Elmar Məmmədov: «Fərdi birdəfəlik
ödəmə almaq hüququna
malik olan hər bir vətəndaşın bu
hüququ təmin ediləcək»
“Kapital
Bank” ASC idarə heyətinin sədri Elmar Məmmədov fərdi birdəfəlik
ödəmələrin verilməsi prosesi
ilə bağlı AzərTAc-ın suallarını
cavablandırıb. Həmin müsaibəni qısa ixtisarla təqdim edirik:
- Məlum olduğu kimi, 2012-ci il
iyunun 1-dən keçmiş SSRİ Əmanət
Bankının Azərbaycan Respublikasının vətəndaşları
olan əmanətçilərinə fərdi birdəfəlik
ödəmələrin verilməsi prosesinə
başlanıb. İlk iki ayın nəticələri hansı
təəssüratları yaradır?
- Bildiyiniz kimi, fərdi birdəfəlik ödəmələrin verilməsi 65-i Bakı şəhərində, 78-i respublikamızın digər regionlarında olmaqla “Kapital Bank” tərəfindən ölkə üzrə yaradılmış 143 xidmət məntəqəsində həyata keçirilir. Müraciətlərin sayı barədə onu demək olar ki, 2012-ci il iyulun 30-na olan məlumata görə, “Kapital Bank”ın xidmət məntəqələrinə 449 min 69 müraciət daxil olub. Bu müraciətlərdən 393 min 16-sı məntəqələrdən mərkəzə təqdim edilib. Bu dövr ərzində 263 min 215 əmanətçiyə ümumilikdə 147131879,60 manatlıq vəsait ödənilib. Sevindirici məqamlardan biri budur ki, belə bir genişmiqyaslı proses vətəndaşlarımızın mühüm hissəsinin internet resurslarına çıxış imkanlarına, informasiya-kommunikasiya texnologiyaları ilə işləmək vərdişlərinə malik olduqlarını bir daha göstərdi.
- Fərdi birdəfəlik ödəmələrin
verilməsi prosesinə start verilən ərəfədə hər
bir müraciətin cəmi 5 iş günü ərzində
icra ediləcəyi elan olunsa da, icra müddətlərinin
gecikməsi hallarına təsadüf edilir. Bu nə ilə
bağlıdır?
- Mövcud prosedurlarda, həqiqətən, hər bir müraciətin 5 iş günündən gec olmayaraq icrası nəzərdə tutulub. “Kapital Bank” müraciətlərin prosedurlarda müəyyən edilmiş müddət ərzində icrası üçün bütün imkanlarından istifadə edir. Məntəqələrə daxil olmuş hər bir müraciət araşdırma üçün onlayn rejimində “Kapital Bank”ın baş ofisində fəaliyyət göstərən Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinə ötürülür. Sənədlər tam qaydasında olduqda, əmanətçilər tərəfindən təqdim edilən məlumatlarla bankda qorunan arxiv məlumatları arasında ziddiyyət üzə çıxmadıqda, heç bir əlavə araşdırmaya ehtiyac qalmadıqda, mərkəz tərəfindən müsbət qərar qəbul edilir və ödəmə operativ qaydada həyata keçirilir. Əmanətçilər tərəfindən təqdim edilmiş sənədlərdəki məlumatlarla bankın malik olduğu arxiv məlumatları arasında hər hansı uyğunsuzluq aşkarlandıqda, sənədlərdə müəyyən çatışmazlıqlar olduqda və s. bu kimi hallarda isə əlavə araşdırmalara ehtiyac yaranır ki, bu da icra müddətinin bir müddət yubanmasını zərurətə çevirir. Nəzərə almaq lazımdır ki, bu cür araşdırmalar müəyyən qədər zaman tələb edən işdir. Aradan uzun müddət keçib. Əmanət hesablarına dair arxiv sənədlərinin qorunmasında keçmiş SSRİ vaxtında müəyyən nöqsanlara yol verilib. Bəzi sənədlər düzgün tərtib edilməyib. Ümumiyyətlə, 80-ci illərin sonlarından başlayaraq qısa müddət ərzində bu sahədə ardıcıl olaraq müxtəlif dəyişikliklər və s. həyata keçirilib. Bütün bunlardan irəli gələrək bir sıra məqamların, ortaya çıxan sualların aydınlaşdırılmasına çox tez-tez ehtiyac yaranır. Ona görə də sənədlərinin əlavə araşdırılmasına ehtiyac yaranan əmanətçilərdən bu vəziyyəti anlayışla qarşılamalarını, icra müddətinin bir müddət gecikməsindən narahat olmamalarını xahiş edərdik. Müraciətlərin həddən ziyadə çoxluğu da gecikmələrə təsir göstərən amillərdən biridir. İlk aylarda xidmət məntəqələrinə kifayət qədər müraciətlərin olacağı əvvəlcədən proqnozlaşdırılsa da, açığı, bu qədər kütləvilik bir qədər gözlənilməz idi. Lakin bütün bunlar müvəqqəti hallardır və tədricən aradan qalxacaq. Müraciətlərin sayı azaldıqca, ödəmələri nəinki 5 gün ərzində, hətta sənədlər qəbul edildikdən bir neçə saat sonra vermək mümkün olacaq. Bir daha əmanətçilərin nəzərinə çatdırmaq istərdik ki, müraciətlərin icra müddəti ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Banka daxil olan bütün müraciətlərə qanuna müvafiq qaydada baxılır və baxılacaq. Təsadüfi deyil ki, Prezidentin 2012-ci il 14 mart tarixli fərmanında da fərdi birdəfəlik ödəmələrin verilməsi üçün əlavə bir il müddət nəzərdə tutulub. 2013-cü il dekabrın 31-dək bütün məsələlər aydınlaşdırılacaq, fərdi birdəfəlik ödəmə almaq hüququna malik olan hər bir vətəndaşın bu hüququ təmin ediləcək.
- Fərdi birdəfəlik ödəmələrin
hesablanması ilə bağlı da ara-sıra müəyyən
narazılıqlar nəzərə çarpır. Bəzi
vətəndaşlar ödəmələrin düzgün
hesablanmadığını, onlara
gözlədiklərindən az vəsait verildiyini bildirirlər. Bu
narazılıqları yaradan nədir?
Doğrudanmı ödəmələrin hesablanmasında
yanlışlıqlara yol verilir?
- Fərdi birdəfəlik ödəmələrin hesablanması mexanizmi Prezidentin 2012-ci il 14 mart tarixli fərmanı ilə təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları”na əsasən müəyyən edilib. “Kapital Bank”da fərdi birdəfəlik ödəmələr həmin qaydaların tələbləri əsasında hazırlanmış kompyuter proqramı vasitəsilə hesablanır. Hesablama proqram təminatı vasitəsilə aparıldığından burada hər hansı yanlışlıq tam istisnadır. Bu məsələdə əmanətçilər arasında anlaşılmazlıq yaradan başlıca səbəb isə bəzi əmanətçilərin hesablama qaydaları barədə lazımi qədər məlumatlı olmamaları, əmanət qalığının tarixi ilə bağlı əsas şərtin bir çox hallarda nəzərə alınmamasıdır. Sənədlərin qəbulu zamanı xidmət məntəqələrində əmanətçilərə verilən qəbzdə əmanət hesabındakı qalıq tam göstərilir, vətəndaşların müəyyən bir qismi də güman edir ki, ödəmə qəbzdə göstərilmiş məbləğ üzrə hesablanmalıdır. Lakin bu, belə deyil. Fərdi birdəfəlik ödəmə Əmanət Bankında yalnız 1992-ci il yanvarın 1-dək olan qalığa verilir. Bu tarixdən sonrakı dövrə aid olan əmanət qalığı hesab bağlanarkən ödəmə məbləğinə əlavə edilsə də, həmin qalığa fərdi birdəfəlik ödəmə hesablanmır. Ona görə də vətəndaşlar onlara çatacaq fərdi birdəfəlik ödəmənin məbləğini hesablamaqdan ötrü xidmət məntəqələri tərəfindən verilmiş qəbzdəki son qalığa yox, 1992-ci il yanvarın 1-dək olan əmanət qalığına əsaslanmalıdırlar. 1992-ci il yanvarın 1-dən sonra Əmanət Bankına pul yerləşdirmiş vətəndaşlar bilməlidirlər ki, həmin əmanət qalığının hesablanması qaydası fərdi birdəfəlik ödəmənin hesablanması qaydasından fərqlidir.
- Bunu nümunə ilə izah etmək
olarmı?
- Bəli,
bu cür nümunəli izahlar indiyə qədər də
“Kapital Bank” tərəfindən verilmiş, kütləvi
informasiya vasitələrində yayılmışdır. 01.01.1994-cü il tarixinə qədər
olan əmanət qalığı
1994-cü ildə manatın ölkə ərazisində yeganə
ödəniş vasitəsi elan edilməsi
ilə əlaqədar 10-a, 01.01.2006-cı il
tarixinə qədər olan əmanət
qalığı isə 2006-cı ildə aparılmış denominasiyaya uyğun olaraq 5.000 əmsalına bölünməklə
hesablanır. Məsələn, 01.01.1992-ci il tarixinə əmanət hesabında 2000 rubl olmuşdursa, sonra 1993-cü ildə həmin hesaba
10000 rubl əlavə mədaxil
edilmişdirsə, ümumi məbləğ,
yuxarıda da qeyd edildiyi kimi, 01.01.1994-cü
ildə rublun manata keçidi ilə əlaqədar olaraq 10-a bölünür
və hesab üzrə qalıq 1200 AZM manat qalır. Əgər,
1994-2005-ci illərin müəyyən dövrlərində tutaq ki, hesaba
400.000 AZM manat mədaxil edilmişdirsə,
artıq yuxarıda qeyd edildiyi
kimi, denominasiya ilə
əlaqədar olaraq, 01.01.2006-cı il vəziyyətinə 401200 AZM qalıq 5000-ə
bölünür və yekun
məbləğ 80 AZM manat 24 qəpik
təşkil edir. Deməli,
01.01.1992-ci il tarixinə 2000 rubl məbləğində olan
qalığa 300 AZM fərdi birdəfəlik ödəmə, əlavə
olaraq 80 AZM 24 qəpik, eləcə də
80.24 AZM-ə 01.01.2006-cı ildən 01.06.2012-dək hesablanmış
faizlər də nəzərə alınmaqla əmanətçiyə
381 manat 54 qəpik ödənilir.
- İlk günlərdə
xüsusi kompensasiya əmanət hesabları üzrə
müraciətlərin “Kapital Bank”ın xidmət məntəqələri
tərəfindən qəbul edilməməsi hallarına da təsadüf
edildi. Belə məhdudiyyətlər indi də qalırmı?
-
Prosesin ilk günlərində bu cür əmanət
hesabları üzrə sənədlərin qəbulundakı
müəyyən məhdudiyyətlər bu sahədə bəzi
hüquqi-texniki məsələlərin
aydınlaşdırılması, eləcə də əvvəlki
indeksasiyalarda bu əmanət növünə heç bir
kompensasiya hesablanmadığı üçün yeni baza məlumatlarının
yaranması ilə bağlı idi. Artıq bu məsələlər öz
həllini tapıb və hazırda həmin əmanət
hesabları üzrə müraciətlərin qəbulunda da heç bir
məhdudiyyət yoxdur. Belə əmanət
hesabı üzrə əmanət kitabçasına malik olan hər bir kəs fərdi birdəfəlik ödəmə
almaq üçün
müvafiq sənədlərlə xidmət
məntəqələrinə müraciət edə bilər. Ola bilər ki, əmanətçi
xüsusi kompensasiya əmanət
hesabı üzrə əmanət kitabçasına malik deyil, lakin
əmanət hesabının nömrəsi ona
məlumdur. Həmin əmanətçilər də hesab nömrəsini müvafiq
sənədlərlə birgə xidmət məntəqəsinə
təqdim etməklə fərdi birdəfəlik ödəmə
almaq üçün
ərizə verə bilər. Yerli struktur bölmələrdə müəyyən
araşdırma aparıldıqdan sonra əgər
hesabın olmasını təsdiq edən sənədlər aşkar edilərsə, bu
zaman ödəniş aparmaq
mümkündür.
- İtmiş, yaxud təqdim edilmək
üçün yararsız vəziyyətə
düşmüş əmanət kitabçaları üzrə
müraciətlər çox daxil olur?
-
2012-ci il iyulun 30-dək banka ümumilikdə 7838 belə
müraciət daxil olub. Bildiyiniz kimi, itmiş,
yaxud yararsız vəziyyətə düşmüş əmanət
kitabçaları üzrə müraciətlərin qəbulu
məqsədilə Bakıda 3, Gəncə, Sumqayıt və
Naxçıvan şəhərlərinin isə hər birində
1 əlavə ərazi məntəqəsi fəaliyyət
göstərir. Digər rayonlarda
isə bu cür
müraciətlərin qəbulu “Kapital
Bank”ın yerli filialları tərəfindən
həyata keçirilir.Belə müraciətlərdə əmanətçinin
verdiyi məlumatlar üzrə bankda aparılmış tutuşdurma
nəticəsində həmin məlumatlar təsdiqini taparsa, əmanətçiyə əmanət
kitabçasını əvəz edən sənəd
verilməsi üçün bank tərəfindən Xüsusi
Komissiyaya müraciət edilir
və verilən sənəd əsasında fərdi birdəfəlik
ödəmə həyata keçirilir. Bəzən
vəfat etmiş şəxsin vərəsələri
əmanət kitabçasına, eləcə də əmanət
hesabı haqqında heç məlumata malik olmadan sadəcə, mərhumun
Əmanət Bankında hesabının
olub-olmadığını aydınlaşdırmağa
çalışırlar. Bunun üçün onlar ilk növbədə vərəsəliyin təsdiqlənməsi
üçün dövlət notariat kontoruna, yaxud məhkəməyə müraciət etməlidirlər.
Bu zaman banka notarial və yaxud məhkəmə qaydasında sorğu verilir, həmin sorğu əsasında araşdırma
aparılır.
- Eyni şəxs bir neçə əmanət
hesabına malik olduqda fərdi birdəfəlik ödəmə
hansı qaydada hesablanır?
- Fərdi
birdəfəlik ödəmələrin məhz əmanətçilərə
verilməsi nəzərdə tutulduğundan, eyni əmanətçinin
hesablarında olan qalıqlar toplanmaqla, ödəmələr
hesablanıb verilir.
- Müxtəlif ərazilərdə
bir neçə əmanət hesabına malik olan əmanətçi
banka bir dəfə, yoxsa hər bir əmanət hesabı
üzrə ayrı-ayrılıqda müraciət etməlidir?
- Bu
halda əmanətçi hər bir əmanət hesabı
üzrə ayrı-ayrılıqda müəyyən
edilmiş məntəqəyə müraciət edir. Təbii
ki, hər bir əmanətçi
fərdi birdəfəlik ödəməni
yaşadığı ərazidəki xidmət məntəqəsindən
almaq arzusundadır. Xüsusən,
faktiki yaşadığı ərazi ilə
mənsub olduğu rayonun
inzibati orqanlarının yerləşdiyi ərazi
arasında böyük məsafə fərqi
olan məcburi köçkünlərin,
vaxtilə əmanət hesabını Naxçıvan Muxtar Respublikasında açmış vətəndaşların
gediş-gəlişlə bağlı müəyyən
çətinlikləri var. “Kapital Bank” bu
kateqoriyadan olan əmanətçiləri
nəzərə alaraq müəyyən tədbirlər
üzərində düşünür.
Yəqin ki, belə əmanətçilərdən
sənədlərin qəbulu məqsədilə gələcəkdə
Bakıda əlavə bir xidmət məntəqəsi
də yaradılacaq. Hazırda işin çox olması, təəssüf ki, buna imkan
vermir.
- Əmanətçi fərdi birdəfəlik
ödəməni ödəniş kartı vasitəsilə
ala bilərmi?
- Bəli,
əgər vətəndaşın “Kapital Bank”da və yaxud
digər hər hansı bir bankda hesabı varsa (cari, plastik kart
və s.) ödəmə məbləği onun hesabına da
köçürülə bilər. Vətəndaş bu istəyini ərizəsindəki xüsusi bölmədə göstərməlidir.
Bu zaman əmanətçinin
fərdi birdəfəlik ödəməni nağd
qaydada almaqdan ötrü vaxt və zəhmət
sərf edib növbəti dəfə xidmət
məntəqəsinə gəlməsinə ehtiyac
qalmır.
- Fərdi birdəfəlik ödəmələrin
verilməsi prosesində şəffaflıq prinsipləri
hansı səviyyədə təmin olunur?
-
Əmanətçilərə fərdi birdəfəlik ödəmələrin
verilməsi prosesinin tam şəffaf mühitdə
aparılması, vətəndaşları narazı salan hər
hansı neqativ halların qarşısının dərhal
alınması üçün müvafiq addımlar
atılır, nəzarət tədbirləri mütəmadi
qaydada davam etdirilir. İndiyədək fərdi birdəfəlik
ödəmələrin verilməsi zamanı korporativ
normaları və vəzifə borclarını pozan bir neçə bank əməkdaşı inzibati
qaydada cəzalandırılmışdır.
Bu cür hallara qarşı gələcəkdə də
sərt tədbirlər görüləcək. Vətəndaşları
narahat edən məsələlərlə
bağlı müraciətlərin qəbulu üçün
bankın baş ofisində
yaradılmış “Qaynar xətt” daimi fəaliyyətdədir. Vətəndaşlardan
yazılı şəkildə həm banka,
həm də müvafiq dövlət
orqanlarına daxil olan
müraciətlər də operativ qaydada araşdırılaraq rəsmi qaydada cavablandırılır. Ona
görə də vətəndaşlardan xahiş
edərdik ki, bu prosesdə
şahidi olduqları hər hansı pozuntu faktı barədə dərhal banka məlumat versinlər. Dosta göndər
Palitra.-2012.-1 avqust.-S.7.