«Oxucularımızın
çoxunu gənclər təşkil edir»
Layihə çərçivəsində
müsahibimiz Biləsuvar Rayon
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elşad Talıbovdur:
- Kitabxana elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur. Kitabxanalar oxucuların mədəniyyət təsisatları və mədəniyyət sərvətlərindən istifadə etmək hüquqları, habelə məlumat əldə etmək azadlığını təmin etməli, onların kitabxana fondlarından tam istifadə etməsi üçün hər cür şərait yaratmalıdırlar. Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndərimiz Azərbaycanda kitabxana işinin inkişafına da öz töhfələrini verib. Çağdaş kitabxana quruculuğunun özülü də məhz 70-ci illərin əvvəllərində, ulu öndərimiz birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə qoyulub. Bu dövrdə bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur. Astara, Bərdə, Şuşa, Salyan, Şabran, Qusar, Qax, İsmayıllı, İmişli, Şamaxı, Neftçala və respublikamızın digər şəhər və rayon mərkəzlərində mərkəzi kitabxanaların yerləşdiyi müasir tipli binalar məhz həmin dövrdə tikilib. Hazırda mövcud olan Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin, AMEA-nın, həmkarlar ittifaqları təşkilatlarının kitabxana şəbəkələri məhz həmin dövrdə bitkin bir sistem kimi formalaşıb. Kitabxanalarımızın inkişaf etdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl şəkildə işlər həyata keçirilir. Bu sahəyə dövlətin xüsusi diqqəti var. Paytaxt Bakı ilə yanaşı bölgələrdə yerləşən kitabxanaların inkişaf etdirilməsi, müasir binalar və texniki avadanlıqlarla təmin edilməsi dövlətin bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.
- Rayon kitabxanasının fəaliyyətini
necə dəyərləndirirsiniz?
- Əvvəla
qeyd edim ki, Biləsuvar Rayon Mərkəzi Kitabxanasının əsası
1947-ci ildə qoyulub. Biləsuvar Rayon
Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) isə 1978-ci ildə
yaradılıb. Biləsuvar rayonunda Mədəniyyət
və Turizm Nazirliyi
sisteminə daxil olan
37 dövlət kütləvi kitabxanası fəaliyyət
göstərir. Bu kitabxanalardan
1-i Rayon Mərkəzi Kitabxanası, 1-i Rayon Uşaq Kitabxanası,
5-i şəhər və qəsəbə kitabxanası, 30-u
isə kənd kitabxana filialıdır. Rayon Mərkəzi Kitabxanası dövlət
kitabxanası olub yerli
əhaliyə, idarə və təşkilatlara, ümumtəhsil
məktəblərinə kitab və biblioqrafik materiallarla xidmət
etmək işini həyata keçirir.
Rayon Mərkəzi Kitabxanası bir neçə şöbədən ibarətdir.
Kitabxanın Xidmət şöbəsinin işi
oxuculara kitab və digər
informasiya daşıyıcıları
vasitəsilə xidmətdən ibarətdir. Xidmət
şöbəsinin kitab fondu
53328 nüsxədən çoxdur. Bunun 8385 ədədi latın qrafikalı ədəbiyyatdır.
Xidmət şöbəsinin kitab fondunu il ərzində 5
minə yaxın oxucu ziyarət edir. 70 minə yaxın kitab
verilməsi qeydə alınıb. Xidmət şöbəsində
açıq rəf üsulundan istifadə
edilir. Oxucular fonda daxil olaraq
sərbəst şəkildə ədəbiyyatla tanış ola bilirlər. Sevindirici
haldır ki, oxucularımızın çoxunu gənclər təşkil edir. Məktəblilərin kitabxanamızdan
müntəzəm şəkildə yararlanmasından məmnunuq.
Mərkəzləşdirilmiş Kitabxana
Sistemində məzmunca köhnəlmiş və istifadəyə
yararsız olan kitablardan
1902 nüsxə silinərək fonddan
çıxarılıb. Oxu zalında 8 adda dövrü mətbuat
və 2 adda jurnal
alır. Oxu zalı 40 nəfərlik yerdən
ibarətdir. Burada 5 illik
dövri mətbuat və köməkçi
kitab fondu oxuculara xidmət edir. Oxu zalından bütün
oxucu qrupları istifadə edir.
Kitabxanada az sayda olan ədəbiyyatın
zallarda mütaliə edilməsi təşkil
edilir. Mərkəzi kitabxananın kütləvi
tədbirləri bu şöbədə keçirilir. Kitabişləmə və komplektləşdirmə
şöbəsi mərkəzi kitabxanaya yeni daxil olan
ədəbiyyatın uçota
alınması, kitabxana qaydası ilə
işlənməsi və kitabxana
filialları arasında bölünməsi ilə məşgul
olur. Kitabişləmə və komplektləşdirmə
şöbəsinə 1684 ədəd kitab
daxil olub. Bunların 1120 nüsxəsini Prezidentin
sərəncamı ilə nəşr olunan
və hədiyyə edilən kitablar, 137
nüsxəsini Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən hədiyyə
edilmiş kitablar, 285
nüsxəsini M.F.Axundov adına Milli Kitabxana və 142
nüsxəsini isə F.B.Köçərli adına Respublika Uşaq
Kitabxanasından təqdim edilən kitablar
təşkil edir. Məlumat-biblioqrafiya
şöbəsində illik iş planı tərtib edilir.
Plana əsasən şəhər, qəsəbə,
kənd kitabxana filiallarına gedişlərin
qrafiki tərtib edilir.
İl ərzində aylıq və rüblük iş
planlarının tərtibində kitabxana
filiallarına köməklik göstərilir. Hər
il üzrə seminar məşğələlərinin
təxmini mövzuları tərtib edilir. İl ərzində MKS üzrə
görüləcək işlər, əlamətdar günlərlə
əlaqədar təqvimlər və metodiki
məktublar hazırlanıb kitabxana
filiallarına göndərilir. Bu
şöbə kitabxana filiallarının
işini təhlil edir,
metodiki tövsiyələrin yerinə
yetirilməsinə nəzarət edir, filiallara təcrübi köməklik göstərir.
Məlumat-biblioqrafiya şöbəsi oxuculara
kömək məqsədilə soraq-biblioqrafiya
aparatını təkmilləşdirir, kitabxana-biblioqrafiya
biliklərini təbliğ edir. Eyni zamanda yeni
daxil olan ədəbiyyatlar
haqqında bülletenlər tərtib olunur.
Kitab fondunun təbliği
ilə əlaqədar olaraq şifahi, əyani, yazılı təbliğat
formalarından istifadə olunur. Vahid fond şöbəsi Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin vahid fondunun komplektləşdirilməsində
iştirak edir, MKS-nin oxucularının kitaba
olan tələbatının ödənilməsi
üçün tədbirlər görür. Şöbə kütləvi məlumat
vasitələri ilə əhaliyə vahid
fonddan istifadə etmənin üstün cəhətlərini təbliğ edir, rayonun başqa
kitabxanaları ilə əlaqə yaradır, kitabxanaların
fondlarının tərkibini öyrənir. Çoxnüsxəli,
profilə uyğun olmayan,
istifadə olunmayan ədəbiyyatı seçir, fondların məzmunca köhnəlmiş
və istifadəyə yararsız ədəbiyyatlardan təmizlənməsini
təşkil edir. Bu
şöbə MKS-nin bölmələri
arasında ədəbiyyatın yenidən bölünməsini
də təşkil edir. Kitabişləmə və komplektləşdirmə
şöbəsi ilə birlikdə artıq nüsxələri
seçib mübadilə fonduna
verir. Kitabxananın Uşaq
şöbəsində oxuculara 3 nəfər
kitabxanaçı xidmət göstərir. Uşaq
kitabxanasında 16861 nüsxə kitab qeydə
alınıb. Amma yeni
kitabların daxil olduğunu
nəzərə alsaq, bu
son rəqəm deyil.
- Kitabxanada
hansı tədbirləri keçirirsiniz?
- İl ərzində kitabxanamızda müxtəlif tədbirlər keçiririk. Məsələn, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 20 Yanvar faciəsi, ulu öndər Heydər Əliyevə həsr olunan müxtəlif tədbirlər təşkil edilir. Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi ilə artıq ənənə halını alan «Kitab bayramı» da belə tədbirlər sırasındadır. Bu tədbirdə zəmanəmizdə kitabın əhəmiyyəti vurğulanır. Qeyd olunur ki, kitab elm və sənət abidəsidir. Böyük filosoflar, şairlər və alimlər kitabla yaşayırlar. Nizami “Xəmsə” ilə, Tolstoy “Hərb və Sülh” ilə, Sabir “Hophopnamə” ilə yaşayır. Kitab olmasaydı, bəşəriyyətin böyük simaları ulduzlar kimi öz vaxtlarında parlayıb sonra sönüb gedərdilər. Maraqlı tədbirlərdən biri kimi «Ailə bayramı» ilə bağlı təşkil edilən və geniş ictmaiyyət nümayəndələrinin qatıldığı tədbiri qeyd edə bilərəm. Hər il ölkəmizin bütün bölgələrində olduğu kimi, Biləsuvarda da “Ailə bayramı” yüksək səviyyədə təşkil olunur. Keçirilən tədbirə rayonumuzun adlı-sanlı ailələri cəlb edilir. Həmin ailələrin həyatından, cəmiyyətdəki rolundan, onların əməksevərliyindən, yüksək insani kefiyyətlərindən gənc ailələrə nümunələr göstərilir. Milli Qəhrəman Mübariz İbrahimovun anadan olmasına həsr edilən tədbir isə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edir. Bu münasibətlə mərkəzi kitabxananın işçiləri Mübariz İbrahimovun ailəsinə baş çəkdilər. Orada Uşaq İncəsənət Məktəbinin şagirdlərinin Mübariz İbrahimovun qəhrəmanlığını əks etdirən rəsm və əl işləri də nümayiş olundu. Daha sonra tədbir mərkəzi kitabxanada Mübariz İbrahimovun fotostendi qarşısında davam etdi. Milli Qəhrəmanın şücaətinin təbliğ edilməsi bu gün gənclərimiz üçün nümunə, örnək olmalıdır.
Anar Miriyev
Palitra.- 2011.-12 avqust.- S.7.