“Alternativ enerjidənn istifadə edən vətəndaşlara güzəşt edilə bilər”

 

Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir sıra məsələlərə toxunan ölkə başçısı bərpa olunan enerji mənbələrindən istifadənin vacibliyini və artıq ölkəmizdə onun yaradılması istiqamətində ciddi işlərin aparıldığını bildirdi və qeyd etdi ki, artıq Bakı və Sumqayıtda Günəş panelləri zavodu fəaliyyətə başlayıb:  

“Hesab edirəm ki, bütün aidiyyəti qurumlar - dövlət qurumları və özəl qurumlar bu zavodun məhsullarından istifadə etməlidirlər. Məsələn, dövlət xətti ilə tikilən yeni evlər, indi zəlzələ bölgəsində, yaxud da ki, məcburi köçkünlər üçün tikilən evlərdə biz Günəş panellərindən daha da geniş şəkildə istifadə etməliyik. Çünki bu, böyük iqtisadi səmərə verəcək, bu, təmiz enerji növüdür. Eyni zamanda bu, yerləri, müasir texnologiyalar, kadrların hazırlanması deməkdir. Hesab edirəm ki, bu sahədə daha da böyük işlər görülməlidir və bizim təcrübə başqa ölkələrdə də öyrənilə bilər. Əlbəttə, bizim üçün bərpa olunan enerji növlərinin yaradılması və genişləndirilməsi çox da təcili xarakter daşımır, çünki bizim zəngin neft-qaz yataqlarımız var. Ancaq bununla bərabər biz bərpa olunan enerji növlərini mütləq inkişaf etdirməliyik”. Ölkəmizdə bu sahənin inkişafı istiqamətində həlli vacib məsələlərlə bağlı müsahibimiz Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) müəllimi, texnika elmləri namizədi, dosent Fuad Məmmədovdur:

- Ölkə başçısı bildirdi ki, dövlət xətti ilə tikilən yeni evlər, indi zəlzələ bölgəsində, yaxud da məcburi köçkünlər üçün tikilən evlərdə Günəş panellərindən daha da geniş şəkildə istifadə edilməlidir. Bunun iqtisadi səmərəsi ilə bağlı nə deyə bilərsiniz?

- Bu təklif mütərəqqi və uzaqgörən mərhələnin başlanması üçün təkandır. Hətta bu təklifdə həvəsləndirici məqamlar da olsa, bu çox yaxşı nəticə verə bilər. Belə ki, bərpa olunan enerji mənbələrindən istifadə edən vətəndaşlar üçün xüsusi sosial yönümlü dotasiyaların və subsidiyaların tətbiqi bu təklifi bir qədər də möhkəmləndirə və əhali arasında maarifləndirmə xarakteri daşıya bilər. Bərpa olunan enerji mənbələrindən istifadə zamanı ekoloji, iqtisadienergetik üstünlükləri görən əhali xüsusi güzəştlərdən də yararlanmağa mütləq can atacaq. Bu da öz növbəsində alternativ enerji sahəsində mərkəzləşdirilmiş şəbəkədən yararlanan və eləcə də fərdi istehlakçıların sayını artıracaq. Ümumiyyətlə, ölkədaxili enerji şəbəkəsinin qurulması digər kommunikasiya xətləri kimi, şəhərsalmada əvvəlcədən nəzərə alınmalıdır. Hətta istilik itkilərinin azaldılması və binalarda temperatur balansının saxlanması məsələləri passiv Günəş enerji sistemlərinin tətbiq edilməsi məqsədilə tikinti zamanı əvvəlcədən nəzərə alınmalıdır. O ki qaldı zəlzələ bölgəsində, yaxud da məcburi köçkünlər üçün tikilən evlərdə Günəş panellərindən geniş şəkildə istifadəyə, bu, irimiqyaslı bir layihə ola bilər ki, gələcəkdə onun da nəticələrinin digər yaşayış və iaşə obyektlərində istifadəsi mümkündür. Dövlət başçısı öz çıxışında alternativ və bərpa olunan enerji növlərinin istifadəsinin səmərəsini geniş şəkildə vurğulayıb. Prezident qeyd etdi ki, biz artıq bərpa olunan enerji mənbələrinin yaradılması ilə ciddi məşğuluq. Bu məsələ ilə bağlı konkret addımlar atılıb, strukturlar formalaşıb. Doğrudan da əgər biz daxili enerji bazarını bərpa olunan enerji hesabına yarada bilsək, onda dövlət başçısının qeyd etdiyi kimi, qənaət olunmuş enerji resurslarının digər dövlətə ixracı mümkündür. Bu yolla biz dünya enerji bazarında respublikamızın potensial enerji imkanlarını artıra bilərik. Eyni zamanda dövlət başçısı bu sahədə kadr hazırlığına da toxunubqeyd edib ki, bərpa olunan enerjidən istifadə texnologiyalarının yaradılması ölkəmizin müasirliyə doğru getməsini əks etdirir.Əlbəttə ki, yeni enerji sektorunun yaradılması çətinliklərlə yanaşı yeni imkanlar açacaq. Bura bərpa olunan enerji istiqamətində yeni fakültələrin yaradılması və ixtisaslı kadrların hazırlanması, daha sonra həmin kadrların işlə təmin edilməsi kimi məsələlər daxildir. Dövlət başçısı bu işlərin enerji siyasətinin genişləndirilməsi və möhkəmləndirilməsi üçün həyata keçirildiyini də vurğulayıb. Belə ki, cənab Prezident öz çıxışında qeyd edib ki, bizim üçün bərpa olunan enerji növlərinin yaradılması və genişləndirilməsi çox da təcili xarakter daşımır, çünki bizim zəngin neft-qaz yataqlarımız var. Yeni yataqlar aşkar edilib. “Şahdəniz”, “Abşeron”, “Ümid” və digər yataqlarımızda 2,6 trilyon kubmetr qaz ehtiyatları var ki, bu da gələn 100 il ərzində bizə və tərəfdaşlara kifayət edəcək. Ancaq bununla bərabər biz bərpa olunan enerji növlərini mütləq inkişaf etdirməliyik. Dövlət başçısının bu təklifi ölkəmizin iqtisadi müqəddəratını həll edən enerji sektorunun daha da inkişaf etdirilməsindən irəli gəlir. Energetika sahəsində strateji məsələlərin düzgün qurulması bu sektorun baza imkanlarını artırır və vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə imkan verir. Bərpa olunanalternativ enerji potensiallarından istifadə sahəsində mühüm addımlar atıldığını vurğulayaraq enerji təhlükəsizliyi barədə dövlət başçısı qeyd etdi ki, enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, bu sahədə də biz ölkə qarşısında duran bütün vəzifələri icra edirik: “Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı həll olunmamış heç bir məsələsi qalmayıbdır. Bütün məsələlər həll edilib. Sadəcə olaraq neft-qaz sektorunun inkişafının indiki mərhələsində biz strategiyamızı düzgün işləməliyik. Bunu müəyyən etmişikbu strateji hədəflərə çatmaq üçün konkret addımlar da atılmalıdır. Bu sahədə görülən bütün işlər haqqında ictimaiyyət bilir”.Mən ümid edirəm ki, yaxın gələcəkdə respublikamızın müasir texnologiyalardan yararlananeffektiv energetik qurğular, avadanlıqlar istehsal edə bilən, geniş həcmli istehsal gücünə malik kompleksləri özündə birləşdirən müstəqil enerji hasil edən bərpa olunan enerji sektoru fəaliyyət göstərə biləcək.

- Belə bir fikir də səsləndi ki, bu istiqamətdə həyata keçiriləcək tədbirlər iş yerləri, müasir texnologiyalar, kadrların hazırlanması deməkdir. Bu sahədə hansı işlər görülə bilər?

- Bu proses kadr hazırlığından başlanmalıdır, misal üçün, deyə bilərəm ki, hazırda Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr, magistr pilləsində təhsil alan tələbələrə alternativ və bərpa olunan enerji mənbələri, onların xalq təsərrüfatında, əsasən də neft sənayesinin müxtəlif texnoloji proseslərində tətbiqi ilə əlaqədar dərslər keçirilir. Eyni zamanda neft sənayesində bərpa olunan enerji növlərinin müxtəlif texnoloji proseslər üçün tətbiqi sahəsində elmi-tədqiqat işləri həyata keçiririk. Həmin elmi-tədqiqat işlərinin məqsəd və vəzifələri çərçivəsində 20-dən çox yeni Günəş və külək energetik qurğuları hazırlamışıq ki, bu qurğularda müxtəlif eksperimentlər aparılır. Yeni müasir texnologiyalar uzunmüddətli eksperimentlərin nəticəsində yaranır və daha sonra tətbiq olunmaq üçün istifadə edilir. Yəni texnologiya elmi əsaslarla işlənilir və elmi-tədqiqatlar nəticəsində ərsəyə gəlir. Təbii ki, sənayenin istənilən sahəsi kimi, enerji sektorunda yeni istiqamətin açılması işçi quvvəsinin artırılması ehtiyacının yaranması deməkdir. Bu sahədə görüləcək işlər həddən artıqdır. Yalnız mərhələlilik prinsipinə əməl etməklə ümumi problemin həlli mümkündür.   

 

Nigar Abdullayeva

Palitra.-2012.-17 avqust.-S.6.