Avropa Azərbaycanlıları Konqresinin sədri Başar
Kömür: “Anam deyərdi
ki, bu dağın arxasında Azərbaycan və orada qohum-əqrəbalarımız
var”
Azərbaycanda dünya azərbaycanlılarının
qurultaylarının keçirilməsi artıq ənənəyə
çevrilib. Bugünlərdə Bakıda Dünya Azərbaycanlılarının
III Qurultayı reallaşdı. Bu qurultayda ölkə
başçısı da bildirdi ki, dünyada fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatları
artıq tam formalaşıb. Bu gün xaricdəki diaspor təşkilatlarımız
fəaliyyətini daha da genişləndirməklə ölkəmizlə
bağlı reallıqların, həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılmasında mühüm
rol oynayırlar. Müsahibimiz Avropa Azərbaycanlıları
Konqresinin sədri Başar Kömürdür:
-
Bakıda artıq Dünya Azərbaycanlılarının III
Qurultayı keçirildi. Birinci qurultayımız Azərbaycan
uğruna yola düşənlərin qurultayı idi. İkinci
qurultay isə “haqq verilməz, alınar” deyənlərin
qurultayı idi. Üçüncü qurultayda isə biz beynəlxalq
təşkilatlardan Azərbaycanın işğal
altındakı torpaqlarının qaytarılmasını və
məcburi köçkünlərin hüquqlarının
müdafiəsini istəyirik. Bu günə qədər beynəlxalq
təşkilatlar bizə istədiyimizi, haqqımızı
verməyiblər. Ona görə də biz Azərbaycan diasporu
olaraq öz millətimiz və dövlətimizlə birgə
torpaqlarımızı almaq üçün hər şeyə
hazırıq. Hüquqlarımıza sahib çıxa biləcəyimizi
nümayiş etdirmək istəyirik. Digər tərəfdən
Azərbaycan diasporu çox yüksək tərəqqi edib. Bu
gün artıq cəmiyyətlər səviyyəsindən
akademik səviyyəyə çatıb. Artıq
işçi qruplar var, insanlar qurultaylarda azad şəkildə
fikirlərini söyləyə bilirlər. Onların təklif
və rəyləri nəzərə alınır. Biz
dünyada layiq olduğumuz yeri tutmaq üçün hər
şey edirik. Bu qurultayın səviyyəsi dövlətin,
millətin və diasporun bir olmasındadır. Burada
diasporumuzun görəcəyi işlər
planlaşdırılır.
- Ölkə
başçısı qurultayda çıxışı
zamanı bir sıra tövsiyələr verdi. Bunların
diasporumuzun fəaliyyətində rolu ilə bağlı nə
deyə bilərsiniz?
-
2001-ci ildə ulu öndər Heydər Əliyevin
başlatdığı diaspor fəaliyyəti hazırda
hörmətli dövlət başçımızın dəstəyi
və böyük əməyi sayəsində davam etdirilir.
Ölkə başçısının bu qurultayda
çıxışı Azərbaycan diasporunun gələcəyinin
formalaşmasıdır. Artıq yolumuz, proqramımız bəllidir.
Dövlət də diaspor ilə onun nümayəndələri
arasındakı hüququ çox yaxşı şəkildə
izah edib. Belə demək mümkünsə, millətsiz
dövlət ola bilməz, dövlətsiz də diaspor ola bilməz.
Bu fikir orada çox gözəl şəkildə
aydınlaşdırıldı. Mən bu
çıxışı gələcəyimiz
üçün işıqlı yolun gəlişi olaraq
görürəm. Bu çox gözəl, tarixi bir
çıxışdır. İnanıram ki, burada irəli
sürülən tövsiyələr də yerinə yetiriləcək
və müsbət nəticələr verəcək. Dünya Azərbaycanlılarının
III Qurultayı Azərbaycan dövləti ilə Azərbaycan
diasporunun möhkəm birliyinin bariz nümunəsidir. Azərbaycan
Prezidentinin qurultaydakı nitqi dövlət, millət və
diaspor arasındakı münasibəti çox
açıq-aydın şəkildə ortaya qoydu. Bu, bizim
üçün proqram və yoldur. Azərbaycanın hər
bir diaspor nümayəndəsi bunu anlayıb. Eyni zamanda
düşmənlərimiz də görüb anlayırlar ki,
biz artıq birik və bu birliyimiz gələcək
uğurlarımızın təməlini qoyacaq. Bir dövlətin
tanınması üçün müxtəlif sahələrdə
işlər görmək lazımdır. Biz artıq Azərbaycan
diasporu olaraq təşkilatlanmada cəmiyyətlər səviyyəsini
keçmişik. Artıq peşəkar rəssamların,
ziyalıların, incəsənət xadimlərinin
hamısının yer aldığı işçi qrupları
yaratmaqla millətimizin mədəniyyətini tanıtmağa,
dostlar əldə etməyə
çalışmalıyıq.
- Bu gün türk
xalqlarının diaspor təşkilatlarının birgə fəaliyyəti
necə qarşılanır?
- Əlbəttə,
biz düşmənlərimizə qarşı öz
soydaşlarımızla birləşməliyik. Harada bir
türk varsa, orada bir azərbaycanlı olmalıdır. Bu
artıq başa düşülüb və illər uzunu
formalaşıb. Biz həmişə türk qardaş və
bacılarımızın dəstəyini alırıq. Ermənistanla
sərhədlərin açılması məsələsində
bütün dünyaya çatdırdıq ki, Azərbaycanın
işğal edilmiş torpaqlarının məsələsi həll
olunmadan sülh ola bilməz. Bunu Azərbaycan və Türkiyə
diasporu bütün dünyaya bəyan edib. Bu böyük bir
işdir. Harada bir türk
diasporu varsa, orada Azərbaycan diasporu da var. Çünki Azərbaycan
dövləti diasporun
fəaliyyətini dəstəkləyir
və bu heç bir türk dövlətində
yoxdur. Azərbaycan dövləti digər türk dövlətlərinin
də mənfəətini
qoruyan bir diaspor yaratdı və bu gün
çox uğurlu bir iş görür.
Artıq
Bakı türklərin
“Məkkə”sinə çevrilib
ki, biz burada toplaşırıq.
- Almaniyadakı diasporumuz tərəfindən
Azərbaycan reallıqları
davamlı olaraq izlənirmi?
- Bizim fəaliyyətimiz
1988-ci ildə Almaniyanın
Mayns şəhərində
başlayıb. Bakı ilə
Mayns qardaşlaşmış
şəhərlərdir. Mənim anam deyərdi ki, “Bu dağın arxasında Azərbaycan və orada qohum-əqrəbalarımız
var. Amma ruslar gəldi, artıq nə gələn var, nə də
gedən”. Mən də
həmin sözü yadımda saxladım və sonralar buraya - qardaş-bacılarımın
yanına gəldim.
Onlara kömək etmək mənim qardaşlıq borcum idi. Həmin ərəfədə azərbaycanlılar
İrəvandan çıxarıldılar.
Bu bir qədim
türk dövlətidir
və İrəvan adlanır. Gavur deyilən ermənilər
bizim milləti öz doğma torpaqlarından çıxardılar.
Həmin
vaxt biz bununla bağlı Strasburqa getdik, Avropa Şurasında görüşlər
keçirdik. Biz millətimizin hüquqlarını
qorumaq üçün fəaliyyət göstərdik.
Amma bu mənim vəzifəmdir,
borcumdur. Diasporun işi
də millətin ağrı-acısına dərman
olmaqdır. Valideynlərin bizə verdiyi mirasdır. Miras təkcə var-dövlət
deyil. Millətin dərdi də
mirasdır. 20 Yanvar faciəsi zamanı biz orada qərar tuta bilmirdik. Şükürlər olsun ki, bu təhlükə aradan qalxdı. Mənim qohumlarım, valideynlərim
Bakını görə
bilmədilər. Mən Bakını
çox sevirəm.
Azadlıqdan, öz bayrağının
altında olmaqdan daha gözəl bir şərəf yoxdur. Biz bu
şərəfə sahib olmuşuq,
onu qorumalıyıq, saxlamalıyıq, bu dövlətin rəhbərlərinə
dəstək olmalıyıq.
Problem olmayan ölkə
yoxdur. Ən yaxşı ölkələrdə
belə ac, dərman tapa bilməyən insanlar var. Biz də səbirlə bu azadlığın dünyada
ən uca, 160 metr yüksəklikdə dalğalanan bayrağına
sevinməliyik. Mən fəxrlə
deyirəm ki, azad Azərbaycanın soydaşlarıyıq.Almaniyada yaşayan
azərbaycanlılar burada
olanları izləyirlər.
Son baş verən
hadisələrdən biri
kimi “Eurovision-2011” qələbəsini
böyük coşqu ilə qeyd etdilər.
İnsanlar gecəyarısı küçələrə axışaraq
bir-birilərini təbrik
edirdilər. Bütün Azərbaycan
və türk diasporunun nümayəndələri
qələbə sevincini
birlikdə qeyd etdilər. Almaniyada yaşanan bu
coşqunu sözlə
anlatmaq mümkün deyil. Azərbaycanlıların
yaşadığı bütün
şəhərlərdə böyük bir coşqu hiss olunurdu. İstər diplomatlar, istər sadə insanlar, istərsə də ziyalılar bu qələbəni böyük
coşqu ilə qeyd edirdilər. Telefonlar dayanmır, hər kəs bir-birini təbrik edirdi. Azərbaycan mədəniyyətinin tanınması
da bizi çox
sevindirir. Televiziya
vasitəsilə Bakıda
gördüyümüz sevinc
Avropa şəhərlərində
də hiss olunurdu. Azərbaycan və türk diasporları bu qələbəni birlikdə
qeyd edirdilər.
Avropada "Metropol
FM" deyilən bir
radio var. Həmin radioda
hər yarım saatdan bir "Bir millət, iki dövlət",
"Bu gün Azərbaycanın
günüdür. Hər birimiz
Azərbaycana dəstək
olmalıyıq” kimi şüarlar səsləndirilirdi.
Bu təbliğatın da qələbənin qazanılmasında mühüm
rolu oldu.
- Ölkə başçısı tərəfindən
mükafata layiq görülən diaspor nümayəndələri arasında
sizin də adınız var...
- Ölkə başçısı
tərəfindən mükafatlandırılmaq
mənim üçün
çox böyük şərəfdir. Eyni zamanda
həyatda ən böyük yükümdür.
Mən bu yükü, onun məsuliyyətini ömrümün sonuna qədər daşıyacağam.
Arzu edirəm ki, nəvələrim də daşısın. Onu bir məsuliyyət, millətimizə
olan borcumuzun yadımızda qalması üçün bir simvol kimi daşımalıyıq.
Mən bütün azərbaycanlılara,
dövlətimizin başçısına
öz təşəkkürümü
bildirirəm. Bildirmək istərdim
ki, biz xaricdə yaşasaq da, siz bizim ürəyimizdəsiniz
və tək bir sərvətimiz var ki, o da
Azərbaycandır.
Nigar Abdullayeva
Palitra.- 2011.- 9 avqust.- S.5.