Bodrumda Azərbaycan diaspor
təşkilatlarının forumu keçirilir
Türkiyənin Bodrum şəhərində
“Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə
inteqrasiyası: mövcud vəziyyət və
perspektiv gözləntilər” mövzusunda forum öz işinə başlayıb. Forumda Milli Məclis sədrinin birinci
müavini Ziyafət Əsgərov, Prezident Administrasiyası İctimai-siyasi
məsələlər şöbəsinin müdiri
Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Nazim İbrahimov,
Moskva şəhəri Regionlararası əməkdaşlıq,
milli siyasət və dini
təşkilatlarla əlaqələr departamentinin
rəhbəri Yuri Artyuk,
Türkiyənin Yalıkavak bələdiyyə başkanı Mustafa Saruhan iştirak ediblər.
Forumda əsasən Rusiya, Ukrayna, Türkiyə və Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri iştirak edir. Qeyd edək ki, toplantıya ümumilikdə 200 nəfər qatılıb. 26 ölkədən 172 diaspor təşkilatlarının nümayəndəsinin qatıldığı tədbirdə iştirakçıların 157 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləridir. Forumu giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qeyd edib ki, forumun əsas məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor təşkilatlarımızın fəaliyyəti ilə bağlı məsələləri bir daha müzakirə etməkdən ibarətdir: “Forumda biz daha çox problemlərə, diaspor təşkilatlarının səmərəli fəaliyyətinə maneə yaradan amillərə diqqət ayırmağa çalışacağıq”. N.İbrahimov deyib ki, ötən müddət ərzində Azərbaycan diasporu çox böyük inkişaf yolu keçib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş diaspor quruculuğu siyasətinin dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı vahid bir ideya - Azərbaycançılıq ideyası ətrafında birləşdirməyə imkan yaratdığını bildirən Dövlət Komitəsinin sədri xüsusi olaraq qeyd edib ki, Prezident İlham Əliyev də ümummilli liderin siyasətini davam etdirərək xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, həmvətənlərimiz arasında birlik və həmrəyliyin gücləndirilməsinə xidmət edən bir sıra tarixi qərarlara imza atıb: “Məhz cənab Prezidentin davamlı dəstəyi sayəsində biz qısa vaxt ərzində formalaşmış, müəyyən potensiala sahib olan diasporun yaradılmasına nail olduq. 2011-ci ildə Dünya Azərbaycanlılarının III Qurultayı ərəfəsində Azərbaycan diasporunun 50-dən çox nümayəndəsinin fəxri adlara və dövlət təltiflərinə layiq görülməsi, bu yaxınlarda Prezident tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinə Prezidentin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılması və Dövlət Komitəsi əməkdaşlarının bir qrupunun təltif edilməsi ilə bağlı sərəncamlar bir daha dövlət başçısının diaspor quruculuğu işinə xüsusi önəm verdiyinin və bizlərə dərin etimadının ifadəsidir. Biz hər birimiz öz fəaliyyətimizlə bu etimadı doğrultmağa çalışmalıyıq”. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının III Qurultayındakı nitqində Azərbaycan diasporunun qarşısında bir sıra vəzifələr qoyulduğunu xatırladan N.İbrahimov forumda keçiriləcək panellərdə bu vəzifələrin müzakirə ediləcəyini bildirib. O qeyd edib ki, forum çərçivəsində Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələrinin diaspor təşkilatları rəhbərləri ilə görüşləri də nəzərdə tutulub: “Bu görüşlərin də əsas məqsədi ayrı-ayrı regionlarda, ölkələrdə Azərbaycan diasporunun problemlərini birgə müzakirə etməkdən ibarətdir. Sizdən bu müzakirələrdə çox fəal iştirak etməyi, öz təkliflərinizi, müzakirəyə çıxarılan bütün məsələlər haqqında rəyinizi bildirməyinizi xahiş edirik.”
“Hər
bir diaspor nümayəndəsi öz peşəsi, fəaliyyəti
ilə yaşadığı ölkədə müəyyən
mənada həm də öz xalqı haqqında təsəvvür
yaradır” Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov forumda
geniş nitqlə çıxış edib. O, öz çıxışında Azərbaycan
dövlətinin diaspor və lobbi quruculuğu sahəsində
siyasətinin əsas aspektlərini, istiqamət və prioritetlərini
təhlil edib, qarşıda duran vəzifələr haqqında fikirlərini
səsləndirib. Ə.Həsənov bildirib
ki, Azərbaycan diasporunun
hər bir nümayəndəsi xarici ölkədə öz
Vətənini, öz xalqını təmsil
edir:“Bu toplantıda iştirak edənlər məhz öz ölkəsini, öz
xalqını təmsil edən insanlardir.
Sizlər öz vaxtınızın müəyyən
bir hissəsini bu
missiyanı yerinə yetirməyə sərf edirsiniz.
Hər bir diaspor
nümayəndəsi öz peşəsi,
fəaliyyəti ilə yaşadığı ölkədə
müəyyən mənada həm də öz
xalqı haqqında təsəvvür yaradır”. Prezident
Administrasiyasının şöbə müdiri
qeyd edib ki, bu toplantıda iştirak edənlərin əksəriyyəti
Rusiyadakı azərbaycan diasporunun
nümayəndələridir və onlar daha mürəkkəb bir
mühitdə və daha çətin
şəraitdə fəaliyyət göstərirlər:
“Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev Dünya
Azərbaycanlılarının I Qurultayında xaricdə yaşayan azərbaycanlıların fəaliyyət
fəlsəfəsini ehtiva edən bir prinsip müəyyənləşdirib.
Hər bir azərbaycanlı
yaşadığı ölkənin dəyərli vətəndaşı
olmalıdır. Ə.Həsənov diasporun
fəaliyyətinin ikinci mühüm
şərti olaraq ümummilli
lider Heydər Əliyevin “Hər bir xaricdə yaşayan
soydaşımız azərbaycanlı olduğunu
unutmamalıdır” prinsipini
vurğulayıb. O qeyd edib ki, azərbaycanlılar
haqqında elə obraz
formalaşdırılmalıdır ki, hər
bir soydaşımız öz
milli mənsubiyyəti ilə fəxr edə
bilsin. Əli Həsənov diqqətə
çatdırıb ki, Azərbaycan
müstəqil bir dövlətdir və onun özünün siyasi, geostrateji, iqtisadi, hərbi və digər maraqları var və bu maraqların təyin
olunmasında Azərbaycan diasporunun
nümayəndələri də fəal iştirak
etməlidir: “Bunun ən vacib
şərtlərindən biri ondan ibarətdir ki, Rusiyada yaşayan azərbaycanlılar
məskunlaşdığı ölkənin dəyərli vətəndaşı
olmalı, o ölkənin inkişafında
mühüm yer
tutmağı bacarmalıdır. Bu, nəticə etibarilə bizim
ölkələrimiz arasında münasibətlərin
inkişafına da müsbət impuls verir. Çünki
Azərbaycan diasporu fəal olduğu, Rusiya cəmiyyətinin
inkişafına töhfələr verdiyi
təqdirdə Rusiya dövləti də
Azərbaycanla münasibətlərdə bu
amili nəzərə alacaqdır”. Azərbaycan dövlətinin diaspor
quruculuğu işinə başqa
ölkələrlə müqayisədə bir
qədər gec
başladığını qeyd edən
Əli Həsənov Prezident İlham Əliyevin son on ildə bu sahəyə xüsusi diqqət və qayğı ilə
yanaşdığını bildirib.
O qeyd edib
ki, Prezident İlham Əliyev dünyanın hər
hansı ölkəsində yaşayan hər
bir azərbaycanlının hüquq və azadlıqlarının
qorunmasına xüsusi önəm verir. Əli Həsənov vurğulayıb ki, azərbaycanlıların təşkilatlanması,
ictimai-siyasi fəallığının yüksəldilməsi prioritet məsələlərdir:
“Ötən müddətdə bu sahədə
müəyyən işlər görülüb
və Diasporla İş
üzrə Dövlət Komitəsi də üzərinə
düşən vəzifələri uğurla
həyata keçirir. Əlbəttə, bu o demək deyil ki, bizim
bütün problemlərimiz həll olunub. Lakin qısa vaxtda böyük nailiyyətlər
əldə olunub”.
Yuri Artyuk: “Azərbaycan diasporu Rusiyada fəaldır”
Moskva şəhəri Regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamentini rəhbəri Yuri Artyuk isə çıxışında Azərbaycan diasporunun Rusiyada fəal olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan diasporu ilə çox sıx əməkdaşlıq əlaqələri var və azərbaycanlıların milli bayramlarının qeyd olunması ilə bağlı bir sıra tədbirlərə Moskva hökuməti dəfələrlə dəstək verib. Y.Artyuk Moskva hökumətinin Diasporla İş üzrə Dövlət Komitəsi ilə də səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb.Fasilədən sonra «Ümumrusiya Azərbaycan Konqresi Rusiya Federasiyasında yaşayan azərbaycanlıların birlik modeli kimi» mövzusunda keçirilən I Panel iclası öz işinə başlayıb. Panel iclasını açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri qeyd edib ki, Rusiya Federasiyası azərbaycanlıların ən çox yaşadığı xarici ölkələrdən biridir və ən böyük Azərbaycan diasporu məhz bu ölkənin ərazisində fəaliyyət göstərir. “2001-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Rusiyada ən böyük Azərbaycan diaspor təşkilatlarından biri- Ümumrusiya Azərbaycan Konqresi yaradılıb. Fəaliyyət göstərdiyi müddət ərzində konqres həmvətənlərimizin təşkilatlanması, hüquq və azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyası, eyni zamanda iki ölkə arasında münasibətlərin inkişafına öz töhfələrini verib. Rusiyadakı Azərbaycan diasporunun fəaliyyət göstərdiyi şərtlər, ictimai mühit, cəmiyyətə inteqrasiya səviyyəsi digər ölkələrlə müqayisədə kifayət qədər fərqlidir. Bu baxımdan Ümumrusiya Azərbaycan Konqresi Rusiyada yaşayan azərbaycanlıların uğurlu birlik modeli kimi özünü doğruldub”. Nazim İbrahimov bildirib ki, Rusiyanın bütün regionlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin burada iştirakı bizim müzakirələri kifayət qədər səmərəli şəkildə qurmağımıza imkan verir. Ümumrusiya Azərbaycan Konqresinin Baş katibi Mikayıl Hüseynov təşkilatın 11 illik fəaliyyəti ərzində azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının qorunması sahəsində bir sıra uğurlu tədbirlərin həyata keçirildiyini qeyd edib. Dünya azərbaycanlılarının I və II qurultaylarında Rusiyadakı azərbaycan diasporu fəallarının bir qrupunun Azərbaycan Prezidenti tərəfindən təltif olunduğunu xatırladan M.Hüseynov bunu dövlət qayğısının təzahürü kimi qiymətləndirib. O, ÜAK-ın Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak etdiyini və iki ölkə arasında münasibətlərin inkişafına töhfə verməyə çalışdığını vurğulayıb. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Mərkəzi Şurasının üzvü Emin Hacıyev Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın forum iştirakçılarına salamlarını çatdırıb. E.Hacıyev RAGT-nin ötən dövrdəki fəaliyyəti ilə bağlı məlumat verib, təşkilat tərəfindən keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.Ümumrusiya Azərbaycan Konqresi baş katibinin müavini Nemət Nağdəliyev son illərdə gənclərin diaspor quruculuğu işində daha fəal iştirak etdiyini bildirib, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə təhsil alan tələbələrin xüsusi fəallıq göstərdiyini diqqətə çatdırıb. Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının üzvü professor Tofiq Məlikov, Sankt-Peterburqun “Azərbaycan icmasi” cəmiyyətinin sədri Heydər İmanov, ÜAK-ın Yakutiya regional bölməsinin sədri Rafiq Gafarov, ÜAK-ın Murmansk regional bölməsinin sədri Afil Hüseynov öz çıxışlarında Azərbaycan diasporunu narahat edən problemlər barədə danışıb, müxtəlif problemlərin həlli ilə bağlı təkliflərini səsləndiriblər. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov müzakirələr zamanı qaldırılan məsələlərlə bağlı fikirlərini bildirib, forum iştirakçılarının suallarını cavablandırıblar.
Nigar Abdullayeva
Palitra.-2012.-7 avqust.-S.4.