«Dövlətçilik
tarixi ilə bağlı silsilə
verilişlərin, silsilə təbliğat mexanizminin
olması vacibdir”
Layihə çərçivəsində
növbəti müsahibimiz Milli Düşüncə İnstitutunun
(MDİ) rəhbəri Taryel Faziloğludur:
- Azərbaycanın
böyük dövlətçilik tarixi var. Ancaq dövlətçilik tariximizin
iki mərhələsi var
ki, bunları bir-birinə qatmaq,
eyni zamanda ayırmaq da olmaz. Birincisi, ta qədimdən 5 min illik tarixə malik olan dövlətçilik
tarixidir. Eradan əvvəl III minillikdə
bu ərazilərdə
Aratta kimi şəhər-dövlətləri ilə başlayan dövlətçilik tarixinin
birinci mərhələsi
Gülüstan-Türkmənçay müqaviləsinə qədər
ümumi bir xətt üzrə gəlir. Ondan sonra dövlətçilik
tariximizin ikinci mərhələsi başlayır.
Ona bağlı olsa da, tam fərqli bir şəkildə inkişaf edir. Çünki burada artıq çar Rusiyasının tərkibi
məsələsi və
qısa da olsa, 23 aylıq müstəqil cümhuriyyətimiz
dövrü var. Sonra Azərbaycanın SSRİ tərkibində
özünü tanıtması
və qəbul edilməsi, nəhayət,
1991-ci ildən artıq
müstəqil dövlət
kimi yoluna davam etməsi var. Bəzən 5 min illik tarix ümumi götürülür və
o zaman İranla birgə tarix meydana gəlir ki, bu da
müəyyən qədər
həm yanlışlıqlara
səbəb olur, həm də tarixi həqiqəti təhrif etmiş olur. Bəziləri isə dövlətçilik
tarixini cümhuriyyətdən
bu yana
götürür ki, bu zaman da
tamamilə bir çox şeyləri unudurlar. Çünki Azərbaycan dövlətçilik
tarixi cümhuriyyət
dövründən başlaya
bilməzdi və o, özü müəyyən
bir tarixin üzərində quruldu.
Cümhuriyyəti quran insanların
çıxışında belə Qafqazdakı türklərin müstəqilliyi
əsas fikir olub. Yəni bu məsələnin
eyni kökdən gəldiyini, amma müəyyən dövrdən
sonra Azərbaycanın
dövlətçilik tarixinin
ayrılan bir xətt üzrə inkişafını qəbul
edərək bu prosesə qiymət vermək lazımdır.
- Sizcə, bu gün dövlətçilik
tariximiz kifayət qədər təbliğ olunurmu?
- Azərbaycan dövlətçilik
tarixinin, milli-mənəvi
dəyərlərin təbliği
ilə bağlı bir sıra problemlər
mövcuddur. Belə ki, Azərbaycan
dövlətçilik tarixi
ilə bağlı silsilə verilişlərin,
silsilə təbliğat
mexanizminin olması vacibdir. Bu istiqamətdə
“Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”
dərc olunub. Ancaq onun təbliği həyata keçirilməlidir.
Əsasən peşəkar adamlar,
sırf tarixçilər
bu ensiklopediya ilə maraqlanırlar.
Bəzən milli-mənəvi dəyərləri köhnə
fikir, gerilik kimi qəbul edənlər var. Mövcud
problemlərdən biri
də ailə institutu ilə bağlıdır. Hər bir
millət öz kökündən, dəyərlərindən
qopmamalıdır. Tarix
elmi elə bir elmdir ki,
iki cür təqdim olunur: ilk olaraq akademik baxış, yəni tarixi faktlar təhrif olunmadan konkret olaraq mütəxəssislər tərəfindən
tədqiq olunan tarix, ikinci olaraq
da populyar, yəni cəmiyyətə
təqdim edilən tarix. Populyar tarixdə dövlət
siyasəti önəm
daşıyır və
siyasətin ona təsiri labüddür.
Amma akademik yanaşmada bütün tarixi faktlar və reallıq qəbul edilir. Etnoqrafiya, şifahi xalq
ədəbiyyatı, folklor,
milli-mənəvi dəyərlərlə
bağlı güclü
qorunma mexanizminin olması vacibdir. Bu, xüsusi diqqət,
yanaşma, baxış
tələb edir.
“Mentalitet köhnəlikdir”
düşüncəsi gənclərin
bir qisminin əxlaq sistemi ilə bağlı problemlərinin yaranmasına
gətirib çıxarır.
Bu gün gənclərin
bir-birinə yanaşmasında
fərqliliklər müşahidə
olunur. Onlarda inamsızlıq var,
ailə dəyərlərinə
inamı yoxdur. Ancaq bütün bunlar Azərbaycanın özünü
tanıtmasında böyük
rol oynayan dəyərlərdir. Bu dəyərlərə antipatiya
formalaşmasına imkan
verməməliyik. Çünki
bu nəinki bu gün, gələcək
üçün təhlükəli
ola bilər.
- Aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanan
tarixi abidələrin
qorunması, təbliği
istiqamətində hansı
addımların atılmasını
vacib hesab edirsiniz?
- Son vaxtlar arxeologiya sahəsində bir sıra yeniliklər müşahidə olunur. Belə ki, yeni-yeni arxeoloji
abidələr aşkarlanıb.
Ağcabədi ərazisində
şəhər qalıqları,
Ağsuda XV əsrə
aid şəhər qalıqları,
Salyanda tanrıçılığa
aid, sufi ayinlərini özündə
ehtiva edən əmək alətləri,
saxsı qablar tapılıb. Son zamanlar Azərbaycan arxeologiya elmindəki inkişaf bizi çox sevindirir və bu, Azərbaycanın
tarixi, qədimliyi ilə bağlı çox yaxşı amildir. Ancaq mən eyni zamanda istərdim ki, həmin tapıntıların qorunma
mexanizmi formalaşsın.
Çox
təəssüflə demək
olar ki, Quba soyqırım məzarlığı hələki
mühafizə sistemi ilə əhatə olunmayıb. Orada aşınma
prosesi gedir və bu davam
edərsə, problemlər
yarana bilər. Ancaq həmin məzarlıq tarixi faktdır və əlimizdə olan ən böyük
ideoloji, informativ silahlardan biridir. Bundan başqa Şəmkirdə
tapılan qala ilə bağlı da eyni vəziyyətdir.Yaxud
Goranboy ərazisində
arxeoloji qazıntı
aparılan ərazidə
restoran yerləşib.
Tarixi abidələrimizin aşkarlanması
çox müsbət
haldır, ancaq onların aşkarlanması
işin başlanğıcıdır.
Onların qorunub dövlət
irsinə, mühafizəsinə
salınaraq mənəvi
xəzinələrin tərkibində
saxlanması əsas şərtdir.
- Sizin rəhbərliyinizlə yeni
Milli Düşüncə
İnstitutu yaradılıb.
Təşkilatın yaranma səbəbi
ilə bağlı nə deyərdiniz?
- Məqsədimiz təbliğat,
tədqiqat və tətbiqi bir yerə toplayan, özündə ehtiva edən bir təşkilat
yaratmaqdır. Azərbaycanın milli düşüncəsində,
təfəkküründə fikirlərin, hansısa boşluqlar nəticəsində
yaranmış problemlərin
araşdırılması, ortadan qaldırılması,
ideoloji təfəkkürün
tətbiq edilərək
cəmiyyətə təqdim
olunmasını özündə
ehtiva edir. Fəaliyyət istiqaməti üç
mərhələdən ibarət
olacaq. Bütün
sahələr üzrə
tədqiqat işləri
aparılması, bu tədqiqatlar aparıldıqdan
sonra onların təbliğatının təşkil
edilməsi, eyni zamanda bir çox
tədbirlər səviyyəsində
həmin fikirlərin
cəmiyyətə çatdırılması
və kütləvi tədbirlərin təşkili
əsas iş planına daxildir. Çalışırıq ki, Milli Düşüncə İnstitutu
sözün əsl mənasında öz üzərinə götürdüyü
missiyanı layiqincə
yerinə yetirsin.
Yeni təşkilat olduğu üçün hələki
hazırlıq mərhələsindədir.
Sentyabrın sonu-oktyabrın əvvəlindən
aktiv fəaliyyətə
başlayacağıq.
- Bu gün ölkədə bir çox QHT fəaliyyət
göstərdiyi bir vaxtda MDİ hansı fərqli fəaliyyət təqdim edəcək?
- Ölkədəki çoxsaylı
QHT-lərin bir neçə faizi milli məsələlərə
yönəlmiş fəaliyyətlə
məşğuldur. Bəziləri liberal dəyərlər, insan hüquqları, dövlət
maraqlarından kənar,
ümumbəşəri məsələlərlə
məşğul olan,
konkret olaraq milli və mental dəyərləri qəbul
etməyən insanlar tərəfindən qurulan
təşkilatlardır. Bu baxımdan mən
düşünürəm ki, o cür təşkilatların ölkədə
meydan sulaması nəticə etibarilə Azərbaycanın dövlət
və dövlətçilik
maraqlarına heç
də yaxşı xeyir vermir. Dövlətin əsasını təşkil edən milli və dövlət
maraqlarıdır. İstənilən dövlət o zaman güclü olur ki, onun vətəndaşı
dövlətlə fəxr
edir və onun fəaliyyəti, inkişafı üçün
müəyyən işlər
görməyi özünə
borc sayır. Təəssüf ki, ölkədə
fəaliyyət göstərən
bəzi təşkilatlar
xaricdən maliyyələşdiyinə
görə, yaxud müxalif cəbhənin insanları olaraq, siyasi maarifçiliyi zəif olduğu üçün, bilərəkdən,
yaxud bilməyərəkdən
hökumətə qarşı
narazılıqlarını bildirmək naminə dövlət maraqlarını
tamamilə çeynəyirlər.
Bu mənada Azərbaycanda
fəaliyyət göstərən
QHT-lərin içərisində
düşünürəm ki, milli maraqları,
milli təfəkkürü
cəmiyyətə təqdim
edən, insanlarda Vətən, millət, dövlət sevgisi və qürur aşılayan təşkilatlara
böyük ehtiyac
var. Mən iddia etmirəm ki, biz bütün bunların hamısını edəcəyik.
Amma düşünürəm ki,
təşkilat olaraq Milli Düşüncə
İnstitutunun Azərbaycan
insanının Vətəninə,
millətinə, dövlətinə
sevgi və qürur hissinin aşılanmasında kiçik
də olsa öz payı olacaq.
Nigar Abdullayeva
Palitra.-2012.-29 avqust.-S.11.