əmrlə təsdiq edilib. 1999-cu
ildən 2007-ci ilə kimi ümumtəhsil məktəblərinin
I-IV sinif proqramları, V-XI siniflər üçün «Azərbaycan
dili», «Ədəbiyyat», «Riyaziyyat», xarici dil, «Azərbaycan
tarixi», «Rus dili», «Fizika» (VII-XI s.), «Kimya» (VIII-XI s.) ,
«Coğrafiya» (VI-XI s.), «Ümumi tarix» (VI-XI s.), «İnsan və
cəmiyyət» (VIII-XI s.), «Biologiya» (VI-XI s.) və sair
proqramlar hazırlanıb, təkmilləşdirilib və
çap olunaraq istifadəyə verilib. 2005-ci ildə bazis tədris
planı əsasında işlənilən yeni proqramlar V-XI
siniflər üzrə seçmə fənlər də nəzərə
alınmaqla müvafiq olaraq «A» və «B» variantlarında
hazırlanıb ki, bu da müəllimlərin işini xeyli
asanlaşdırıb.
Təlim
gürcü dilində olan məktəblərin ibtidai sinifləri
üçün gürcü dili proqramı həmin məktəblərin
yerləşdiyi Qax, Zaqatala və Balakən rayonlarının
müəllimləri tərəfindən işlənilib və
təsdiq edilərək istifadəyə verilib. Milli
azlıqların cəm halda yaşadığı regionlarda fəaliyyət
göstərən məktəblərin I-IV sinif Ana dili (doğma dil) proqramları
yenidən işlənərək çap olunub. Həmin
proqramlar əsasında dərsliklər hazırlanıb. Prezident
İlham Əliyevin «Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında» 20 aprel 2007-ci
il tarixli sərəncamına əsasən məktəb
kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsinə
və müasir informasiya texnologiyaları ilə təchizatına
diqqət artırılıb. «Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları ilə təminatı
proqramının (2005-2007-ci illər) həyata keçirilməsi
ilə əlaqədar bəzi məsələlər
haqqında» Nazirlər Kabinetinin 6 iyul 2005-ci il tarixli, 128
nömrəli qərarının icrasını təmin etmək
məqsədilə ümumtəhsil məktəbləri
üçün fənn proqramlarına uyğun olaraq nazirliyin
sifarişi əsasında elektron tədris vəsaitləri
hazırlanıb. Həmin vəsaitlər geniş müzakirələrdən
sonra təsdiq olunub. «Azərbaycan tarixi» (Qədim və orta əsrlər
dövrü), «Kimya» (qeyri-üzvi kimya), «Biologiya» (Botanika və
Zoologiya) və «Fizika» (mexanika və molekulyar fizika) fənləri
üzrə multimedia sisteminə dair disklər, metodik vəsaitlər
və plakatlar hazırlanıb. Bu işin davamı kimi «Azərbaycan
tarixi» (yeni və müasir dövr), «Biologiya» («İnsan» və
«Ümumi biologiya»), «Kimya (üzvi və ümumi kimya) və
«Fizika» (elektrodinamika, optika və atom fizikası) fənləri
üzrə disklər, metodik vəsaitlər və plakatlar da
istifadəyə verilib. Amma təhsilin məzmununda aparılan
islahatlar və dünya təcrübəsi göstərir ki, dərsliklər
yeni, daha səmərəli məzmun və forma tələb
edir. Məhz bu istiqamətdə daha ciddi addımlar atmaq
lazımdır. Ümumtəhsil məktəblərində təlimi
daha müasir texnologiyalarla təmin etmək və onun səmərəli
təşkilinə nəzarət etmək bu sırada
qarşıda duran vacib işlərdəndir. Bu gün də təhsilin
məzmun göstəricisini və inkişaf səviyyəsini əks
etdirən tədris ədəbiyyatları ilə proqram,
kurrikulum, dərslik, dərs vəsaiti, digər tədris-metodik
ədəbiyyatlarla məktəblərin fasiləsiz və ahəngdar
təminatı ən ciddi problemlərdən biri kimi diqqət
mərkəzindədir. Bu barədə bizə fikirlərini
bildirən AMEA-nın müxbir üzvü, professor Səlahəddin
Xəlilov qeyd edir: “Tədris
planlarının, proqramların və dərsliklərin
hazırlanması elə
böyük miqyaslı elmi tədqiqat işləri və
araşdırmalar tələb edir ki, onu nəinki fərdi miqyasda,
heç məktəb miqyasında da həyata keçirmək
mümkün deyil. Bütövlükdə ölkənin təhsil
siyasətini müəyyən etmək, təlim və tərbiyə
sahəsində strateji proqramlar hazırlamaq üçün
pedaqoji elmlərin inkişafına və alınan nəticələrin,
habelə qabaqcıl təcrübələrin bütün
ölkə miqyasında yayılmasına ehtiyac yaranır”.
Professor bildirir ki, bu, olduqca böyük bir məsuliyyətdir.
Ölkə miqyasında bu proseslər hər hansı bir təhsil
müəssisəsi miqyasında həyata keçirilə bilməz.
Vahid təhsil siyasətinə əsaslanan təhsil sistemi
bütöv orqanizm kimidir. Bu orqanizmin səmərəli surətdə
idarə olunması üçün bütün struktur səviyyələrində
idarəetmənin təkmilləşdirilməsi ilə
yanaşı təlim-tərbiyə prosesinin də modernləşdirilməsinə
böyük ehtiyac var. Lakin bu sahədə aparılan nəzəri
tədqiqatlar başqa, pedaqoji praktikanın mənimsədilməsi
isə başqa bir məsələdir. Müəllimlər
pedaqogika nəzəriyyəçiləri deyil, onlar pedaqoji
praktikanı təmsil edirlər.
Ona
görə də bizcə, pedaqogika üzrə dərsliklər
daha çox dərəcədə müəllimin əməli
fəaliyyətinə xidmət etməlidir. Müəllim
mövzu seçməkdə, hər bir mövzunu neçə
saat tədris etməyi müəyyənləşdirməkdə
azad deyil. Müəyyən bir fənni hansı ixtisas sahiblərinə,
neçənci kursda və hansı həcmdə keçmək
də müəllimdən asılı olmadan, təşkilati
struktur iyerarxiyasının daha yüksək pilləsində
müəyyən edilir. Nisbətən yuxarı struktur səviyyələrindəki
fəaliyyət daha artıq müəllim-tələbə
münasibəti şəklində və ya müəyyən
bir fənni, mövzunu necə tədris etmək formasında
olmur. Tədris planları və proqramların
hazırlanması başqa xarakterli bir araşdırmanın nəticəsidir.
Hər bir dövrdə müəyyən bir fəaliyyət
sahəsində nə kimi kadrlara ehtiyac olmasını,
onların hansı fənləri və hansı həcmdə mənimsəmələrinin
zəruri olmasını təyin etmək üçün bir
tərəfdən həmin fəaliyyət sahəsinin praktik
ehtiyaclarından, digər tərəfdən də bu sahədə
qərarlaşmış elmi biliklərin
açdığı imkanlardan çıxış etmək
lazım gəlir. Burada hətta hər bir ölkənin real
iqtisadi inkişaf səviyyəsi, tətbiq olunan texniki və
texnoloji sistemlərin modernlik dərəcəsi və sair nəzərə
alınmalıdır. Bir ölkədə tətbiq olunan dərsliklərlə
bağlı texniki standartlar başqa ölkəninkinə
uyğun gəlməyə də bilər. Hansı isə
qabaqcıl ölkənin iqtisadi və sosial ehtiyaclarını
ödəmək üçün hazırlanan kadrlar və bu
hazırlığı təmin edən kurrikulum başqa
ölkə üçün tamamilə gərəksiz ola bilər.
Milli kurrikulum dedikdə bunu bəzilərinin
anladığı kimi, dərsliklərə milli alimlərin
şəklini və tərcümeyi-halını əlavə
etmək kimi anlamaq lazım deyil. Milli təhsil sistemi hər
bir ölkənin sosial-iqtisadi və mədəni-mənəvi
inkişaf səviyyəsinə uyğun olan, habelə milli
mentalitetə və dəyərlər sisteminə əsaslanan
tədris planları və proqramların
hazırlanmasını, habelə müvafiq tədris
metodikasından istifadə olunmasını nəzərdə
tutur. Bax, bu işdə bizə xarici mütəxəssislər
yardımçı ola bilməz. Bunun üçün milli təhsilşünaslığın
formalaşmasına böyük ehtiyac var. Alimin fikrincə, bu,
öz işini ölkəmizdə real ictimai gerçəkliyin,
mədəni-mənəvi mühitin və iqtisadi inkişaf səviyyəsinin,
texniki və texnoloji durumun öyrənilməsi üzərində
qurmalıdır. Milli təhsil konsepsiyasının
hazırlanması Azərbaycan elmi-fəlsəfi fikrinin ən
üstün vəzifələrindən birinə çevrilməlidir.
Elm və təhsilin belə yüksək səviyyədə və
səmərəli surətdə əlaqələndirilməsi
üçün isə müvafiq təşkilati-struktur islahatlarına
ehtiyac var. Bunu heç də Elmlər Akademiyası ilə ali
təhsil sisteminin mexaniki birləşdirilməsi, məsələn,
hər ikisinin vahid bir nazirliyin strukturuna daxil edilməsi kimi
başa düşmək lazım deyil. Mexaniki və kortəbii
birləşdirmə səmərə verə bilməz. Əvvəlcə
çağdaş Azərbaycanda elm və təhsilin birgə
inkişaf konsepsiyası hazırlanmalı, təşkilati
islahatlar da bu konsepsiya kontekstində həyata keçirilməlidir.
İlkin
Palitra.- 2011.- 19 aprel.- S. 11.