“Kənd təsərrüfatının
intensiv yolla
inkişafına nail olmalıyıq”
Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı görülən tədbirlərin öz nəticəsini verdiyini bildirdi. Ölkə başçısı qeyd etdi ki, kənd təsərrüfatı 10 faizdən çox artıb ki, növbəti illərdə çalışıb bu dinamikanı saxlamaq lazımdır:
“Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əsas sahələrdən biridir və məşğulluğun təmin edilməsi üçün demək olar ki, əsas sahədir. Çünki əhalimizin təxminən yarısı bölgələrdə, yəni, kənd yerlərində yaşayır. Burada həm yeni təşəbbüslərin icra edilməsi, eyni zamanda, təkmilləşmə proseslərinin sürətlə getməsi daha da gözəl nəticələr verəcək”. Bu istiqamətdə görülən işlərlə bağlı suallarımızı Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev cavablandırdı:
- İclasda ölkə
başçısının toxunduğu məsələlərdən
biri də iri fermer təsərrüfatlarının
yaradılması ilə bağlıdır. Bu istiqamətdə
həyata keçirilən tədbirlərlə bağlı nə
deyə bilərsiz?
-
İri fermer təsərrüfatlarının
yaradılmasına başlanıb. Taxılçılıqla
bağlı iri fermer
təsərrüfatlarının yaradılması istiqamətində
çox böyük
təkliflər var. Biz
çalışırıq iri toxumçuluq təsərrüfatlarının
yaranması başqa sahələrə mənfi
təsir göstərməsin. Ona görə
də ilkin olaraq Beyləqan
və Ağcabədi rayonları ərazisində 5 min hektar ayrılıb.
Artıq orada meliorativ
tədbirlər görülür. Meliorasiya və Su Təsərrüfatı
ASC tərəfindən çox böyük işlər görülür.
Kollektor-drenaj sistemlərinin bərpası
üçün vəsait ayrılıb və
şoran-şorəkətliyə qarşı mübarizə gedir. Çünki xaos dövründə kənd təsərrüfatı
torpaqlarına çox böyük
ziyan dəymişdi. Onu birdən-birə bərpa
etmək çətindir.
Ölkə başçısının qarşıya qoyduğu iri fermer təsərrüfatları ona görə yaradılır ki,
2015-ci ildə hektarın məhsuldarlığı ilə
bağlı 32 sentnerə nail
olmalıyıq. İndi biz
ölkə üzrə 25-26 sentner məhsul
alırıq. Birdən-birə həmin rəqəmin 6 sentner qaldırılması bu
istiqamətdə tədbirlərin həyata keçirilməsi
ilə bağlıdır. Meliorativ tədbirləri elə düzəltməliyik ki, torpaqlar münbitləşdirilsin,
suvarma sistemi
yaxşılaşdırılsın, kollektor-drenaj
drenaj sistemi bərpa olunsun ki, orada
şoranlıq əmələ gəlməsin, eyni
zamanda şorakənd torpaqların gipsləmə
prosesini reallaşdırmaq istəyirik. Çünki bu gün bir sıra yerlərdə
480 min hektara
yaxın şorakənd torpaqlar var. Bu tədbirlər
həyata keçirildikdən sonra
hektarın məhsuldarlığı prosesi
qarşıya qoyulub. Ölkə
başçısı tərəfindən 2008-ci ildə təsdiq
edilən Ərzaq təhlükəsizliyinin təminatına dair Dövlət Proqramına əsasən, biz kənd təsərrüfatının intensiv yolla inkişafına
nail olmalıyıq. Bu
gün bitkiçilik
məhsulları ilə özümüzü
1,7-1,8 dəfə təmin edirik. Məsələn,
kartofa 440 min ton tələbat var, amma istehsal 1 milyona çatıb. Yaxud,
tərəvəz-bostan bitkilərinin istehlak
səbətinə görə, 1,9 dəfə tələbatımız
ödənir. Ancaq xaricdən kartofun idxalını məhdudlaşdıra
bilmərik. Çünki bizim
sahibkarlıq haqqında qanunumuz, iş adamlarımız var.
Mərkəzi icra orqanları şərait
yaratmalıdırlar ki, insanlar
bunun ətrafında yaşaya
bilsinlər. İdxal-ixrac prosesi
ilə iş adamları biznesini
qururlar. Məsələn, bir
vaxtlar Türkiyə geridə
qalmış ölkə idi və lakin sabiq prezident
T. Özalın hakimiyyəti dövründə artıq açıq ticarətin
inkişafı nəticəsində ölkə iqtisadiyyatı
çox möhkəmləndi. Ona görə də biz ticarətə
kömək etməliyik. Ölkə qanunları çərçivəsində
bu nizamlanmalıdır. Ulu
öndər dövründən indiyədək hər 5 ildən bir
cüzi torpaq vergisindən
başqa kənd təsərrüfatı
məhsulları istehsalçıları bütün
vergilərdən azad olunur.
Dünyanın heç bir
yerində bu yoxdur. Xarici ölkələrdə vergilər verirlər,
hətta bu vergilərdən bezirlər.
Bizdə dövlətimiz azad edib, çünki dövlətimizin
qüdrəti, başqa sərvətlərimiz
var. Bizdə bu balans dövlət büdcəsi ilə
nizamlanır, kənd təsərrüfatının
inkişafına kömək edilir ki, bu sahə inkişaf etsin. Nə vaxtsa gələcəkdə kooperativlər, böyük fermer təsərrüfatları,
həm istehsal, həm də emalla məşğul olan
şirkətlər yaranacaq, onda hökumətin köməyi azalacaq. Onda ola bilsin ki,
əksinə, həmin şirkətlər dövlətə vergi ödəsinlər. Çünki
dövlət büdcəsi nizamlanmalıdır. Kənd təsərrüfatının
inkişaf yolu ilə
bağlı yerlərdə ayrı-ayrı kooperativlər yaransa biz təklif edirik ki, özlərinin tədarük
satış bazalarını yaratsınlar. Özlərinə soyuducu anbarlar tiksinlər,
özlərinin nəqliyyatı olsun ki, müxtəlif ölkələrlə
müqavilələr bağlasınlar. Bizdə elə məhsullar
var ki, başqa
ölkələrdə yoxdur. Burada kredit-maliyyə sisteminin
tətbiqinə də böyük ehtiyac var. Onu
da qeyd edim
ki, Azərbaycanda bankların sayı çox olsa da kənd təsərrüfatına xeyri o qədər də yoxdur. İstehsalçılar banklara
müraciət etdikdə elə rəqəmlərlə
çıxış edirlər ki,
artıq problemə çevrilir. Yaxud, Bakıda girov,
daşınmaz əmlakının olması kimi
təkliflər irəli sürürlər. Bu
sistem sadələşməlidir. Yerlərdə
kredit birlikləri yaransa
bunlara ehtiyac olmaz.Bundan başqa tədarükolunma
bir qədər mürəkkəb prosesdir. Məsələn, Londonda
böyük satış bazası var və hər gün
köhnə meyvə-tərəvəzi götürüb
emala verirlər, yenisini
gətirirlər. İnsanlar yeni meyvə-tərəvəz alırlar. Bu sistem çox
düzgün qurulub, istehsal olunan yerlərdən
xüsusi xidmət orqanları var ki, onu
alıb nəqliyyatla paytaxda
çatdırırlar. Bizdə də bu sistemin tətbiqi lazımlıdır. Eləcə
də taxılı istehsal olunan
dövrdə çox ucuz
qiymətə almaq, qış aylarında
baha qiymətə satmaq
olar. Arada olan fərq vəsaiti hesabına dövriyyə
fondu yaratmaq olar.
- Meliorativ tədbirlər, iki
böyük böyük layihənin həyata keçirilməsi
istiqamətində hansı işlər görülür?
-
Ölkə iqtisadiyyatının inkişafında meliorasiya sahəsinin
də öz yeri var. Ulu öndər
H.Əliyevin bilavasitə rəhbərliyi ilə yaradılan melirosiya və su təsərrüfatı
kompleksi hazırda ölkə
başçısının diqqəti nəticəsində daha da inkişaf
etdirilir. Son 9 ildə bütün maliyyə mənbələri
hesabına sahəyə əsasalı kapital
qoyuluşu 32 dəfəyə yaxın
artıb. Bunun nəticəsində mövcud meliorasiya və irriqasiya
obyektlərinin istismarı xeyli
yaxşılaşıb, 1400-dən artıq maşın və
mexanizm alınıb, 1272 km
uzunluğunda suvarma
kanallarının və 874 km uzunuğunsda kollektor-drenaj
şəbəkələrinin tikintisi, təmir
bərpası və yenidən qurulması işləri həyata
keçirilib. 147 min
hektar sahədə suvarılan
torpaqların meliorativ vəziyyəti, 121 min hektar ərazidə yeni suvarılan sahələr də daxil olmaqla suvarılan
torpaqların su təminatı
yaxşılaşdırılıb. Ölkə
başçısının da qeyd etdiyi kimi
hazırda meliorativ tədbirlərin həyata
keçirilməsi prosesi gedir. Bu sahədə iki böyük layihə icra edilir. Samur-Abşeron
kanalı-Taxtakörpü su anbarı və
Şəmkirçay Dəryaçası tikilir.
Hər iki layihə qlobal
layihədir. Ölkə iqtisadiyyatına, yəni, bir layihəyə qoyulan investisiya baxımından bəlkə də ən
böyük layihələrdir və kənd
təsərrüfatının inkişafı üçün
ən vacib layihələrdir. Hazırda tikinti işləri uğurla
davam edir.
- Kənd təsərrüfatı
məhsullarının istehsalında özümüzü
yüz faiz təminetmə prinsipini tətbiq etmək
mümkün olacaqmı?
- Yaxın vaxtlarda Azərbaycanın ərzaq məhsulları ilə özünü təmin etməsi ilə bağlı ayrı-ayrı icra orqanları qarşısında böyük vəzifə durur və ondan irəli gələn məsələlər həll edilməlidir. Çünki Ərzaq məhsullarının təminatına dair Dövlət Proqramı çərçivəsində artıq ildən-ilə kənd təsərrüfatı məhsulları istehsalı artır. Əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi ilə bağlı həm bilavasitə, həm də yardımçı tədbirlər həyata keçirilir. Bütün kənd təsərrüfatı məhsulları, xüsusilə də taxılla bağlı məsələni həll etmək üçün biz taxılın məhsuldarlığını qaldırmalıyıq. Əgər məhsuldarlığı 40 sentnerə qaldırsaq, ölkə üzrə taxıla olan tələbatımızı tam ödəyəcəyik və xaricdən idxala ehtiyac qalmayacaq. Başqa məhsulların idxal-ixrac prosesində əhalinin, ayrı-ayrı sahibkarların iş fəaliyyətinin yaxşılaşdırılması naminə ölkə başçısı tərəfindən hər zaman şərait yaradılır. İstehlak bazarında isə insanlar müxtəlif ölkələrdə istehsal olunan məhsulları müqayisəli şəkildə istifadə etməlidir və qiymət verməlidir. Ölkədə istehsal olunan keyfiyyətli, xalq seleksiyası tərəfindən yaradılan məhsullara üstünlük verməlidirlər. Seleksiya sahəsində bu məhsulların artırılması istiqamətində həm də elmi-tədqiqat institutları qarşısında çox böyük vəzifələr durur. Bioloji xüsusiyyətinə uyğun olaraq məhsulların insan tələbatına uyğun müxtəlif vaxtlarda yetişdirilməsi nizamlanmalıdır. Ona görə də biz kənd təsərrüfatı ilə bağlı inkişaf strategiyasını müəyyən etmişik. Ayrı-ayrı bölgələrdə məhsulların inkişafı üçün şərait yaradırıq ki, məhsullara qıtlıq yaranmasın. Məsələn, biz istəyirik ki, çayçılıq inkişaf etsin, sitrus bitkilərinin inkişafını artırmalıyıq. İqlim şəraiti də bölgələrdə istənilən kənd təsərrüfatı məhsulu istehsalı üçün şərait yaradır. Ölkə başçısının qarşımıza qoyduğu vəzifələri yerinə yetirsək, gələcəkdə Azərbaycan əhalisini tam daxili istehsal hesabına tələbatını ödəyə bilərik.
Nigar Abdullayeva
Palitra.-20121 avqust.-S.5.