“Yeni nəslin sosial-mədəni
adaptasiya prosesi nisbətən
mürəkkəbləşir”
Layihə çərçivəsində müsahibimiz Azərbaycan Turizm
İnstitutunun İctimai
fənlər kafedrasının baş
müəllimi, sənətşünas Sevil
Kərimovadır:
- Son vaxtlar bir sıra xarici
ölkələrdə olmusunuz.
Həmin ölkələrdəki
tədris prosesi, maraq doğuran faktlarla bağlı nə deyə bilərsiniz?
- Bu il Koreya Fondunun
təşəbbusü ilə
təşkil edilən
“Next - general liders” (Gələcək
nəsil liderləri) proqramında ölkəmizi
və Azərbaycan Turizm İnstitutunu təmsil
etmişəm. Proqram Koreya Fondunun hər il
təşkil edilən
qlobal layihələrindəndir.
Dünyanın müxtəlif ölkələrindən
seçilən nümayəndələr
Cənubi Koreya Respublikasına dəvət
edilir. Məqsəd Cənubi Koreyanı
tanıtmaq və dünyada onun haqqında nüfuzlu fikir yaratmaqdır. Gərgin qrafikli proqrama həm rəsmi görüşlər, həm
də bir neçə ekskursiya daxil idi. Bizim qrupu 10 MDB dövlətini təmsil edən nümayəndə təşkil
edirdi. Mənim üçün bu, gözlədiyim bir fürsət idi. Postsovet ölkələrindən mənimlə eyni sosial statusa mənsub olan şəxslərlə tamam
fərqli məkanda fikirlərimizi bölüşmək
üçün ideal şərait
yaranmışdı. Qürurla qeyd
etmək istərdim ki, MDB məkanında Azərbaycan haqqında çox müsbət fikir formalaşıb.
Ünsiyyətdə olduğum zaman,
müzakirələr vaxtı
daim ulu öndərimiz Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” şüarını bir daha şərəflə xatırlayırdım. Orada mədəniyyətin
təbliği haqqında
söhbətimizə başlayanda
öncə qədim və zəngin irsimizin mövcudluğu haqda məumat verdik. Biz vətənimizdə
yaşayaraq bunları
təbii hal kimi qəbul etməyə vərdiş
etmişik. Lakin insan
elə bir varlıqdır ki, nə isə itirəndə və yaxud ondan uzaqlaşanda
həmin dəyərin
mahiyyətini anlamağa
başlayır, ona nə dərəcədə
bağlı olduğunu
o zaman tam hiss edir.
Mənə bu hissləri
Koreyada Azərbaycan musiqisi yaşatdı.
Rəsmi
görüşlərin birindən
qayıdanda avtobusda “Sən gəlməz oldun” mahnısı səsləndirilirdi. Dərhal maraqlandım
və sürücü
yarı ingilis, yarı koreya dilində açıqladı
ki, internetdən mahnıları toplayarkən
bu mahnını çox bəyənib.
“Niyə məhz
bunu?”- deyə
soruşarkən bildirdi
ki, “burada kədər var, amma o kədər insanı dəyişdirməyə,
daha incə olmağa çağırır.
Nifrət, aqressiya heç
yoxdur”. Təsəvvür
edin, bu insanın Azərbaycanın
mövcudluğu barədə
anlayışı belə
yoxdur! Ancaq Azərbaycan musiqisini
qəlbinə yaxın
bilib səsləndirir.
Beləliklə, “Sən gəlməz
oldun” bizim qrupun himni oldu.
Azərbaycan musiqisi haqqında
təqdimat hazırladım,
musiqinin müasir vəziyyətindən danışdım,
Heydər Əliyev Fondunun “Muğam” multimedia toplusunu hədiyyə etdim. Rəsmi görüşlər çərçivəsində
Cənubi Koreyanın bir neçə ali təhsil
ocağında və tədqiqat institutunda olduq. Bunlardan ən nüfuzlusu
Koreya Universitetidir.
Akademik heyətlə görüşdə
Azərbaycan haqqında,
bizim təhsil sistemi, tariximiz və mədəniyyətmiz
haqqında bir çox sualları cavablandırdıq. Maraqlı mühazirələrdən
biri İqtisadi İnkişafa dair Tədqiqatlar İnstitutunda
məhşur iqtisadiyyatçı,
prof. J.Pak tərəfindən keçirildi.
O, ölkənin intensiv
inkişafı və yüksək nailiyyətlərinin
tarixi və perspektivləri, nəzəri
əsasları haqqında
danışdı. Dövlət qurumlarında olarkən çox maraqlı bir fakt mənim
üçün yenilik
oldu. Olduğum yerlərin heç
birində uşaqlara bu dərəcədə xüsusi diqqətlə rastlaşmamışdım. Ümumiyyətlə, bu amil ölkənin daxili siyasətində mühüm istiqamətlərdəndir:
sağlam mənəvi
mühitdə yetişən
genefond gələcəkdə
sağlam dövlətin
və dövlətçiliyin
zəmanətidir. Kiçik
yaşlarından başlayaraq
uşaqları vətənlərinin
tarixi və xüsusən dövlətçilik
tarixi ilə yaxından tanış
edirlər və bu proses getdikcə
təkmilləşdirilir. Koreya Memorial Muzeyinin
qarşısında narıncı
rəngli geyimlərdə
olan çoxlu (100-150 nəfər) azyaşlı
uşaq gördük.
Kostyumlarının eyni
olması və ümumiyyətlə, 3-5 yaşlı
körpələrin vətəndaş
müharibəsinə həsr
edilmiş muzeydə nə etdikləri ilə maraqlananda gidin verdiyi cavaba
heyrətləndim: “1950-1953-cü il müharibəsində çoxlu uşaq tələf olub (1 mln.-a yaxın). Biz bu körpələri
bura dəvət edirik ki, oynasınlar
və ölənlərin
ruhu şad olsun. Bağça və uşaq
evləri ilə işləyirik. Narıncı rənq Günəşdir,
işıqdır”. Milli Parlament
binası həftənin
iki günü məktəblilər üçün
açıqdır. Buraya
təşkil olunan ekskursiyalar zamanı parlamentin tarixi, müasir iş qrafiki, çıxış
qaydaları, qanunların
təqdimi və müzakirəsi kimi amillər haqqında məlumat verilir. Bu proses sərbəst bir mühitdə, sual-cavab edilərək keçirilir. Danışdırdığım
7 şagirddən 4-ü Azərbaycanı
tanıdı: “Orada neft var və
qədim kitablarda “Odlar yurdu” adlanır”.
Sizi əmin edirəm, avropalı ibtidai sinif şagirdindən
belə cavab eşitmək mümkün
deyil! Ümumiyyətlə, Azərbaycanla Koreyanın
iqtisadi və mədəni münasibətləri
uğurlu və ümidverici məqamdadır.
Mövzumuza dair qeyd etmək istərdim ki, Koreyanın təbliğ siyasətində
mədəniyyət və
dövlətçilik eyni
mahiyyətli amillər
kimi təbliğ olunur. “Next” proqramına
daxil olan ekskursiya turları ölkənin pozitiv qavranılmasına, tarix boyu mövcud olan milli ənənələrin,
milli xüsusiyyətlərin
müasir Koreyanın formalaşmasındakı rolunun
dərk olunmasına yönəlib. Buddizm abidələri,
orta əsr rəsədxanası, “Hyundai Motors” sənaye şəhərçiyi,
İmperator Sarayı və Prezident İqamətgahı sanki heç zaman qırılmamış incə
zəncirlə bir-birinə
bağlıdır.
- Gənclərin
mədəniyyətə marağını
necə qiymətləndirirsiniz?
- Bizim mentalitetimizdə gənclərə dair maraqlı xüsusiyyət
var. Onları tərifləməkdən
çəkinirik. Bu, xalq pedaqogikasının effektiv metodu kimi əsrlər boyu pozitiv nəticə
göstərib və yəqin ki, belə də davam edə bilər. Lakin Azərbaycan müasir,
dünyəvi cəmiyyətə
meyilli və eyni zamanda ənənəvi,
patriarxal Şərq mədəniyyətinin fundamental əsaslarını mənəvi
vasitə kimi səmərəli istifadə
edən dövlətdir.
Bu aspektdən cıxış edərək
yeni nəslin sosial-mədəni adaptasiya
prosesi nisbətən mürəkkəbləşir. Biz 20 ildir ki, müstəqil
dövlətik və artıq müstəqillik şəraitində formalaşmış
nəsil mövcuddur. Və onlar bizlərdən cox fərqlidir. Adətən
bu nəsli qınamaq, danlamaq, yönəltmək təşəbbüsləri
heç xoş nəticələr vermir.
Mən müəlliməm və mənim işim tələbəyə səviyyəli
akademik bilik bazası verməklə onun fərdi qabiliyyətlərini araşdırıb
tapmaq, təhsil prosesində düzgün istiqamətləndirməkdir. Ancaq qloballaşma adlandırdığımız
bu dövrdə bu yetərli deyil. Mədəni həyatımızın umumi panoramasına kütləvi mədəniyyət
aktiv müdaxilə edir. Onun məhsulu daha
rahat və anlamlıdır. Bugünkü tələbə kitabı
oxumaz, onun film versiyasına üstünlük
verər. Məhz bu
baxımdan yuxarıda
qeyd olunduğu kimi, mədəniyyət və vətənpərvərliyin
ümumi kontekstdə təbliği məqsədəuyğundur.
- Tədris ili başa
catdı. Tələbələrin bu sahədə
bilik səviyyəsi sizi qane edirmi?
- Keçən ilin göstəricilərinə görə, bu il ATİ-nin tələbələri daha yüksək nəticələr əldə ediblər. İnstitutun ümumi panoramasında tədris etdiyim “ Muzeyşünaslıq - Diyarşünaslıq” (Tarixi - mədəni turizm) ixtisası üzrə məzunlarımızın göstəriciləri də yüksəkdir. Təqdim olunan dörd diplom işinin mövzuları da aktual və maraqlı idi: “Azərbaycanda uşaq muzeylərinin yaranma perspektivləri”, “Tarixi-mədəni turizmə çoxaspektli yanaşmalar” və onlar müvəfəqiyyətlə müdafiə olundular. Bu ixtisas üzrə hələki ikinci buraxılışımız olmasına baxmayaraq məzunlarımız haqqında artıq müəyyən fikirlər bizi sevindirir. Məzun gecəsində nüfuzlu muzey rəhbərlərimizin “ATİ-nin tələbələri təcrübələr zamanı bilik və məsuliyyətləri ilə digərlərindən çox üstündürlər” demələri bizi ümidləndirir. Sözsüz ki, biz daha da yüksək nailiyyətlər gözləyirik. Bunun əsas səbəbi 4 il tədris etdiyin tələbənin potensialına bələd olaraq onun bəzən sadəcə tənbəlliyinin və yaxud məsuliyyətsizliyinin qurbanı olmasını imkansız etməkdir. Bu baxımdan institutumuzda tələbələri sərbəst araşdırmaya yönəltmək yeni tədris ilinin istiqamətlərindən ola bilər.
Nigar Abdullayeva
Palitra.-2012.-8 avqust.-S.10.