Mədəniyyətlərarası dialoqun gücləndirilməsində
medianın rolu əvəzedilməzdir
Dünən Bakıda TÜRKSOY, İSESCO və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu” mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan kütləvi informasiya vasitələrinin, həmçinin TÜRKSOY-un və İSESCO-nun nümayəndələri iştirak ediblər.
Azərbaycanda
mədəniyyət sahəsi geniş dəstək alır və
ona görə də ölkə mediası bu sahəyə
geniş yer ayırır
Seminarı açan TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı tədbirin əhəmiyyətindən danışıb, onun Azərbaycanda keçirilməsinin heç də təsadüf olmadığını qeyd edib. Gələn il TÜRKSOY-un 20 illik yubileyinin qeyd olunacağını vurğulayan E.Qafarlı ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılmış bu qurumun bir çox beynəlxalq layihələrə imza atdığını bildirib. Qeyd olunub ki, uğurlu fəaliyyətlərlə dolu bu 20 il türkdilli xalqların mədəni həyatının canlanması baxımından qızıl illər kimi qiymətləndirilir. Milli mədəniyyətin və ənənəvi dəyərlərin əhəmiyyət qazandığı son dövrdə TÜRKSOY çoxtərəfli mədəni əməkdaşlıq istiqamətində mühüm işlər görüb. Mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolunun əvəzedilməz olduğunu deyən E.Qafarlı bildirib: “Türk mədəniyyətini dünyaya təqdim edən jurnalistlərə üç ildir ki, “TÜRKSOY-un mətbuat mükafatı” təqdim edilir. Mədəniyyətlərarası dialoqun gücləndirilməsində KİV-lərin iştirakının daha da artırılması və rolunun inkişafı istiqamətində beynəlxalq mədəni təşkilatların diqqət və dəstəyi davam etdirilməlidir». Elçin Qafarlı vurğulayıb ki, kütləvi informasiya vasitələri mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynayır. Onun sözlərinə görə, ötən il Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində TÜRKSOY ilə İSESCO arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bu sənədə əsasən il ərzində bir çox tədbirlərin keçirilməsin nəzərdə tutulub. Hazırda Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu” seminarı da bu tədbirlər sırasındadır. TÜRKSOY və İSESCO-nun fəaliyyəti haqqında danışan E.Qafarlı qeyd edib ki, bütün dünyada olduğu kimi, Avrasiya regionunda da mədəniyyətlərarası dialoqun gücləndirilməsində KİV-lər böyük rol oynayır. TÜRKSOY və İSESCO xüsusilə türkdilli ölkələr arasında dialoqun daha da inkişaf etdirilməsi üçün fəaliyyətlərini davam etdirir. Sazişə əsasən, bundan sonra da keçiriləcək tədbirlərdə təşkilatın üzvü olan ölkələr təcrübələrini bölüşəcəklər. Azərbaycan da təşkilatın üzvü olaraq bu istiqamətdə fəaliyyətini gündən-günə artırır. O qeyd edib ki, Azərbaycanda mədəniyyət sahəsi geniş dəstək alır və ona görə də ölkə mediası da bu sahəyə geniş yer ayırır. Azərbaycan mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və yayılmasında böyük işlər görür. “Amma iştirakçı dövlətlərin hər birində səviyyə eyni deyil” deyən E.Qafarlı əlavə edib ki, Azərbaycan çalışır ki, bu sahə inkişaf etdirilsin. O, TÜRKSOY-a üzv ölkələrdə də bu sahənin inkişaf edəcəyinə inamını ifadə edib.
Azərbaycan mədəniyyətlərarası
dialoq üçün əsas platform rolunu oynamağa
hazırdır
Seminarda İSESCO-nun baş katibinin müavini Muhtar Ahmedin adından təşkilatın müraciəti oxunub. Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə Azərbaycan mədəniyyətinin təbliğində bir çox işlərin göründüyünü bildirib, mədəniyyətlərarası dialoqun çox vacib bir məsələ olduğunu qeyd edib. Bildirib ki, bu, artıq qlobal bir prosesə çevrilib və Azərbaycan bu prosesin əsas tərəfdaşıdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən irəli sürülən təşəbbüslər mədəniyyətlərarası dialoqun inkişafında böyük əks-sədaya səbəb olub. O qeyd edib ki, mədəniyyətlərarası dialoqun inkişafında mediadan çox şey asılıdır: “Qloballaşan dünyada mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi üçün medianın üzərinə mühüm vəzifələr düşür. Bu sahənin genişləndirilməsində həssas yanaşma olmalıdır, media bu sahədə özünü tapmalıdır”. O həmçinin qeyd edib ki, beynəlxalq korporasiyalara bu sahənin inkişafı, təbliği və digər məsələlərlə bağlı xüsusi tövsiyə verilməlidir ki, onlar da öz gündəlik təqdimatlarında xalqların bir-birinə yaxınlaşmasına töhfə versinlər: “Bəzən biz bu halların əksini görürük, bəzən xalqlar arasında ksenofobiya kimi mənfi amillərin təsirinə şərait yaradan xüsusi qruplarla rastlaşırıq. Amma bacardığımız qədər ümumbəşəri bir məsuliyyət olaraq hər birimiz daxildə mədəniyyətlərarası dialoqun inkişafını bir ideya olaraq möhkəmləndirməliyik”. Şöbə müdiri qeyd edib ki, təmsil olunduğu nazirlik mədəniyyətin təbliği, xalqların mədəniyyətlərarası dialoqa cəlb edilməsi, həm də Azərbaycanın tolerant mədəniyyətinin qlobal səviyyədə təbliğində istənilən dəstəyi göstərməyə hazırdır. Azərbaycan tərəfi mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsində, şəbəkələndirmə, mərkəz, əsas platforma rolunu oynamağa hazırdır:“2008-ci il konfransında BMT-nin Sivilizasiya Alyansı ilə YUNESKO arasında əməkdaşlıq məhz Bakıda imzalandı. Yəni onu göstərir ki, Azərbaycan əsl mədəniyyətlərarası modelini dünyaya təbliğ etməyə qadirdir”. O, keçirilən tədbirin istənilən tövsiyəsinin öz fəaliyyətlərində nəzərə almağa hazır olduqlarına da söz verib.
Dialoqun
inkişaf etdirilməsində jurnalist peşəkarlığından
çox şey asılıdır
Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli
bildirib ki, hazırda mədəniyyətlərarası dialoqun
sağlam məcrada inkişaf etdirilməsi məsələsi
olduqca aktualdır. Bəşəriyyətin indiyə qədər
keçib gəldiyi yol
sübut edir ki, mədəniyyətlərarası dialoq olmadan dünya yalnız fəlakətlərə
sürüklənə bilər. Vüqar
Səfərli bildirib ki,
mədəniyyətlərarası dialoqun
inkişafında medianın rolu əvəzsizdir
və bu sahədə jurnalistlər
arasında dialoqun qurulması vacibdir. Onun sözlərinə
görə, mədəniyyətlərarası dialoqun
təşviq edilməsi istiqamətində medianın üzərinə
böyük vəzifələr düşür: “Heç
kəsə sirr deyil ki, mədəniyyətlərarası dialoqla bağlı daha dolğun məlumatı kütləvi informasiya vasitələri çatdırır.
Bu baxımdan Azərbaycan mətbuatı
tarixən tolerantlığa, millətlərarası münasibətlərin
inkişafına və sülhə xidmət edib».
Deyilənlərin Prezident İlham Əliyevin 2008-ci ildə
imzaladığı Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Konsepsiyasında da öz
əksinin tapdığını bildirən V.Səfərli əlavə
edib ki, hər il fond müntəzəm olaraq sözügedən sahənin inkişafı
üçün KİV-lərə maliyyə
dəstəyi verir. O, müasir
dünyada mədəniyyətlərarası
dialoqun inkişaf
etdirilməsində jurnalist peşəkarlığından daha çox şey
asılı olduğunu vurğulayıb. Onun sözlərinə
görə, hər bir jurnalist
ictimai fikirdə hər hansı mənfi
obrazların yaradılmasının nə ilə nəticələnəcəyini çox
yaxşı dərk etməlidir. Çıxışlardan sonra “Qərbə doğru
axan çay” sənədli
filminin qısa təqdimatı olub. Seminarda Bahçeşehir Universiteti
Mədəniyyət Araşdırma Mərkəzinin rəhbəri
Bəkir Karlıca məruzə ilə çıxış edib. Sonra keçirilən müzakirələrdə millət
vəkili Qənirə Paşayeva,
Qırğızıstan AKİ-Press-in redaktoru Yıldız Orospakova,
Tacikistanın “Axşam” qəzetinin sayt redaktoru Nəzərəli
Pirnəzərov, “525”-ci qəzetin baş redaktoru Rəşad
Məcid, Özbəkistan “CA-news”-in Orta Asiya
xəbər servisindən Ümidə Maniyazova
və başqa media rəhbərləri
çıxış ediblər.
Media
mütəxəssislərindən ibarət şəbəkə
yaradılmaladır
Qeyd edək ki, beynəlxalq seminar İSESCO və TÜRKSOY ilə bağlı tövsiyələr hazırlayıb. Seminarın sonunda qəbul olunan sənədə görə, dialoq, qarşılıqlı anlayış, xoş məram və birgə yaşam kimi dəyərlərin cəmiyyətdə bərqərar olması üçün ünsiyyət, mədəniyyət, turizm və idman forumlarının təşkilini təmin etmək məqsədilə İSESCO-dan iştirakçı ölkələrdəki rəsmi və özəl media qurumları ilə yanaşı, QHT-lərə də dəstək olması tələb edilib. Həmçinin fərqli topluluqlara neqativ münasibətlərə qarşı ictimaiyyətdə və siyasi mühitdə müsbət bir yanaşmanın sərgilənməsini təmin etmək məqsədilə TÜRKSOY-dan iştirakçı ölkələrdəki media qurum və mütəxəssisləri üçün faydalı olacaq mədəniyyətlərarası yığıncaq və simpoziumların təşkili tələb edilib. Seminarın yekun sənədində mədəniyyətlərarası dialoq sahəsində fikir və təcrübə mübadiləsini dəstəkləmək məqsədilə media mütəxəssislərindən ibarət şəbəkənin yaradılması və müxtəlif xalqlar arasında mədəniyyətlər, dinlər və etnik qruplararası ittifaq və birliklərin dəstəklənməsi qeyd olunur. Seminar iştirakçılarının müzakirə etdiyi mövzular arasında öz ölkələrinin kütləvi informasiya vasitəsilərində mədəniyyətlərarası dialoq və mədəni həmrəyliyin dəstəklənməsi və fərqli mədəniyyətlərin bir-birilərini anlamaları ilə əlaqədar təcrübələrə geniş yer verilib.Qeyd edək ki, beynəlxalq konfransın iştirakçıları dünən Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Anar Miriyev
Palitra.-2012.-29 avqust.-S.5.