Məktəbin keyfiyyəti aşağı düşəndə şagird axını azalır”

 

Layihə çərçivəsində növbəti müsahibimiz Səbail rayon Bayıl qəsəbəsi 49 saylı intellekt-liseyin direktoru Təhminə Əsədovadır: 

 

- Təhsil elə bir strukturdur ki, burada inkişaf prosesi addım-addım gedir. Bu strukturu da əhalinin əksər hissəsi təşkil edir. Təhsillə bağlı həyata keçirilən tədbirlərə gəldikdə isə 2003-cü ildən bəri 2 min məktəb yenidən tikilib, bərpa olunub. Heydər Əliyev Fondunun dəstəyilə 300 məktəb, uşaq bağçası, uşaq evi tikilib, bərpa edilib, eyni zamanda avadanlıqlarla təmin edilib. Məsələn, bizim məktəbdəki avadanlıqları - stol, stul, lövhələr, kompyuterlər və s. göstərmək olar. Eləcə də məktəbimizdə İKT ilə bağlı beynəlxalq layihələr, “İnter”, “Mədəd” layihələri həyata keçirilib. “İnter” elə bir layihədir ki, müəllimlər kompyuterdən istifadəni öyrənir və nümunəvi elektron dərs verir və ondan sonra sertifikat alırlar. “Mədəd” layihəsində isə informatikanı bilməyən şagird onu öyrənir. Sonra kompyuterlə, internetlə “Mədəd” təşkilatına bir layihə işləyib verir və bundan sonra həmin təşkilat tərəfindən ona sertifikat verilir. Bu gün ölkədə 200-dən artıq məktəb birbaşa internetə bağlıdır. Ölkə başçısının sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi”, “Ən yaxşı müəllim” müsabiqəsi keçirilir ki, bu bizim üçün ilk öncə mənəvi dəstəkdir. Eyni zamanda “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi seçilən müəllim birbaşa 5 min manat alır. Bundan başqa “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olan məktəb isə 10 min manat məbləğində mükafatlandırılır. Bizim məktəb 2009-2011-ci tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Həmin məbləğdə bizə istədiyimiz avadanlığı verdilər. Biz kondisioner, noutbook, proyektor, surətçıxarma cihazı, əlavə stollar, şkaflar aldıq. Bundan gözəl nə ola bilər? Mən bu məktəbə ilk gəldiyim vaxtlar burada stol, stul, lövhə axtarırdıq. Sinif otaqlarımızın bir çoxunda lövhə yox idi, hətta biz divara qara rəngli boya çəkir və ondan lövhə kimi istifadə edirdik. İndi otaqların hər birində iki lövhə var. Artıq bir neçə şagird eyni vaxtda lövhədə işləyə bilir. Bütün bunlar keyfiyyətin yüksəlməsi deməkdir. Təhsilə olan qayğı bu gün ölkədə birinci yerdədir. Hazırda 700-dən artıq tələbə dünyanın tanınmış universitetlərində dövlət xətti ilə təhsil alır. Qloballaşan dünyada təhsilin bu formada sürətlə inkişafı yalnız bir dövlətə mənsubdur. Bu gün ölkədəki 5 min məktəbin bir çoxunda aparılan təmir işləri hazırda da davam edir. İllərlə məktəbin, tədrisin qayğısını çəkən olmayıb. Məktəblər, avadanlıqlar dağılıb. Müəllimin tənzimlənmə prosesinə nəzarət olmayıb ki, bir yerdə müəllim çoxdur, başqa yerdə yoxdur. Məsələn, Bakıda çox olduğu halda elə bölgələrimiz var ki, ingilis dili, hətta Xaçmaz bölgəsində Azərbaycan dili müəlliminə ehtiyac var. İndi Təhsil Nazirliyi (TN) yenidən bunu tənzimləyir. Həmin prosesdə də ucqar bölgələrdə çalışan müəllimlərə xüsusi yardımlar verilir.Mən bu il ölkə başçısının sərəncamı ilə Əməkdar müəllim adına layiq görülmüşəm. Əməyimə verilən qiymətə görə həm ölkə başçısına, həm də TN-nə öz minnətdarlığımı bildirirəm. Müəllim vəzifəsi ən şərəfli peşədir. Bizim balalarımız həm fiziki, həm də mənəvi cəhətdən cəmiyyətin ən təmiz qüvvəsidir. Biz onları hansı istiqamətdə yönəltsək, o istiqamətdə də gedirlər. Mən çalışıram ki, rəhbərlik etdiyim məktəbdə də uşaqları düzgün istiqamətləndirim. Onları anasını, Vətəni, millətini sevən, torpağına bağlı olan bir vətəndaş kimi tərbiyə edim. Bizim ölkəmiz uzun illər əsarət altında qalsa da, öz dinindən, dilindən dönməyib, onları qoruyub saxlayıb. Azərbaycan xalqı əsrlərdən bəri adət-ənənələrini, milli-mənəvi dəyərlərini itirmir. Bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəxsində xalqa, milli-mənəvi dəyərlərə bağlılığı görürük. Belə ki, Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizi dünyaya göstərir, mənfur düşmənlərin əlimizdən aldığını geri qaytarır və almaq istədiklərinə də imkan vermir. Xalçamızı, musiqimizi dünyaya tanıdır. Biz də bu istiqamətdə onun ardınca getməliyik.

- Şagirdlərin təhsil səviyyəsi sizi qane edirmi?

- Bu gün şagirdlərin təhsil səviyyəsi ilə bağlı KİV-də müxtəlif fikirlərlə rastlaşırıq. Amma 2000-ci illərdə hüquq fakültəsinə daxil olan abituriyentlər 170-250 bal toplayırdılar. Bu gün BDU, ATU, PYİA, İU-da 630-dan aşağı bal toplayan abituriyent varmı? İnkişaf gedir ki, şagird də belə nəticə əldə edir. Əgər 700 bal toplayırsa, bu o deməkdir ki, sualların hamısına cavab verir. 650-700 bal hədsiz yüksək baldır. 350 balın özü yüksək göstəricidir.

- Mərkəzləşmiş qaydada imtahanların keçirilməsinin təhsilin inkişafına təsirini necə qiymətləndirirsiniz?

- Son illər mərkəzləşmiş qaydada imtanlar kecirilir. Əvvəl yalnız Bakıda, hazırda isə bütün ölkə ərazisində 11-ci sinif buraxılış imtahanı və 9-cu sinfin şəhadətnamə alması üçün imtahanlar mərkəzləşmiş qaydada keçirilir. Bu imtahanların təhsilin keyfiyyətinə təsirinə gəldikdə isə imtahanlar 8 fənn üzrə aparılır. Adətən şagirdlər yuxarı siniflərə çatdıqda ali məktəblərə imtahan ərəfəsində yalnız qəbul imtahanlarına hazırlaşmağa meyil edirdilər. Mərkəzləşmiş imtahanların aparılması şagirdin hərtərəfli biliyinə yüksək təsir edir ki, bu biliklə onun hərtərəfli, aldığı attestata layiq olduğunu bilirsən. Bundan başqa mərkəzləşmiş qaydada imtahanlar göstərdi ki, məhz layiqlilər ali məktəbə daxil olur. Yəni attestat qiymətləri yüksək olan şagirdlərimiz ali məktəbə daxil olur. Eyni zamanda bu, çox neqativ halların qarşısını aldı, ətaləti aradan götürdü və oxuyana da, oxumayana da məsuliyyət yaratdı. Valideynlər bilməlidir ki, indi uşağı oxutmaq lazımdır, sənət vermək yox. Sənət keçmir, elm keçir. Bu gün diplomluların sayı çox, işə götürülənlərin sayı isə məhdud dərəcədədir. İşə götürənlərn hamısı diplomla bərabər işə götürəcəyi adamın savadını yoxlayır. Köhnə formadan çıxmaq mütləqdir. Əgər bu məktəbə yalnız diploma əsasən müəllim götürəcəyəmsə, sabah məktəbin keyfiyyəti aşağı düşə bilər. Məktəbin keyfiyyəti aşağı düşəndə şagird axını azalır. Şagird axınının azalması isə məktəbin imicini aşağı salar. Əgər mən öz müəssisəmə keyfiyyətsiz, biliyi məni qane etməyən işçini götürməyəcəyəmsə, sonra heç kəs götürməyəcək. Valideynlər bunu qəbul etməli, başa düşməlidirlər ki, sovet dövründəki diplomla işə girmək halları bu gün yoxdur. Bu gün diplomun üzərində savad da nəzərə alınır.

- Dərsliklərin vəziyyəti və proqramlarla bağlı iradları necə qiymətləndirirsiniz?

- Mən 8-9-cu sinif “Azərbaycan dili” dərsliklərinin, orta məktəblərdə “Azərbaycan dili” proqramının müəllifiyəm. Azərbaycan nadir ölkələrdəndir ki, öz vətəndaşlarına dərslikləri pulsuz verir. Bu, böyük bir maliyyədir, əhali üçün yardımdır. Dərsliklərin vəziyyətinə gəldikdə isə qeyd edim ki, bizim dərsliyimiz yox idi. Dərslik yazmaq illərin təcrübəsindən əmələ gəlir. Biz öz dərsliyimizi yazır və hər il də bunu təkmilləşdiririksə, bu, inkişafa gedən bir yoldur. Doğrudur, burada səhvlər olacaq, amma hamı qəbul edir ki, bunlar ildən-ilə aradan götürülməkdədir. Biz heç kəsdən götürməmişik, bəzi fənlər var ki, məsələn, riyaziyyatda hansısa keyfiyyət baxımından yenilik axtarırıq. Amma Azərbaycan tarixi, coğrafiyanı yeni yazırıq ki, burada da məhz yeni olduğu üçün çətinliklər var. Proqramların ağırlığı ilə bağlı fikirlərə gəldikdə isə mən bunu qəbul etmirəm. Bu gün məktəbə gələn şagird bizim məktəbə gəldiyimiz kimi deyil. Onların səviyyəsi, dünyagörüşü, qavrama səviyyəsi qat-qat yuxarıdır. Hətta şagird bəzi hallarda qarşısındakı müəllimi üstələyir.

- Sizcə, bu gün repetitorluq vacibdirmi?                                                                                                                     

- Repetitorluq tarixən olub, bu gün yaranmayıb. Sadəcə o dövr bir qədər fərqli idi, müəllim yanına gedib əlavə nəsə soruşanda valideyn maddi tərəfdən həmin müəllimə kömək etmirdi, bu gün o kömək olduğuna görə repetitorluq başqa bir dona girib. Ali məktəbə qəbul üçün 11-ci sinif proqramı ilə heç vaxt getməyiblər. Repetitorluğun dəb olması müvəqqəti ola bilər. Repetitorla hazırlaşmada digər fənlərdən yayınmaya gəldikdə isə mərkəzləşmiş qaydada imtahan bunun qarşısını aldı. Bu proses tam olaraq bir-birini tamamladı.

- Məktəblilərə vətənpərvərlik hisslərinin aşılanması ilə bağlı hansı tədbirlər həyata keçirilir?

- Məktəbimizdə açıq dərslərlə yanaşı milli-mənəvi dəyərlərimizi qiymətləndirən tədbirlər keçiririk. Muğam tədbirləri, pis vərdişlərlə bağlı tədbirlər reallaşdırmışıq. Bundan başqa Xocalı, 20 Yanvar faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü, ana dilimizlə bağlı, eləcə də uşaqların hərbi-vətənpərvərliyi mövzusunda xüsusi tədbirlər keçirik. Bizim məktəbin 4 nəfər şəhidi var. Səbail Rayon İcra Hakimiyyəti ilə birgə pis vərdişlər, fövqəladə hallarla bağlı tədbirlər həyata keçirmişik. Hətta Rayon İcra Hakimiyyətinin göstərişi ilə tədbirdə FHN-nin texnikası nümayiş olundu. Bundan başqa İcra Hakimiyyətilə birgə idman yarışları təşkil edirik, onların keçirdiyi bir çox müsabiqələrdə şagirdlərimiz iştirak edir. Bu il İcra Hakimiyyətinin təşkil etdiyi Xocalı soyqırımı ilə bağlı müsabiqədə bizim şagirdimiz yazdığı inşa yazıya görə I yeri tutub. Həmçinin ulu öndər Heydər Əliyevlə bağlı müsabiqə təşkil edimişdi ki, bizim şagirdlərimiz inşa yazıda və bir şagirdimiz yazdığı şeirə görə I yerə və diploma layiq görüldülər.  2011-ci il YUNESKO tərəfindən “Beynəlxalq kimya ili” elan edilib. Biz bugünlərdə Təhsil Problemləri İnstitutu ilə birgə bu ilə həsr edilən tədbirlər silsiləsindən akademik Y.Məmmədəliyevin 105 illik yubileyi mövzusunda elmi-praktik konfrans keçirdik. Y.Məmmədəliyev yeganə şəxsiyyətdir ki, onun tərəfindən alınan yüksək oktanlı neftin sayəsində II Dünya müharibəsində qələbə əldə edilib. Tədbirdə şagirdlər öz bacarıqlarını nümayiş etdirdilər. Yəqin ki, yeni tədbirlər də həyata keçirəcəyik.  

 

 

Nigar

 

Palitra. -2011. -20 aprel. –S. 2.