“Xaricdə təhsil alan gənclər Azərbaycan mədəniyyətinin təbliğində diaspor və lobbiçilikdən güclü yararlanmalıdırlar”

 

Layihə çərçivəsində müsahibimiz, Böyük Britaniyanın York Universitetində təhsil almış, York Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Ramin Həkimovdur. R.Həkimov bizimlə söhbətə özü haqqında məlumat verməklə başladı:  

- Mən - Ramin Həkimov 28 sentyabr 1989-cu ildə dünyaya göz açmışam və 22 yaşım var. 4 ildir ki, Böyük Britaniyada təhsil alıram. 2008-2009-cu illərdə London İqtisadiyyat və Politologiya Məktəbində (LSE) Foundation hazırlıq kursunu fərqlənmə ilə bitirdikdən sonra York Universitetinə qəbul oldum və hal-hazırda siyasət və beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsilini yenicə bitirərək London Kollec-Universitetinin (UCL) maqistr pilləsinin ictimai siyasət ixtisasına qəbul oldum.

- Sizin təşkilat nə zaman formalaşıb və hansı tədbirləri həyata keçirmisiniz?

- Öncə vurğulamaq istərdim ki, təşkilat və ya ictimai birlik olaraq sadəcə bir deyil, ümümi məqsədi Azərbaycanı təmsil etmək və azərbaycançılıq ideologiyasını geniş əhatəyə layiqincə çatdırmalı olan bir neçə gənclər təşkilatında fəaliyyət göstərmişəm. 25 yanvar 2010-cu ildə Böyük Britaniyanın York Universitetində York Azərbaycan Cəmiyyəti təsis olunub. Cəmiyyət artıq yarandığı  gündən müstəqil fəaliyyət göstərir və indiyədək bir çox yaddaqalan və mühim tədbirlər keçirib. York Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunan tədbirlərə misal olaraq universitet nəzdində keçirilən “Azərbaycan günləri”ni, tələbələrin və akademik heyətin iştirakı ilə keçirilən ictimai leksiyalar və konfransları, Londonda keçirilən “Xocalıya Ədalət” aksiyalarını, York şəhərində keçirilən millətlərarası mədəniyyət müsabiqələrindəki uğurlu çıxışları və nailiyyətləri və başqa bir çox tədbirləri göstərmək olar. Öncə dediyim kimi, bir deyil, bir neçə təşkilatda olan fəaliyyət həm cəmiyyətin işini, həm də biz gənclərin faydalılığını əhəmiyyətli dərəcədə artırırdı. Xüsusilə mənəvi və resurs dəstəyini nəzərə almaq önəmlidir. Tədbirlərin təşkilində Böyük Britaniyadakı səfirliyimizin əməkdaşlarının payı böyükdür. Bundan əlavə, xüsusilə xaricdə təhsil alan və məzun olmuş gəncləri bir platformada toplayan ASAIF beynəlxalq forumunun təsis olunması və qısa zamandakı çox geniş fəaliyyəti sadəcə York Azərbaycan Cəmiyyətinin deyil, Britaniya və həmçinin digər ölkələrdəki gənclər təşkilatlarının diaspor və lobbiçilik işlərində şəbəkələşməsinə və işlərin daha da effektiv olmasına gətirib çıxardı. ASAIF-i xüsusilə vurğuladım, çünki mən həm də təşkilatın Böyük Britaniya üzrə koordinatoru və idarə heyətinin üzvüyəm və birbaşa daim ASAIF-in keçirilən tədbirlərdə bütün təşkilati işlərdə öncül rol aldığını bildirmək istəyirəm.

- İngiltərədə Azərbaycan diasporunun imkanlarını necə qiymətləndirirsiniz?

- Mən ilk dəfə Britaniyada 2008-ci ildə olmuşam. Yadıma gəlir ki, keçirilən ilk “Xocalıya Ədalət” aksiyasında 25-30 nəfər insan var idi. Bu il isə indiyədək keçirilən aksiyaların ən böyüyünü təşkil etdik və 300-dən artıq insan burada iştirak etdi, həm də çox aktiv şəkildə. Aksiya özlüyündə bir çox yeniliyi ilə yadda qaldı ki, bunu da mən həyatım boyu unuda bilmərəm, çünki ilk dəfə olaraq aksiyamızda öz körpələri ilə gəlib bizə dəstək olan yaşlı insanlarımız, ailələrimiz, kifayət qədər həmyerli xanımlarımız və təbii ki, ələlxüsus xarici vətəndaşlar, Azərbaycanın dostları iştirak etdi. Bunlara gürcü, rus, qazax, livanlı, macar, fələstinli, israilli dostlarımız, türk qardaşlarımızı misal olaraq göstərmək istərdim. Burada xüsusilə York şəhərindən Londona gələn və mənimlə bir evi paylaşan Erasmus tələbəsi olan braziliyalı dostumu qeyd etmək istərdim. Biz Trafalqar meydanında toplaşıb Böyük Britaniya parlamentinə yürüş edərkən və parlamentin önündə bayraqlarımızı dalğalandırarkən onun öz milli bayrağı ilə bizə dəstək verərək ‘Qarabağ bizimdir, bizim olacaq’ hayqırması həqiqətən də bizləri çox təəccübləndirdi, həm də böyük ruh yüksəkliyi yaratdı. Tədbirdən bir gün sonra isə mənim də iştirakımla Londonda təhsil alan 25 türkiyəli dostumuzla birgə Türkiyənin Avropa İttifaqı əlaqələri üzrə naziri, baş müzakirəci Egemen Bağışla bir görüşümüz oldu. May ayında isə eyni komandadan 15 nəfərlik bir qrup Türkiyəyə İstanbul və Ankarada olmaqla tədbirlərdə iştirak üçün yola düşdük və buradakı görüşlərdə mən York Azərbaycan və Türk Cəmiyyətlərinin təsisçisi və sədri, ASAIF-in təmsilçisi kimi çıxış edərək Türkiyə Cümhuriyyətinin bir çox dövlət nümayəndəsi, parlament üzvləri, Ədalət və İnkişaf Partiyasının genel başqan yardımçıları,  gənclər naziri Sual Kılıc, sənaye və energetika naziri Taner Yıldız, baş nazirin müavini Bekir Dozdağ və nəhayət, Baş nazir Ərdoğan ilə görüşdüm. Əlavə olaraq, Baş nazir Ərdoğanın sədrliyi ilə keçirilən Ədalət və İnkişaf Partiyasının Türkiyə Parlamentindəki Qrup Toplantısında da iştirak etdim. Bundan başqa Böyük Britaniya Parlamentində keçirilən müxtəlif konfrans-tədbirlərdə də cəmiyyətimizin nümayəndələri iştirak edib. Bu misalları ona görə çəkmək istədim ki, sadəcə 4 illik zaman kəsiyində görülən işin effektivliyini müəyyən qədər görmək olsun. İlk dəfə gedərkən gənclərimizin təşkilatlana bilməməsi, birlik fəlsəfəsi və “gücümüz birlikdədir” şüarının tam gənclər arasında formalaşmaması, xüsusilə gəncləri bir platformada toplaya biləcək və dövlət dəstəyini onlar üzərində hiss etdirəcək bir təşkilatın olmaması və bu kimi digər faktorlar azərbaycanlı gənclərin Britaniyadakı diaspor fəaliyyətinə böyük ölçüdə təsir edirdi. Lakin yaradılan təşkilat, sonra da səsvermə yolu ilə keçirilən seçkilərdə York Universiteti nəzdində 4000 tələbəni özündə birləşdirən Beynəlxalq Tələbələr Assosiasıyasının 50 ölkə üzrə Avropa nümayəndə heyətinin sədri seçilməyim, və bundan istifadə edərək cəmiyyətimizin bir çox genişmiqyaslı tədbirlər keçirməsi, xüsusilə gəncləri birləşdirən və dövlət dəstəyini hiss etdirən ASAIF-in yaranması həmyerlilərimizin təşkilatlanmasında, şəbəkələşməsində və bu fəaliyyətin önəmli dərəcədə artmasında böyük pay sahibi oldu. Və mən bu gün Britaniyada təhsil alan gənclərimizdə böyük potensial görürəm.  Bundan sonrakı fəaliyyətimizin daha da artacağının ümidi və inancı içərisindəyəm.

- İngiltərə ictimaiyyətində Azərbaycan həqiqətlərini yaymaqda hansı çətinliklərə rast gəlirsiniz?

- İlk vaxtlar, dediyim kimi, milli dəyərlərimizin ətrafında birləşməyin çətinliyini çəkdik, çünki fikir ayrılığı normasından artıq olduğu zaman fəaliyyət uğurlu və effektiv alınmır. Demək olar ki, əsas mübarizə bu milli ideologiyanın, fəlsəfənin yaranması və aşılanması, milli dəyərlər ətrafında birləşmək oldu. Burda yenə də ASAIF-in önəmini vurğulamaq istərdim, çünki ASAIF-in 2011-ci ilin martında Strasburqda Avropa Parlamentində keçirdiyi forum, ondan sonra Bakıda keçirdiyi avqust-yay forumu və bu il, 2012-ci il aprelin sonlarında təşkil etdiyi Budapeşt forumunda yüzlərlə xaricdə təhsil alan və məzun olan gənclərimizlə dövlət nümayəndələrinin bir platformanı paylaşması, təcrübə mübadiləsinin aparılması, dəstəyin hiss olunması və görülən işlərin təqdim olunması, yeni layihələrin ərsəyə gətirilməsi, diaspor-lobbiçilik fəaliyyətimizin, gənclərimizin dünya ölkələrindəki şəbəkələşməsinin güclənməsinə gətirib çıxardı.

 - İngilislərin Azərbaycan və azərbaycanlılar haqqında bilgilərini necə qiymətləndirirsiniz?

- Mən məlumat sahibi olmaq kimi müqayisəli fikirlərin nisbi anlayış olduğuna inanıram, amma bu nisbiliyin aradan qaldırılması üçün də əlimdən gələni edirəm. Nisbi anlayışdır, ona görə ki, Azərbaycan gəncliyi ali təhsildən öncə məktəb dərsliklərində coğrafiya dərsliklərindən fəal istifadə edir və dünya ölkələri haqqında kifayət qədər görüşlü və fikir sahibi olurlar. Necə deyərlər, fikir sahibi olmaq üçün, məlumat sahibi olmaq lazımdır. Halbuki, Britaniyada ali təhsildən öncəki mərhələnin belə olmadığını gördüm. İngilislər, xüsusilə gənclər çox spesifik sahəni daha gənc illərdən seçirlər, ali təhsil öncəsi hazırlığı keçir, sonra o sahə üzrə imtahan verərək ali təhsil almaq üçün şans əldə edirlər. Amma bu işin başqa bir real tərəfi də var ki, müəyyən qisim Azərbaycanı tanımırdı və yaxud başqa bir qisim sadəcə neft ölkəsi, və ya keçmiş sovet ölkəsi kimi xatırlayırdı. Mənim 4 il ərzindəki missiyam isə Azərbaycanı olduğu kimi təmsil etmək idi və düşünürəm ki, bunu etdim. Xüsusilə, universitetlər arasında keçirilən elmi yarışlarda sualların hazırlanmasına görə bəzən məsul şəxs tutduğum vəzifədən asılı olaraq mən olurdum və o zamanlar çalışırdım ki, Azərbaycanın tarixini və indiki reallıqlarını əks etdirən suallardan yerləşdirim və bunda da uğur əldə etdim. Bir ixtisasda oxuduğum dostlarımı, kurs yoldaşlarımı, seminar iştirakçılarını dəfələrlə yaşadığım mənzildə Azərbaycan süfrəsinə dəvət etmişəm. Süfrə zamanı söhbətlərin və müzakirələrin daha xoş, maraqlı və yaddaqalan olduğunu nəzər alsaq, bu işləri kişayət qədər uğurla yerinə yetirdiyimizə inanıram.

- Azərbaycan həqiqətlərini yaymaq və Azərbaycan mədəniyyətini təbliğ etmək üçün İngiltərədəki digər xalqların diasporları ilə əməkdaşlıq necə qurulub?

- Əslində bu sualın cavabını əvvəl verilən cavablardan artıq tapmaq olar. Mən həmişə geniş kütləni əhatə edən və beynəlmiləlçilik xüsusiyyətini daşıyan cəmiyyətlərin yaranmasının tərəfdarı olmuşam. Hətta dəfələrlə tələbə dostlarıma tövsiyə etmişəm ki, onlar universitetlər nəzdində fəaliyyət göstərən gənc tələbə təşkilatları ilə daim münasibətdə olsunlar və aktiv iştirak edərək müəyyən vəzifələr tutsunlar, çünki bu gün mənimlə siyasət və beynəlxalq münasibətlər üzrə oxuyan tələbə yoldaşlarımın müəyyən qismi gələcəkdə Britaniya siyasətini müəyyən edən insanlar olacağı ehtimalı var. Universitetimiz Britaniyanın ilk 10 universiteti siyahısında olan təhsil ocağıdır. Burada savadlı, intellektual, müəyyən təbəqəyə aid olan insanlar təhsil alırlar. Ona görə də indiyə qədər, fəaliyyətimizin lobbiçilik tərəfinin bir az zəif olduğunu nəzərə alsaq, işin lobbiçilik tərəfinin daha da güclü olmasının məqsədəuyğun olduğunu hesab edir və gənc dostlarımı bu yöndə fəaliyyət göstərmələrinə çağırıram.

- Erməni diasporu və lobbisi orada güclüdürmü? Sizə onlar maneələr yaradırlarmı?

- Mən tam səmimi demək istərdim ki, erməni lobbisi demək olar ki, dünyanın hər yerində var, amma Böyük Britaniyada artıq Azərbaycan diasporunun güclü olduğuna inanır və bunun reallığını yaşayıram. Bunu ən sadə misalla ifadə etsək, təhsil aldığımız universitetlərdəki azərbaycanlı və erməni tələbələrin say müqayisəsində görə bilərik. Təbii ki, burada da dövlət siyasətinin uğurlarından, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın rolundan danışmaq olar.

- Azərbaycan mədəniyyətini təbliğ etmək üçün ingilislərin marağını cəlb edəcək hansı xüsusi yanaşmalar və metodlar tətbiq edilir və edilə bilər?

- Dərk edilməsi gərək olan ən önəmli məsələlərdən biri və ya birincisi bu mövzudur. Təhsil aldığımız ölkə və o ölkənin reallıqlarına uyğun, xalqın stereotiplərini nəzərə alaraq, onların xüsusiyyətlərinə bələd olaraq fəaliyyətimizi qurmaq lazımdır. Bizim diaspor fəaliyyətimiz illər öncə bir az daha aqressiv və daha nümayişkaranə xarakter daşıyırdı. Yəni biz tanımadan və özümüzü tam tanıtdırmadan birbaşa problemləri əks etdirməyə can atırdıq. İndi isə artıq mübarizə üsulu, təmsiletmənin yeni yolları var, və yol daim dəyişikliklərə uğrayır. ASAIF forumlarının burada yenə də önəmi göz önündədir, çünki forumlarda həmişə dörd müxtəlif müzakirə üçün nəzərdə tutulan panellər olur və o panellərin dəyişilməz mövzusu daim Qarabağ mövzusu və təmsiletmənin, diaspor və lobbiçiliyin yeni yollarının araşdırılması və aşılanması olur. Ona görə də öndə vurğuladım ki, bəzi platformaların yaranması, təcrübə mübadiləsinin aparılması və bu kimi başqa faktorlar bizim fəaliyyətimizi gücləndirir və təmsiletmədə yeni yollardan istifadəyə və bunların nəticəsində uğurların əldə olunmasına gətirib çıxarır. Qısaca toparlasaq, öncə dost əldə etməli, bizim hörmətlə dinlənilməmizi, bizə sayğı duyulmasını təmin etməli, əcnəbiləri özümüzə dost etməli, və ondan sonra reallıqları əhatə edən mövzular ətrafındə fikir mübadiləsi və müzakirələr aparmalıyıq.

 - Britaniya KİV-ləri, telekanal və qəzetlərə Azərbaycan diasporunun çıxış imkanlarını necə qiymətləndirirsiniz?

- Daha öncə vurğuladığım kimi, gənclərimiz ölkələrdəki lobbiçilik fəaliyyətini genişləndirməli, yerli ictimai-siyasi təşkilatlarda, akademik müzakirələrdə aktiv iştirak etməli və yeni dostluqlar qurmalıdırlar. Bundan sonra isə bu qurulan münasibətlər bizlərə yerli KİV lərə çıxış vasitəsi rolunu oynaya bilər. Misal olaraq təhsil aldığımız universitetlərdəki yerli ictimai-siyasi qəzetlərdə məqalələr dərc etdirməklə bu lobbiçilik işinə başlamaq olar. Düşünürəm ki, bu iş bu sahədə daha da uğurla aparıla bilər.  Həm doğma Vətəndə, həm də Britaniyada sadaladığım fəaliyyət üsullarından istifadə etmişəm və bunun uğurlu nəticələrinin də şahidi olmuşam. Bu sahədə xüsusilə sosial şəbəkələr, ordakı fəaliyyət, şəbəkə və fikir mübadiləsindən əldə olunan bilgilər, və ya dərc olunduqdan sonra öz şəbəkəndə paylaşmaq və onu dostlar vasitəsilə də həndəsi silsilə kimi paylaşdırmaq artıq bizim üzərimizə düşən vəzifələrdir ki, bunları da bizlər daha aktiv, daha fəal və daha məqsədyönlü edə bilərik.

- Diasporun daha da güclənməsi və Azərbaycan həqiqətlərinin yayılmasında uğurların intensivləşdirməsi üçün nələri təklif edərdiniz?

- Düşünürəm ki, artıq mən təkliflərimi əvvəlki cavablarımda hissə-hissə də olsa bildirmişəm. Lakin, qısaca toparlamaq lazım gələrsə, gənclərimiz lobbiçilikdə daha aktiv olmalıdır. Çünki indi bizim fəaliyyətimizə daha çox uğurun lobbiçilik tərəfindən gələcəyinə inanıram. Təbii ki, bunun yolu sadəcə təhsil almaq deyil, həm də ictimai aktiv olmaqladır. Ona görə də bütün gənc dostlarıma bu sahədə daha inamlı, əzmli, iradəli və cəsur olmalarını arzu edirəm.

 

İlkin AĞAYEV 

Palitra.-2012.-1 avqust.-S.11.