“Hər bir rayonda aqrokimyəvi xidmət laboratoriyaları olmalıdır”

 

Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev ölkədə bir sıra sahələrlə yanaşı kənd təsərrüfatında da böyük irəliləyiş əldə olunduğunu bildirdi. Ölkə başçısı qeyd etdi ki, altı ayda kənd təsərrüfatı 10,4 faiz artıb ki, bu da son illər üçün rekord göstəricidir. O da vurğulandı ki, son müddət ərzində kənd təsərrüfatının inkişafına göstərilən diqqət, qoyulan investisiyalar, aparılan islahatlar məhsuldarlığı artırır. Dövriyyəyə buraxılan və buraxılacaq yeni əkin sahələri gələcək illərdə də kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı  suallarımızı Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev cavablandırdı: 

-Ölkə başçısının cari ilin 6 aylıq yekunlarına dair iclasda səsləndirdiyi fikirləri ilə bağlı onu qeyd edim ki, Prezident ayrı-ayrı sahələrlə yanaşı kənd təsərrüfatına da çox  yüksək qiymət verib. Bildirdi ki, 6 ayda kənd təsərrüfatında artım 10,4 faiz təşkil edir. Bu doğrudan da son illər üçün rekord göstəricidir. Ümumiyyətlə,iqtisadi qanunlara əsasən kənd təsərrüfatı mövsümi xarakter daşımır. Artım tempinə ilin sonunda qiymət vermək olar. Bu il hava şəraitinin 15-20 gün əvvəl irəli gəlməsi 6 ayda taxıl biçininin daha sürətlə getməsi ilə əlaqədardır. Ötənilkinə nisbətən həmin dövrdə 500 min tondan artıq taxıl istehsal olunmuşdu. Ancaq biz hesab edirik ki, ilin yekununda həmin faizlər ötən nisbətən müqayisə olunacaq. Kənd təsərrüfatı elə ağır sahədir ki, bu birbaşa biotik, abiotik amillərlə bağlıdır, yəni, fövqəladə hallar, bitkilərin bioloji xüsusiyyətlərindən asılı olaraq qeyri adi hava şəraiti olduqda əlverişsiz sayılır. Çiçəklənmə və vegetasiya dövrü normal keçməyəndə məhsuldarlığa təsir edir ki, məhsul azala bilir. Məsələn, qeyri adi hava şəraiti olduqda meyvə bağlarının çiçəklənməsi dövründə temperatur aşağı düşürsə, bu zaman çiçəklər tökülür. Bitkilərdə 6 inkişaf fazası var və hər inkişaf fazası temperatur rejimi ilə su, torpaq, ümumiyyətlə, balans sistemi ilə bağlı olaraq bu proseslər getməlidir. Ona görə də hesab edirik ki, uğurlar ilin sonunda müəyyənləşəcək. Bəzən ilin sonunda 4 faiz artım müşahidə olunur ki, bu çox böyük rəqəmdir. Kənd təsərrüfatının 0,1 faiz artması belə özü nailiyyətdir. Biz öz elmi-tədqiqat işlərimizi, xarici dövlətlərin elmi nailiyyətlərini təsərrüfat sisteminə tətbiq edirik ki, orada müəyyən dərəcədə sabitlik qalsın, həm də artım tempi getsin. Hazırda 10,4 faiz inkişaf əsasən taxılçılıqla bağlıdır. Son illər taxılla bağlı ölkə başçısının apardığı böyük siyasətin nəticəsidir ki, həm toxumçuluq sistemində, həm stimullaşdırıcı sistemlərin tətbiqi, yanacağa, mator yağına görə 40 manatın verilməsi taxılçılığın inkişafına çox böyük təkan verib. Tarixdə Azərbaycanda heç vaxt bu qədər taxıl istehsal olunmamışdı ki, 2009-cu ildə rekord göstərici qeydə alınmışdı. Indi biz gözləyirik ki, dənli-paxlalı bitkilərin istehsalı 2 milyon 800 min tona çatdırılsın. Proqnoza görə, bu rəqəm 2 milyon 700 mindən artıq olacaq. Bu yaxınlarda yağışların yağması bir sıra yerlərdə taxılın yatmasına səbəb oldu. Bu da biçinə maneə törətdi. KTN bunun siyasətini aparsa da, yerlərdə həm bitkiçilik, həm də heyvandarlıqla bağlı zona müşavirələri keçirsə də, mütəxəssis olmayan torpaq sahibləri var və onlar təsərrüfat işlərini öz bildikləri kimi aparır. Bəzilərinin maddi imkanı da yoxdur, yaxud Lənkəran bölgəsində torpaq sahəsi çox azdır, hər adama 0,8 hektar torpaq sahəsi düşürsə, orada növbəli əkin sistemi tətbiq etmək mümkün deyil. Çünki taxıl əkənlər ailəsini dolandırmaq üçün hər il həmin yerdə əkin apardığı üçün məhsuldarlıq aşağı düşür. Biz indi çalışırıq ki, “Kooperasiya haqqında qanun” təsdiq edilsin və kooperasiyanı sürətləndirmək lazımdır. Tək bir fermer həm istehsal etdiyi məhsulda çətinlik çəkir, həm də satışda, şəhərə çatdırılmasında problem yaranır. Ona görə də kooperativlər birləşməlidir. Kənddə 20-30 ailə bu koperativdə birləşməlidir və adını da həmin məhsulla bağlı fermer, yaxud kooperativ təsərrüfatı qoymalıdır. Bu böyüdükdən sonra ortaq problemi həll etmək imkanı olacaq. Yəni, onların hər biri bir az vəsait qoysalar, özlərinə kredit birliyi yarada və istədikləri vaxt ondan istifadə edə bilərlər, nəqliyyat vasitələri alar, soyuducu anbar, emal sexləri tikə bilərlər. - Bu gün bazarlarda xarici ölkələrdən gətirilən müxtəlif kənd təsərrüfatı məhsulları var. Sizcə bu sahədə mövcud vəziyyətin aradan qaldırılması üçün idxal məhdudlaşdırılmalıdır, yoxsa istehlakçı düzgün seçim qabiliyyətinə malik olmalıdr?  - Son illərdə ölkəmizdə bir sıra böyük şirkətlər fəaliyyət göstərir ki, nəticədə daha təmiz məhsullar ölkə daxilində istehsal olunur və yavaş-yavaş xaricdən gələn məhsullar məhdudlaşır. Ümumiyyətlə, xaricdən məhsul gəlməsinə gəldikdə isə Azərbaycan demokratik ölkədir və sərhəd açıqdır, iş adamları var, biz həmin iş adamlarının fəaliyyətini, bağladığı müqavilələri məhdudlaşdıra bilmərik. Bazarda hansı keyfiyyətlidirsə o satılır. O rəqabətə dözüb, satış təşkil olunacaq. Rəqabətə dözməyən isə sıradan çıxacaq. Məsələn, bir kartofun yarım kilodan yuxarı çəkisi varsa demək, nitrat-nitrit birləşmələri ona böyük təsir edir. İnsanlar istehlak bazarında seçim qabiliyyətinə malik olmalıdırlar. Tibb biologiyasının beynəlxalq qanununa əsasən insan hansı ərazidə yaşayırsa o torpaqda yetişdirilən məhsul orqanizmə daha xeyirdir, nəinki xaricdən gətirilən. Çünki orqanizm adaptasiya olunmur, orqanizm ona uyğunlaşmır, müxtəlif xəstəliklər əmələ gəlir. İstehlakçılar düzgün seçim qabiliyyətinə malik olmalıdırlar. Yaxud, bu gün toy məclislərində süfrəyə yaşıl rəngdə, iri ölçüdə, 300-400 qram çəkidə xaricdən gəlmiş almalar qoyurlar. Amma xaricdən gələn almanın keyfiyyəti, dadı, “Cırhacı”, “Qızıləhmədi” kimi almaların, yaxud yerli armud növlərinin dadını verə bilməz. Xaricdən gələn qonaqlar bizim meyvələrdən dadandan sonra onu alıb aparırlar ki, təbii, tərkibində heç bir zəhərli kimyəvi maddə tətbiq olunmayan meyvə olduğunu  ölkələrində göstərsinlər.- Məhsulun keyfiyyətində önəmli olan gübrədən düzgün istifadənin təşkili ilə bağlı müvafiq laboratoriyalar fəaliyyət göstərirmi?- Uulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Superfosfat zavodu fəaliyyət göstərirdi. Burada istehsal olunan gübrə həm ölkənin tələbatını ödəyirdi, həm 1 milyon ton xaricə ixrac edilirdi. İstehsal üçün Murmansk vilayətindən apatit adlanan xammal gəlirdi ki, hazırda bu  zavod fəaliyyət göstərmir. Gübrənin tətbiqinə gəldikdə isə fosfor gübrəsi çox faydalıdır və torpaqda 6 il qalır. Buna görə də istər meyvə-tərəvəz, istərsə də texniki bitkilər becərilən yerə torpağın şumu altına 300-400, bəzi hallarda 700-800 kq fosfor gübrəsi vermək olar. Çünki torpaqda uzun müddət qalır və bitki onu yavaş-yavaş istifadə edir. Həm keyfiyyət göstəricilərini yaxşılaşdırır, həm də bitkinin davamlılığını artırır. Ona görə payız aylarında torpağın altına fosfor gübrəsi vermək lazımdır, bundan başqa isə vegetasiya müddətində azot gübrəsi verilməlidir. Digər gübrələrdən biri də karbamid gübrəsidir ki, ölkə başçısının sərəncamı ilə Sumqayıtda Karbamid zavodu tikilir. Az müddətdən sonra Azərbaycan özünü azot gübrəsi olan karbamidlə təmin edəcək. Kalium xlor gübrəsini də xaricdən alırıq. Ümumiyyətlə, gübrənin düzgün istifadəsinə diqqət yetrilməlidir. Ona görə, KTN hökumətə təklif verib ki, yerlərdə, hər bir rayonda aqrokimyəvi xidmət laboratoriyaları olmalıdır. Hər bir fermer aqrokimyəvi xidmət laboratoriyasına müraciət etməlidir. Biz çalışırıq ki, yerlərdə dövlət vəsaiti hesabına aqrokimyəvi xidmət sahələrini möhkəmləndirək. Hər il yoxlanmasa da, 2-3 ildən bir laboratoriya analizi olmalıdır ki, həmin əraziyə hansı miqdarda gübrə versin. Məsələn, əgər orada azotun miqdarı çoxdursa vermək olmaz, başqa fəsadlar törədə bilər. Mən Hollandiyada, İspaniyada, İsveçrədə olarkən həmin ölkələrdə aqrokimyəvi laboratoriyaların fəaliyyət göstərdiyini gördüm. Onun hesabına torpağa lazım olan gübrənin miqdarını nizamlayırlar. Bizdə hazırda üç yerdə, Quba, Gəncə və Bakıda laboratoriya var. Lakin biz fermerə lazım olanda torpağı götürüb həmin laboratoriyalarda analiz edirik. Amma bu çox əziyyətlidir və çalışırıq ki, bu hər rayonun özündə olsun. Güman edirik hökumət dövlət büdcəsindən vəsait ayırmaqla maddi-texniki bazanın yaxşılaşdırlması nəticəsində yerlərdə belə laboratoriyalar yaradılacaq   fermerlər həmin laboratoriyalara müraciət edəcəklər.    

 

Nigar Abdullayeva   

Palitra.-2012.-31 iyul.-S.5.