Ukrayna Azərbaycan
sərmayəsini cəlb etmək istəyir
Bakıda Azərbaycan və Ukrayna arasında energetika sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun birgə iclası işə başlayıb. İki gün davam edəcək iclasın gündəliyinə bir sıra əhəmiyyətli məsələlərin müzakirəsi daxil edilib.
Kiyev Azərbaycan
neftini Avropaya ötürmək üçün
hazırdır
İlk növbədə toplantıda Xəzər regionundan yüngül neftin Ukraynaya və Ukrayna ərazisindən tranzitlə üçüncü ölkələrə nəqli məsələsi müzakirə olundu. Bundan başqa iclasın gündəliyinə “Sarmatiya” layihəsi çərçivəsində Avrasiya Enerji Dəhlizi layihəsi üzrə əməkdaşlığın cari vəziyyəti və perspektivləri, AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsi və maye qazın Ukraynaya nəqli sahəsində əməkdaşlıq və ümumilikdə birgə layihələrin, o cümlədən Ukraynada maye qaz terminalının tikintisi layihəsinin perspektivləri kimi məsələlərin müzakirəsi daxil edilib. Azərbaycanla Ukrayna xalqlarının uzun illərdir ki, dostluq şəraitində yaşadığını deyən sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirdi ki, iki ölkə arasında əməkdaşlıq daim mövcud olub. O qeyd etdi ki, Azərbaycan neft-qaz sektorunda inkişaf edən ölkə olduğuna görə hasil olunan karbohidrogen ehtiyatlarını yeni bazarlara ixrac etmək istəyir. Bu baxımdan Ukrayna ilə əməkdaşlıq maraqlıdır. Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə davam etdiyini deyən Ukraynanın Energetika Nazirliyinin Neft, qaz, torf, neft istehsaletmə və alternativ enerjinin əldə edilməsi məsələləri üzrə departamentinin rəhbəri Kiryuşin İqor Vladimiroviç adıçəkilən tədbirin də bunun nümunəsi olduğunu bildirdi. Ukraynanın 2015-ci ildə Azərbaycandan 5 mlrd. kubmetr mayeləşdirilmiş qaz almaq istədiyini deyən K.İ.Vladimiroviç qeyd etdi ki, mayeləşdirilən qazın 2015-ci ildə tikintisinin bitməsi nəzərdə tutulan qaz borusu vasitəsilə nəql edilməsi planlaşdırılıb: “Biz Azərbaycan tərəfinin 2015-ci ildə bitməsi nəzərdə tutulan qaz borusunun tikintisində investor kimi iştirak etməsini təklif edirik. Eyni zamanda Ukrayna Azərbaycanın mayeləşdirilən qazının idxalını nəzərdə tutan layihələrdə iştirak etmək niyyətini bildirib. Hazırda bu danışıqlar nazirlik səviyyəsində gedir. Buna baxmayaraq biz təklifimizi bildirdik. Rəsmi Bakı hələ bu təklifə cavab verməyib. Ukrayna tərəfi Azərbaycanla Gürcüstanın Kulevi neft terminalında maye qaz terminalının tikintisi çərçivəsində də əməkdaşlığa hazır olduğunu deyib. Belə ki, terminal Azərbaycan qazının Rumıniyaya tədarükünü nəzərdə tutan AGRI layihəsi çərçivəsində tikiləcək”. Neft sahəsində əməkdaşlığa gəlincə, Ukraynanın Energetika Nazirliyinin department rəhbəri bu sahədə danışıqların davam etdiyini qeyd etdi: "Rəsmi Kiyev Azərbaycan neftini Avropaya ötürmək üçün hazırdır".
Bu gün əsas
məsələlərdən biri Odessa-Brodı-Plodi-Qdansk layihəsinin
həyata keçirilməsidir
Bir sıra məsələlərə
aydınlıq gətirən Natiq Abbasov bildirdi ki, ümumiyyətlə,
Xəzər dənizi regionunda hasil olunan neftin Avropa
bazarlarına çatdırılması barəsində bu ilin
əvvəlində Davosda memorandum və saziş imzalanıb.
Saziş Xəzər regionunda hasil olunan neftin Ukrayna ərazilərinə
çatdırılması və bu ölkənin ərazisindən
istifadə edərək tranzit yolu ilə Avropa ölkələrinə
çatdırılması ilə bağlı olub. Memorandumda
öz əksini tapan məsələnin isə AGRI layihəsi
ilə bağlı olduğunu deyən N.Abbasov qeyd etdi ki, bu da
Azərbaycanda hasil edilən qazın mayeləşdirilmiş
formada Ukrayna ərazilərinə
çatdırılmasıdır. Hər iki sənədlə
bağlı işçi qrupu yaradılmışdı ki,
hazırda da iki ölkənin işçi qruplarının
görülən işlər haqqında müzakirələri
aparılır.Ümumiyyətlə, Azərbaycanda 2010-cu ildə
51 milyon ton neftin hasil olunduğunu deyən N.Abbasovun fikrincə,
bu hasilatı qaldırmaq olar və ölkəmiz tranzit ölkədir:
“Asiyanı Avropa ilə birləşdirən dövlət olan
Azərbaycan əgər ehtiyac olarsa, hasilat, tranzit tələbatı
artarsa, yeni kəmərin çəkilməsinə baxa bilər.
Bu gün ölkədə hasil olunan nefti qaldırmaq da olar.
Ancaq bunu stabil saxlayıb və iqtisadiyyatı bu tempdə
saxlamaq üçün bu kifayət edir”. AGRİ layihəsinə
gəldikdə isə nazir müavini bildirdi ki, texniki-iqtisadi əsaslandırma
hazırlanır. Müştərək müəssisənin
hazırlanması istiqamətində işlər
aparılır və bu layihə üzrə ilk addım
atılıb: “Şirkətin yaradılması ilə
bağlı qeyd edim ki, bu gün əsas məsələlərdən
biri Odessa-Brodi-Plodi-Qdansk layihəsinin həyata keçirilməsidir.
Odessa-Brodi mövcud bir neft kəməridir və bunun davamı
olaraq Plodi-Qdansk kəmərinin tikintisidir. Bu istiqamətdə
işlərin aparılması üçün birgə müəssisə
olan “Sarmatiya” beynəlxalq boru kəməri müəssisəsi
yaradılıb. Bu müəssisədə Litva, Polşa,
Ukrayna, Azərbaycan və Gürcüstan dövlətlərinin
şirkətləri birgə fəaliyyət göstərir.
Burada 2007-ci ildə ARDNŞ-in səlahiyyətli nümayəndəsi
üzv seçilib, 2010-cu ilə Direktorlar Şurasına sədr
seçilib. Hazırda “Sarmatiya” müəssisəsi tərəfindən
bu istiqamətdə texniki əsaslandırma hazırlanıb və
gələcəkdə bu işlərin həyata keçirilməsi
üçün çox böyük işlər
aparılır”. Ukraynanın
verdiyi təklifə gəldikdə isə N.Abbasov bildirdi ki, həmin
ölkə ildə 2 milyarddan 3 milyarda qədər maye qazı
qəbul etməyə hazırdır. Gələcəkdə
hansı miqdarda onlara qaz ixrac ediləcəyinə baxılacaq.
Nigar Abdullayeva
Palitra.- 2011.- 20 aprel.- S. 4.