Bu dərs ili
Naxçıvan Dövlət Universitetinin ilk
buraxılışının 40 illiyi kimi yaddaşlarda qalacaq
Doğma Azərbaycanımızın
qədim guşəsi Naxçıvan elm, memarlıq, ədəbiyyat
və incəsənət sahəsindəki yetirmələri,
xidmətləri ilə tarix səhifələrinə
özünün şanlı imzasını
atmışdır.
Müstəqillik illərində ulu öndər
Heydər Əliyevin ideyalarının təntənəsi sayəsində
çiçəklənən Naxçıvan MR mənfur
qonşularımıza layiqli cavab vermiş, onlara göz
dağı olmuşdur. Bu gün Prezident
İlham Əliyevin və Naxçıvan MR Ali Məclisi Sədrinin
rəhbərliyi altında diyarımız çiçəklənir,
elm, təhsil, səhiyyə, bir sözlə, həyatın
bütün sahələrində ürəkaçan işlər
həyata keçirilir.
2010-2011-ci
tədris ili Naxçıvan Dövlət
Universiteti üçün fəaliyyətin bir çox sahələrində
qazanılan uğurlarla yanaşı həm də bu
böyük elm ocağının ilk məzunlarına xeyir-dua
verdiyi tarixin - birinci buraxılışın
qırxıncı ildönümü ili kimi yaddaşlara həkk
olunacaqdır.
1939-1952-ci illərdə
Naxçıvanda fəaliyyət göstərmiş C.Məmmədquluzadə
adına Naxçıvan Dövlət
Müəllimlər İnstitutunun (bu təhsil
ocağının adı İkiillik Müəllimlər
İnstitutu kimi də işlədilir) bağlanmasından sonra
bu qədim diyarda pedaqoji kadrlara olan kütləvi ehtiyac 20-ci
illərdə açılmış pedaqoji texnikumun məzunları
hesabına çox çətinliklə ödənilirdi. Bakı
şəhərində oxumaq əlbəttə ki, xeyli çətinliklər
hesabına mümkün olurdu. O zaman naxçıvanlı
ziyalılar mərkəz Moskvaya şikayət ərizəsi ilə
müraciət etsələr də, bu məsələnin həlli
çox gec qaydaya qoyuldu. Keçmiş SSRİ məkanında
olan 20 muxtar respublika arasında yalnız Naxçıvan MSSR-də
ali təhsil ocağı yox idi. Nəhayət, ortaya qoyulan bu
haqlı tələb qaçılmaz oldu və 1967-ci ildə
ozamankı V.İ.Lenin adına APİ-nin (indiki
Pedaqoji Universitet) Naxçıvan filialı
açıldı. Hazırda Azərbaycanın ən
qabaqcıl ali məktəblərindən biri olan
Naxçıvan Dövlət Universiteti 44 il əvvəl
APİ-nin Naxçıvan filialı kimi 1967-1968-ci tədris
ilində əyani şöbəyə Azərbaycan dili və ədəbiyyat,
tarix və riyaziyyat ixtisaslarında 105 nəfər tələbə,
3 nəfər müəllim (direktor, müavin və metodist
ştatlarına) olmaqla start götürmüşdür. Azərbaycan
dili və ədəbiyyatı ixtisasında iki qrup, tarix və
riyaziyyat ixtisaslarının isə hər birində bir qrup fəaliyyət
göstərirdi. Növbəti dərs ilindən isə bu
ixtisasların qiyabi şöbəsinə də tələbə
qəbulu aparıldı.
Filial üçün
indi AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun
yerləşdiyi, o zaman şəhərdəki Ü.Hacıbəyov
adına (indi İslam Səfərli
adınadır) 1H-li orta məktəbin ikimərtəbəli
köhnə binası verilmişdi. Bildirək
ki, 1 sentyabr 1967-ci ildə ştat üzrə işə
götürülmüş əməkdaşlar - direktor, tarix
elmləri namizədi, dosent Əli İbrahim oğlu Əliyev
(1904-1997), direktor müavini, filologiya elmləri namizədi Yavuz
İbrahimxəlil oğlu Axundov (indi o, elmlər doktoru,
professor, Əməkdar müəllim və Prezident təqaüdçüsüdür)
və metodist ştatına Azərbaycan Dövlət
Universitetinin (indi BDU) Tarix fakültəsini bitirmiş (sonralar
uzun müddət bu təhsil ocağında ilk partiya təşkilatının
katibi işləmişdir) Mahmud Şəmil oğlu Mahmudov
(1928-1996) olmuşdur.
Hər bir işin başlanğıcında, təbii ki,
problemlər olması labüddür. Yeni açılmış
filialda da bu hallar çox idi. Hər şeydən əvvəl,
müəllim kadrları, kitabxana və yataqxana ilə
bağlı məsələlərin qaydaya qoyulması tezliklə
başa çatdırılmalı idi. Odur ki,
oğlanlardan az bir qisminin yataqxana kimi istifadə etməsi
üçün yaxınlıqdakı yardımçı
binanın bir neçə otağında qismən şərait
yaradıldı. Müəllim kadrlarının təmin
olunması üçün o zaman Naxçıvanda fəaliyyət
göstərən Müəllimləri Təkmilləşdirmə
İnstitutundan, pedaqoji, tibb, kənd təsərrüfatı
texnikumlarından, bir qədər sonra açılmış
Politexnik texnikumdan, texniki-peşə məktəblərindən
və orta ümumtəhsil məktəblərindən təcrübəli
pedaqoqlar saathesabı yolla filialda işləməyə dəvət
olundular. Tarix elmləri namizədləri
İbrahim Hüseynov, İbrahim Bağırov, filologiya elmləri
namizədləri İzzət Maqsudov, Vəliyəddin Əliyev,
pedaqoji elmlər namizədi İbrahim Mollayev, fəlsəfə
elmləri namizədi Heydər Səfərov, bir qədər
sonra elmlər namizədləri Yunis Qasımov, Asif Şirəliyev,
Nəriman Orucəliyev, qabaqcıl müəllimlərdən
Musa Axundov, Möhsün Möhsünov, Əkbər
Süleymanov, Əkbər Əliyev, Müzəffər Nəsirli,
Əli Hüseynov, Firuz Rəhimov, Adil Qasımov, Hüseyn
Hüseynov, İbrahim Salayev, Hüseyn Camalov, Səfərəli
Allahverdiyev, Xalid Hüseynov, Rüstəm Abbasov, Damət
Seyidov, Abbas Mehdiyev, Qasım
Qasımov və başqaları işə
götürüldülər.
Növbəti
illərdə Moskva, Bakı və başqa şəhərlərdə
ali təhsil almış Eli Həşimov, Akif Əliyev,
Hüseyn Kazımov, Yaşar Əkbərov, Akif Mədətov,
Əsgər Qədimov, Məhərrəm Cəfərli,
İsmayıl Zeynalov, Zəhmət Şahverdiyev, Allahverdi
Hüseynov, Firuzə Məmmədova və başqaları
müəllim götürüldü.
Bakı
şəhərindən - APİ-dən və başqa ali məktəblərdən
akademik Məmmədcəfər Cəfərov, müxbir
üzvlər Abbas Zamanov, elmlər doktorları, professorlar Əziz
Şərif (Moskva), Şövqi Ağayev, Məmmədsəlim
Tahirli, Şükür Sadıqov, Yusif Seyidov, Fərhad
Zeynalov, Məhəmmədhüseyn Təhmasib, elmlər namizədlərindən
Abbasqulu Məhərrəmov, Vəli Əliyev, Həmzə
Qasımov, Quşdan Bağırov, Əlisa
Şükürlü, Cəfər Cəfərov, Mirzəcavad
Bağırov və başqaları
mühazirə söyləməyə dəvət olunur. Filial dövrü
buranın kitabxanasına ilk nüsxələr BDU-nun
kitabxanasından gətirilmişdi. Filialın tələbəsi
İsa Həbibov (Həbibbəyli) Bakıya ezam olunmuş, həmyerlisi
- BDU-nun əsaslı kitabxanasının direktoru filologiya elmləri
doktoru Kərim Həsənov həmin kitabların verilməsinə
köməklk göstərmiş və kitablar qatarla gətirilmişdi.
1971-ci ildə
indiki NDU-nun ilk buraxılışları olmuş 80 nəfər
məzun təyinatla iş yerlərinə göndərilmişdir.
Onlardan 38 nəfəri dil-ədəbiyyat, 25 nəfəri
tarix və 17 nəfəri riyaziyyat ixtisası üzrə
olmuşdur. Dördillik təhsil dövründə
başqa ali məktəblərə dəyişilmələr,
xaric olunmalar, dövlət imtahanlarından kəsirinə
görə ikinci il təkrar imtahana buraxılmalar olmuşdur.
İlk məzunlardan Tarix fakültəsini 1 nəfər, Dil-ədəbiyyat
fakültəsini 5 nəfər fərqlənmə diplomu
ilə bitirmişdir.
1967-1972-ci illərdə, NDU-nun filial dövrü kimi
xatırlanan birinci mərhələsində 1967-1970-ci illərdə
tarix elmləri namizədi, dosent Əli İbrahim oğlu Əliyev
(1904-1997) və 1970-1972-ci illərdə isə coğrafiya elmləri
namizədi, dosent Səfərəli Babayev (1923-2003) direktor
işləmişlər.
Naxçıvan Dövlət Universiteti öz fəaliyyətinin
ilk dövrlərindən başlayaraq böyük siyasətçi
və dövlət xadimi, ümummilli lider Heydər Əlirza
oğlu Əliyevin hərtərəfli qayğılarından bəhrələnmişdir. Onun imzaladıgı 12 iyul 1972-ci il
tarixli sərəncamla bu ali təhsil
ocağı indiki ünvanına - 108 hektarlıq bir əraziyə
köçürülmüş və akademik Yusif Məmmədəliyev
adına Naxçıvan Dövlət Pedaqoji İnstitutuna
çevrilmişdir. Həmçinin bu dövrdə yeni
fakültələr açılmış və tələbə
qəbulu artırılmışdır.
1974-cü il 4
oktyabrda ümummilli lider Heydər Əliyev Naxçıvan
MSSR-ın 50 illik yubileyi tədbirlərində iştirak edərkən
bu qədim diyarın yeganə ali məktəbinə gəlmiş,
professor-müəllim heyəti ilə
görüşmüşdür.
Elə bu dövrlərdə NDU-nun ilk
buraxılışlarının kadrlarından müəllimliyə
götürüldü. İlk
məzunlardan İsa Həbibbəyli, Hacı Qadir Qədirzadə, Həmzə Cəfərov, Hacıfəxrəddin
Səfərli, İbrahim Rüstəmov, Akif İmanov, Ləzifə Qasımova,
Həqiqət Abdullayeva, Miryasin Eminov, Rövşən Həsənov
və başqaları NDU-da
müəllim işləməyə
götürülmüşlər.
Sovet
dövründəki 32 il ərzində
NDU-da tədris üçün yalnız bir üçmərtəbəli
bina tikilmişdir.
Bununla bərabər həmin
illərdə Universitet şəhərciyində beşmərtəbəli
tələbə yataqxanası, müəllimlər
üçün Naxçıvan şəhərindəki 1-ci
mikrorayonda bir beşmərtəbəli yaşayış
binası inşa olunmuşdur. Yeri gəlmişkən,
qeyd edək ki, tələbə yataqxanası bu yaxınlarda
yüksək səviyyədə əsaslı təmir və
yenidənqurmadan sonra, əlavə korpus tikilməklə hər
cür avadanlıqlarla təchiz olunaraq tələbələrin
ixtiyarına verilmişdir.
NDU-nun
pedaqoji institut kimi fəaliyyət göstərdiyi ikinci mərhələsində
rektorlar-texnika elmləri doktoru, professor İsrafil Məmmədov, tarix elmləri
doktoru, professor İsak Məmmədov, fizika-riyaziyyat elmləri
doktoru, professor İskəndər Cəfərov olmuşlar.
29 dekabr 1990-cı ildən
Naxçıvan MR-in o dövrədək yeganə ali təhsil ocağına universitet statusu
verilmişdir. NDU-ya 1996-cı ilədək kimya elmləri
doktoru, professor Qasım Hüseynov rektor təyin
olunmuşdur.
Son on beş ildə universitet tarixində ilk dəfə
onun öz məzunu rektor təyin olunmuşdur. Qırx yeddi yaşlı filologiya elmləri doktoru,
professor, NDU-nun elmi işlər üzrə prorektoru vəzifəsində
çalışan İsa Əkbər oğlu Həbibbəyli
16 oktyabr 1996-cı il tarixdə Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin
imzaladığı sərəncamla rektorluğa
başlamışdır. O, ilk məzunu
olduğu, ömrünün nə az, nə çox, qırx
ildən çoxunu keçirdiyi ali məktəbdə pillə-pillə
tələbəlikdən rektorluğa qədər yüksəlmiş,
akademik, Əməkdar elm xadimi, millət vəkili olmuş,
“Şərəf” və “Şöhrət” ordenləri ilə
təltif edilmişdir. 1996-cı ildə NDU-da
ixtisaslaşdırılmış müdafiə şurası
yaradılmış, 1998-ci ilin 12 sentyabrında AAK-ın sədri,
akademik Azad Mirzəcanzadənin iştiraki ilə ilk dissertasiya
müdafiəsi baş tutmuşdur. Bir rektor kimi İ.Ə.Həbibbəyli
ötən 15 ildə universitet həyatına yeni bir ab-hava gətirmiş,
bütün sahələrdə intibah dövrü
yaşanmasını təşkil etmişdir. Universitetdə
magistratura şöbəsi yaradılmış, 1995-ci ildən
“Fikir” qəzeti nəşrə başlamış, burada mətbuat,
nəşriyyat və poliqrafiya işlərinin əsası
qoyulmuşdur. 1997-ci il avqust ayında NDU-da “Qeyrət” nəşriyyatı
fəaliyyətə başlamış, yeni fakültələr
yaradılmış, xarici əlaqələr
artırılmış, genişləndirilmişdir.
1990-cı illərin
çətinlikləri dövründə Moskvadan
Naxçıvana gələn dahi Heydər Əliyev ən
ağır vaxtlarda doğulduğu diyarın sakinlərinə
həyan oldu. O, naxçıvanlıları
qaçqın-köçkün həyatından, erməni
işğalından qorudu. Bəli, 22 iyul
1990-cı ildən 15 iyun
1993-cü ilədək blokada şəraitində yaşayan
Naxçıvanı hər cür bəlalardan - aclıq və
fəlakətlərdən xilas edən ümummilli lider Heydər
Əliyevin beynəlxalq aləmdəki nüfuzu gecəli-gündüzlü
yorulmaz fəaliyyəti oldu.
Bu dövrdə 3 sentyabr 1991-ci ildən
Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsində
çalışan Heydər Əliyev NDU-nun həyatı ilə də
yaxından
1992-ci ilin 12 oktyabrında NDU-da “Bazar iqtisadiyyatına
kecid şəraitində sərhədyanı ticarətin və
iqtisadi əlaqələrin təşkili” mövzusunda
keçirilmiş simpoziumda ümummilli lider iştirak
etmişdir. Bir ay sonra - 12 noyabrda o, NDU-nun 25 illik yubileyində
iştirak etmiş, nitqlərində
ali təhsil ocağı kollektivinin qarşısına daha
mühüm vəzifələr qoyan ümummilli lider uzun
müddətdən bəri tikintisi yarımçıq
qalmış 1600 yerlik tədris korpusunda işlərin
aparılmasına köməklik etmişdir. 29 oktyabr
1997-ci ildə NDU-nun 30 illiyinə təbrik məktubu ünvanlamış
və 1999-cu il 11 oktyabrda Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev tikintisi basa çatan çoxmərtəbəli
korpusun açılışında iştirak etmiş, rəmzi
lenti kəsmişdir. Bu mərasimdə NDU-nun
rektorluğu ulu öndərin bu
təhsil ocağına olan çoxillik diqqət və
qayğısını dəyərləndirərək ona
universitetin fəxri doktoru diplomunu vermişdir.NDU-nu Azərbaycanın
ən qabaqcıl ali təhsil ocaqlarından biri kimi dəyərləndirən
Prezident Heydər Əliyev 2002-ci ildə ona yüksək
özünüidarə statusu vermişdir.
Dahi rəhbərin
ölkəmizdə təhsilə göstərdiyi
qayğıları yeni minillikdə, onun ilk əsrində yeni
vüsətlə davam və inkişaf etdirən Prezident
İlham Əliyev hakimiyyətə gəlişinin birinci ilində
- 12 may 2004-cü ildə Naxçıvan Dövlət
Universitetində oldu, 4 mərtəbəli elektron kitabxananın
açılışında iştirak etdi. Prezidentin 31
mart 2007-ci il tarixdə
imzaladığı sərəncamla NDU-nun 40 illik yubileyi
geniş şəkildə qeyd olunmuşdur. Prezidentin həmin
sərəncamında deyilir: «Naxçıvan
Dövlət Universiteti zəngin maarifçilik ənənələrinə
malik Naxçıvan diyarında yüksək ixtisaslı
kadrların yetişdirilməsinə, elmi mühitin
formalaşdırılmasına və bütünlükdə
regionun tərəqqisinə öz müsbət təsirini
göstərmişdir. Onun məzunları bu gün Azərbaycanda
milli dövlət quruculuğunun ən müxtəlif sahələrində
yaxından iştirak edir, ölkəmizin iqtisadi, elmi və mədəni
potensialının gücləndirilməsinə layiqli töhfələr
verirlər».
Yubiley şənliyində iştirak
edən Prezident İlham Əliyev 17 oktyabr 2007-ci il tarixdə
universitetin konservatoriya korpusunun 5 mərtəbəli binasının
açılışında lenti kəsmiş, təntənəli
yubiley iclasında əməkdaşlardan bir qrupuna orden-medal, yüksək fəxri
adlar vermişdir. Universitetin görkəmli məzunu –
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif
Talıbov da son on altı ildə buraya tez-tez gəlmiş, yeni
korpusların təməlqoyma, açılış mərasimlərində
iştirak etmiş, kollektivin qarşısında duran vəzifələrdən
geniş bəhs etmişdir.NDU-da keçirilən beynəlxalq
simpozium və konfranslarda da Ali Məclisin Sədri iştirak
etmişdir. Tibb, hüquq-iqtisadiyyat, mühəndis, beynəlxalq
münasibətlər və xarici
dillər, yataqxana və xidmət korpuslarının
açılışı tədbirlərinə qatılan cənab
Sədr burada aparılan hərtərəfli işlərə
öz qayğı və köməyini göstərmişdir.
Elə bu xidmətlərinə görə
NDU-nun rektorlugu Naxçıvan MR Ali Məclisinin Sədri Vasif
Talıbovu məzunu olduğu bu ali
məktəbin fəxri doktoru
seçmişdir.Naxçıvan Dövlət Universitetinin
professor-müəllim və tələbə kollektivi
bütün bu yüksək dövlət qayğılarına əməli işlə cavab verməyə səy
göstərir, bütün sahələrdə yeni ugurlar qazanmağa
çalışır. İndi burada təhsilin dünya
standartları səviyyəsində qurulmasını təmin
etmək məqsədilə Bolonya təhsil sisteminə
keçilmişdir. Son beş ildə hər
il bu ali təhsil ocağında “Elektron-Naxçıvan” beynəlxalq
elmi konfransı keçirilmişdir. 44 il əvvəl 105 tələbə,
üç əməkdaş və üç fakültə
ilə ilk fəaliyyətə başlayan Naxçıvan
Dövlət Universitetində hazırda 18 tədris korpusunda 12
fakültədə 47 ixtisas üzrə əyani və
qiyabi şöbələr üzrə 4000 nəfərdən
artıq gənc oğlan və qız bakalavr və magistr pillələrində
gələcək ixtisaslarına hərtərəfli yiyələnirlər.
Bu işlə 350-dək professor-müəllim məşğul
olur ki, onların da 2 nəfəri akademik, 5 nəfəri
AMEA-nın müxbir üzvü, 26 nəfəri elmlər
doktoru-professor, 185 nəfəri elmlər namizədi, 109 nəfəri
isə dosentdir. Onların arasında üç
nəfər Prezident təqaüdçüsü, bir nəfər
Azərbaycanın Xalq rəssamı, səkkiz nəfər Azərbaycanın
və Naxçıvanın deputatı, dörd nəfər Əməkdar
elm xadimi, xeyli əməkdar
müəllim, incəsənət və bədən tərbiyəsi
kadrları vardır.
Təhsilin əyaniliyi
və effektivliyinin təmin olunması üçün
universitet xəstəxanası, elektron-elmi kitabxanası,
komputer mərkəzləri, nəşriyyat, muzeylər, kabinələr
və idman meydançaları - zallar müəllim və tələbələrə
xidmət göstərir.
1997-ci ildə Naxçıvan MR Ali
Məclisinin Sədri Vasif Talıbovun 26 may tarixli sərəncamı
ilə NDU-nun 30 illik yubileyi qeyd olunmuşdur. Bu dərs
ilində də universitetin I buraxılışının 40
illiyi tamam olur. İftixarla qeyd etməyə dəyər
ki, 1967-1971-ci illərdə əyani şöbədə təhsil
almış tələbələrdən indi 1 nəfəri
akademik, 1 nəfəri AMEA-nın müxbir üzvü, 5 nəfəri
elmlər doktoru, 6 nəfəri isə müxtəlif elmlər
üzrə fəlsəfə doktoru elmi dərəcəsi
qazanmışdır. İlk məzunlardan 2 nəfəri
Naxçıvan MR Əməkdar müəllimi, 1 nəfəri
isə Əməkdar jurnalistdir. Onlardan 1 nəfəri
«Şərəf» və «Şöhrət» ordenləri, iki nəfəri
isə «Tərəqqi» medalı ilə təltif olunmuşdur.
İlk məzunlardan beş nəfəri
millət vəkili seçilmişdir. Bir nəfər
nazir, bir nəfər RİH başçısı işləmişdir.
İlk məzunlardan polis orqanlarında yüksək rütbələr
qazananlar, Azərbaycan Yazıçılar və Jurnalistlər
birliklərinin üzvü olanlar, ali və orta məktəbdə
qabaqcıl maarif xadimi, təhsil əlaçısı,
baş müəllim, metodist-müəllim və ali
kateqoriyalı müəllim və s. adlar alanlar da çoxdur.
Universitetin kollektivi
ümummilli lider Heydər Əliyevin, onun siyasi xəttinin
alternativsiz layiqli varisi olan Prezident İlham Əliyev və
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun
diqqət və qayğılarına cavab olaraq daha
yaxşı işləyir.
Sonda
fikrimizi NDU-nun Olimpiya İdman Mərkəzinin
açılışı zamanı Naxçıvan MR Ali Məclisinin
Sədrinin bu ali təhsil ocağı
haqqında dediyi sözlərlə tamamlamaq istəyirik:
«Naxçıvan Dövlət Universitetində yaxşı
baza, nizam-intizam vardır. Universitetdə vətənpərvər,
məsuliyyətli müəllimlər dərs deyirlər.
Eyni zamanda, bu ali təhsil müəssisəsinin
Azərbaycanın, muxtar respublikanın gələcəyini
öz üzərində hiss edən gəncliyi vardır».
HƏMZƏ CƏFƏROV
ABBAS HACIYEV
Palitra. -2011. -26 aprel. –S. 10.