Ən gənc Olimpiya çempionumuz
Azərbaycana Londonda ilk qızıl
medalı qazandıran
sərbəst güləşçimiz
Toğrul Əsgərov
(60 kq) 1992-ci il
sentyabrın 17-də Gəncədə
anadan olub. Olimpiya çempionumuzun ilk uğuru
2010-cu ilə təsadüf
edib. O, həmin vaxt gənclər arasında dünya birinciliyinin finalına kimi yüksəlib və Avropa çempionu adını qazanıb.
1 il sonra isə yenə gənclərin dünya birinciliyinə qatılıb və burada fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 60 kq çəki dərəcəsində mübarizə aparan qəhrəmanımız 2010-cu ildə böyüklərin də Dünya Çempionatında qüvvəsini sınayıb və burada da gümüş medala sahib olub (55 kq çəki dərəcəsində). Bu il Avropa çempionu adını qazanan Əsgərov 2011-ci ildə Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsinin bürünc mükafatçısıdır. Toğrul Olimpiadaya Bolqarıstanın paytaxtı Sofiyada Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində çempion olmaqla lisenziya qazanmışdı. O, Londonda isə müvafiq olaraq, Almaniya, Yaponiya, ABŞ və Rusiya güləşçilərinə gücünü göstərərək, 19 yaşında Olimpiya çempionluğu sevinci yaşayıb. Olimpiya çempionu Toğrul Əsgərov həm də yeni rekordçu olub. London Olimpiadasının qızıl medalını 20 yaşı tamam olmamış qazanan sərbəst güləşçimiz bununla da ən gənc Olimpiya çempionumuz olub. Çempion yarışdan sonra bunları bildirib: “Hazırda sevincimin həddi-hüdudu yoxdur. Bunu sözlə ifadə etmək mümkün deyil. Olimpiadaya çox ciddi hazırlaşmışdıq. Demək olar ki, 1 ildən çoxdur bunu daha da intensivləşdirmişdik. Mənim əsas rəqibim isə finalda qarşılaşdığım rusiyalı Besik Kuduxov idi. Bunu hamı bilirdi. Həm də yalnız digər rəqiblərimdən fərqli onunla güləşməmişdim. Onu da məğlub etdim, qələbəmi hamı gördü. Çox sevinirəm ki, vətənə qızıl medal bəxş etdim”. T.Əsgərov bildirib ki, Kuduxov görüşdən sonra çox əsəbi görünüb və hətta təbrik üçün lazımi cəsarəti də çatmayıb. Kuduxov isə Rusiya mətbuatına bunları bildirib: «Finala gedən yolda bütün ciddi rəqiblərimi keçdim. Son dünya çempionatlarının hamısında qalib oldum. Olimpiadada da favorit sayılırdım, ancaq bəxtim gətirmədi. Əlbəttə, Allahın nə uğur bəxş etdiyinə sevinmək lazımdır. Ancaq istənilən halda, qalib gəlməməyim çox xoşagəlməzdir. Mən çox məyusam. Nə isə, Rio-de-Janeyrodakı Olimpiadada qızıl medal qazanmağa çalışacağam. Azərbaycanlı rəqib ilə heç vaxt güləşməmişdim və düşünmürdüm ki, mənə belə döyüş verər. Toğrul isə döşək üzərinə çıxıb, dərhal hücum elədi. Mən taktiki cəhətdən döyüşü bir az düzgün qurmadım. Hər döyüşdən-döyüşə daha yaxşı güləşirdim. Finalda niyə belə alındığını bilmirəm. Qızıl qızıl medaldır, gümüş medal isə bürünc kimidir».Qeyd edək ki, Azərbaycan Prezidenti XXX London Yay Olimpiya Oyunlarında inamlı qələbə qazanaraq qızıl medallar almaları münasibətilə sərbəst güləşçilərimiz Toğrul Əsgərovu, Şərif Şərifovu, məşqçilər Saypulla Absaidovu və Firdovsi Umudovu təbrik edib. Dövlət başçısı Azərbaycanın idman şərəfini layiqincə qoruyaraq əldə etdikləri böyük nailiyyəti yüksək qiymətləndirib, idmançılarımıza və onların məşqçilərinə yeni qələbələr arzulayıb. Dosta göndər
Palitra.-2012.-14 avqust.-S.4.