“Azərbaycan tarixinə aid
yazılan dərsliklərdə sovet
dövründəki səhvlər hələ də təkrar
olunmaqdadır”
Layihə çərçivəsində müsahibimiz Azərbaycan Turizm İnstitunun müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlıdır:
-Azərbaycanın
dövlətçilik tarixi qonşu xalqlarla müqayisədə
çox qədimdir. Məsələn, qonşu
Rusiya ilə müqayisədə Azərbaycan
dövlətçiliyinin tarixi min il daha
qədimdir. Azərbaycanda ilk dövlət
birləşmələri meydana gələndə,
sivilizasiya inkişaf
edəndə Avropada ibtidai
icma quruluşu mövcud idi. Bundan başqa Azərbaycanda
xristianlıq da Rusiyadan
500 il əvvəl qəbul olunub.
Qafqaz Albaniyasında 498- ci
ildə kollektiv şəkildə qəbul
olunmuş Aquen
qanunları kimi aktuallığını
hələ də itirməyən qanunvericilik
mövcud olanda
Avropanın əksər ölkələrində, o cümlədən Rusiyada
qanun nə olduğunu
bilmirdilər. Aquen qanununun
qəbul olunma prosedurunu
Azərbaycanda parlamentarizimin
formalaşmasının ilkin dövrü kimi də xarakterizə etmək olar. Azərbaycan dövlətçilik tarixində
fəxr hissi yaradan, müasir dövrlə səsləşən bir faktı da qeyd etmək yerinə düşər. Hazırda Azərbaycanla Ermənistan arasında
danışıqlara ATƏT - in Minsk qrupuna daxil
olan ABŞ, Rusiya və
Fransa vasitəçilik edirsə, VII əsrdə o zaman dünyanın iki nəhəng
imperiyaları, Ərəb xilafəti ilə Bizans
arasında danışıqlara Girdman
hökmdarı Çavanşir hər iki dövlətin xahişi
ilə vasitəçilik edib. Təkcə
bu faktın özü
Azərbaycanın ilk orta
əsrlərdə dünya üçün necə böyük
əhəmiyyət daşıdığını sübut edir. Azərbaycanın
3 minillik dövlətçilik tarixi var. Bundan
2 min ili işğallar dövrünə, min ili müstəqillik
dövrünə düşür. Manna, Atropatena, Qafqaz
Albaniyası, Şirvanşahlar, Sacilər,
Rəvvadilər, Salarilər, Şəddadilər, Atabəylər,
Hülakülər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər,
Əfşarlar imperiyası, Azərbaycan Xalq
Cümhuriyyəti, Azərbaycan Respublikası və digər dövlətlər
müstəqillik dövr dövlətləridir
və hər bir azərbaycanlı bu dövlətlərlə fəxr etməlidir.
Fikrimcə, dövlətçilik
tariximizdə cənubda mərkəzləşmiş dövləti
bərpa etmiş Qacarları da yaddan
çıxarmamalıyıq. Ağa Məhəmməd şah Qacarla yanaşı I və II Rus
- İran müharibələrində ruslara qarşı döyüşən orduya komandanlıq etmiş
17 yaşlı qəhrəman Azərbaycan oğlu
Abbas Mirzəni dövlətçilik
tariximizdə qeyd etməmək mümkün deyil. Gəncənin qəhrəman müdafiəçisi Cavad xanın müttəfiqi olan Abbas Mirzə unudulmuş qəhrəmanlarımızdandır.
Çox təəssüf ki, bəzi kitablarda
Cavad xan
xalqımızın qəhrəman oğlu
hesab olunduğu halda onunla eyni
tayfadan olan, eynu düşmənə qarşı vuruşmuş Abbas
Mirzəyə işğalçı kimi
yanaşılması hələ də qalmaqdadır. Bu cür səhv yanaşmalardan əl çəkməyin vaxtı
çoxdan çatıb.
- Son illər dövlətçilik
tarixinin, milli adət-ənənələrin təbliği
istiqamətində həyata keçirilən tədbirləri
necə qiymətləndirirsiniz?
- Azərbaycan
dövlət müstəqilliyinin bərpasından sonra bu sahədə görülən məqsədyönlü
fəaliyyəti müsbət qiymətləndirmək olar. Prezidentin
göstərişi ilə Azərbaycan tarixi
çoxcildliyinin, Azərbaycan
Ensiklopediyasının nəşr olunması, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin
obyektiv araşdırılması, bir sıra tarixi abidələrin
bərpa və təmir edilməsi, arxeoloji
qazıntıların ildən ilə daha da genişləndirilməsi və s. görülən müsbət işlərə
misal ola bilər. Lakin bir sıra problemlər
də var. Belə ki,
Azərbaycan tarixinə aid yazılan dərsliklərdə
sovet dövründəki səhvlər hələ
də təkrar olunmaqdadır. Azərbaycan tarix
elmi mərkəzinin hələ də
formalaşmaması təəssüf doğurur.
Bu da ona
gətirib çıxarır ki, illərlə
obyektiv tədqiqatlar aparan
şəxslər kənarda qaldığı halda
vəzifəli şəxslər, millət vəkilləri elmi adlar, elmi
dərəcələr alır və tarix
elminin inkişafında buxova
çevrilirlər. Belə bir vəziyyət
akademik Ramiz Mehdiyevin haqlı olaraq tənqid
etdiyi plagiatçılığa,
başqalarının əməyindən istifadə
hallarına gətirib çıxarır ki,
bu da tarix
elminin inkişafı üçün
yaxşı heç nə vəd etmir.
- Bu istiqamətdə təbliğin
daha da artırılması üçün hansı təkliflər
irəli sürərdiniz?
- Dövlətçilik tariximizin daha səmərəli təbliğinin aparılması üçün birinci növbədə dövlətçiliyə bağlı, nisbətən gənc kadrların irəli çəkilməsi, onlara dövlət qayğısının artırılmasına ehtiyac var. Elmi institutlara rəhbərlik edən şəxslərin digər vəzfələrdə çalışmasına qadağaların qoyması, onların sırf elmi - tədqiqat işləri ilə məşğul olmalarının tələb edilməsi, professorların, akademiklərin başqalarının əsərlərinə adlarını həmmüəllif kimi yazdırmalarına son qoyulması və s. elmin inkişafına müsbət təsir göstərər. Ən vacibi isə tədqiqatçıların əməkhaqlarının Qərb standartlarına uyğunlaşdırılması, onların mənzil şəraitinin yaxşılaşdırılması, əsərlərin nəşri üçün qrantların ayrılması və s. işlər də dövlətçilik tarixinin təbliğini daha da yaxşılaşdırar.
- Ali təhsil ocaqlarında dövlətçilik
tarixinin tədrisi ilə bağlı fikirlərinizi bilmək
istərdik. Tələbələrin bu sahədə təhsil
səviyyəsi sizi qane edirmi?
- Bir ali məktəb müəllimi kimi tələbələrin hazırkı səviyyəsini müsbət qiymətləndirmək olar. Bunu dərs dediyim Azərbaycan Turizm İnstitutunun tələbələrinin timsalında deyirəm. Obyektivlik, şəffaflıq, açıq diskussiyalar, tələbələrin öz arzu və təkliflərini internet vasitəsilə müəllimlərə, rektora bildirməsi dövlətçilik tarixinin tədrisi üçün əsas şərtlərdəndir. Tələbələrin səviyyəsinin yüksək olması isə 1992 - ci ildən tələbə qəbulunda tətbiq olunan yeniliklərlə bağlıdır. Tam məsuliyyətilə demək olar ki, bu sahədə əldə olunmuş nəticə Azərbaycan dövlətçiliyinin böyük nailiyyətidir. Azərbaycan Prezidentinin sərəncamı ilə magistraturaya qəbulun ali məktəblərdən alınıb TQDK - ya verilməsi də bu siyasətin davamıdır. Yeni təhsil qanunu qəbul olunarkən test imtahanlarının mahiyyətini dəyişməyə çoxlu cəhdlər olsa da Prezidentin bilavasitə dəstəyi və vətəndaş cəmiyyəti nümayəndələrinin səyi ilə bu cür cəhdlərin qarşısı alındı.
- Hazırda bu istiqamətdə hansısa problemlər varmı?
- Dərsliklərdə olan nöqsanlar, bəzi ali məktəblərdə
hələ də mövcud olan neqativ hallar, kadrların seçilib yerləşdirilməsində proteksiya
dövlətçilik tarixinin
təbliğinə mane olur.
Fikrimcə, hər bir müəllim tələbədə
dövlətə, millətə
məhəbbət hissi
aşılamalı və
özü bu işdə nümunə göstərməlidir. Bunun üçün
birinci növbədə
müəllim tələbələr
arasında böyük
nüfuza, hörmətə
malik olmalıdır.
Deməli, bunun üçün
də yuxarıda sadalanan neqativ halların kökü birdəfəlik kəsilməlidir.
- Mövcud tədris vəsaitləri bu sahədə məlumatların dolğun
çatdırılmasına imkan verirmi?
- Son illər çoxlu sayda tədris vəsaitləri nəşr
olunur. Lakin bunların əksəriyyəti
müasir dövrün
tələblərinə cavab
vermir. Fikrimcə, bu nəşrlər
üzərində mövcud
olan inhisarçılığa
son qoymaqla problemi həll etmək olar. Yəni müasir dövrün
tələbi odur ki, Təhsil Nazirliyinin qrifi ilə nəşr olunan vəsaitlərlə
yanaşı müstəqil
ekspertlərin yazdığı
alternativ vəsaitlərdən
də geniş istifadə olunmalıdır.
Bu sahədə son illər Azərbaycan Prezidenti yanında QHT - lərə Dövlət Dəstəyi Şurasının
yardımı ilə nəşr olunan alternativ vəsaitləri misal göstərmək olar. Yəni rəsmi qurumlardan
fəqli olaraq vətəndaş cəmiyyəti
institutları nümayəndələrinin
yazdığı vəsaitlər
öz demokratikliyi, obyektivliyi ilə o birilərindən fəqlənir.
Çünki son illər
Azərbaycanda sürətlə
inkişaf edən vətəndaş cəmiyyəti
institutları inhisardan
azaddırlar və bürokratik
məngənədən, bürokratik
əngəllərdən uzaqdırlar.
Tələbələrə tədrisdə bir
neçə alternativ
vəsaitdən istifadə
etmək imkanı verilməlidir ki, nəticədə o, demokratik
müzakirələrə, debatlara
hazır olsun. Məhz bu yolla biz dövlətçilik
tariximizi ləyaqətlə
təbliğ edə bilən gənclər ordusu yarada bilərik.
Nigar Abdullayeva
Palitra.-2012.-14 avqust.-S.12.