“Elə qədim müəlliflər var ki, onların əlyazmalarının yalnız bir nüsxəsi dünyada mövcuddur

 

Ötən sayımızda layihə çərçivəsində əlyazmalarla bağlı bir yazımız getmişdi. Məlum olduğu kimi, əlyazmalar hər bir millətin zəngin xəzinəsi, onun keçmişindən və zəngin mədəniyyətindən xəbər verən qiymətli və əvəzsiz mənbədir. Əlyazmalar həm də hər bir etnosun, millətin yazı mədəniyyətini nümayiş etdirir. Əlyazmalar illər boyu getdikcə artır və zəngin mədəniyyətin ifadəsi, tərkib hissəsi kimi daim aktuallığını saxlamış olur. Ona görə də əlyazmaları əldə etmək, qorumaq, eləcə də gələcək nəsillərə çatdırmaq olduqca böyük önəm daşıyır. Bu baxımdan  “Azərbaycan mədəniyyəti və kulturoloji maarifləndirmə” layihəsi çərçivəsində bu dəfə xarici ölkələrdə və dünya kitabxanalarında mövcud olan əlyazmalarımız və onların əldə edilməsi məsələlərinə toxunduq.  

 

Mövzu ilə bağlı olaraq Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Paşa Kərimov bizə məlumat verir.P.Kərimov öncə dünya ölkələrinin çoxunda Azərbaycan mənşəli əlyazma mənbələrinin olduğunu diqqətə çatdırdı: “Məsələn, dünyanın elə bir Şərq əlyazmaları kitabxanası yoxdur ki, orada bizim əlyazmamız olmasın. Düzdür, müəyyən maliyyə problemlərimiz var, amma imkanlarımız da var ki, müxtəlif ölkələrdəki əlyazmaları tədricən ölkəmizə gətirək. Avropanın, eləcə də dünyanın müxtəlif ölkələrində saxlanılan əlyazmaların hamısı kataloqlaşdırılmadığından hansı ölkədə Azərbaycana aid nə qədər əlyazma olduğu da dəqiq bilinmir. Bunu dəqiqləşdirmək hələki bir qədər çətindir. Hər halda bu sahədə hazırda ciddi irəliləyişlər də var. Belə ki, əlyazmaların surəti olsa belə, onların əlimizdə toplanılması və tədqiq olunması prosesi getməkdədir. Bununla hələ naməlum qalan bir sıra elmi məqamlara da aydınlıq gətirmək imkanımız olur.        Alim daha sonra qeyd edir: “Bizim işimizin çox vacib bir istiqaməti həm də Azərbaycandan kənarda olan qədim əlyazmalarımızın kataloqunun nəşr edilməsidir. Bu, çox çətin işdirbir o qədər də asan başa gələn deyil. Çünki elə ölkələr var ki, həmin ölkələrdə əlyazmalar heç kataloqlaşdırılmayıb. Məsələn, Əfqanıstanda, Pakistanda bizim xeyli sayda belə əlyazmalarımız var. Bu əlyazmalar müəyyən qədər İranda və Türkiyədə də var”.

Konkret olaraq hansı əlyazmaların Əfqanıstan və Pakistanda olmasına gəlincə, alim bu barədə belə məlumat verdi: “Biz bu barədə kifayət qədər geniş məlumata malikik və həm də bu cür xarici ölkələrdə, Şərq ölkələrində mövcud olan əlyazmaları əldə edirik, ölkəmizə qaytarırıq. Məsələn, Şah İsmayıl Xətainin Əfqanıstanda əlyazmasının saxlandığı barədə biz ingilis alimlərinin birinin məqaləsi vasitəsilə xəbər tutmuşuq. Məlum olduğu kimi, o dönəmlərdə Əfqanıstan da bir çox digər ölkələr kimi, Səfəvilər dövlətinin tərkibində olub. Eləcə də çoxlu sayda bu cür qədim əlyazmalarımız Pakistanda saxlanılır. Bu ölkədəki səfirlərimizdən biri həmin əlyazmaların surətini çıxararaq bizə təqdim edib. Həmçinin digər ölkələrdəki səfirlərimiz də bu işdə bizə yaxından kömək edir. Məsələn, Macarıstanda səfirimiz olan Həsən Həsənov o zaman bizimlə əlaqə saxlayıb və bizə bir neçə əlyazmanın surətini verib. O, ötən il “Macarıstanda Azərbaycan-türk əlyazmaları” adlı kitab yazıb və çap edib. Bundan başqa qeyd edildiyi kimi, Azərbaycan əlyazmaları dünyanın çoxlu muzey və kitabxanalarında da saxlanılır”.Alim onu da qeyd edir ki, elə qədim müəlliflər var ki, onların əlyazmalarının yalnız bir nüsxəsi dünyada mövcuddur. Buna misal olaraq P.Kərimov alim və filosof Səid Yəhya Bakuvinin adını çəkdi: “Orta əsrlər alimimiz olan Səid Yəhya Bakuvinin 14-cü əsr coğrafiyasına aid olan əsərinin yeganə nüsxəsi Paris Milli Kitabxanasında saxlanılır. Bu əsəri vaxtilə akademik Ziya Bünyadov tədqiq edərək tərcümə və nəşr edib”.

Alim qeyd edir ki, hər hansı bir əlyazma qiymətli elmi-tarixi mənbə olmaqla yanaşı həm də maraqlı bir kəşf önəmi daşıyır: “Məsələn, mən 17-ci əsr Azərbaycan ədəbiyyatı tarixinin tədqiqi ilə məşğulam. İki il öncə mən İranda, Türkiyədə, Almaniyada saxlanılan xeyli sayda həmin dövrə aid olan şairlərimizin əsərlərini tapdım. Həmin əlyazmalar imkan verir ki, o dövrə aid Azərbaycan ədəbiyyatının tam təqdimatı mümkün olsun. Bu əlyazmalardan birini - Vahid Qəzvininin əsərini mən öz şərhlərimlə çap etdirmişəm. Bunu xüsusilə qeyd etməliyəm ki, buna qədər həmin müəllifin Azərbaycan dilində divanı, şeirlər toplusu olduğunu kimsə bilmirdi. Qəzvini görkəmli siyasi xadim və Səfəvi şahının baş vəziri olub. O, beş şahın yanında vəzir vəzifəsində çalışıb və əslində dövlətdə ikinci adam olub. Onun əlyazmasını Berlin dövlət kitabxanasından əldə etmişik. Bizim Cənubi Azərbaycandan olan və orada yaşayan dostumuz əlyazmanın surətini əldə etməyə bizə kömək etdi. Əlyazma ilə iş zamanı şeirləri tədqiq edərək belə bir əminliyə gəldim ki, bizim bütün şairlərimiz, eləcə də siyasi xadimlərimiz sarayda yaşamalarından asılı olmayaraq azərbaycanca, canlı xalq danışıq dilini yaxşı biliblər”.

Azərbaycan dili, Anadolu türkcəsi, ümumən türkdilli əlyazmaların tədqiqi ilə məşğul olduğunu deyən alim bildirir ki, Azərbaycan şairi Qövsi Təbrizinin divanının ilk dəfə elmi-tənqidi mətnini dünyanın müxtəlif ölkələrində saxlanılan nüsxələr əsasında tərtib edib: “Həmçinin 17-ci yüzillikdə yaşamış şair Mürtəzaquluxan Şamlunun divanını bütöv halda çap etdirmişəm. Bir çox sənətkarlarımız barəsində məhz birbaşa mənbələr, əlyazmalar əsasında ilk dəfə mən məlumat vermişəm”.

Paşa Kərimov onu da qeyd edir ki, 17-ci yüzililliyə aid şairlərin şeirlərini tədqiq edərkən belə bir nəticəyə gəlib ki, həmin dövrdə keçirilən Novruz bayramlarında şairlər saraya gələrək bu bayrama, eləcə də şaha həsr olunmuş şeirlər oxuyublar. Bu, möhkəm bir ənənə halını alıbmış. O da bildirilir ki, 17-ci əsr ədəbiyyat tariximiz o qədər də tanınmır. Bu isə həmin dövrün daha çox tədqiq edilməməsi ilə əlaqədar sayılır. Bu barədə fikirlərini bildirən P.Kərimov qeyd edir ki, doğrudan da həmin dövr haqqında məlumat çox az olub: “Söhbət həmin dövrdə anadilli poeziyamızın tədqiqi səviyyəsindən gedir. 17-ci yüzillikdə dünya miqyaslı şairimiz olan Sahib Təbrizli yaşayıb-yaradıb, fəaliyyət göstərib. Onun cəmisi 17 şeiri ana dilimizdədir. 100 mindən çox beyti isə farscadır. Həmin dövrün Azərbaycan dilində yazan şairlərindən biri isə qeyd etdiyim kimi, Qövsi Təbrizi olub. Bundan başqa Tərzi Əfşar həm farsca, həm də azərbaycanca yazıb, Vahid Qəzvini, Məlik bəy Avcı, M.Şamlu və başqalarının həyat və yaradıcılığı da bildiyimiz kimi, bu dövrə aiddir. Bütün bunlar o dövrdəki poeziyamızın inkişafından xəbər verir. Abbas Tufarqanlı, Sarı Aşıq kimi ozanlarımız da həmin dövrdə yaşayıblar. A.Tufarqanlı da dövrünün savadlı adamlarından biri olub. Bu cür material dil tariximiz üçün də böyük və zəngin faktlar verəcək”. Alimin qənaətincə, xalq şeiri həmin vaxtlarda ədəbiyyata daha güclü təsir etməyə başlayıb. 

 

 

İlkin AĞAYEV

 

Palitra.- 2011.- 5 avqust.- S.6.